Tanınmış aparıcı və bəstəkar niyə evlənmədiklərindən danışdılar

Tanınmış aparıcı və bəstəkar niyə evlənmədiklərindən danışdılar
12 iyun 2013
# 07:45

Kulis.Az evlənməyən kişi və qadınlarla bağlı layihəni davam etdirir. Layihənin qonaqları 32 yaşlı tanınmış aparıcı Ramal Hüseynov və 33 yaşlı tanınmış bəstəkar Firudin Allahverdidir.

- Sevgi etirafları alırsan?

Ramal Hüseynov: Bəli, alıram. Dünyanın hər yerində efirdə olan insanlara qarşı simpatiya var. Televiziya işçisi milyonların qarşısında populyarlaşır. Xüsusən də bir az fərqli olan birinə qarşı maraq daha da artır. Hesab edirəm ki, bu normaldır. Sevinirəm ki, insanlar artıq komplekslərindən azad olub insanlara sevgilərini açıq şəkildə bildirirlər. İnsanların bir-birinə “səni sevirəm” deməsindən təbii heç nə ola bilməz. Biri sevər, biri də sevilər. Dostluq təklif edənlər, münasibət qurmaq istəyənlər çox olur. Ancaq heç vaxt əlimdəki müəyyən şanslardan, imkanlardan tərbiyəsiz şəkildə istifadə etməmişəm, başqalarının həyatına ziyan vurmamışam. Ona görə yox ki, mən hamıdan ağıllıyam, hamıdan tərbiyəliyəm. Xeyr, sadəcə məsuliyyətli insanam və məsuliyyətin fərqindəyəm.

Firudin Allahverdi: Deyə bilmərəm ki, sevgi təklifləri çox olur. Amma hərdən olur.

- Qadınlar səni savadına, yoxsa xarici görünüşünə görə bəyənir?

R. Hüseynov: Mənə elə gəlir ki, heç kim birinci olaraq qarşısındakı insanın savadını yoxlamır. Mənə tez-tez deyirlər ki, gözünün rəngi çox gözəldir, linzadı-filan, söhbətə bu cür başlayırlar. Düşünmürəm ki, onları mənim savadım maraqlandırır. Xarici görünüş birinci sıradadır. Əgər qarşılıqlı münasibət yaransa, ondan sonra ağıla, davranışa fikir verirlər.

F. Allahverdi: Cəlbedici xarici görünüşüm yoxdur. Əksinə itələyici görünüşüm var. Çox qadınlar bəlkə musiqimə, fikirlərimə aldanır. Amma sonradan reallıqla toqquşub görürlər ki, onların arzularına cavab verəcək biri deyiləm.

- Həyatınızda qadın çox olub?

R. Hüseynov: Həyatımda qadın çox olmayıb. Ümumiyyətlə, mən sevgi məsələsinə üç günlük iş kimi baxmamışam. Belə düşündüyüm üçün insanlarla bir neçə günlük vaxt keçirmək təbiətimə yaddır. İnsan var ki, bir gün biriylə olur, sonra ondan ayrılıb, başqa biriylə görüşür. Öz axtardığını başqalarıyla zaman keçirməkdə görür. Mən bu məsələdə daha çox gözləməklə məşğulam, bilmirəm gözləməklə nəyə nail olacağam, amma hər halda hər rastıma çıxanla həyatımı birləşdirə bilmərəm. Mən istəyirəm ki, üzdəki Ramalı qəbul etdikləri kimi içərimdəki Ramalı da qəbul etsinlər. Düşünə bilərlər ki, tanınmış adam olduğum üçün kaprizlərim var. Bu qətiyyən belə deyil. Hər insanın, zavod, fabrik işçisinin də kaprizi var. Sadəcə onlar görünmür. Adi bir insan yüksək kriteriyalara iddia edirsə, tanınmış aparıcı niyə bu cür olmasın? Bu çox normaldır. Sadəcə bunu bizim üstümüzə yapışdırıblar ki, guya kaprizliyik. Yox, bu kaprizlə bağlı bir şey deyil. Allah insanı belə yaradıb.

- Evlənəcəyin qadın necə olmalıdır?

R. Hüseynov: Heç nəyi problem etməyən biri olsun. Ömrünün sonuna kimi yaşayacağım insan elə biri olmalıdır ki, yaxşı, pis günlərdə yanımda olub, məni başa düşə bilsin.

F. Allahverdi: Məni başa düşsün, anlasın, çox şey istəməsin. Belə biriylə evlənmək istərdim. Üç-beş kitab oxumuş biri olsun. Çox böyük istəmirəm, amma bir balaca dünyagörüşü olsun. Əsas odur ki, çox şey istəməsin. Yəni, başımı xarab etməsin də (gülür).

- Azərbaycan qadını ilə bağlı ən böyük şikayətin nədir?

R. Hüseynov: Azərbaycan qadını dünyanın ən fədakar qadınıdır. Bizim qadınlar kişini birdəfəlik olaraq evinin rəisi kimi qəbul edir. Düzdür, qəbul etməyənlər də var. Bu, istisnadır. Ancaq bildiyiniz kimi istisnalar qaydanı pozmur. Yəni, bütün hər şey kişi üçündür. Bizim qadınların əksəriyyəti təhsil alsalar da, bəzən təhsilli olmaq yetmir. Bizim qadınlar qarşı tərəfin xoşuna gəlməyən hərəkətlərə yol verirlər. Hər şey onların istədiyi kimi ola bilməz. Götürüb kişinin telefonuna baxırlar ki, görüm buna kim mesaj yazıb. Bu bir qadının etdiyi ən böyük səhvdir. Kişinin gözündə özünü alçaldacaq bir hərəkətdir. Və ya əmin olmadığı məsələlərdə iddia irəli sürmək, yerli-yersiz qısqanclıqlar etmək, diqqəti üzərinə çəkmək üçün müxtəlif vasitələrə əl atmaq qadını gözdən salır. Bunları etməsələr çox yaxşı olar.

- Başqa xalqların qadınları ilə bizim qadınların fərqi nədir?

R. Hüseynov: Mən Avropanı misal çəkəcəyəm. Avropada qadınlar daha çox iqtisadi azadlıqlarını saxlamağa çalışırlar ki, kişidən asılı olmasınlar. Bizdə isə qadınlar iqtisadi azadlıqlarını qurban verməyə hazırdırlar. İşdən də çıxırlar, hər şey edirlər. İqtisadi azadlıqları saxlamaq baxımından fərqimiz var. Birdə haqlar məsələsində israr etmirik, amma onlar israr edirlər. Bizdə qadınlar evdə işi kişi və qadınlar üçün proqramlaşdırırlar. Əgər bu gün qadın və kişinin bərabər olduğundan danışırlarsa, o zaman niyə avtobusda kişilər qadınlara yer verməlidir? Yaxud da xanım jurnalist niyə axşam saat 10-a qədər işləməyib, icazə almalıdır? Zəhmət çəksin, işləsin. Kişi də onun kimi tez getmək istəyir. Niyə qadınlar özlərinə qarşı xüsusi hörmət gözləyirlər?

F. Allahverdi: Ümumiyyətlə, qadınlar hər yerdə aşağı-yuxarı eynidir. Yəni, çox da böyük fərqi yoxdur.

- Evlilik azadlığı məhdudlaşdırır?

R. Hüseynov: İstənilən vəziyyətdə məhdudlaşdırır. Çünki azad olanda heç kim səndən hesabat istəmir. Tək yaşayanda özünə sərhədlər çəkirsən, öz həyatını qurursan və bu həyat sənə çox rahat gəlir. Artıq evlənəndə başqa biri sənin ərazinə girir və sənin düzənini pozur. Azadlıqlar daralır. Sənin sevdiyin bir əşyanın yerini dəyişər ki, bəs bunu burda görmək istəmirəm. Halbuki sən özünü onun orda olmasını çox istəyirsən. İkinci tərəfdən elə yer var ki, sən orda iştirak etməlisən. Ancaq deyirsən ki, həyat yoldaşım çox qısqancdır, dava etməmək üçün gələ bilmirəm. Evə gedəcəyəm. Məncə bu qısqanclığı müəyyən yaşdan sonra bir tərəfə qoymaq lazımdır.

F. Allahverdi: Belə bir təcrübəm olmadığı üçün qəti bir söz deməkdə çətinlik çəkərəm. Ancaq düşünmürəm ki, evlilik azadlığı məhdudlaşdırır. Azadlıqla bağlı elə bir qorxum yoxdur. Gələcəkdə evlənəcəyim insanla bağlı azadlıq problemimin ola biləcəyini düşünmürəm.

- Qadınlardan tez yorulursan?

R. Hüseynov: Mən ümumiyyətlə, insanlardan tez yoruluram. Təkcə qadın məsələsi deyil.

F. Allahverdi: Durduğu yerdə adam kimdənsə niyə yorulmalıdır? Münasibətin sona çatmağı üçün yəqin nəsə baş verməlidir. Xüsusi bir münasibətim yoxdur ki, münasibət uzun və ya qısa olmalıdır. Məncə biri uzun, biri qısa olmalıdır. Bunla alınmır, başqasıyla sınmaq lazımdır.

- Evliliklə bağlı qorxuların var?

R. Hüseynov: Evlilik üçün sevgi əsas deyil, əsas dostluqdur. Sevdiyim insan daha çox dostum olmalıdır. Necə ki, dostum məni anlayışla qarşılayır, məni dinləyir, istərdim ki, həyat yoldaşım olacaq insan da belə bir xarakterə sahib olsun. Ondan nəyisə gizlətməkdənsə, daha çox paylaşmağı istərdim. Biz də əksər kişilər var ki, həyat yoldaşlarını çöldəki həyatlarına qarışdırmırlar. Mən səmimi, dostyana evliliyin tərəfdarıyam. Sevgi əbədi deyil, mən sevginin öldüyünə inanan adamam. Çox insan deyir sevgi əbədidir, sevmək lazımdır. Məncə sevgi bir müddətdən sonra bitir. Sevgi yerini dostluğa verir. Yox, dava-dalaş yaranacaqsa evlilik bitməlidir. İnsan onu üzən hər şeydən birdəfəlik xilas olmalıdır.

F. Allahverdi: Elə bir xüsusi qorxum yoxdur, hətta dəfələrlə evlənməyə cəhd etmişəm. Amma nə hikmətdirsə alınmayıb. Belə bir fikrim olmayıb ki, illah evlənməyəcəyəm. Bizim qızlarla yola gedə bilmək çətindir də (gülür). Bizim qızlar bir az merkantil olur. Hətta bizdə belə olur ki, qızla evlənəndə təxminən onun nəsli ilə evlənmiş sayılırsan. Gələcək qohumlarının oturuşmuş münasibətlər sistemi olur ki, tanımadığın insanlarla tanış olmaq məcburiyyətində qalırsan.

# 5888 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #