Azərbaycanlı kişilərin sevdiyi seks-simvol 70 yaşını necə keçirəcək?

Azərbaycanlı kişilərin sevdiyi seks-simvol 70 yaşını necə keçirəcək?
22 iyun 2017
# 13:35

Atası Vladimir dənizçiydi. Tale onu Rumıniyaya aparıb çıxarmışdı. Nataşa da elə bu ölkədə, daha dəqiqi Konstantsa şəhərində anadan olmuşdu. Düz 70 il əvvəl...

Balaca Nataşanın istedadı hələ uşaqkən üzə çıxmışdı. 4 yaşındaykən, şeir yazır, rəsm çəkir, mahnılar oxuyurdu. 5 yaşında isə o artıq bütün hərfləri öyrənmişdi, sərbəst kitab oxuya bilirdi. Bir yandan da idmana gedirdi. Amma az sonra məlum olacaqdı ki, ürəyində qüsurlar var, valideynləri və təbii ki həkimlər onu idmanla məşğul olmağa qadağan etdilər.


Ailə Konstansada çox qalmır. Nataşanın 10 yaşın olanda ailə əvvəlcə Murmanska, oradan isə Moskvaya köçür.

...Günlərin bir günü anası onu və bacısı İrinanı sirkə aparır. Gözü sirkin divarına vurulmuş elana satışır. Həmin elan sirkdəki studiyaya akrobat uşaqların qəbulu barədəydi. Səhəri valideynlərindən xəbərsiz sirkə gəlib həmin kurslara yazılır. Orta məktəbi də düz-əməlli bitirmir. Sirk məktəbinə qəbul olunur. Az sonra isə sirkdə məşhur kloun Yengibarovla bircə çıxış etməyə başlayır.

Həmin vaxt rejissor Georgi Hilkeviçlə tanış olur. 1965-ci ildə Hilkeviç onu “Göy qurşağının formulu” filminə dəvət edir. Natalya həmin filmdə epizodik rol alır.


Amma…

Amma vur-tut bir ildən sonra artıq bütün SSRİ bu qızdan danışacaqdı. “Qafqaz əsiri” filmindən sonra. Yəqin bildiniz bayaqdan kimdən söhbət gedir. Bütün sovet kişilərinin vurulduğu, “idmançı”, “komsomolçu”, “gözəlçə”dən, Ninadan, daha dəqiqi Natalya Varleydən.

Filmin rejissoru Leonid Qaydayın Nina obrazının kastinqinə onlarla aktrisa cəlb etmişdi. Natalyanı isə təsadüfən tapmışdı. Daha doğrusu onu elə “Göy qurşağının formulası”nda, kiçik bir epizodda görmüşdü. Haradansa yadına düşmüşdü 19 yaşlı Varley. Dərhal da filmə dəvət etmişdi. Və sonucda Varley ağlasığmaz uğur qazanmışdı. Yeri gəlmişkən, bu filmə bir il ərzində 70 milyondan çox sovet insanı baxmışdı. Söhbət təbii ki kinoteatrlarından gedir.


Varley bundan sonra 60-dan çox filmdə çəkilmişdi, Stanislavski adına Moskva dram teatrında onlarla rol almışdı. Amma bütün bunlarla baxmayaraq sovet insanı-əslində elə indinin özündə də - onu Nina kimi sevmişdilər.


Bu cazibədar qızla çoxları ailə qurmaq istəyirdi. Amma maraqlısı odur ki, 3 dəfə ailə quran Varleyin...ailə həyatı alınmamışdı. 1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun (“Ştirlis”) oğlu Vladimirlə evlənmişdilər. Onların Vasili adlı oğulları dünyaya gəlmişdi. Amma Vladimir narkoman idi. Natalya nə qədər onu bu vərdişdən çəkindirmək istəsə də, alınmamışdı. Cütlük ayrılmışdı.


SSRİ-də az qala seks-simvol kimi tanınırdı. Bir dəfə müsahibələrin birində bu məsələyə belə aydınlıq gətirmişdi:


“Qafqaz əsiri” filmindəki Nina obrazına SSRİ-nin ilk seks-simvolu adını qoymaları mənim xətrimə dəyir. Məgər Ninaya belə ad qoymaq olar? Məncə, Nina ilə dost olmaq istədikləri üçün onu belə sevirlər. Nina gözəllik, cazibədarlıq rəmzidir”.

Bir dəfə isə onu az qala zorlayacaqlarmış. Danışır ki, çəkiliş üçün Kislovodska gedibmiş. Aeroportda onu heç kim qarışlamayıb. Taksiyə oturub mehmanxanaya gedirmiş. Sürücü isə sən demə Nataşanı zorlayıb, sonrada soymaq niyyətindəymiş. Maşını Kislovodskdan kənara sürüb, Nataşanı maşından çıxarıb, əl-qol atmağa başlayır quldur sürücü. Nataşa isə ona yalvarır, pul təklif edir. Quldur onun çantasını açır, pul kisəsini götürür, sonra isə nədənsə çantadakı pasportuna baxır. Onun Natalya Varley oduğunu bilən kimi üzr istəyir.

Varley xatırlayır: “Bu zaman o, yaralı heyvan kimi üzümə baxıb dedi: "Nataşa, mən sizi tanımadım, siz mənim ən sevdiyim aktrisasınız. Xahiş edirəm, bağışlayın, bu, axmaq bir zarafat idi”.

Nataşa da milisə zəng etmir əvəzində…

Bir neçə dəfə Bakıda da olub, Səməd Vurğun adına Rus Dram Teatrında qastrol səfərlərində.

Elə bu səfərlərin birində maraqlı müsahibə də verib:


“Bakı çox gözəlləşib, dəyişib. Dəyişməz qalan isə insanların səmimiyyəti, qonaqpərvərliyi, xoş münasibətidir. Özəlliklə Azərbaycan tamaşaçısı teatrallığı ilə seçilir. Ən yaxşı tamaşalarla yetişən seyrçiləriniz var. O üzdən sizin qarşınızda çıxış eləmək şəxsən məni çox həyəcanlandırır. Sanki onların mənə olan etimadlarını doğrultmayacağımdan ehtiyat edirəm”.



Deyir 61 filmdə rol almışam.

“Amma düşünürəm ən sevimli və çətin rolum “Qafqaz əsiri”ndəki Nina obrazı olub. Bu filmə çəkiləndə inanılmaz dərəcədə həyəcan, məsuliyyət hissi keçirirdim. Çünki Aleksandr Demyanenko, Vladimir Etuş, Yuri Nikulin, Georqi Vitsin, Yevgeni Morqunov kimi dahi aktyorlarla işləyirdim. Hətta epizodik rollarda belə o dövrün çox parlaq sənətkarları çəkilirdilər. Uğursuz oyunumla o insanları pis vəziyyətdə qoymaq mənə dəhşətli bir şey kimi gəlirdi”.


***

Natalya Varleyin evinə bir dəfə rus jurnalistlər gəlib; “Komsomolskaya pravda”nın müxbirləri. Məlum olub ki, Varley evdə tək yaşamırmış: onun nə az, nə çox, 12 pişiyi də varmış.

Deyir, 70 illik yubileyimi keçirəsi bircə yaxınım da yoxdu.

“Elə bu pişiklərlə də baş başa qalacam”...

# 2747 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #