[b]Şəhriyar İmanov: “Tarda dəyişiklik aparılsa sevinərik” – Müsahibə[/b]

[b]<span style="color:red;">Şəhriyar İmanov:  “Tarda dəyişiklik aparılsa sevinərik” – <span style="color:red;">Müsahibə [/b]
1 mart 2019
# 12:03

Fevralın 27-də Azərbaycan Milli Konservatoriyasında əməkdar artist, tar ifaçısı Şəhriyar İmanovun konserti oldu. Konsertdən öncə isə “Şəhriyar İmanovun təqdimatında caz və pop repertuarı” not kitabı təqdim edildi. Məlumat üçün deyək ki, İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilən not kitabı dərs vəsaiti kimi nəzərdə tutulub. Kitabda “Strangers in the night”, “Autumn leaves”, “Historia de un amor” “Yesterday”, “Hotel California” kimi bəstələr yer alıb. Təqdimatdan sonra Şəhriyar İmanov kitaba daxil olan parçaları tarda ifa edərək, tamaşaçılara unudulmaz gecə yaşatdı. Bunu sürəkli alqışlar da təsdiqləyirdi. Konsert bitsə də, zalı tərk etməyən, Şəhriyarla şəkil çəkdirmək istəyən tamaşaçıların canfəşanlığı da öz yerində...

Amma bütün bunlara baxmayaraq, Şəhriyar bəy nə qədər yorğun olsa da, təklifimizi rədd etmədi, müsahibə üçün razılaşdı.

ONA əməkdar artist, tar ifaçısı Şəhriyar İmanovla müsahibəni təqdim edir.

- Səyavuş Kərimi çıxışında bildirdi ki, Şəhriyar çox ağrı-acılı yol keçib. “Ağrılı-acılı yol” deyəndə o, nəyi nəzərdə tuturdu?

- Hamımız bilirik ki, asan əldə olunan hansısa zirvə, heç təpə də yoxdur. Ələlxüsus da mənim tutduğum yol... Mənim yaradıcılığım ifa tərzi baxımından fərqlənirdi deyə, əvvəllər tənqidlər az olmurdu. Əlbəttə, bu sənətdə məşhurlaşmağım üçün heç bir köməyim, maddi imkanım olmayıb. Sıradan bir ailənin övladı olmuşam, hamı kimi tələbəlik həyatı sürmüşəm, hərbi xidmətdə olmuşam. Təbii ki, heç nə asan əldə edilməyib, mən bu uğuru aylarla, illərlə əziyyət çəkərək qazanmışam. Yəqin Səyavuş müəllim “ağrılı-acılı yol” deyəndə, sadə bir tarzəndən bu gün müəyyən bir zirvəyə çatan ifaçının yolunu nəzərdə tutub.

- Tar təhsili aldığınız illərdə gələcəkdə solo ifaçı kimi tanınmağı düşünürdünüzmü?

- Mən həmişə solo ifanı sevmişəm. Düzdür, hardasa dörd-beş il xanəndə də müşayiət etmişəm, ancaq həmişə ürəyim soloda olub, özümü səhnədə solo ifaçı kimi görmüşəm. Çünki bir sənətkar kimi deyəcəklərim olub, müşayiətçi olaraq bunu etmək mümkün deyil, həmişə ön planda xanəndə dayanır. Ona görə həmişə özümü tək və solist kimi görmüşəm.

- Tarı simli alətlərdən gitara ilə müqayisə etmək olar. Bəs tar xüsusən modern mahnıları ifa etmək baxımından gitara ilə yarışa bilərmi?

- Biz not kitabı üçün həmin on əsəri seçəndə də çalışdıq ki, bunlar tara yaraşan parçalar olsun, necə gəldi, seçim eləmədik. Ümumilikdə götürəndə isə tarın imkanları həddindən artıq çoxdur. Tar öz potensialına görə nə gitaradan, nə də pianodan geri qalır. Yetər ki, biz ifaçılar onu istər ölkəmizdə, istərsə də dünyanın başqa ölkələrində lazımi dərəcədə və formada təqdim edək.

Şəhriyar İmanov: “Tarda texniki düzəlişlərə ehtiyac var” - MÜSAHİBƏ | Foto qalereya

- Bildiyimiz kimi, tar aləti XIX əsrdə müəyyən islahatlar yaşadı. Onlardan biri də tarın dizdə ifadan sinədə ifasına keçid oldu. Sizcə, hazırda tarda hər hansı bir dəyişikliyə ehtiyac varmı?

- Mən sizə bir şey deyim, gitara yarananda belə indiki formada deyildi, o da müəyyən təkamül yolu keçib. Hazırda rok, estrada gitaraları var, gitaraya müxtəlif effektlər qoşulur, müxtəlif səslər alınır. Halbuki gitara yarananda cəmi altı simli idi. Əlbəttə, zaman musiqi alətlərinə də təsirsiz ötüşmür. Tar bizdə əvvəl dizdə olub, sonra sinəyə keçib, yüz ildən sonra necə olacaq, bilmirəm. Yəqin ki, hansısa bir fenomen ortaya çıxıb ona nələrsə əlavə edəcək, bu qaçılmazdır. Amma bu gün əlimizdə olan bu tardır. Doğrusu, bilmirəm, bu gün tarın dəyişdirilməsinə ehtiyac var, ya yox.

- Siz o ehtiyacı hiss edirsiniz?

- Tarda bəzi texniki dəyişikliklərin aparılmasına ehtiyac var. Məsələn, tarın üzü pərdədir. Bir az öncə konsert zamanı insanlar çox olduğu üçün zalda rütubətin səviyyəsi də çoxalmışdı. Bu da tarın səsinə təsir edir. Gitarada elə bir problem yoxdur; istər isti, istər soyuq, istər nəmişlik olsun - eyni səsdir. Amma biz çətinlik çəkirik, nəmişlik olan kimi tardan səs çıxmır, biz əlavə güc sərf etməli oluruq, bu zaman da tarın səsinin forması dəyişir. Yəni tarda bu cür texniki düzəlişlərə ehtiyac var.

- İmkanınız olsa, tarda bu dəyişiklikləri edərdiniz? Sadıqcan kimi...

- Kortəbii formada yox, amma dəri problemini həll etmək mümkün olarsa, çalışaram ki, nəsə dəyişiklik aparılsın. Əgər riyazi dəqiqliklə, bütün parametrlər nəzərə alınmaqla tarda bu dəyişikliklər aparılsa, nəinki mən, bütün tarzənlər sevinər.

- Tar Avropada, sadəcə, ekzotik bir Şərq aləti kimi qəbul olunur, yoxsa ciddi bir musiqi aləti kimi tanınır?

- Məncə, təqdimatdan çox şey asılıdır. Həmişə qeyd edirəm, məsələn, Yaponiyadasan, ənənəvi çalğı və formada “Rast” dəstgahı səsləndirirsən. Bu ifa əlbəttə ki, ekzotika kimi qəbul olunacaq. Bu cür təqdimatı beş-on dəqiqədən çox uzadanda əcnəbi tamaşaçı yorulur. Amma onu cazın daxilində və ya fərqli formada, avropalının, asiyalının başa düşəcəyi dildə təqdim edə bilsən, tamaşaçını yormamaq, onu heyrətləndirmək mümkündür. Bizim muğamımız sərvətdir. Çox gözəl xammaldır. Amma sırf muğam olaraq ənənəvi muğamı təqdim etsən, Avropada bir saat dinləməzlər. Bunu hamı bilir. Alim Qasımov muğamı təsadüfdən teatrallaşdırıb, ona mistik forma qatmayıb. Buna zərurət yaranıb. Tarı da daha səmimi, daha inandırıcı, dünyaya daha yaxın şəkildə təqdim etmək gərəkdir. Bilirsiniz, tamaşaçı ifaçını başa düşmək istəyir, başa düşmədikdə isə imkan tapıb zaldan çıxmaq istəyəcək.

- Ona görə də Qərb musiqilərinə üstünlük verirsiniz ki, Avropa dinləyicisinə yaxın olsun?

- Mən, demək olar, ənənəvi muğam ifa eləmirəm. Konsertlərdə, qastrollarda çox vaxt çalışıram ki, öz bəstələrimi ifa edim.

- İran tar ifaçıları da dünyada kifayət qədər tanınır, sevilirlər. Dünyada Azərbaycan ifaçıları ilə İran ifaçıları arasında bu baxımdan hər hansı rəqabət varmı?

- Bizim tar, muğam ifaçılığımız İrandan çox fərqlənir. Dünya bilir ki, sinədə çalınırsa, bu Azərbaycan tarıdır. Buna görə bizi də, onları da sevə-sevə dinləyirlər.

Şəhriyar İmanov: “Tarda texniki düzəlişlərə ehtiyac var” - MÜSAHİBƏ | Foto qalereya

- Kimi müşayiət etmək istərdiniz?

- Bir səhnəni paylaşmaq istədiyim dünya nəhəngləri çoxdur. Elə bu gün mahnısını ifa etdiyim Stinqlə əməkdaşlıq etmək istərdim. Düzdür, sənət dünyasının məşhur ulduzları ilə görüşlərim olub. Amma bunlarla kifayətlənmək olmaz, dünya çapında elə musiqiçilər var ki, hər ifaçı onlarla əməkdaşlıq etmək istərdi.

- Azərbaycandan da, deyəsən, İsfər Sarabski ilə əməkdaşlığınız olub.

- Bəli, yayda İsfərlə Braziliyada olduq. İki həftə orda qaldıq, musiqimizi, mədəniyyətimizi tanıtdıq.

- Alim Qasımovu müşayiət etmək istərdinizmi?

- Mən daha çox solo ifaya üstünlük verərdim. Əlbəttə, duet kimi Alim Qasımovla əməkdaşlıq etmək böyük şərəf olardı, amma ümumilikdə sənətin strateji planı məndə solodur.

- Konsertdə gənc nəslin sizə marağı açıq-aydın görünürdü. Zalda əyləşməyə yer yox idi, pilləkənlərdə, yerə oturmuşdular. Hər bir ifanız alqışlarla qarşılandı. Klassik muğam dinləyiciləri necə, sizin ifanı qəbul edirlər, yoxsa tarda Qərb mahnıları ifa etməyiniz tənqidlə qarşılanır?

- Beş barmağın beşi də bir deyil. Səni hamının qəbul etməsi, bəyənməsi mümkün deyil. Ona görə də vaxtaşırı giley-güzar edən tamaşaçılar tapılır, bəziləri haqlı, bəziləri haqsız danışır. Biz ifaçılara da bu tənqidləri düzgün analiz edib qərar vermək qalır. Amma bəzən qərəzli tənqidlərlə də qarşılaşırıq. Mən həmişə deyirəm, gərək tənqid edən özü də uğurlu ifaçı olsun. Məsələn, Alim Qasımov yaxınlaşıb nəyisə tənqid etsə, onu dinləyib tənqidindən nəticə çıxarmaq olar. Çünki özü də o yolla gedib, uğur qazanıb. Elə ifaçılar da var ki, danışır, deyirsən ki, belə bilənsənsə, niyə özün uğur qazanmamısan? Səni heç kimi tanımır, heç bir uğurun yoxdur, amma məsləhət verirsən.

- Sosial şəbəkələrin imkanlarından yararlanırsınız?

- Mənim az-çox tanınmağımda sosial şəbəkələrin rolu böyük olub. Yadınıza gəlirsə, “Sirtaki” mahnısını ifa etdiyim videoya təkcə “Facebook”da yarım milyondan çox baxış olmuşdu. Yeni kompozisiyalar və onlara çəkilmiş klipləri sosial şəbəkədə yaymaq barədə müntəzəm işlər görürük.

- “Sirtaki”nin ifası, səhv etmirəmsə, spontan alınmışdı.

- Mən onu əvvəlcədən hazırlamışdım.

- Tamaşaçılarla o cür kontakt qurmağı da əvvəldən planlaşdırmışdınız?

- Doğrudur, bir az risk eləmirdim, amma son anda o qərarı verdim. İfanın əvvəlində sırf muğam olmalı idi, sonda “Sirtaki” çalınacaqdı. Mən də düşündüm ki, muğama qədər bir az hind, bir az başqa ifaları qarışdırım, həm də tamaşaçılarla ünsiyyət qurulsun, əylənsinlər. Orda bir məsələ də var. Rəqs qrupundan sonra çıxış edirdim, onların kostyumların dəyişmələri üçün çox vaxt lazım idi. Mənə demişdilər ki, nömrəni maksimum uzat, əyinlərini rahat dəyişsinlər. Mən də muğamı uzatmaq yerinə o gedişləri elədim.

- Konsertdən sonra dostlarınızdan kimsə sizə zarafatla dedi ki, Şəhriyar, tarda daha neyləmək olar? Eyni sualı mən sizə ünvanlayıram, amma ciddi: tarda daha neyləmək olar?

- Tarda çox şey eləmək olar. Tarda eləməli o qədər ideya var ki, bəlkə də onları həyata keçirmək üçün bir ömür yetməz. Ümumiyyətlə, sənətin imkanları hüdudsuzdur. İnanın, az qala hər gün tarda nəsə kəşf edirəm. Buna görə də əminliklə deyirəm ki, tarın imkanları çoxdur və yaxın gələcəkdə bu imkanların hamısının kəşf olunacağını düşünmürəm.

# 6951 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #