Cəfər Cabbarlının narahat qızı – İradə Tuncay yazır

Cəfər Cabbarlının narahat qızı – <span style="color:red;">İradə Tuncay yazır
14 fevral 2018
# 15:57

Dəfələrlə görüşmüşdük onunla. Niyəsə heç üz cizgilərinə diqqət eləməmişdim. Ölüm xəbərini alandan şəkillərinə baxıram. Atasına çox bənzəyir. Görmədiyi atasına. Daha doğrusu, görüb də atası olduğunu hiss etmədiyi atasına.

Ömrü boyu bu adın kölgəsi yaşatdı onu. Bu dünyayla vidalaşanda da nəhəng atasının adıyla getdi - Cəfər Cabbarlının qızı vəfat etdi dedilər. Uzun ömür yaşadı Gülarə xanım. Gənc ikən ölüm adlanan o geniş körpüdən keçən atasının da əvəzinə yaşadı sanki. Həyatı boyunca da atasının xatirəsin yaşatdı. Yaşadığı məmləkətdə nə qədər insana ad vermiş atanın qızı Gülarə. Bəlkə vaxtı çatsaydı Gülarəni də hansısa dramın baş qəhrəmanı edərdi. Amma özündən sonrakı dramın həyat adlanan səhnə təcəssümü Gülarə xanımın əlində oldu. Əlbəttə, ailə də buna rəvac verirdi - ömür-gün yoldaşı Seyfəddin Dağlı da çox zəhmət çəkirdi. Amma... Yenə əsas yük təbii ki, Gülarə xanımın idi.

Bütün xatirələri belə başlayırdı - anam deyərdi ki... Nə qədər söhbətlər eləmişik onunla. İndi gözlərini yumduğu evin tikilməyindən, atasının dostlarından, evin səs-küylü vaxtlarından, əsərlərin yazılma prosesindən danışmışdı. Heykəlin qoyulmasından danışmışdı...

Bakıdakı məşhur heykəllərin yanından ötüb keçəndə bəlkə hansınızınsa ürəyində bir hiss, bir duyğu oyanırsa və bu duyğular sizi məcbur eləyirsə ki, qayğılar altında əzilən varlığınızı dikəldib yuxarıya baxasınız, nə görəcəksiniz, kimi görəcəksiniz? Sizi ucalığa, işığa səsləyənlərimi, ya sizi alçaldıb rəzil eləyənlərimi? Heykəllər sizin yaddaşınızda hansısa ötüb getmiş bir xatirəni canlandıra bilirmi? Əgər bilirsə, bu soyuq daşların sizin taleyinizdə, həyatınızda azacıq da olsa hərarət, istilik payı var. Heykəllərin də insanlar kimi qəribə taleyi olur. Təntənələrlə hündür məqamlara qalxırlar, eyni təmtəraqla da vaxtilə onlara əl çalanların ayaqları altına düşürlər. Bəzən də sökülmürlər, amma xidmət etdikləri ideologiya lazımsız, gərəksiz olur. Böyük istedadlarını, ilhamlarını sərf edib yaratdıqları lazımsız, gərəksiz olur. Bax o zaman həmin bu heykəllər soyuq daşdan başqa bir şey olmayacaq.

Bəziləri əllərini qaldırıb xoş gələcəyə də baxırlar. Düşüncəli, düşüncəli əlləri qoynunda bu millətin sabahı nə olacaq da deyirlər.

Cabbarlının heykəli şəhərin ən gur, izdihamlı bir yerindədi. Dayandığı yüksəklikdən aşağı baxır. Baxır və ömrü boyu dərdlərini yazdığı xalqının - alçaldılmış, təhqir olunmuş, həyatın dibində yaşayan insan mənzərələrini görür. Bu yer qəribə bir yerdir və Cabbarlı bizə elə burdan baxmalıydı.

Narahat idi Gülarə xanım. Bu günün insanının Cabbarlını anlamayacağından narahat idi...

Yaradıcı insanların yaradanla birbaşa təması var. Yaradan öz övladını yer üzünə göndərib sonra çarmıxda əzab verdi. Yaradıcılar öz övladlarını bu dünyaya gətirib çarmıxdan da betər əzablara düçar etdilər, sürətli templə yaşayıb 35 yaşında bu dünyadan köç eləmiş bir insanın memuar yazacaq imkanı olacaq deyildi. Onun kim olduğunu, nəçi olduğunu təbii ki, əsərlərindən öyrənməyə cəhd eləmək olar. Bioqraflar sənətkar ömrünü xronoloji ardıcıllıqla yaza bilirlər. Amma bu xronologiya 20 yaşlı bir gəncin bəlkə 50 yaşlı müdrik bir insanın ürəyindən keçirə biləcəyi hissləri, ağrıları necə anladığının, yaşadığının izahını verə bilmir. 35 illik həyatında hər qəhrəmanı ilə yaşadığı insan ömürlərini hesablasaq, o, bəlkə 135 il yaşamışdı. Böyük sənətin gözəgörünməz alt qatlarında böyük ağrı yatır. Və bir gün bu ağrı özünə yol tapıb üzə çıxırsa, qəlpə-qəlpə aləmə səpələnirsə, bu istedaddır... Bu istedad insanın fiziki ömründən kəsib, mənəvi ömrünə əbədiyyət calaya bilər!

Gülarə xanım daşıyırdı bu ağrıları....

Bu dünyanı yaradanmı yaratdı, yaradıcılarmı? Kimə inanaq, onamı, yaradıcılaramı, gözümüzlə gördüklərimizəmi? Və gördüklərinizin ürəyinizdə şəkk-şübhə toxumları səpdiyi olubmu heç.... Gülarə xanım daşıyırdı bu ağrıları.

O yerdə ki, havasız bir mühitdə bir udum havanın, çirkabın içində bir içim suyun həsrətindəsən - çırpınıb-çabalayıb özünü qurtarmaq istəyirsən, uzaqdan ilğım kimi bir yol görünür. Bir Ağ yol. Gülarə xanım atasının ardıyca getdi. Ölüm adlanan o məchulda atası ürək dolusu - QIZIM deyəcək bəlkə?

İnsan da nədir - əvvəli torpaq, sonu torpaq.../adalet.az/

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #