Maşın insanı necə dəli edir? - Cavid Zeynallının hekayəsi

Maşın insanı necə dəli edir? - Cavid Zeynallının hekayəsi
28 avqust 2019
# 21:00

“Kulis” Cavid Zeynallının “Həsən maşın alacaq” hekayəsini təqdim edir.

O gedən iki qız Həsənin balalarıdır. Əkizlər. Birinin adı Məryəm, o birinki Zeynəb.

Məktəbin darvazasından adladımı, Zeynəb Məryəmə deyər:

- Ata maşın alanda, bizi hər gün məktəbə özü aparıb-gətirəcək.

Məryəm, gözəl Məryəm, Zeynəbə inanardı, elə inanardı, möhkəm inanardı! O göydəki Allah haqqı, lap ayaqlarının üşüməyi kimi inanardı Məryəm. Zeynəb də atasından arxayın idi. Ki, yaz gəldimi, demişdi, Həsən, kredit götürüb bir Opel alacam, gülü burnunda. Əvvəla, məktəbə uşaqları özüm aparacam, sonrası xaltura edib bu dolanışıq zulumunu ev-eşikdən biryolluq perik salacam, Zəminənin, Zeynəblə Məryəmin anasını deyirdi, dişlərini düzəltdirəcəm, dördümüz də doluşacağıq Opelə, bir də gördün budu ha, fitillədik birbaş Sədərək bazarına, ucuzuna əyin-baş alıb, şellənə-şellənə gəldik evə.

Həsən balalarından tamarzı idi, yaman tamarzı. Gecə ayılan kimi uşaqların üstünü basdırar, əllərindən-ayaqlarından öpüb lap pəsdən deyərdi ki, sənə qurban olum, ay Zeynəb, sənə qurban olum, ay Məryəm. Hələ onda iş tapa bilməmişdi, qızlar məktəbə getdilərmi, Zəminənin boyun-boğazını iyləməkdən doymazdı, içinə çəkərdi Zəminənin qoxusunu, saçlarını oxşayardı, döşlərini yüngül-yumşaq sıxıb qadının ağlını başından alardı.

O başdan almaq ki, Həsən düz 3 il 6 ay ona həsrət qalmışdı, Zəminənin döşlərindən gələn o qəribə qoxu burnunda, qovrulmuşdu həbsxana çarpayısında. Açığı, mən bilmirəm Həsən niyə tutulmuşdu. Əşşi, nə fərqi var, tutalım, kimisə bıçaqlamışdı, üstünə şər atmışdılar, oğurluqda əli vardı. Onun bilirdim, Zəminə turşu-şoraba bağlayıb qalmışdı kafelərin qapısında, şirniyyat bişirib dükan-bazara vermişdi, qoymamışdı iki tifilinin gözü onun-bunun əlində qalsın.

Həbsdən işıqlığa çıxanda Həsənin gözü qaranlıq çalmışdı, lap düzü, ürəyi qısılmışdı, qəsəbənin küçələri, tin-dalanı ona darısqal görükmüşdü. Elə bilmişdi, o küçələr də, tin-dalan da onu boğur, qanına yerikləyib. Tək-təkcənə getmişdi dəniz qırağına, göz işləyən genişliyi çəkmişdi sinəsinə, təpmişdi gözlərinin ağına-qarasına.

* * *

Sonra Həsən Dərnəgülün taxta bazarında bir işin qulpundan yapışdı, day qoymadı Zəminə turşu-şoraba bağlasın, şirni-şirniyyatın ununa bələşsin. Ancaq çox çəkmədi, Zəminə yenə o kafe sənin, bu mağaza mənim, bitdi qapılarda, dabanları sızıldadı, yolların döyənəyini ayaqlarına çəkdi. Bir tərəfdən böyrəklərinin mayıflığı, o biri yannan qəpik-quruş qazancı Həsəni lap boğaza yığdı, fəhləlik-hamballıq düşəndə sıra-seyrək beş-üç qəpik çıxardı, ya çıxmazdı.

Tüpürüm belə güzarana, öz-özünə deyinərdi, pul tapıb bir maşın ala bilsəydim, “taksavatlıq” edib, özümə bir gün ağlayardım. Kredit almaq üçün ayaq döymədiyi bank qalmadı, minnətçi düşmədiyi qohum-qardaş qoymadı ki, mənə zamin durun, başınıza dönüm, kömək edin, maşın alım. Mən Həsənə niyə kredit vermirdilər, onun da səbəbini bilmirdim. Əşşi, nə fərqi var: deyək, iş yerindən arayış lazım idi, deyək, Həsən həbsdə yatmışdı, o səbəbdən. Amma Həsən nəsə başqa iş tapdı, özünü-oda közə vurub o lənətə gələn Opeli almaq üçün hər yola əl atdı. Babalı deyənin boynuna: bəs yalan-gerçək, canı ağrıyan günlərin axşamı gecə növbəsindəki işinə getməz, cır-cındıra bürünüb bazar yolunda səsindən tanıyarlar deyə, lal-dinməz dilənçilik edər, hərdən eləcə iniltiyə bənzər səs çıxararmış. Özünə möhkəm söz verib ki, qənaət edəcəm, evdən çıxanda yolpulundan savayı bir qəpik xərcləyənin atasına lənət!

Zəminə də hər gün bir bankanı evdən dolu çıxarıb, boş qarşılayardı ki, əri çöldə-bayırda yeməyə pul verməsin. Həsən lap ağ eləmişdi: Dərnəgülün zülmü-zilləti azmış kimi o bir banka yeməyi iki günə yeyərdi və hər dəfə yeməyi utandığından lap balaca boşqaba çəkərdi ki, az görükməsin.

Hə, o yeməyin bərəkəti haqqı!

Bələdiyyə seçkisi ərəfəsində məhəllənin bərbad yollarında asfaltçəkənlər göründü. Həsən, necə sevinərmişsən! Ki, maşının içi-içalatı salamat qalacaq, tez tökülməyəcək. Evə götürülüb Zəminəyə çay dəmlətdirmək öz yerində, mağazalara ayırdığı şirniyyatları da asfaltçəkənlərə aparmışdı. Hələ dalına qulaq as: fəhlələr Zəminənin əllərinin tamı çıxan şəkərburaları, şorqoğallarını, biskviti-paxlavanı içəri ötürəndə Həsən onlara alqış demişdi, dua eləmişdi.

Həsən belə Həsən idi. Di gəl, ay keçir, gün-günə calanır, neyləyəsən, Opelin zəhrimar pulu artmırdı ki, artmırdı! Yaz yağışında islanıb yay tozuna bulaşanda yenə məktəbin darvazasını adladımı, Zeynəb Məryəmə deyərdi:

- Ata maşın alanda, bizi hər gün məktəbə özü aparıb-gətirəcək.

* * *

Tamam huşumdan çıxıb. Həsən mehrini ona görə Opelə salmışdı ki, bahasına gücü çatmırdı, ucuz Sovet maşınına da həm camaat minmirdi, həm də aşağı-yuxarı eyni qiymətə idilər. Kimin ağzını aramışdı, Opel deyib, durmuşdular. Benzini az içir, rahatlığı var, dəmir-dümürü itə tök, usta yanına aparanda da elə bil, Sovetin “011”idi, üç-beş manata hər dərdinə çarə qılacaqdılar.

* * *

Və dərd burasındaydı ki, Zeynəb o cümləni təkcə məktəb yolunda demirdi, evdə də dilinə gətirər, atasına elə baxardı, elə baxardı, deyərdin, pərvərdigara, bu qızın arzusuna dünyanın bütün maşınları qurban! Məryəm, gözəl Məryəm də Zeynəbə elə inanardı, dünya dağıla, bənzətməyə söz tapmaram! İntəhası, Həsən elə fikirləşməzdi ki. Həsən aşağı düşüb havalı-havalı siqaret tüsdülədər, öz-özünə pıçıldayıb nəsə danışardı, nəsə deyərdi.

Yolda Opel görəndə elə bil başı daşlı arvadını Həsənin üzünə söyürdülər. Tərslikdən axır vaxtlar camaat da cummuşdu Opelə. Elə götürək öz məhəllələrini: nə bilim, bərbər Vurğun almışdı, Həsrət almışdı, Zəminənin dayısı oğlu Mərdan almışdı, Dərnəgüldə xırdavat satan Məzahir lap təzəsini kreditə götürmüşdü. Günlərin birində Həsən yalvar-yaxar Məzahiri razı salmışdı ki, “Çermet” körpüsünəcən maşını mən sürəcəm, onsuz da buralarda it-qurd olmur, dəyib-dolaşan olmaz. Heç çala-çökək yolla yüzcə metr getməmişdilər, tfu, xəyal Həsəni aparmışdı: xırdavat Məzahiri Zəminə bilib əl atmışdı çiyninə, özünə çəkib boyun-boğazını oxşayanda Məzahir babat birini tutuzdurmuşdu bunun ənginə ki, oğraş, sənin var-yoxunu, düş, rədd ol maşından. Özünə gələndə düzü-dünya gözündə qaralmışdı Həsənin, istəmişdi yer yarılsın, girsin yerin təkinə. Xəcalətdən çiyinləri büküləndə bir tərəfdən də ger-geniş göy üzü daş olub düşmüşdü başına. O gündən sonra harda Opel görürdüsə, Həsənə elə gəlirdi, maşın at kimi əvvəl kişnəyir, sonra şahə qalxıb ona acıq verirdi. Tutalım, deyirdi, sənin ananı-bacını Həsən, iki qızını, arvadını belə-belə. Qeyrəti yol vermirdi ha, cin vururdu Həsənin başına, arxaya çəkilib bağıra-bağıra maşının düz sinəsinin ortasına qoşatəpik ilişdirmək istəyirdi. İstəyirdi deyəndə, bir dəfə hikkəsini boğa bilməyib şığımışdı yolun qırağında dayanan çiçək kimi bir Opelin üstünə, təpiyi zollamışdı maşının düz qaşqasından!

Həsənin yuxuda sayaqlamağı elə o günlərdən başladı. Elə o günlərdən sonra qonşular Həsəndən Zəminənin üstünə şikayətə getdilər, məktəbin darvazasından adlayanda Zeynəb susdu, susdu deyəndə, o cümləni deməyi tərgitdi, Məryəm bacısına bir də heç vaxt inanmadı, Zəminə fikirli-qüssəli bilmədi kafelərə turşu-şoraba, mağazalara şirniyyat daşısın, ya ərinin dərdini çəksin!

Və elə o gündən ev-ev, küçə-küçə bir xəbər dolaşmağa başladı: kimsə şəhərdəki maşınların təkərinə mismar batırır, böyrünü-başını cızıq-cızıq edir. Bilmirsən, kimə inanasan: sonra camaat danışdı ki, qaranlıq düşən kimi bir adam əlində vedrə, düşür şəhərin canına, harda kirli maşın gördü, yuyub təmizə çıxarır. Həsənə qahmar çıxan qohum-qonşu söz currayanlara qarğışı qarğış dalıyca edir, and içib ağu yalayırdalar ki, toba, toba, bəs, and olsun susuz Kərbala çölünə, Həsən hansısa moykada işə düzəlib, əli aşağı olanda həndəvərdəki maşın parkında bir vedrə suyla başını girriyir, üçdən-beşdən çörəyini çıxarır.

Yalandı ey, yalandı, Həsənin adına çıxan söz yalandı, deyirdilər, onu çıxaranın başına daş düşsün, daş!

* * *

O uzaqdan gələn yorğun adam Həsəndir. Zeynəbin, Məryəmin atası, Zəminənin əri Həsən. Əlində vedrəsi, üst-başı nimdaş, alatorandan çıxıb elə gəlir, elə gəlir, deyərsən, dağların yerini dəyişib, qolunun gücü, dizlərinin heyi çəkilib. Qəsəbənin girişində dayanıb müştəri yolu gözləyən şofer Sərvazın köhnə “011”i yenə həmənki yerindədi, dayanıb məlul-miskin, qırışığını açmağa bəhanə gəzir. Sərvaz da ki heç, zalım oğlu, elə arın-arxayın oturur, deyərsən, gün uzunu bekarçılıqdan lülə qurudan bu deyil, darıxmaq yadına da düşmür. Radioya səs verib, şıdırğı mahnıdan kayf tutur. Həsəninki Sərvazla cur gəlirdi, bir-birinə bağrı-badaş olmuşdular, biri məzələnəndə o biri inciməz, o biri söyüb-suvaranda biri ötüşdürərdi. Amma o da vardı ki, Sərvazın Həsənə yazığı gələrdi, kefi kök olanda yüngül-üzdən zarafat edib çox dərinə getməzdi.

- Əə, Sərvaz, bi papruz ver, görüm, - dedi Həsən. İçi yanırdı, cibində siqaret almağa qəpik-quruşu vardı, intəhası, dağların yerini dəyişən adam ayaqlarını sürüyə-sürüyə mağazaya getməyə ərinməzdimi, ərinərdi!

Siqareti alışdırıb tüstünü ləzzətlə içəri çəkmişdi ki, xəbərlər başladı. Sərvaz nəsə demək istəyirdi, Həsən əlini qaldırdı ki, əə, kiri, kiri: “Bu gün Kürdəmir yolunda ağır yol qəzası baş verib. Opel markalı minik maşınının sürücüsü idarəetməni itirərək “Kamaz”a çırpılıb. Hadisə nəticəsində minik maşınının sürücüsü...”

Həsən xəbərin ardına qulas asa bilmədi. Elə bil yenə o ger-geniş göz üzü daş olub düşdü başına. Özünü birtəhər toparlayıb yorğunluğu üstündən atdı, vedrəni alatoranlığa tolazlayıb bağıra-bağıra götürüldü, götürülə bildiyi qədər:

- Ay dədə heyy, vay dədə heyy...

Və Həsən inanırdı ki, Kürdəmir yolunda “Kamaz”a çırpılan həmin Opel onun almaq istədiyi maşın idi...

Fevral, 2015

# 4086 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #