"Qu" deyəndə qurban olum... – RƏBİQƏDƏN YENİ ŞEİRLƏR

"Qu" deyəndə qurban olum... – RƏBİQƏDƏN YENİ ŞEİRLƏR
9 iyul 2015
# 19:30

Kulis şairə Rəbiqə Nazimqızının yeni şeirlərini təqdim edir.

Zümrüd quşuna

Ətcə balalarını yerindən,
əjdahanı yemindən etmişdim, Zümrüd quşu.
Yuvanı tapmamışdım -
ovcumda saxlamışdım balalarını...

Körpə bədənlərindəki xəfif qızartı -
sığal yeri keçəcək,
Ana qucağında ağrıdan yox, sevgidən ağlayırlar,
səsləri kiriyəcək...

İstəsən, bir də dolaşmaram yaşıl ağacların altında,
əjdahanı görəndə yüz ağaclığından keçərəm,
köçərəm quşların olmadığı yerlərə -
yəni kor ola bilərəm göy üzünə.
İstəmə...

Sən yenə qanadın üstündə qaranlıqdan çıxdığımı xatırla,
işığa dönmüşdün tükdən asılı günlərimdə,
"qu" deyəndə "qurban olum",
"qa" deyəndə "qadan alım" söyləmişdim...

İndi alovlu ahlarını tökmə üstümə, Zümrüd quşu,
qəzəbli lələklərini lənət tək yağdırma başıma,
şimşək gözlərində sevməyə nəsə saxla...
Nə-sə.

Feminist şeir

Bir Tanrı tanıyır, bir də iblis – ilan
qadın ürəyinin gücünü.
Adəmə dərmişdi almanı Həvva -
qurban eləmişdi özünü.

Kişinin hələ də yoxdu xəbəri,
başı elə o vaxtdan bəri
ayaqlarına qarışıb
çılpaq gördüyü qadının...


Kafedə

Əqrəblər on biri dişləyir,
Qanına işləyir saatın zəhər.
O ki var içibdir sərxoş fincanım,
Limon parçaları çayda çimiblər.

Gecədir, yorğunam, səhv tutma,
Cümləmdə pozuldu uzlaşma -
Cəmdə görünsə də cansız xəbəri,
Qarson, sən yenə qarışma...

Gilasın gözləri üzümdə qalıb,
Bu gün gec bağlasan kafeni...
Bilirəm, ikimiz qalmışıq, gecədi,
Soyuyur, sən də iç qəhvəni...

Beş üstə bir artıq əskinas,
Ümiddir, bu da pul, al gedim...
Demişdim, nə olsun, yalan demişdim,
Bu gün heç kəsi gözləmirdim...


Nəm şeir

Tısbağa yerişli günün
üstünü xaçla örtürəm hər gecə
təqvim vərəqində...
Qələm neyləsin...

Adını ah kimi çəkirəm köksümə
gündə neçə dəfə...
Qulaqların nə bilsin...


Selsi necə ölçsün
Pəncərənin altında nə qədər üşüyürəm....


Qapının arasından keçirəm
İşıq sürəti necə çatsın...

Və divarların necə qurusun
dodaqlarımın, gözlərimin əlindən

Hər yer nəm..
Hər yer sən...

M.G. üçün ilk şeir


Qüssədən sarılıq tutmuş divarlara,
Gözləri yol çəkən tənha tavana,
xanalı örtüyə həbs olunan
biradamlıq divana
yola salmaq səni...

Sonra da gözləmək
balaca otaqdan
mənə uzanan
qollarının mötərizələrini.

Tiflisdə yazılanlar

1.
Tozumu necə silirdisə kirpiklərin
gözlərin bilmirdi
Təbəssümün necə gəzirdisə üzümdə,
dodaqların xəbərsizdi...
Təkcə barmaqların ağıllı-ağıllı
möhkəm yapışmışdı
bir-birinə
masanın üstündə...

2.

Kilsələrin şiş ucları yara bilmirdi göy üzünü -
yenə eyni tavanın altındaydıq.
Bir hecaya sığmışdı nəfəsimiz eşq dəyəndə.
Eyni sait birləşdirirdi adımızı
ikinci hecada
Və cırcıramalar dünyanın hər yerində
bizim bildiyimiz mahnını oxuyurdu...


3.

Tanrı yorğan kimi çəkəcək qaranlığı üstümüzə
Küləklər boynunu vuracaq yarpaqların bayırda
yağışlar pəncərələrin qübarını siləcək
içəridə
sən məni sevəcəksən
və…
kimin kimə nazla gülümsəməsinin
anlamı qalmayacaq...

***

tikanlar,
üzünü gizləyən tikanlar
nişan verir sərhədi...
yoxsa ki
məni nə saxlaya bilərdi...

# 2270 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər