Yeməkdən və seksdən ölənlər – ƏN QALMAQALLI FİLMLƏR

Yeməkdən və seksdən ölənlər – ƏN QALMAQALLI FİLMLƏR
10 yanvar 2015
# 08:45

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsinə başlayır. Bu layihədə kino tarixində böyük qalmaqallar, mübahisələr yaratmış ekran əsərlərini təqdim edəcəyik. Layihədə təqdim etdiyimiz ilk film italyan rejissoru Marko Ferrerinin “Böyük tıxama” dramıdır.

Özünün kəskin satirik komediyaları ilə tanınan Marko Ferreri (1928-1997) anarxist, bütlərə qarşı mübarizə aparan, dövrünün populyar, açıq siyasi kinematoqrafiyasını sevməyən rejissor idi.

İtalyan kinosunda onun özünəməxsus yeri var. Neorealizm cərəyanını özünə yad bilən Ferreriyə Luis Bunuelin təsiri böyük olub.

Onun sıx əməkdaşlıq etdiyi ssenarist ispan yazıçısı, satiriki Rafael Askon idi. Bu əməkdaşlıq nəticəsində ortaya çıxan “Mənzil”(1958), “Gənclər” (1959) filmləri qara yumor üslubunda Franko İspaniyasına satiradır.

“Müasir hekayət”(1962), “Qadın meymun” (1963) müasir ailə institutunu tənqid edir.

“Dilincer ölüb” (1968) fəlsəfi pritçası isə cəmiyyətə yönəlmiş ittihamedici aktdır.

Ferrerinin 1973-cü ildə ekranlaşdırdığı “Böyük tıxama” qara komediyası dünya kino tarixinin ən qalmaqallı ekran əsərlərindən birinə çevrilir.

"Marçello, sən yeməlisən! Əgər biz yeməsək, ölməyəcəyik..." (“Böyük tıxama” filmindən)

Kann festivalında FİPRESSİ mükafatına layiq görülən film İtaliya və Fransanın birgə istehsalıdır.

Cəmiyyətdə əhəmiyyətli mövqeyə sahib, fransız mətbəxini sevən dörd dost şəhərkənarı villaya yığışır. Onlar nəfəsləri kəsilənədək səhərdən axşama kimi cürbəcür təamlar yeyir, içir, ancaq yemək haqda danışır, düşünür, həyatlarının anlamını ləziz təamlarda tapır, sonra yediklərini qaytarır, təbii ehtiyaclarını ödəyirlər. Rejissor onların fizioloji prosesini çılpaq şəkildə göstərir.

Dostlar villaya fahişələr dəvət edir, orgiya təşkil edir. Və dəbdəbəli villa tədricən böyük bir ayaqyoluna bənzəməyə başlayır.

Fahişələr onların acgözlüyündən dəhşətə gəlir, bir fahişə isə iyrənərək öyüyür və sonda onlar dabanlarına tüpürüb villadan qaçırlar. Və acgöz burjualar dəstəsinə uşaqlara fransız şairi Nikola Bualonun poeziyasını anladan, gözlərində həris parıltı olan ədəbiyyat müəlliməsi də qoşulur.

Finalda dostlar yeməkdən ölür.

Lümpen proletariat ilə intellektual burjualar arasında kəskin kontrastın təsvir edildiyi, sərt natural səhnələrin bol olduğu “Böyük tıxama bütün dövrlər üçün cəsarətli və aktual film sayıla bilər.

İstehlakçı cəmiyyətə, hedonizmə etiraz olan “Böyük tıxama” natural səhnələrə görə Kannda birmənalı qarşılanmadı. Amma rejissorun ən gəlirli filmlərindən birinə çevrildi. Tənqidçilərin fikrincə, bu film Ferrerinin yaradıcılığında nihilizmin zirvəsi, onun ən kompromissiz əsəridir.

Burda tıxama istehlak cəmiyyətinin simvoludur. Personajlar ölənə kimi yeyir, yeyir, yeyir... Onlar heyvandan heç nə ilə fərqlənmirlər.

Son kadrlarda bağda asılmış, təzə mal cəmdəklərinin yemədən ölmüş dörd dostu mütəxəssislər “Apokalipsis atlıları”nın (xristianlıqda qiyamət əlaməti olaraq ortaya çıxacağına inanılan dörd atlı) obrazı-cəhənnəm obrazı kimi qəbul edirlər.

Burdakı müəllimə obrazı özündə həm qadın, həm sevgili, həm ana, həm də fahişəni cəmləşdirir. Tənqidçilər sonda yalnız qadının sağ qalmasını bu cür yozurlar ki, o, instinktlərlə yaşayan təbiətin simvoludur.

Filmin ideyası Ferrerinin sevimli aktyoru, eyni zamanda məşhur kulinar olan və bu filmdə əsas rollardan birinin ifaçısı Uqo Tonyassinin dostluğu fonunda yaranıb.

Akyor deyir: “Bizim onunla münasibətimiz yemək üzərində qurulmuşdu... yemək, onun üçün problemə çevrilməyənə qədər”. Onlar eynilə filmin qəhrəmanları kimi nə vaxtsa bir-birlərini yeyəcəkləri barədə zarafatlar edirdilər.

Fransız filosofu Rolan Bart yazırdı ki, filmdə sadizm modeli var- qida cinayətə və əxlaqsızlığa çevrilir.

Ferreri müsahibələrindən birində deyirdi ki, bu film təkcə istehlakçılığa yox, ümumiyyətlə, cəmiyyətə yönəlmiş tənqiddir.

“Böyük tıxama” ən çox yozum alan filmlərdən biridir. Sosial, mədəni, fəlsəfi, siyasi kontekstlərdə təhlil edilən filmi daha çox Pazolininin “Sodomun yüz günü” ilə müqayisə olunur.

Müəllimə rolunu oynayan Andrea Ferreol roluna görə bir neçə restorana buraxılmayıb.

Filmə burdan baxa bilərsiz:

https://my-hit.org/film/11075/

# 3292 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #