Tünzalə Ağayeva: “Yatmağa ehtiyac duyuram”-MÜSAHİBƏ

Tünzalə Ağayeva: “Yatmağa ehtiyac duyuram”-MÜSAHİBƏ
27 avqust 2014
# 16:00

Kulis.Az Əməkdar artist Tünzalə Ağayeva ilə müsahibəni təqdim edir.

Əvvəli burda

- Sosial layihələrdə aktivsiniz. Kimsəsiz uşaqlarla bağlı, vətəndaşlıq hissinin aşılanması və s. Türkiyədə Soma faciəsi, qız uşaqlarının oxuması, xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım məsələlərində bir çox sənətçilər aktiv iştirak edir, konsertlər verirlər. Azərbaycanda müğənniləri belə tədbirlərdə niyə aktiv deyillər?

- Mən əksini deyərdim. Bilmirəm mətbuat bunu nə qədər izləyə bilir, amma şəxsən mən bu günə kimi harda iştirak etmişəmsə, yanımda həmkarlarım da olub. Deməzdim ki, bizim müğənnilər elə layihələrə qoşulmur. Bəli, Türkiyə Somaliylə, yaxud aclıqdan, susuzluqdan, xəstəliklərdən əziyyət çəkən insanlarla bağlı layihələrə başqa bir strategiya və formatdan qoşulur. Orada təkcə sənətçilər deyil ictimai xadimlər, siyasətçilər, digər sənət sahibləri də var. Gərək biz də öz uşaqlarımıza – valideyn himayəsindən məhrum olanlara sahib çıxaq. Hər ölkədə olduğu kimi, bizdə də cəmiyyətin müxtəlif problemləri var. Həssas mövzularımız var ki, onlara qarşı həssas olmalıyıq. Tutaq ki, küçə heyvanlarının öldürülməsi, təbiətin qorunması, AİDS, xərçəng xəstəliyi və s. Xeyriyyə konsertləri də veririk, beynəlxalq layihələrə də qoşuluruq. Bu istiqamətdəki fəaliyyətimizi daha da genişləndirməliyik.

- Vətənpərvərlik mövzusunda da bir çox layihələriniz olub. Bu gün Azərbaycan gənci milli ruh, vətənpərvərlik, sosial və mədəni inkişafa görə hansı səviyyədədir?

- Medianın, eləcə də sənətin təbliğatından çox şey asılıdır. Gənclərimiz nə qədər dəyərlərimizə, tariximizə, dilimizə, mədəniyyətimizə fikir verəcəklər, sevəcəklər və o yolda tərbiyə alacaqlar. Bu, özbaşına baş verən bir şey deyil. Ailədən, məktəbdən başlayır. Uşaq tək məktəbdə, ailədə yaşamır, yeyib-içib oturmur, yaxud bir neçə saat təhsil ocağındadır, bir neçə saat da ailədə. Onun həyatının bir qismi cəmiyyətdə keçir, televiziyanın, internetin, mətbuatın, aldığı, oxuduğu, eşitdiyi informasiyanın təsiri altında böyüyür, inkişaf edir. Bax burada hamımız əlbir olub, o gənci gözəl şəkildə ortaya çıxarmalıyıq. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər gənc var ki, milli ruhda böyüyür. Amma elə gənclərimiz var ki, tamamilə səhv təsir altındadır. Soruşursan, Üzeyir bəyi, Cəlil Məmmədquluzadəni, Mirzə Fətəli Axundovu tanımır, rayonlarımızın sayını, işğal olunmuş rayonlarımızın adını bilmir. Dəhşətə gəlirsən ki, bunun sabahı nə olacaq?

Bu gün nə ilə yaşayırıq, nəyə qulaq asırıq, nə yeyirik, nə geyinirik, nəyə baxırıq, nəyə xidmət edirik, içimizdə nəyi yaşadırıq, hədəfimiz nədir, həyatda məqsədimiz nədir, uşaq da o yolu bizə baxıb gedəcək. Öncə özümüzü yetişdirək ki, o gənc də bizə baxıb nəsə öyrənsin.

- Həm müəllimə, həm də məktəb direktorusunuz. Təhsilimizin səviyyəsini necə qiymətləndirirsiniz?

- Mənim çalışdığım sahə məktəb deyil, uşaq kurslarıdır. “Menar” kursları sürətli saymağı öyrətməklə uşağın intellektinə, diqqətinə, yaddaşına, zəkasına, beynin sol yarımkürəsinə təkan verir və orada bəzi bacarıqlar üzə çıxır. Uşaqlar riyaziyyatla dostlaşırlar, daha rahat həll etməyi bacarırlar, qulaq, göz, beyin yaddaşları itiləşir, diqqətli, çevik olurlar, özlərinə güvənirlər və s.

Bizim çox gözəl alimlərimiz, professorlarımız, müəllimlərimiz var. İstənilən peşədə insan faktoru, vicdanlı olmaq çox önəmlidir. Müəllimlik elə həssas bir peşədir ki, vicdanlı, ədalətli olmasa, uşağa valideyn qayğısı ilə yanaşmasa mümkün deyil. Vətənpərvərlik nə deməkdir? Öhdənə düşən işi gözəl görmək deməkdir. Vətənpərvərlik səhnədən qışqırmaq, mahnı oxumaq deyil.

Müəllim, valideyn, uşaq – bu üçlük müqəddəs dəyərdir. Bu, çox lazımlı, bir-birinə bağlanan üçlükdür. Vaxtilə müəllimə olmuşam. Bu gün də topluma necə fayda verə bilərəm – ona çalışıram. İşlədiyim kursda bizə etibar olunan uşaqların intellektinin inkişafı üçün əlimdən gələni edirəm.

- Sənətinizin bir qolu da ədəbiyyatla bağlıdır. Sizcə sənətçilərimiz klassik və müasir ədəbiyyatdan nə dərəcədə yararlanırlar?

- Böyük bəstəkarlarımızın mahnılarını götürsək, görərik ki, Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid, Nigar Rəfibəyli, Əliağa Vahid və digər böyük söz ustalarının yaradıcılığından istifadə ediblər. XX əsrin bəstəkarlarının yaradıcılığında klassiklərimiz vardı və onların dövründə yaşayan, çağdaş şairlər vardı. Mən də o musiqiçilərdən tərbiyə almışam. Ona görə bu yolu davam etdirirəm. Səməd Vurğunla başlamışam... Bu gün isə gündəmimdə Hüseyn Cavid, Vahid Əziz var, Rafiq Zəka Xəndan, Baba Vəziroğlu var, İsmayıl Dadaşov, Nigar Rəfibəyli var. Elə gözəl mövzularım var ki... Hesab edirəm ki, müasir bəstəkarın yaradıcılığı aktual olmalıdır. Həm bu günün yazıçıları ilə, həm də klassiklərimizlə işləmək gərəkdir. Gənclərimiz Mikayıl Müşfiqi tanımalıdırlar. “Sevgilər”, “Yenə o bağ olaydı”, “Oxu tar” mahnılarına yeni aranjemanda, yeni ifalarda dinləməlidir. Klassik şeirlərimizə yenidən mahnılar yazılmalıdır. Təbii ki, şeir imkan verirsə. Elə şeir var ki, ona mahnı yazmaq mümkün deyil. Səməd Vurğunun qızı – rəhmətlik Aybəniz xanım deyirdi ki, Tünzalə, sən “Sevdi can səni”yə necə mahnı yazdın? Axı o şeirə mahnı yazmaq mümkün deyil. Baxıram ki, Aybəniz xanım düz deyirmiş, vaxtında onu başa düşmürdüm. O şeir məndə o qədər rahat alınmışdı ki, sanki elə belə də olmalı idi. Klassiklərimizə təkcə mən yox, Elza Seyidcahan da, Xanım İsmayılqızı da, Aygün Səmədzadə də, Nailə Mirməmmədli də müraciət edir. Bu gün gözəl bəstəkarımız Eldar Mansurovun, Ramiz Mirişlinin yaradıcılığında klassika var. Onlar bizim yaşayan əfsanələrimizdir.

- Kitab oxumağa vaxt ayıra bilirsinizmi? Sevimli kitabınız hansıdır?

- İstədiyim kimi vaxt ayıra bilmirəm. Çünki, etiraf edirəm, bəzən beynim çox yorulur, sadəcə yatmağa ehtiyac duyuram. Amma nə zaman ki, bir az sərbəst oluram, dərhal kitab oxumağa başlayıram. Kitablarımın janrı müxtəlifdir. Çalışıram yanımda müqəddəs kitabımızı saxlayım.

Türkiyənin “mod”da olan, həqiqətən “moda”ya layiq olan yazarı Elif Şafaqı oxuyuram. Çox qadınlar onu oxuyur. “Eşq” ilə başladım, indi “Şəmsparə”ni oxuyuram. O, bir qadın yazıçı, təsəvvüf yazıçısı kimi çox maraqlıdır. Daha sonra İsgəndər Pala mənə maraqlıdır.

Özümə söz vermişəm ki, müasir yazıçılarımızı da oxuyum. Gənc yazarlarımız mənə maraqlıdır.

- Dünya sənətçilərinin əksəriyyəti müəyyən yaşdan sonra memuar yazır. Sizin necə, belə bir fikriniz varmı?

- Niyə də olmasın? Nə vaxtsa yəqin ki, olar.

- Teatrın “İncəsənət üçün çəkirik” mövzusunda çılpaq fotosessiya təqdim etməsini necə qarşılayırsınız?

- Belə bir şey olubsa xəbərim yoxdur. Bilirsiniz, əgər o tərəfdən yanaşsaq ki, bu, dünyada var və incəsənətin bir növü kimi qələmə verilir, burada neqativ bir şey yoxdur. Azərbaycan qadını prizmasından baxsaq, vəziyyət dəyişir. Azərbaycan qadını belə olmayıb. Dəyər baxımından Azərbaycan qadını hər zaman əxlaq, abır-həya libasında olub. Bu, hamımıza aiddir. Biz belə yetişmişik. Heç bir ana öz qızını elə tərbiyə etmir ki, dünyaya necə gəlmisənsə, çıx elə gəz, elə şəkil çəkdir. Amma biz bu tərəfdən də filmlərə baxırıq, kliplərə, konsertlərə baxırıq, dərgilərə baxırıq, müxtəlif fotosessiyalar görürük, bizim təbliğ etdiyimizin tam əksinədir.

- Sonda kulis.az oxucularına nə demək istərdiniz?

- Oxucularımıza can sağlığı, huzur, firavan həyat arzulayıram.

Sevinc XanQızı

# 2496 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #