Cahangir Novruzov: “Məni başa düşəcək aktyor tapa biləcəyimə sübhə edirəm”

Cahangir Novruzov: “Məni başa düşəcək aktyor tapa biləcəyimə sübhə edirəm”
9 dekabr 2015
# 16:10

Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir NovruzovunAPA-ya müsahibəsi

- Cahangir müəllim, əhvalınız necədir?

- İşçi əhvalındayam. Çalışmaq, axtarış aparmaq, məşğul olmaq istəyirəm. Akademik Milli Dram Teatrında babam Cahangir Zeynalovun 150 illik yubileyi münasibəti ilə “Cahangirdən Cahangirə” layihəsinin hazırlıqlarını, məşqləri davam etdiririk. Hikmət Rəhimovla Çexovun “Qu quşunun nəğməsi” əsərini hazırlayırıq. Hikmət çox istedadlı, çox maraqlı aktyordur, bütün səmimiyyətimlə deyirəm ki, onunla çalışmaq zövq verir. İş ondadır ki, səni düzgün başa düşür və həmin an qarşılıq verir. Bu, aktyor üçün vacib keyfiyyətdir.

- Cahangir Zeynalov dünyasını dəyişəndə Nəsibə xanımın iki yaşı olub və təbii ki, atasını xatırlamazdı. Ağlı kəsəndən sonra qohum-əqrəba Nəsibə xanıma nə danışıb, sizə babanızdan nələri nağıl edirdi?

- Babam dünyasını dəyişəndə anamın heç iki yaşı da olmayıb. Onun haqqında həmişə nisgillə danışırdı, ata nəvazişi görməyən uşaq kimi xiffət çəkərdi. Qəribədir ki, atası ilə bağlı bir anı xatırlayırdı. Bir dəfə anama köhnə, birotaqlı evimizdə nə vardısa, hamısını dedim: dolab harada idi, anamla-atamın çarpayısı harada, taxça hara qoyulmuşdu. Deyirdi, ola bilməz, biz o evdən çıxanda sənin bir yaşın yox idi, yəqin danışmışıq, sən eşitmisən, yadında qalıb. Amma elə deyildi. Evimizi doğrudan da xatırlayırdım. Sizə bir şey deyim: böyük nəvəm Cəfər doğulduğu günü, anı xatırlayır. Bu, qəribə və inanılmaz görünməsin. Qızım hər dəfə bunu qorxa-qorxa xatırlayır ki, uşaq hər şeyi olduğu kimi danışır. Nə isə. Anam deyirdi, yuxu kimi yadıma gəlir, səhər-səhər atam məni yuxudan oyandırır, yorğanın altına girib üzünü gizlədir, lap yavaşdan, incə səslə deyərdi: “Nəsibə, Nəsibəə”... Sonra mən gülərdim... Hüsniyyə nənəm rəhmətə gedəndə 16 yaşındaydım. 1970-ci il idi. Babam haqda anama, mənə çox şeylər danışardı. Uşaqlığımda nənəm nə vaxt ki bizdə qalırdı, mənə nağıl danışırdı. O nağılları heç kimdən eşitməmişəm. İllər keçəndən sonra anladım ki, nənəmin danışdıqları nağıl yox, babamın oynadığı tamaşalar olub. Yadıma gəlir, “Qayınana” tamaşasının premyerası idi. O zamankı Musiqili Komediya Teatrının səhnəsindən zala baxanda ortadan üç loja vardı. Biri yuvarlaq idi, ikisi uzun. Nəsibə xanım sağdakı on bir nəfərlik lojaya bilet almışdı, nənəm də orda oturmuşdu. Başında örpəyi də vardı. Sağ çiyini üzərindən əyildi, mərkəzi lojaya yox, o biri tərəfdə olan lojaya baxdı, ah çəkdi. Dedim, nənə, niyə ah çəkirsən? Dedi, eh, baban sağ olanda, mənə o lojanı alardı. Soruşdum ki, nə fərqi, dedi, sən bilməzsən. Demə, Tağıyevin vaxtında o iki loja arasında fərq varmış. Sonradan bilmişəm ki, babam o lojanı bir illiyinə kirayələrmiş.

- Nənəniz üçün...

- Bəli! Təsəvvür edirsənmi, ta ölənə qədər həmin lojanı nənəm üçün kirayələyərmiş. Həmin lojanın o zaman çəkilmiş fotoşəkilini görmüşəm: müsəlman xanımları orada oturub rahat baxsınlar deyə, həm sağdakında, həm soldakında qara tül pərdələr vardı.

- Babanızın var-dövlətinin əldən çıxmasından nə danışırdı?

- Qazanın dibini sovet hökuməti sıyırdı. Cahangir Zeynalovdan böyük bir var-dövlət qalmışdı. Gəmisi, hamamları, dükanları olub. Var-dövləti hesabına teatr adamlarına, aktyorlara maaş da kəsirmiş ki, ehtiyac üzündən sənəti atıb getməsinlər. Babam dünyasını dəyişəndən sonra nənəmin qohum-əqrəbası var-dövlət başqasına qismət olmasın deyə, onu Məlik adlı birinə ərə veriblər. Deyilənə görə, Məlik işləməyi sevməyən adam olub. 20-ci illərdə babamın əmlakı müsadirə olunandan sonra evdə qiymətli qab-qacaq qalıb. Cahangir Zeynalovun evinin qaşıqları, çəngəl-bıçağı da gümüşdən olub. Məlik bir qaşıq satsaydı, axşama qədər yeyib içərdi. Hüsniyyə nənəm ondan danışmağı xoşlamazdı, amma bir dəfə eşitdim ki, Məlik nənəmin künc-bucaqda gizlətdiyi pulları götürüb, üç uşağı, bir qadını qoyub, İrana qaçıb. Yolda onu vurub, əlindəkiləri alıblar.

- Cahangir Zeynalov da İrandan qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulub, elə bu xəstəliklə ölüb...

- Türk ordusu Bakını ermənilərdən xilas edəndən sonra “Ərdahan” gəmisi İrana gedən azərbaycanlıları vətənə gətirirmiş. Babamın qayınatası mühəndis olub, İrana ev tikmək üçün gedibmiş. Xəbər göndərib ki, qızımı da götür gəl, sizi görmək istəyirəm. Yəni Cahangir Zeynalov qorxub qaçan adam deyildi.

Daha sonra Bakıdakı hadisələr baş vermişdi. Yəni hər işdə bir xeyir var. Nənəm deyirdi, baban evdə silah da saxlayırdı. Bu, heç yerdə yazılmayıb, amma nənəm danışırdı ki, o zaman cahil radikal düşüncəli adamlar Cahangir Zeynalovun öldürülməsi üçün qərar veriliblərmiş. Danışırdı ki, bir dəfə evə qanıqara gəldi, məni qucaqlayıb öpdü. Həmin günlərdə də nənəm anama 12 illik evlilikdən sonra hamilə qalıbmış. Nə isə, xəbər gəlib ki, artist olduğuna görə səni öldürəcəklər. Tapançanı təmizləyəndə nənəm içəri girib, babam deyib, həyatdır, hər şey ola bilər, vəsiyyət edirəm. Bir müddət sonra indiki beşmərtəbənin yerindəki kömürçü dükanlarının yanında babama atəş açıblar. Sonradan bilib ki, güllə sinəsindən asdığı Qurana dəyib, istiqamətini dəyişib. Kömürçülər babamı dükanın zirzəmisinə salıblar. Gələnlər qışqırıblar ki, artist, qorxursan? Cavab olsun deyə, əlini zirzəminin alçaq pəncərəsindən çıxarıb atəş açıb, o güllə də təsadüfən faytondakıların birinə dəyib. Həmin adam babamı öldürmək niyyəti ilə gəlməyibmiş. Bir ay imiş evləndiyi, səhər tezdən kəndə gəlib yoldaşının yanında qaldırıblar ki, dur, kişi ol, gedək, artist vuracağıq. Yaralanandan iki gün sonra evində ölüb. Babam ömrünün axırına qədər onun ailəsinə baxıb, korluq çəkdirməyib onlara. Nənəm deyərdi, Cahangir ölənə qədər bu hadisəyə görə çox əziyyət çəkdi. Cahangir babam İrandan qayıdanda gəmidə xəstəliyə tutulub, doqquz gün sonra dünyasını dəyişib. Amma məncə, ölüm səbəbi yalnız xəstəliyi olmayıb. O günlərdə Türk ordusu Bakını erməni və rus qatillərindən qurtarıb.

Nənəm xatırlayırdı ki, babamın çox sevdiyi İstanbullu Əli bəy adlı bir dostu varmış. Gəmidən düşəndən sonra ermənilərin törətdiyi vəhşilikləri babama göstərmək üçün faytonla şəhəri gəzdirib. Babam özünü yaxşı hiss etməsə də, bunları görmək istəyirmiş. Nənəm bunları ağlaya-ağlaya danışırdı. Bir neçə vəhşiliyi babama göstərdikdən sonra bir evin həyət qapısında faytonu saxlayıb. Babamın qorxudan ürəyi gedib. Bu, onun anasının evi olub. Əsli nənəmizin. Qorxduğu başına gəlib. Əsli nənəni, o yaşlı qadını isti təndirə atıb işgəncə ilə öldürübmüşlər. Cahangir babam özündən gedib. Keçirdiyi o sarsıntıdan sonra özünə gəlməyib, xəstəlik tapıb. O vaxt Bakı qarışıqlıq olduğuna görə çox sönük şəkildə dəfn mərasimi keçirilib. Nəriman Nərimanov babamın dostu və şəxsi həkimi olub. Hüsniyyə nənəm deyirmiş ki, Nərimanov gəlib başsağlığına, gözləri dolub, ağlayıb, deyib, mən burda olsaydım, Cahangir ölməzdi. Çox acı xatirələrdir... Bir az da yaxşılarından danışaq. Nənəm bir hadisəni də mənə danışıb, indi xatırladım. Deyir, təzə evlənmişdik, mən də elə ailədə böyümüşdüm, gəlin-qız adam içinə çıxmazdı, çay-çörəyi nökər gətirərmiş. Deyir, mən evdə başqa cür geyinərdim, baban başladı məni Avropasayağı geyindirməyə. Bir dəfə tapşırıb ki, dostlarım gələcək, geyin gəl, sən də onların yoldaşları ilə söhbət edərsən. O vaxta qədər nənəm kişi ilə arvadların bir yerdə oturduğu məclisdə heç vaxt olmayıbmış. Məclisdə də olacaqmış Nəriman Nərimanov, Ərəblinski, İsa bəy Hacınski, Səməd Mənsur. Sən demə, dostları babama zarafatla deyirmişlər ki, evlənmisən, amma həyat yoldaşını bizə göstərmirsən. Babam cavab verirmiş ki, hələ təzədir, utanır. Nə isə, bir gün nənəmi oturdub otağın ortasında, deyib, qarşı tərəfə bax, yerindən də tərpənmə. Sən demə, qapının o biri tərəfində dostları açar deşiyindən bunun həyat yoldaşına baxırmışlar (Gülür). Nənəm deyir, qapı açıldı, bilmədim nə edəm, baban dedi, day bitdi, indi dostlarımın xanımları ilə rahat söhbət edə bilərsən. Beləcə, nənəmi camaat arasına çıxarıb. Müəllim tutubmuş, evə gəlib, oxumaq, yazmaq öyrədirmiş nənəmə. Nənəm həmişə qələm götürüb nə isə yazanda, ya da mənim üçün şəkil çəkib qurtaranda qələmi yerə qoyan kimi “Allah rəhmət eləsin”, deyirdi.

- Yazıb oxumağı öyrətdiyinə görə babanıza rəhmət oxuyurmuş...

- Hə. Anam həmişə deyərdi ki, o rəhmət babana görədir...

- Bakıya tez-tez gəlib-getmək imkanınız olmur, deyəsən...

- Elə vaxt olub, iki il gələ bilməmişəm. Türkiyədə işlərim çox olur. 20 ildir universitetdə çalışıram, teatr bölümünün qurucularından olmağım bir tərəf qalsın, artıq qoruyucusuyam. Yetişdirdiyim tələbələr universitetdə dərs deyirlər, onlar özləri də tələbə yetişdirirlər. Mən Türkiyə vətəndaşlığını qəbul etməmişəm. Allah məni Azərbaycan vətəndaşı kimi yaradıb, belə də davam edirəm. Ona görə də universitetdə rəsmi olaraq bölüm başqanı deyiləm. Amma mənim məsləhətim olmadan heç bir qərar verilmir. Yəni aramızda hörmət, sevgi böyükdür. Çox sağ olsunlar.

- Bizim dostlardan biri Çukurova Universitetini bitirib, deyir, Cahangir müəllimin orda yaxşı imkanı var, azərbaycanlı tələbələrin çətinliyi olanda qaçırlar hocanın üstünə...

- Bu haqda danışmaq istəməzdim. Adam etdiyini deməz! Babam Cahangir Zeynalov etdiklərini deyib ki, mən də deyim? Onlar bizim balalarımızdır. O tələbələrə kömək etmək imkanı olan hər bir azərbaycanlının borcudur. İkincisi də, mən o tələbələrə nə etmişəm ki? Məndən daha çox köməklik edən insanlar var. Əlimdən nə gəlirsə, imkanım nəyə çatırsa, edirəm. Kaş, imkanım çox şeylər etməyə çatardı.

- Siz həm də Azərbaycan diasporunun üzvüsünüz...

- Bəli. Həm də Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının başqan yardımçısıyam. Bizim başqanımız Bilan Dündar Azərbaycanı sevən, İstanbulda Heydər Əliyev evini açan dəyərli bir insandır. “Azərbaycanın səsi” dərgisini çıxarır, indiyə qədər borcum var onlara, o dərgi üçün yazı yazmalıyam. Burda söz verirəm: Türkiyəyə qayıdan kimi iki-üç məqalə yazıb göndərəcəyəm. Diasporla söhbət etmişəm, xeyli işlər görməyi planlaşdırırıq. Dövlət xətti ilə gələn tələbələrin vəziyyəti yaxşıdır, amma öz gücü ilə oxuyan uşaqların sıxıntıları olur. Ev tutmaq lazımdır, məktəbin köçürməsi, yemək pulu, yol xərci... bunların öhdəsindən gəlmək uşaqlar üçün çətin olur. Belə məqamda həmin uşaqlardan dindarlıq maskası altında gizlənən qruplar istifadə edirlər. Daha doğrusu, həmin insanlar dindən istifadə edən adamlardır ki, bizim uşaqları təsir altına salmaq istəyirlər. Mən heç vaxt dinin əleyhinə olmamışam, amma Allahın adı ilə təmənnasız yaxşı işlər görülməlidir. Bunlar isə, məsələn, çətinliyi olan uşaqlara deyirlər ki, biz sizə ev veririk, yemək veririk, gəlin, bizim yanımıza. Sonra həmin uşaqları öz təsirləri altına salırlar və təhsildən ayırıb başqa şeylərlə məşğul olmağa vadar edirlər. Amma bunun tərsi olan hallar da var. Məsələn, Adanada Azərbaycan Kültür və Dayanışma Dərnəyi başqanımız var, vəkil Yaqub Bulut, Allah ondan razı olsun. 90-cı illərdən azərbaycanlı tələbələr Adanaya ayaq basdığı vaxtdan bəri onlara heç vaxt “yox” deməyib. Yemək alıb, illik avtobus biletlərinin pulunu ödəyib, təhsil haqlarını köçürüb. Bu anlamda deyirəm ki, məndən çox işlər görən adamlar var. Sizə bir hadisəni danışım. Bir dəfə Qurban bayramında uşaqları dəvət etdik ki, dərnəyə gəlsinlər, kabab çəkəcəyik, Allah verən bir tikə çörəkdən yeyəcəyik, söhbət edəcəyik. Hiss elədim, uşaqlar nə isə xofludur, yanlarında da bir nəfər var, tez-tez o adama baxırlar, çox narahatdırlar. Sonrakı il gəlmədilər, soruşdum, uşaqlar, niyə gəlmirsiniz? Dedilər, evində qaldığımız adamlar bizə icazə vermirlər, deyirlər, getsəniz, sizi qovarıq. Anladım ki, həmin adamlar bizim tələbələri Azərbaycandan qoparmaq istəyirlər. Azərbaycan Diasporun Bodrumda keçirilən toplantısında da çıxış eləyib dedim ki, bizim tələbələri dini təsir altına salan qruplar var, bu gün vətənimiz iqtisadi olaraq güclüdür və tələbələrimizin çox olduğu şəhərlərdə Azərbaycan diaspor evləri, Heydər Əliyev evləri tikilə bilər. O evlərdə yemək də verilsin, qalmağa da şərait olsun. Azərbaycanlı tələbələrlə yanaşı imkanı olmayan türk tələbələr və başqa ölkələrin də tələbələri qalsınlar. Təsəvvür edirsinizmi, o evlərdə qalan azərbaycanlı tələbələrlə yanaşı türk tələbələr də, Orta Asiya ölkələrindən olan tələbələr də hər zaman deyəcəklər ki, biz Heydər Əliyev Evinin çörəyini yeyib, təhsil almışıq.

- Cahangir Zeynalovun yubileyindən sonra Akademik Milli Dram Teatrı ilə əlaqələriniz davam edəcək?

- Tamaşanı yaxşı oynasam, davam edəcək. (Gülür). Tələbələrimə həmişə deyirəm ki, siz altun olun, görüm sizi yerdə kim qoyacaq. Tamaşa yaxşı qarşılansa, sevilsə, demirəm ayda bir dəfə, ildə 5-6 dəfə gəlib oynayaram. Hələ neçə il qabaq teatrın direktoru İsrafil İsrafilov əməkdaşlıq üçün imkan yaratmışdı, tamaşa hazırlamağı təklif etmişdi, amma qəbul edə bilməmişdim. Çünki məkan və zaman məsələsi var, mən uzaqda yaşayıram. İkincisi də... Bunu həddimi aşaraq deyirəm: bir tamaşanı hazırlamaq üçün məni başa düşəcək lazımı qədər aktyor tapa biləcəyimə sübhə edirəm. Bəlkə də səhv edirəm. Amma düşündüyüm budur, dilə gətirirəm. Mən üstün ağıla sahib olduğumu demirəm, sadəcə, məni başa düşəcək yetərli qədər aktyor görmürəm. Var, amma yetərli qədər deyil!

- Kino işləri ilə bağlı danışıq aparmamısınız?

- “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov mənə təklif edib, vaxt tapan kimi görüşüb, hər şeyi xırdalığına qədər danışacağıq. Əvvəlcədən danışmaq istəmirəm, detallar dəqiqləşsin, söhbət edərik. Amma hər kəs üçün sürpriz ola biləcək isimlər ortaya çıxa bilər.

- Bakıda tamaşalara baxa bilmisiniz?

- Hələ baxa bilməmişəm, amma imkan tapan kimi bir neçə tamaşanı izləyəcəyəm. Türkiyə Azərbaycandan böyük dövlətdir və əlbəttə, imkanlar daha genişdir. Amma hər şeyə rəğmən, Azərbaycanda teatr üçün yaradılan şərait bu günə qədər Türkiyədə yoxdur. Məndən bir dəfə soruşdular ki, Azərbaycan və Türkiyə aktyorlarını müqayisə etsək, mənzərə necə olar? Dedim, kaş Azərbaycan aktyorlarının təhsil imkanları ilə Türkiyə aktyorlarının cəsarəti, sənət və vətən sevgisi bir yerdə olardı. Bu gün Azərbaycan dövlətinin teatr üçün yaratdığı şəraitdən doğru şəkildə istifadə etmək lazımdır. Elə düşünməyin ki, mətbuatda teatr haqqında çıxan yazılar təkcə Azərbaycan daxilində oxunur. Qətiyyən! Düşmənlərimiz də bunu oxuyur və sevinir. Təəssüf ki, teatrlarımız haqqında bəzən qarayaxma işləri aparılır. Günahı başqasının üstünə atmaq olmaz. Bir-birimizdən narazı olmağımız işləri daha da pisləşdirir. Məsələn, götürək, “AzDrama” haqqında yazılanları. Azər Paşa Neməti baş rejissor təyin ediblər. Sabah o, beşinin xoşuna gələn, üçünün xoşuna gəlməyən qərarlar qəbul edəcək. Bu qərarlar teatrımızın inkişafı üçün olacaq, başqa cür necə ola bilər? Yaxud hamının xoşuna gələn sənət siyasətini necə aparmaq olar? Həm Azər Paşa Neməti, həm də İsrafil İsrafilovu çox gözəl tanıyıram. İsrafilin kitablarını oxumuşam, oturub saatlarla söhbət etmişik. Bəzi şeyləri demişəm, deyib, düz deyirsən, qəbul edirəm. Bəzi şeyləri o mənə başa salıb, görmüşəm, haqlıdır. Amma reallıq odur ki, süqutdan sonra Azərbaycan teatrının gəldiyi bir durum, səviyyə var. Çalışmalıyıq, teatrımızın problemlərini bir yerdə həll edək. Azərbaycan teatrının tarixi bizimdir. Bu gün Cahangir Zeynalovun 150 yaşı olur. Cahangir Zeynalov malını-pulunu bugünkü teatrın söz-söhbəti, qalmaqalı üçün sərf etməyib. Cahangir Zeynalov bu olanları görüb, bəlkə də o biri dünyada narahat olur. Çünki onun həm maddi, həm mənəvi köməkliyi ilə gənc aktyorlar Azərbaycan teatrının gələcəyi üçün çalışıblar. Hacıməmməd Qafqazlı mənə bir dəfə dedi, çox gözəl məşqlər edirdik, ayda iki dəfə baban bizi qonaq çağırırdı, nənən böyük süfrə açırdı, yeyib-içirdik. Həmin gün hamımız tələsirdik ki, paltolarımızı geyib, gedək. Çünki həmin gün cibimizdə pul olardı…

- Ciblərinə pul da qoyarmış...

- Bəli. Bu gün Azərbaycan teatrının sütunları hesab olunan insanlar – Ərəblinskidən tutmuş yerdə qalan bütün aktyorlara qədər hamısı Cahangir Zeynalovun qayğısını öz üzərində hiss ediblər. Aktyorlar deyəndə ki, ailəmizi dolandıra bilmədiyimiz üçün teatrdan uzaqlaşırıq, aylıq maaş verirmiş ki, sənəti atmasınlar. Belə-belə şeylərlə o, Azərbaycan teatrının peşəkarlığına yol açmış oldu. İndi babamın məzarının harada olduğunu kimsə bilmir, amma mən təxminən bilirəm. Daha doğrusu, yerini bilirəm ki, haradadır.

Danışın, maraqlıdır...

- İndiki Şəhidlər Xiyabanının yerində qəbiristanlıq olub, Bakı uğrunda şəhid olan Türk əsgərləri orada dəfn olunduğu üçün insanlar tez-tez ziyarətə gəlirmişlər. Sovet hökuməti o yeri insanların hafizəsindən silmək üçün park salmağı qərara alıb və kimin ölüsü var, gəlib aparsın deyə, rəsmi məktublar göndərib. O vaxt anamın səkkiz yaşı olub. Danışırdı ki, soyuq aylar idi, Çəmbərəkəndə getdik, ağlaya-ağlaya atamın sümüklərini çıxardıq, ağ torbaya qoyub, gətirdik “Təzəpir”ə, orda yudular, namazını qıldılar, gətirdik indiki Fəxri xiyabana, hökumət oranı şəhər məzarlığı etmişdi, orda basdırdıq. Üstündən neçə illər keçdi, dedilər, həmin yerdə də nə isə olacaq, gəlin, ölülərinizi aparın. Mənim 12-13 yaşım vardı, getdik həmin yerə, anam başladı ağlamağa. Çünki babamı basdırandan sonra o qədər insan dəfn olunmuşdu ki, qəbiri tapa bilmədik. Cahangir Zeynalovun sümükləri Fəxri xiyabandadır. Hörmətli nazirimiz Əbülfəs Qarayevlə bu məsələ haqda danışdım, dedi, Cahangir, bu çox ciddi məsələdir, gərək dövlət səviyyəsində danışıq aparım, gələn il Nəsibə xanımın yubileyində nələrsə edərik. Fəxri xiyabanın qapısından içəri girəndə anam həmişə sol tərəfi, xiyabanın ucqarını göstərərdi ki, atamı oralarda bir yerdə dəfn etmişik...

FOTO- Nicat Əlili

# 1057 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #