Kulis şair Elxan Zalın şeirlərini təqdim edir
Kilsə zəngləri
Qübbəli səmanın mavi yuxusu
süzülür insanın könlünə rəng-rəng
zəng... zəng.
Əsrlər boyunca yatmış beyinlər
səhərdən axşama dərd çeynəyirlər,
bürküdən yuxulu ikonaların
dərdli gözlərindən bəng tökülür, bəng.
Zəng... zəng.
Sarı şam tıxayıb dərd şamdanlara
günahı pul kimi yığan ürəklər
tövbə günlərinin dualarında
asılmış cəsəd tək yellənir ləng-ləng.
Zəng... zəng.
Can verir Allahın günahsız oğlu
suçlu əllər yapan qara xaç üstdə,
bəlkə də xaç özü çarpaz günahdı
kilsə kümbəsinə qonub çələng tək,
Zəng... zəng.
1984
Sonet
Quşlar səhər-səhər nəğmə başlayar
Dünya nur eşqinə tənha yanmasın.
Öz sirli nəğməni sən də başla yar
Könlüm yuxusundan oyanammasın.
Ağaclar yaşayır öz uyqusunda,
Səhər havasında yarpaq iyi var.
Sevda dəryasında bitən yosunlar
Səhərin gözünü ülgüclə açar.
Çimizdir dünyanı nəğmələrinlə,
Günəş də əl-ələ qaçar səninlə
Sevda nəğməsini başlasan əgər.
Səhəri nəğməylə açan dan olsa,
Dünyanı oxşayıb-ovudan olsa,
Quşlar səssiz-küysüz keşik çəkərlər.
1985
Nəm asfalt rəngi gülüşlər
Gözü bağlı, dili bağlı
Bir gecə,
Göydə ay işığı,
Yerdə şıltaq əyləncə.
Addım-addım, kəlmə-kəlmə,
Yolumuza döşənir park,
Yerlə göyün arasında ikimizik,
Bir də Janna Dark...
Gümüş gülüş cingiltisi,
Rəqs eləyir, rəqs eləyir,
Yaz yağışı gülüşləri
Nəm asfalta nəqş eyləyir,
Reklamların işığında
manat-manat yanır bu yaz,
Bu dünyada gecə yoxdur,
Bundan bəyaz.
Dənə-dənə inciləri
Üstümüzə səpələyir
Yolumuza döşənmiş park.
Nə yaxşı ki, bizimlədir,
Bu gecə, Janna Dark.
1987
Çiskinli müzik
Qara manto, ağ urbaşqa,
Bu şəhərin nağılları
Bambaşqadır, bambaşqa.
Daş və beton meşəsində,
Yarıməxfi bir kabare,
Şərqi deyir Zəki Müren,
Üstümüzə damcı-damcı
Axır müzik,
Neftə bulaşmış şəhərdə,
Ən duyğulu anıların
Notlarını yazan bizik.
Kokteylli söhbətlərə isti qatır
Bir az qəhvə, bir az brendi,
Duyğuların tans çağında
Aralığa toran endi,
Titrək bir an,
Utancaqlıq sınırında
Dayanmadan
Yana qoydu qolçasını,
Bir az açdı qılçasını,
Yüngül öpüş, ürkək tumar,
Çılpaqlandı xumar-xumar,
Dodaqlar üstündə boya,
Yavaş-yavaş döndü suya.
Könülləri loğmalanmaq,
Bundan şirin olurmu ya?
İstəyirəm vaxt uzansın,
İstəyirəm gəlməsin son,
Bu qapını açma qarson,
Açma qarson.
2001
Torqovı peyzajı
Bura nə Parisdir, nə Sidney,
Bura heç Dakar deyil.
Adam nə iş tapa bilir özünə,
Nə də ki, bekar deyil.
Gözləyişin sonu yoxdur,
Lap Allaha yüz yol əyil.
Get özünə macəra gəz,
Ya da dolan veyil-veyil.
Kefli baxışların nəmi,
Yer gəzir paltar sərməyə,
Burda könül şosesi yox,
Üstündə maşın sürməyə.
Küçələrin səhnəsində
Pantomimli teatr.
Bura bizim Brodveyimiz,
Bura bizim Monmartr.
2002
Bayramlı bulvar
Sevincin fişəngləri
Göyə qalxır partapart.
Hər üzdə bir Teymur var,
Hər baxışda Bonapart.
Göy boyu bayraqlanıb,
Küləyin kəşmir şalı
Sahilə qoşun çəkir,
Dalğaların marşalı.
Fişənglərin gözündə
Cəng iyinin dumanı,
Sahilə hücum çəkir
Qağayı bombardmanı.
Nəşələnən izdiham,
Gülüş tökür şırhaşır.
Könül alpnistləri,
Göydələnə dırmaşır.
Uşaqlar alplaşmada,
Erkəklər olmuş batır.
Yavuz gəzən polislər,
Şarlarını oynadır.
Ağlaşan ulduzların,
Mürgü döyür gülləsi.
Lentləşən qeybətləri,
Yığır efir qülləsi.
2002
***
Tauz Paris deyil, mən qall deyiləm,
xəyalım fırlanır tonqal başına.
yarpaq qoxusunda əriyən külək,
druid duaları söyləyir mənə.
Ay işıq çiləyir, telefon susur,
yalnızlıq qorxusu pıçıltısızdı.
sevda ulduzunun bayatıları,
mələk günahına qarışır ertə.
Qənirə ilahəm, qutlu ilahəm,
axşam düşüncəsi eşq tamındadır,
könül kafeləri gəl-gəl deyirlər,
reklam işıqları öpüş göndərir.
Gəzməli günlərin balet çağıdır,
fontanlı parklara bilet var, gedək.
“Torqovı” Monmartr olmasa belə,
bizim də öz zəfər tağlarımız var.
sevgilər sığışmaz kainatlara,
“Yelisey çölü”nə yel qovur həvəs.
müqəddəs türkülər oxuduram mən,
saçlı söyüdlərin yarpaqlarına.
gözləmə ömürdən uzun olurmuş,
ilahi yanğılar qucağa sığmaz.
ulduz baxışları Elen kimidir,
Parisə bənzəyir yaşılgöz gecə.
Üzüntülər oteli
üzüntülər otelində üzülən dəqiqələr,
içilməmiş qədəhlərin içilmək ehtirası.
macal qarsonumuzla üzülüşüb bir təhər
hesabları bağlayacaq bir italyan havası.
duyğuların deposuna zəng olunub nə vaxtdan.
sığalların əzginliyi taksi gözləyir gedə.
yapışmayan kəlmələri uc-uca calamaqdan
üzüntülü bir oteldə halsız qalıb vaxt-vədə.
hər görüşdə bir ayin var, hər öpüş bir yatırım.
könüllərin külfəsində yanmaz sevgi vekseli.
keçənlərin acısını söz selində batırıb,
hərdənbir zəng vur mənə, sevindir "Azərseli".
Ləhləyən işıqlar
Qaranlıqda zümzümə,
Söyüdlükdə sığal var.
Cırıldaşan budaqlar,
İşıltını yığarlar.
Mürgülər xışıltılı,
Arabalar yorunuq.
Gəzinmələr həvəsi,
Sıxıb süzür qorunu.
Ləhləyən işıqların,
Yerə dəyir dilləri.
Not-not qığılcım verir,
Elektrik məftilləri.
İydə çiçəklədikcə,
Söz də gəlir ərsəyə.
Pişikləşən duyğular,
Yer axtarır kürsəyə.
Gecənin əlbisəsi,
Öpüşdən dəlik-dəlik.
Ağ sinələr od qoyur,
Vur-tut iki düyməlik.
Yarı məxfi bir baxış,
Qor tutub cığallayır.
Söyüdlərin saçları,
Havanı sığallayır.
2002