Azərbaycan telekanalları çox xəsisdir SERİAL MÜZAKİRƏSİ

Azərbaycan telekanalları çox xəsisdir  SERİAL MÜZAKİRƏSİ
26 may 2014
# 08:00

Dövlət başçısının milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamından sonra çəkilən milli serialların sayı artıb. Serial sektorunda son vaxtlar dəyişikliklər, problemlərlə bağlı Kulis.Az-da Sevda Sultanovanın moderatorluğu ilə təşkil edilmiş debatda ssenarist Arzu Soltan, “Dərviş” prodüser mərkəzinin rəhbəri Əli İsa Cabbarov və “Çarx film” prodakşn şirkətinin direktoru Əfqan Yusifov iştirak edib.

S.S: Artıq üçüncü ildir ki, prezidentin sərəncamı ilə serialların çəkilməsi üçün maliyyə ayrılır. Bu müddətdə serial çəkimində, serial bazarının formalaşmasında hansı irəliləyişlər olub, hansı qüsurlar isə hələ də qalıb...

Əfqan Yusifov: - Ən əsası odur ki, seriallar çəkilir və gec-tez kəmiyyət keyfiyyətə keçəcək. İş elə gətirdi ki, serial istehsalı ilə ilk məşğul olanlardan biri bizik. Biz çəkməyə başlayanda prezidentin sərəncamı hələ verilməmişdi. Biz öz büdcəmizlə işləmişik. Mən onda da deyirdim ki, əsas çəkməkdir. Hətta bizdən soruşurdular ki, siz qoyduğunuz pulu götürə bilməyəcəksiz. Əsas məqsədimiz pul qazanmaq deyildi. Sponsorlar dəstək versələr də, xərcin çoxunu özümüz ödədik. Amma 19-cu seriyada dedik ki, daha həvəsdir bəsdir.

Arzu Soltan: Mən də o fikirlə razıyam ki, bu, ən azı təcrübədir. Milli serialların çəkilməsi ilə bağlı qərar veriləndə heç bir serial mütəxəssisimiz yox idi. Rejissorlarımız var, bədii film, teatr rejissorları. Amma məhz serial təcrübəsi olan rejissor, operator, aktyor, ssenarist, prodüser yox idi. Bəlkə də səhv edirəm. Amma mən belə düşünürəm. Yəni orda çalışan adamlarda yetişmə prosesi gedir. Serialların çəkilməsinin müsbət tərəfi odur ki, mütəxəssislər yetişir. Amma nə dərəcədə öz üzərində işləyirlər, onu bilmirəm. Mən serialda işləyənədək teatr üçün əsərlər yazmışdım. Hətta bədii film üçün də. Amma maliyyə olmadığına görə qaldı. Amma bu təklifi alandan sonra düşündüm ki, filmlə, serialla bağlı bilmədiklərimi öyrənim. Müəyyən kitablar tapıb oxudum. Moskvada kurslara yazıldım. Məncə hamı təkcə təcrübəni yox, həm də nəzəriyyəni bilməlidir. Axsayan tərəflərə gəlincə, ssenarist kimi yanaşacam. Bu serialdan sonra aldığım təkliflərdə ssenariyə barmaqarası yanaşmaq tendensiyasını gördüm. Elə olub ki, kastinq də ediblər, sponsorla danışıblar, amma ssenari yoxdur. Yəni ssenariyə bu dərəcədə barmaqarası yanaşmaq olmaz.

Əli İsa Cabbarov: Kəmiyyət keyfiyyətə keçməyib. Amma pis təcrübənin özü də təcrübədir. Birmənalı şəkildə. Biz artıq bilirik ki, hansı yol səhvdir. Arzu xanımın da dediyi kimi məsələn, ssenarinin olmaması pis yoldur. Yaxud tamaşaçı rəyi olmadan mövzunun seçilməsi yanlışdır. Yəni yanlış yolun hansı olduğunu bilmək də artıq yaxşı nəticədir. Təbii ki, istehsalata buraxılan pulların müqabilində daha yaxşı nəticə ola bilərdi. Buraxılan vəsaitə əldə edilə biləcək effektin 20-30 faizi gerçəkləşib. Yəni bu vəsaitə 5-7 reytinqli serial ekranlaşdırmaq olardı. Amma əvəzində 2 ya 4 reytinqli serial var: “Pərvanələrin rəqsi”, “Üç bacı”.

S.S. - Serial rejissoru bədii film rejissorundan hansı keyfiyyətləri ilə fərqlənməlidir?

Ə.C: Əslində prinsipial fərqi yoxdur. Mizan quruluşu, montaj, aktyorla iş, ssenarinin adaptasiyası eynidir. Sadəcə televiziyadan asılı olduğuna görə serial rejissoru xarakterləri daha dərindən işləyə bilmir, işıq həllində zərgər dəqiqliyi, mizanları çətin olmur. Bu, televiziya istehsalatının spesifikasıdır. Serial fast-food kimi bir şeydir. Efirə çatdırmaq üçün yüksək dinamika ilə işləməlidirlər. Bu, serialın keyfiyyətinə təsir edə bilər, amma əsaslar eynidir.

S.S.- Prodakşnlar maliyyənin birbaşa telekanallara verilməsinin əleyhinədir. Serialların çəkilməsinin birbaşa prodakşnlara verilməsində hansı üstün cəhətləri var?

Ə.C.: İndi bura gəlmədən öncə bir informasiya oxudum. Kanallardan birinə dövlət maliyyəsi dayandırılıb. Çünki maliyyəni sifarişə uyğun xərcləməyib. Nuşirəvan Məhərrəmli bu işi başlayanda telekanallara sifarişlərin verilməməsinə belə arqument gətirdi ki, telekanallar daha ciddi, sanballı şirkətlərdir. Biz onlara dövlətin maliyyəsini etibar edə bilərik. Bu arqument artıq özünü doğrultmadı. Bir kanala maliyyənin dayandırılması buna misaldır. İkinci arqument o idi ki, prodakşnlar serial istehsal etsə kanallar onların nümayişinə razılaşmaya bilərlər. Amma mənə elə gəlir ki, sifariş mütləq prodakşnlara verilməlidir. Prodakşnlar arasında müsabiqə olmalıdır. Arzu ediləndir ki, MTRŞ tamaşaçı rəyinin sorğusunu aparsın. Və tamaşaçını maraqlandıran mövzuların reytinqini dəqiqləşdirsin. Hər dəfə bu mövzu üzrə tender elan eləsin. Tenderə də peşəkar prodakşnlar buraxılsın. Bu təcrübə daha faydalı olar. Yeri gəlmişkən, indi gedən seriallar arasında az-çox uğurlu qazananlar prodakşn məhsullarıdır. “SOY”, “Pozitiv media”. Bunların audiovizual sənətdə müəyyən təcrübələri var, yəni reklam, klip çəkirlər. Ona görə də onların serialları effektiv oldu. Yəni təsadüfi prodakşnlara istehsal veriləndə müsbət nəticə olmur. Təbii ki, debüt də uğurlu ola bilər. Amma ortada peşəkar konsepsiya olmalıdır.

A.S: – Serialın uğurlu alınmasında meyar nədir? Biz serial üzərində işləyəndə bu barədə çox söhbət eləmişik. Bu elə bir məsələdir ki, onun konkret reseptini vermək mümkün deyil. Məhz filan mövzudan, filan aktyoru çəksək uğur qazanacaq deyə bir şey yoxdur. Bunu yüz faiz planlamaq mümkün deyil.

Ə.C: Tutaq ki, rəy sorğusu keçirilsə ki, tamaşaçıya bu maraqlıdır və həmin tema üzrə çəkilən serial 6 aya hazır olacaq. Və serial efirə çıxanda elə bir hadisə baş verər ki, cəmiyyətin fikri ora yönələ bilər. Serial hədəfə dəyə bilməz. Amma yenə də cəhd eləmək lazımdır.

Ə.Y.:“Space”də “Amaci” serialı gedirdi. Bərbad serial idi. Bununla belə bütün reytinqləri qırmışdı. “Space” ilə işlədiyimiz üçün dost-tanışlar bizdən soruşurdu ki, serialın axırı nə olacaq. Amma bu uğurun səbəbi bilinmir.

A.S: - Polis idarəsinə şikayətə gedəndə deyirdilər ki, “Amaci”nin vaxtıdır. Baxaq sonra həll edərik.

Ə.C: – Mən Əfqanla razı deyləm ki, “Amaci” keyfiyyətsiz serialdır. Orda əsas personaj qadındır. Tamaşaçı da qadındır. Və öz hüquqları uğrunda mübarizə aparan qadınların problemi tamaşaçıya yaxındır. Əzazil qaynana da həmçinin. Hindistanlılarla mental yaxınlığmız da var. Bu seriala baxanda kimsə öz qayınanasını, anasını görür.

Ə.Y:- Bizim “Hörümçək toru” serialımız “Space” də gedirdi. Müəyyən səbəblərə görə istədiyimizi əldə edə bilmədik. Hər halda əmək qoymuşduq, uğurlu bölümləri də vardı. Bir işgüzar görüşdə rusdilli xanımla tanış olduq. Mənə görə, o, bizim serialın tamaşaçısı ola bilməzdi. Söhbət əsnasında məlum oldu ki, xanım bizim serialın davamlı izləyicisidir. Bu fakt mənim üçün xoş təəccüb oldu. Mən hardasa MTRŞ- i anlaya bilərəm ki, televiziyalar daha etibarlıdır. 7-8 teleşirkət, onlarla prodakşn var. Prodakşnların içində etibarlısını seçmək çətindir. Elə debütant ola bilər ki, illərin sənətkarından daha yaxşı çəkə bilər. Bəs onu necə araşdırmaq olar?

Ə.C: Mən sizə deyim. Debütantın təhsili, CV-si, həmin layihə ilə bağlı konsepsiyası ilə tanış olmaq və ya ən azı ona pilot versiyanı çəkməyə imkan vermək lazımdır. Heç olmasa 15 dəqiqəlik epizod çəksin. Əfqan prodakşn rəhbəri olsa da təvazökarlıq edərək öz mövqeyini dəstəkləmədi. MTRŞ-in birbaşa vəzifə borcudur ki, prodakşnlar arasında peşəkarını seçsin. Onlar bunun mexanizmini tapmalıdırlar. MTRŞ-in həmin kanalı maliyyədən məhrum etməsi faktı sübut edir ki, prodakşnlara etibar edilməli, ciddi müqavilələr bağlanmalı, müqavilə neqativ fors-majorlardan qorunmalıdır. Qayda belədir ki, maliyyənin 70 faizi köçürülür, iş ortaya qoyulandan sonra isə 30 faizi. Burda çətin şey yoxdur.

S.S :- Seriallara ayrılan 5-6 milyon yetərlidirmi?

Ə.C: -Serialın bir bölümünə 8-12 min ayrıılr. Bir bölüm üçün 12 min azdır. Mənə elə gəlir ki, məbləğ ən azı 15 min manat civarında olmalıdır. Bu yaxınlarda bir məqalə oxudum ki, bizim aktyorlara verilən qonorar seriala ayrılan məbləğdən qat qat azdır.

A.S:- Mən maliyyə ilə bağlı ona görə danışmaq istəmirəm ki, şəffaflıq yoxdur. Çox arzu edirəm ki, şəffaflıq olsun. Bəlkə prodakşnlara verilsə olar.

Ə.C:- Yəni bu mənada 12 min manat qeyri peşəkarlığın bünövrəsini qoyan məbləğdir.

S.S: Dövlət seriala sonsuza qədər dəstək ola bilməz. Serial bazarınını formalaşması üçün nə lazımdır?

Ə.Y: - Reklam bazarı formalaşmalıdır. Dövlət dəstəyi olmasa kanal serial çəkmək istəmir. Uzağı birini çəkir, sərf eləmir. Bundansa tok-şou və ya maqazin proqramları açmaq ona daha sərfəlidir. Çünki şoudan daha çox pul əldə edəcək və bunun istehsalı da az pul tələb edir. Ümumiyyətlə, Bakıda həyat çox bahalıdır. Niyə bu bahalı şəhərdə bizim reklam bazarımız ucuzdur? Böyük şirkətlər fəaliyyət göstərir, reklam oyunçuları da nəhəng şirkətlər olmalıdır.

Necə ki, Rusiyada, Tükiyədə belədir, orda hansısa balaca sex gedib tanınmış kanalda reklam verə bilməz. Reklam bazarının formalaşması daha böyük ranqda olan məsələdir. Bizim səlahiyyətimizdə deyil. Prodüserin işi odur ki, sərmayə tapıb serial çəksin. Maraqlıdırsa telekanal bu məhsulu alacaq və o reklam gətirəcək.

A.S:- Etibarlılıq yoxdur. Bir prodakşnla ssenari üzərində işləyirdim. Hər şey hazır idi. Kastinq filan da olmuşdu. Telekanalla danışıqlara gedəndə deyrdilər sponsorla razılaşın. Sponsor da deyirdi ki, telekanal öncə “hə” desin. Bu məsələ də həll olmadı. Bir də bütün sahələrdə olduğu kimi serial sektorunda da ucuz işçi qüvvəsinə üstünlük vermək olmaz. Bu da nəticədə işin ümumi keyfiyyətini aşağı salır. Əgər müəyyən bir səhnə iki kamera ilə çəkilməlidirsə, ucuz başa gəlmək üçün bir kamera ilə çəkilirdi. Onlar düşünür ki, tamaşaçı bunu görmür.

S.S.- Bəlkə bizə serial lazım deyil?

Ə.C: Yox. Türkiyədə belə tendensiya var, seriallarda dini təbliğat effekti var. Dedilər ki, qapalı xanım obrazlarına qadağa qoymaq lazımdır. Serial gerçəkdən ideoloji silahdır. Ona görə dövlət milli serialın istehsalında maraqlı olmalıdır. Maliyyə azdırsa heç olmasa kanallar sitkomlardan istifadə edə bilər. Əsasən pavilyonda bir neçə aktyorun iştirakı ilə çəkilir. Bu formatı inkişaf etdirə bilərlər və böyük vəsait tələb eləmir. Əldə edilən gəlirlə böyük büdcəli serial çəkmək olar. Sadəcə olaraq televiziya kanalları çox xəsisdir. Onlar çox az xərcləyib, çox pul qazanmaq istəyirlər.

S.S.: Qadağalardan söz düşmüşkən, Arzu xanım, ssenaridə sizə hansısa qadağan qoyulub?

A.S. Telekanal tərəfindən olmayıb. Amma ümumiyyətlə daxili senzura var. Düşünürsən ki, filan şey bizim mentallığa ziddir. Yaxud narkoman obrazi olmasın. Tamaşaçı necə qəbul edə bilər. Şərti olaraq deyirəm, təbii.

Ə.Y: Hamımız bilirik ki, nəyi yazmaq olar nəyi yox.

S.S. Əfqan, məsələn, daxili senzuranız nəyi deyir yazmaq olmaz?

Ə.C: Provakasiyon sualdir. Cavab verməmək haqqın var. (gülür)

S.S.: Senzuranın məqsədi insanlarda daxili senzura yaratmaqdır. Mənə maraqlıdır ki, narkomaniyaya senzura qoyulması fikri necə formalaşıb. Ölkədə rəsmi statistikaya görə 30-40 min arası narkoman var. Narkotik maddələrin istifadəsinə görə hər il minlərlə adam həbs olunur. Və bu bizdə ən işlək maddədir.

Ə.C.- İlk maliyyələşmədə MTRŞ prodakşnların iclasını keçirdi. Orda dedim ki, serial kəskin sosial temaların qoyulmasını tələb edir. “Fatmagülün suçu nə” serialının uğurunun səbəblərindən biri sosial problemləri acıq göstərməsidir. N.Məhərrəmli dedi ki, bəzi çirkin şeyləri efirə gətirmək olmaz. Yəni bu, MTRŞ-in səhv mövqeyidir. İstənilən əsərdə həyat həqiqəti olmalıdır. Sadəcə olaraq peşəkar göstərilməli və bədii həlli verilməlidir. Xüsusən seriallarda dediyimiz problemlər olmalıdır. Bunsuz mümkün deyil . Boşanmalar, nəsillər arası konflikt göstərilməlidir. Maraqlıdır ki, bu tip xəbərlər tok-şouda, informasiya proqramlarında gedir, amma ona seriallarda izn verilmir.

A.S:- Mənim 2005 ci ildə yazdığım “Xaşxaşın göz yaşları” pyesim universitetlərdə, həbsxanalarda nümayiş olunub. Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Əli Həsənovun göstərişi ilə rayonlarda göstərildi. Hətta Daxili İşlər Nazirliyindən baxıb demişdilər ki, bunu yazan narkoman olub. Mən onu yazana kimi narkomanlarla söhbət eləmişəm, araşdırmışam. İxtisasca jurnalist olsam da, məsələn, xəbərlərdə intiharlar haqda informasiyaların tez-tez verilməsinin əleyhinəyəm.

Ə.C: Amma serialda işiqlandırılmalıdır. Çünki orda bədii həll var. Bəlkə intihar etmək istəyən adam öz temasını serialda görsə, davamını izləyəcək ki, sonra nə oldu. Və nəticədə intihardan qaça bilər.

Ə.Y:- Bizim serialda belə şey vardı, adamı oldürürlər və izi itirmək üçün salfeti yandırıb yanğın törədirlər. Çəkiliş qrupundakı adamlardan birinin uşağı ona baxıb salfeti yandırmışdı, yanğından evi güclə qurtardılar.

Ə.C: Onda belə çixir ki, filmlərdə kimsə kimi öldürməsin.

Ə.Y: Hər halda bədii həlli olmalıdır.

Ə.C: O zaman qətl hadisəsini xüsusi cəlbediciliklə göstərmək lazım deyil.

S.S.:- Bu qaydaları bizə televiziya diqtə edir. Bizim kanallar dünya kanallarının efirə vermədiyi Səddam Hüseynin edam səhnəsini göstərdilər. Və bir neçə uşaq intihar elədi. Real hadisəni televiziya efirə verir, amma serialda icazə vermirlər.

Ə.C: Sovet dövründə belə bir azərbaycanlı ailəsi formalaşmışdı. Kifayət qədər uğurlu idi, yəni qadın və kişi özunü necə aparmalıdır. Bu model indi dəyişir. Xüsusən də cinslər arası münasibət, erkən nikahlar, boşanmalar və ya vətəndaş nikahı günümüzün reallığıdır. Yaxşı da nəticə verər. Əsl serial mövzusudur. Bunu araşdırmaq olar.

A.S:- Seriallarda boşanmanı çox adiləşdiririk. Və ya gerçəkliyimizə uyğun olmayan mafiya temalarını gətiririk.

S.S. Mafiya rejissor Samir Qulamovun mövzusudur.

A.S: Yox, o seriala baxmamışam. Konkret kimisə nəzərdə tutmadım. “Xaşxaşın göz yaşları”nın indiki adi “Həyatla oyun”dur. Orda qadının oğlu başqasını narkotikə cəlb edir. Amma qadın onun cəlb elədiyi oğlana deyir ki, oğlumdan uzaq dur. Sən onu pis yola çəkirsən. Gədəbəydə göstəriləndə zaldan bir qadın qışqırdı ki, səni zəlil olasan.

S.S.:- İnsanlar identifikasiya edir.

A.S:Yəni tamaşaçı real qəbul edir. Məsələn, Amacini Həzrət Abbasa tapşırırdılar. (gülür)

S.S: Milli seriallar türk serilları ilə rəqabətdə dözümlü deyil. Bu nə qədər davam edəcək?

Ə.C: Nuşirəvan müəllimin kurasiyasında qalsa 50 ilə. 1980-ci illərdə sovet vaxtı Tariyel Vəliyevin maraqlı televiziya filmləri vardı, və ya “Pəncərədə işıq” televiziya filmi. Bunlar serial üçün də yaxşı materialdır. Hətta ədəbiyyatımızda bu melodram ənənənəsi güclüdür. Salam Qədirzadənin, Əlibala Hacızadənin, İlyas Əfəndiyevin romanları niyə ekranlaşdırılmasın ki. Əminəm ki, reytinqli olardı.

Kardinal dəyişikliklər olmasa uduzacağıq. Türkiyə bazarı ilə rəqabət çətindir.

A.S: Mən neçə dəfə təklif eləmişəm, deyiblər maliyyəsi çoxdur.

Ə.Y:: Mən də elə düşünürəm ki, yaxın illərdə türk bazarı ilə rəqabət apara bilməyəcəyik.

Ə.C:- “Əzizim Fellini” kimi reytinqli filmin müəllifi Cavid Təvəkkül Əlibala Hacızadənin “İtkin gəlin” romanını müasirləşdirib və pilot seriyasını çəkib, yaxşı da nəticə alıb. Hansı kanala müraciət edib heç biri götürməyib. Yəni bu situasiyanın sağlam olmamasını göstərir.

Ə.Y:- Hazırda biz bir serialın pilotunu eləmişik. Bir telekanal deyir ki, keyfiyyəti uyğun deyil. Bəziləri də deyir ki, yox, dovlət maliyyə ayırsa düşünərik. Bilirsiz, prodakşn nəsə çəkib aparanda tələb qoyurlar ki, bu, Türkiyə səviyyəsində olmalıdır. Özləri çəkəndə isə səviyyəyə fikir vermirlər.

Ə.C: Bir də dövlət əgər istəyirsə özləri vəsait ayırmadan serial bumu olsun. Piratçılığın qarşısını alsınlar. Yəni Əfqan film çəkir və kanallara 2 min manata satmaq istəyir. Kanal isə üç manata Amerika filmlərinin DVD-sini alib efiri doldurur. Bir-iki kanalı çıxmaq şərtilə hamısında piratçılıq var. Bu filmlərin izinsiz göstərilməsi ucuz başa gəldiyindən serial bazarını öldürür. Piratçılığın qarşısı alınsa telekanallar efiri doldurmaq üçün məcburən öz seriallarını çəkəcək. Rusiya serialları Latın Amerika serialına o zaman qalib gəldi ki, piratçılığın qarşısı alındı.

A.S: – Rövşən İsax nə olursa-olsun tamaşaçıya qeyri peşəkar məhsul təqdim eləmirdi. Ola bilsin ki, 3 gecə yatmasın, eyni seriyani bir neçə dəfə montaj eləsin. Aktyorları da yaxşı seçirdi. Bir də tələb var. Mədəniyyət Nazirliyi dəfələrlə deyib ki, uşaq serialına ehtiyac var. Bizim “Dəcəl detektivlər” adlı layihəmiz var, hansı kanala gedirik, deyirlər, maliyyəmiz yoxdur.

# 4713 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #