Kulis Zelda Fitsceraldın “Ayzberq” hekayəsini Günel Əsgərzadənin tərcüməsində təqdim edir.
Korneliya pəncərədən baxıb köks ötürdü, özünü bədbəxt hiss etməyi azmış kimi valideynlərinə xəcalət vermiş, dostlarını məyus eləmişdi. Özündən balaca iki bacısı çoxdan ərə gedib həyatlarını qurmuşdular, o isə çürümüş alma, ya da unudulmuş, dərilməyə layiq görülməyən solğun qomfrena gülü kimi 30 yaşlarında evdə qalmışdı. Atası danlamırdı onu. Sadəcə nəzakətlə evdəkilərə eyham vururdu ki, Korneliyanı vaxtında rahat buraxsaydılar, bəlkə də özü üçün daha çox şey edərdi. Onun qardaşı isə, “Korni yaxşı qızdı, kifayət qədər yaxşı da görünüşü var. Amma cazibəsi yoxdu. Ayzberqə “girişmək” ondan daha asandı”, - deyirdi.
Buna baxmayaraq, evin pişiyi onu xeyli məsuliyyətli hesab edirdi, balaca foksteryer iti ona heyran idi, hələ köhnə Cənub bağçasında bütün gün onunla dilləşən mavi zığ-zığ quşunu demirəm. Onun anası deyirdi: “Korneliya gözəl deyil. O, kişiyə öz fikirlərini min ağac uzaqdan da olsa bildirmək istəyir, heç bir kişi qüruru bunu götürmür. Gözəl paltar geyinməyin və musiqi dahisi olmağın nə faydası var, əgər insanlıq ölübsə? Yox! Yox! Korneliya heç vaxt evlənməyəcək. Korneliya mənim yaralı yerimdir”.
Korneliya bəzən nazarılıqdan bezib etiraz edirdi. “Ana”, - deyirdi: “Evlilik həyatın yeganə məqsədidirmi? Qadının öz enerjisini sərf edəcəyi başqa şey yoxdurmu? Netti bacım məmurla evlənib, bir yanda uşağını böyüdür, bir yandan da gələn aya qədər necə keçinəcəyini fikirləşir. Məndən qoca görünür artıq. Blanş bacı isə işləməkdən əldən düşən ərinə kömək etməkdən dincəlməyə vaxt tapmır. Əgər sizin üçün maddi çətinlik yaradıramsa, işə qayıdaram”.
Beləliklə, o, gizlicə biznes kollecində kursa yazıldı və barmaqlarına yazı makinasında Şopen və Şaminad kimi çevik olmağı öyrətdi. Onun gözləri böyüyür və stenoqrafiyanın heroqliflərinə baxanda daha çox parlayırdı.
“Bu xanım Holton qəribədir” – kollecin meneceri dedi, - “Üz qarasıdı, amma işində deyəsən yaxşı olacaq” , - deyə gənc oğlan davam etdi.
Birdən telefon zəng çaldı. “Bir dəfə üçün dediniz? Gözləyin, soruşum”. Gənc oğlan onun stoluna ehmalca yaxınlaşaraq: “Xanım Holton, şagird kimi olduqca bacarıqlısınız. Vacib bir iş çıxıb. “Gimbel, Brown and Company” şirkətinə stenoqrafiyaçı lazımdır. Cəmi bircə dəfəlik. Gedərsiniz?” –dedi.
“Nə deyə bilərəm? Bu ki əladır! Qoy papağımı götürüm çıxım”.
“Əla” – menecer dedi, - “Nə istədiyini bilən qızlardan xoşum gəlir”.
Kaş anası bunu eşidəydi! Bəlkə bundan sonra Korneliya arzuladıqlarını və uğursuzluqlarını anlayacaqdı. Bəlkə bundan sonra Korneliya sosial bərabərliyə təkcə şalvar güeyinməklə can atmayacaqdı. Bəlkə bundan sonra başqa özünüifadə yollarını axtaracaqdı.
Hər halda, o, vaxt itirmədən “Gimbel, Brown and Company”ni tapdı və onun xidmətinə ehtiyacı olanın nüfuzlu multimilyoner Gimbel olduğunu görəndə məəttəl qaldı.
“Xanım Holton dediniz? Korneliya Holton, mənim köhnə dostum Den Holtonun qızımı? Xahiş edirəm, oturun. Elə gözlənilməz oldu ki! Nə vaxt başlamısınız işə?”
Korneliya özünü itirmədi. Ənənəvi ciddiyyəti ilə cavab verdi: “Bəli, mən Korneliya Holtonam. Həvəs üçün işləmirəm. Bu işdə qarşıma öküzlər də, ayılar da çıxsa, güləşməyə hazıram. Sizin üçün nə edə bilərəm, Cənab Gimbl?”.
Onun gözündə kiçik qığılcım və üzündə təbəssüm peyda oldu, ağ vərəqləri uzadıb diktə etməyə başladı. Şimala, Cənuba, Şərqə, Qərbə ismarışlar yollanırdı, Korneliyanın barmaqları da onlarla birgə uçurdu. Ağ, incə barmaqlar yazı makinasını piano kimi bəzəyirdi, nahar vaxtı çatanda onun üzü pörtmüşdü və balaca palıdı telləri nəm alnına yapışmışdı. Korneliya yazı makinasını ilk fəthindən sonra necə də gözəl olmuşdu!
Getməyə hazırlaşanda dili topuq vura-vura dedi: “Cənab Gimbl, valideynlərimə bu barədə bir söz deməsəniz, çox minnətdar olaram. Onların mənim işləməyimdən xəbəri yoxdu, olsa, yəqin ki dəhşətə gələrlər. Bir müddət əvvəl uğursuzluq yaşamışdım, indi yaxşıyam, yenidən uğurlu olacağıma inanıram”. O, gülümsəyib sağollaşdı. Qərarının qətiliyinə baxmayaraq ağır havalı bal otağının köhnə zərifliyi onun üstünə hopmuşdu.
“Vay səni!” – deyib köks ötürdü cənab Gimbl, “Vay səni” – təkrarladı. “Kim deyərdi ki, Holtonun qızı işə başlayacaq! Onun anası şəhərin ən gözəl qadını idi. Qızı isə ərə gedə bilməyib”. Gimbl illər əvvəl itirdiyi arvadı və onun qoyub getdiyi nəhəng boşluq haqda düşünməyə başladı. O, illərdir bu boşluğu pulla doldurmağa çalışırdı.
Bir neçə ay ötdü. Korneliyanın iş həyatındakı uğurunu və yenidən normal həyata qayıtdığını eşidəndə Holtonlar şok keçirdilər. Pişik dedi: “Mən demişdim sizə! Bilirdim ki, onda uğurun nişanəsi var!”. Balaca it hürdü: “Lənətə gəlsin! Bilirdim ki, quyruğumu havayı yerə bulamıram!”. Mavi zığ-zığ cikkildədi: “Ah, gəl yenə dilləşək. Mən yuva qura bilirəmsə, sən də qurarsan, ailən olar, bir az cəhd elə!”. Bunlar Korneliya Holton və Ceyms G. Gimblın kilsəyə gedib evləndiyini eşidəndə cəmiyyətin danışdıqlarının yanında heç nəydi.
Səhər qəzetini çevirəndə müharibə xəbəri kimi böyük yazılmış sərlövhəni görəndə xanım Holton əlində qəhvə stəkanı huşunu itirdi. Cənab Holton güldü və əlindəki su şüşəsi ən bahalı gecəliyinin üstünə dağıldı. “Mən həmişə deyirdim ki, Korneliya bir gün bizi təəccübləndirəcək”. “Qoca qızın qəlbi nəhayət isindi”, - qardaşı əlavə etdi.
Evin qapısı açıldı, pərişan olmuş bacılar qışqıra-qışqıra içəri girdilər: “Ana, ana, qarımış Korneliya hamımızdan yaxşı evləndi!”.