”Mənəm də Eldənizəm, nöş əl çalmırsuz balam?” MARAQLI ƏHVALATLAR

”Mənəm də Eldənizəm, nöş əl çalmırsuz balam?” MARAQLI ƏHVALATLAR
24 iyun 2013
# 11:53

Kulis.Az məşhur teatr lətifələrini və əhvalatlarını təqdim edir.

Rejissor məşq zamanı Musiqili Komediya Teatrının buxaqlı aktrisasına göstəriş verir:

“Çənəni qaldır. İkincini də, üçüncünü də...”

***

Eldəniz Zeynalov tamaşa başlananda pərdə arxasından sözlərini deyə-deyə səhnəyə daxil olur. Baxır ki, alqışlamırlar. Səhnənin önünə gəlib bir də ucadan sözlərini deyir. Yenə də camaatdan səs çıxmır. Öz replikasını gözləyən tərəf müqabilinə dönüb “Bir deyğe ee, qərdeşim. Sən bir dəğə diyan- Deyib zala səslənir: “Mənəm də Eldənizəm, nöş əl çalmırsuz balam?”

***

Bir dəfə Opera və Balet Teatrında Koroğlunu oynayarkən artıq xeyli yaşlanmış Lütfiyar İmanov ata minə bilmir və atı yedəkləyib özü ilə aparır. İkinci dəfə də eyni şey təkrarlanır. Üçüncü dəfə rejissor ona irad bildirir. Cavabında Lütfiyar müəllim: “Bura baxın, at bilər, mən bilərəm. Qıratla Koroğlunun arasına Həmzə girə bilmədi, siz nə karəsiz ki...” - deyir

***

Akademik Teatrda uzun tamaşalardan birində tamaşaçıların yuxuladığını görən rejissor Ağakişi Kazımov öz həmkarı Mərahim Fərzəlibəyova deyir: “Görürsən də camaat yatır”.

Gözucu zala baxan Mərahim müəllim üstünü vurmur. Üstündən xeyli müddət keçir. Ağakişi müəllimin tarixi mövzuda tamaşası zamanı Mərahim Fərzəlibəyov ona işarə vurur: “Bax da, Ağakişi müəllim, camaat xoruldayır”. Ağakişi müəllim gülümsəyir: “Bunları deyirsən, görmürsən bunlar sənin tamaşandan yatıb qalanlardır?”

***

Akademik Teatrın aktyoru Nurəddin Mehdixanlı rejissordan tələb edir: “Mən təklif edirəm ki, qonaqlıq səhnəsində içkilər həqiqi olsun, bu daha təbii olar”. Rejissor razılaşır: “Razıyam, amma onda gərək son səhnədə səni həqiqətən qılıncla çapsınlar, məncə bu daha təbii olar”.

***

Ramiz Əzizbəylinin “Yalan” filminə çəkilən aktyorlar birgə filmə baxırlar. Biri digərinə deyir: “Çox kədərləndim ee”. Yoldaşı cavab verir: “Hə, Ramiz müəllim əla çəkib, şedevrdir, məni də ağlamaq tutdu”. “Əşşi, ona görə yox ee, filmin əvvəlindəki qoyunların hamısını kəsib yedik”.

***

Yayın cırhacırında Azdrama Ağdama qastrola gedir. Almaniya üzərində qələbənin 30 illiyi münasibətilə bütün rayonlarda, o cümlədən Ağdamda da, abidələr qoyulmuşdu o vaxt, əbədi məşəl də öz yerində. Təbii ki, aktyorları həmin abidəni ziyarətə aparırlar. Dəhşət isti, gün döyür, qəliblənmiş çıxışlar zəhlə tökür. Bir tərəfdən də qırmızı alovla yanan əbədi məşəl. Nəhayət Mirvari Novruzova bu zülmə dözmür və özünəməxsus əda ilə məşəli göstərib deyir: “Adə, heç olmasa bunu söndürün!”

***

Azdramanın bədii şurasında Anarın növbəti pyesi oxunur. Şura üzvləri əsər haqqında fikirlərini deyirlər. Söz Nəcibə Məlikovaya çatanda o özündən razı bir qrimasla deyir: “Əsər yaxçıdiye, tercümə zeyüfdü”.

***

Musiqili komediya teatrında Əli Əmirlinin aktyor həyatından bəhs edən “Səhnədə məhəbbət” tamaşasında belə bir səhnə var: əsas qəhrəman Atəş Fəşanlı – Rüstəm (Elxan Əhədzadə) dəlicəsinə sevdiyi Röyanı (Xanım Qafarovanı) tamaşa bitəndən sonra qrim otağında görüb deyir ki, niyə evə getmirsən, qorxmursan, burda hər tərəf siçan-siçovulla doludur?

Elə buna bənd imiş kimi hardansa iri bir siçovul peyda olur, çox səliqəli yerişlə qaçıb özünü orkestr yamasına (çala) salır. Effekti təsəvvür eləyin!

***

Hökümə Qurbanovanın özünə və ətrafına ifrat tələbkarlığı Azdramada hamıya məlumdu. Həmişə ikinci, üçüncü plan rolların daimi ifaçısı Məhluqə Sadıqova bu böyük aktrisa haqqında bir televiziya verilişində danışanda məhz onun bu keyfiyyətini qabardıb deyir ki, Ələsgər Şərifov (Məhluqə xanımın əri) Ostrovskinin “Günahsız müqəssirlər” əsərini tamaşaya qoyurdu, Hökümə xanım da baş rolda – Kruçinina rolunda. İctimai baxışdan sonra premyeraya bircə gün qalmış aktrisa tələb eləyir ki, onun çətirinə dövrələmə muncuqlar tikilməlidir, əks halda səhnəyə çıxmayacaq! Heç kəs bu ağır işi boynuna götürmək istəmədi, Hökümə xanımı isə fikrindən döndərmək mümkün deyildi. Məhluqə xanım davam eləyib deyir ki, mən Ələsgər müəllimi pis vəziyyətdə qoya bilməzdim, odur ki, səhərəcən evdə oturub bir torba muncuğu çətirə tikdim.

Bu yerdə Məhluqə xanım dərindən köksünü ötürür: Elə o gündən də gözümə eynək taxmalı oldum. Allah ona qəni-qəni rəhmət eləsin!!!

# 3478 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #