Səidə Quliyeva: “Cavan idim, ərə getmək mənim üçün ayıb sayılmırdı”

Səidə Quliyeva: “Cavan idim, ərə getmək mənim üçün ayıb sayılmırdı”
5 mart 2014
# 17:40

Bu gün Xalq Artisti, aktrisa Səidə Quliyevanın doğum günüdür. Kulis.Az aktrisa ilə müsahibəni təqdim edir:

- Hazırda filmə çəkilirsiniz?

- Düzü heç dəvət də almamışam. Eyhamlar olub. Yəqin bu günlərdə təklif alaram. Mən də baxacam, seçəcəm.

- Nəyə görə seçirsiniz, bir şərtiniz olurmu?

- Əlbəttə. İlk növbədə tərəf müqabili və qonorar məni qane etməlidi.

- Teatrda nə oynayırsınız hazırda?

- Amma Akademik Milli Dram Teatrının “Qatil”, “Xanuma”, “Anamın kitabı” kimi tamaşalarında oynayıram.

- Qəhrəmanlarınızın ifadələri dillərə düşüb. Məsələn, “Fransız” filmindəki qəhrəmanınızın dediyi “Neynəsün daaay” ifadəsi kimi. Obrazlarınıza maraqlı, yaddaqalan reaksiyalar olubmu?

- Olur, əlbəttə. Çox sevinirəm ki, mənim oynadığım obrazlardan sitatlar gətirirlər. Yəni, iş uğurlu alınıb, tamaşaçının yaddaşındayam və gündəmdəyəm. Qaldı sualınıza, “Bala, başa bəla” teletamaşası gedirdi. Küçədə getdiyim yerdə hiss elədim ki, arxadan gələn adam sözümü təqlid edir: “Niyə? Nöşün?” döndüm gördüm ki, balaca uşaqdı. Amma məni elə güclü təqlid edir... yaxınlaşdılar, tanış oldum o uşaqla. Bəzən də tamaşaçılarla görüşəndə xatırladırlar sözlərimi...

- Vaqif Mustafayevin ən azı üç filmində gəlin obrazında çəkilmisiniz. Amma bu gəlin heç vaxt ərə gedib çıxa bilmir, kobud desək, ər üzünə həsrət qalır. Sizcə, niyə o, sizi həmişə belə obrazda görür?

- Pisdi? Yaxşıdı da... (Gülür) Bir də ki, hamısında deyil, “Yoxlama”dakı rolum tamam fərqli idi. Orada lal və kar qadını oynayırdım. Dediyiniz filmlərdə cavan idim, ərə getmək mənim üçün ayıb sayılmırdı, indi yəqin ki, başqa rollar oynayaram.

- Vaqif Mustafayevin aktyorlarla iş prinsipi necədir?

- Çox gözəl. Vaqif Mustafayev çox unikal rejissordur. Azərbaycanda ikinci belə rejissor görmürəm. Təəssüf ki, indi film çəksə də məni çağırmayıb. Onun filmlərinə çəkilmək istəyirəm. Gözləyirəm. Onunla işləmək böyük zövqdür.

- Çəkilişdə hansısa qəribəliklərin olduğunu deyirlər...

- Hər bir yaradıcı insanın qəribəlikləri var, eləcə də Vaqif Mustafayevin və Səidə Quliyevanın. Sadəcə Vaqif Mustafayevdə o çox qabarıq görünür, Səidə Quliyevada yox. Vaqif Mustafayev daha istedadlıdır. Əgər aktyorda nəsə alınmırsa çılğınlıq göstərir. Başqa nə qəribəliyi ola bilər ki? Mədəni insandır.

- Eşitmişəm ki, çəkdiyi səhnə uğurlu alınanda sevindiyindən rəqs edə bilər...

- Mən görməmişəm. Səhnə uğurlu alınanda əl çalır. Yəqin rəqs etməyi mənə qismət olmayıb (gülür). O aktyorları oynadır, özü oynamır. Məsəl üçün, epizod uğurlu alınanda bir dubla çəkir. “Yoxlama” da belə epizodlar var idi.

- Vaqif Mustafayevin filmlərindəki qəhrəmanlarınız yalnız ərə getmək məqsədi güdən qızlardır. Qadınların cəmiyyətdəki mövqeyində sizi narahat edən məqam varmı?

- Səidə xanım kimi fikrimi soruşursunuz da, hə?

- Əlbəttə.

- Əvvəlcə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını böyüyündən kiçiyinə kimi təbrik edirəm. Öpürəm, bağrıma basıram və onlara ancaq və ancaq ailə səadəti, xoşbəxtlik arzulayıram. Allah heç çətinlik qismət etməsin, qoy çətinliyi özü dəf edə bilsin. Azərbaycan qadını həmişə bu çətinliklərə sinə gərib, mübariz olub... Fikir verin, bizim yaşlı qadınların üzündə nə qədər nur var. Qoy onların üzündən nur əskik olmasın. Bu gün gənclərimizə tövsiyə edirəm ki, atdıqları hər addımı fikirləşib atsınlar ki, sonra peşman olmasınlar. Kiçik bir səhv onların gələcək həyatında böyük çətinliklər yarada bilər. Mən özüm qadınam, anayam. Mən ağzımdan çıxan hər kəlmənin məsuliyyətini daşımalıyam. Sizin yazdıqlarınızı oxuyan insanlar bundan ibrət götürməlidirlər. Bizim savadlı, ağıllı qadınlarımız, gənclərimiz var. Gəncliyi çox sevirəm. Onlarla görüşəndə çox böyük zövq alıram. Bir də bizim mentalitetimizdə, xalqımıza yaraşan bir ifadə var: kiçik böyüyə hörmət etməlidir. Amma böyüklər də kiçiklərə hörmət etməlidirlər, çünki hörmət qarşılıqlı olmalıdır. Mütləq bu ölçüləri bilmək və ona riayət etmək lazımdı. Mən xanımlarımıza yerini, danışığını bilməyi, yüz ölçüb bir biçməyi tövsiyə edirəm. Bu, mənim də həyat prinsipimdir.

- Səidə xanım, səsinizdə, danışıq intonasiyanızda oxşarlıq hiss etdim. Familiyalarınızda oxşardır. İlhamə Quliyeva ilə qohumluğunuz yoxdur ki?

- Yox. Qətiyyən. İlhamə xanıma böyük hörmətim var. Familiyalarımıza gəlincə, düzdü, mənim qızlıq familiyam da Quliyeva idi, sonra da Tofiq Quliyevin nəslindən olan ailəyə gəlin gəldim və familiya dəyişmədi.

- “Xanuma” tamaşasında qəhrəmanınız olan nənə rok-n-roll oynayır. “Anamın kitabı”ndakı qəhrəmanınız rəngsiz, tempsiz bir obrazdı. Sizcə rejissor...

- Bir dəqiqə... Onlar fərqli obrazlardı. Rejissorluq bir iş yoxdur. Rejissor “Anamın kitabı”na düzgün quruluş verib. Bir Səidə xanım kimi həyatdan zövq alan bir insanam, nikbin adamam, çox da temperamentli aktrisayam.

- Rejissorlarda narazı olduğunuz məqamlar varmı?

- Yox, niyə narazı olum ki? Ramiz Həsənoğlunun adını sənət səhifəmə qızıl hərflərlə yazmışam. Məhərrəm Bədirzadə, Bəhram Osmanov, Mərahim Fərzəlibəyov, Mehriban Ələkbərzadə, Ələkbər Kazımovski, Oruc İzzətoğlu, Firudin Məhərrəmli ilə işləmişəm. Gənc və zövqlü rejissor var Mikayıl Mikayılov... Bu insanlarla mütəmadi işləmişəm və onların adını mütləq çəkməliyəm. Mən çox böyük məktəb görmüşəm. Adil İsgəndərovun tələbəsi olmuşam. Əvvəllər Mehdi Məmmədovla işləmişəm. Tərəf müqabillərim gözəl aktyorlar olub. Onlardan öyrənə-öyrənə bu səviyyəyə gəlib çatmışam. Gənclərdən də çox şey öyrənirəm. Burada ayıb bir şey yoxdur. Məsələn, mən texnikada –kompüter, telefon kimi cihazlarda-çox zəifəm. Amma maşın sürürəm. Vaxtım olsa onları da öyrənəcəm.

- Səidə xanım “Niyə, nöşün?” dediyiniz məqamlar olur yəqin.

- Bu sırf o tamaşada belə idi: “Bala, başa bəla”da. Mən ya “Niyə?” deyirəm, ya da “Nöşün?” Sırf Bakı ləhcəsində.

- Bu gün Ad gününüzdür. Necə qeyd edəcəksiniz?

- Mən ad günlərimi təmtəraqlı qeyd etmək istəmirəm. Düzü qorxuram. Bunu ilk dəfədir deyirəm: 48 yaşımda özümü təzədən dünyaya gəlmiş kimi hiss etdim. Ondan sonra itkim oldu-qardaşım dünyadan getdi. Ondan sonra belə təmtəraqdan qorxuram. Eləcə öz adıma bir qazan xörək bişirəcəm, vəssalam.

- Müsahibə üçün təşəkkür edirik, Səidə xanım.

- Siz də sağ olun. Sizin və bütün xalqımızın qabaqdan gələn bayramlarınızı təbrik edirəm.

# 10738 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #