Yazarlarımız ilk ölümü necə görüblər? - SORĞU

Yazarlarımız ilk ölümü necə görüblər? - <span style="color:red;">SORĞU
23 avqust 2016
# 12:50

Hər ölüm vaxtsız ölümdür. Ölüm sarsıdıcıdır, ağırdır. Şahidi olduğumuz ölümləri unutmaq isə qeyri-mümkündür.

Yazarlarımızın həyatında gördükləri ilk ölüm necə olub?

Kulis.Az bu barədə münasibət öyrənib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli

- İlk ölüm anını “Adamlar və ağaclar” trilogiyasında yazmışam. “Mənim nəğməkar bibim” povestində bir yer var: adam “uşağa suyu aç gəlsin həyətə, nənən öldü” deyir. Orda necə yazmışamsa, elə də olub. Birinci ölüm informasiyasını bu şəkildə qəbul eləmişəm. Sizə deyim ki, uşaq şüuru ölümü heç vaxt ölüm kimi qəbul eləmir. Uşaq şüurunda ölüm yoxdur. Uşaq dünya içində dünyanı o qədər geniş görür ki, onun üçün ölüm təsəvvürü yoxdur. “Öldü” deyirlər, bu da eşidir. Ölüm məfhumu olmur uşaqda. Uşaq üçün ölüm yalnızca xəbərdir.

Nəriman Əbdürrəhmanlı

- Ümumiyyətlə, mən insan əzabına tab gətirə bilmirəm, az qala o əzabları çəkən adam qədər əzab keçirirəm. Heç dünyasını dəyişmiş insan gördüyümü də xatırlamıram. Hər hansı adam daha çox mənim içimdə, öz dünyamda ölür. Yəqin bundan sonra də insan yoxluğuna münasibətim dəyişməyəcək. Ancaq təsadüfən ölümlə rastlaşmışam, həmin adamın üzünə baxa bilməmişəm. Beşinci sinifdə oxuyurdum. Çox sevdiyim nənəm rəhmətə getmişdi. Üzümlüyümüzün içində uzanıb ağladım. Elə bil, dünya tamam dəyişmişdi. Evə bir də dəfndən sonra qayıtdım. Hiss elədim ki, bir gün ərzində xeyli böyümüşəm.

Məti Osmanoğlu

- İlk dəfə təxminən 4-5 yaşlarımda gördüyüm və yaddaşımda dərin, ağrılı iz salmış o ölüm zaman-zaman gözümün qabağında canlanır və hər dəfə ortadakı körpə ölünü - xalamın qızının cansız bədənini, onun baş tərəfində oturub için-için ağlayan ana nənəmin yaşlı sifətini yaddaşımdan qovmağa çalışıram. O körpə uşağı ağ üzlüklü bir yastığın üstündə evdən çıxartdılar və günü bu gün də fikirləşirəm ki, göylərə - içində bizim zamanın işləmədiyi sonsuz bir heçliyə apardılar...

Azad Qaradərəli

- Demək, 6-7 yaşım olardı. Kəndimizdə 35-40 yaşlarında çox igid adam vardı, Aşur adında. Yarı rusca, yarı azərbaycanca danışan, enlikürək, qabağından yeməyən birisiydi. Bir gün xəbər yayıldı ki, Aşuru vurğun vurub (O zaman kənddə belə deyirdilər. Ağlım kəsəndə başa düşdüm ki, bu iflic imiş). Deyəsən, bir balaca ev tikmişdi. Amma hələ yaşamağa yararlı deyildi, ona görə də bacısı Tamaş arvadgilə gətirdilər xəstəni. Həkimlər demişdi ki, aparın, əlac yoxdur. Öləcək. İki, yaxud üç gecə çəkdi ölümü. Nənəm gecələr gedib Tamaşgildə qalırdı saatlarla. Yalvarırdım ki, məni də aparsın. O da incəvara aparırdı. Xəstənin dili tutulmuşdu. Amma yerin içində nərildəyir, nələrsə deməyə çalışırdı. Sonuncu gecə yenə səsləndi, amma zəif idi artıq səsi. Nənəm dedi ki, axır nəfəsidi, uşaqlarını gətirin görsün. Arvadı, uşaqları gəldi, amma daha iş işdən keçmişdi. Nənəm xəstənin sinəsinə qoyulan güzgünü ağzına yaxınlaşdırdı və “keçindi” dedi. Onda gördüm arvadlar qışqırışdılar. Mənim gözüm isə xəstədəydi. O elə bil son anda bir silkələndi, hətta qalxmaq istədi. Nənəm əlini uzadıb onun gözlərini basdı və məni qapıda dayanan anama verib “apar bunu” dedi.

Könül Həsənqulu

- Gördüyüm ilk ölüm iki-üç dəqiqəlik görüntüdən ibarətdir: böyük otağın ortasında üstü ipək örtüklə örtülmüş nənəmin (atamın anası) cəsədi ətrafına yığışan qohum-qonşu qadınlar və məni otağın kənarı ilə evdən çıxaran adamların “Çıxaq çölə, dayın səni aparacaq babangilə, orda çoxlu uşaqlar var, onlarla oynayarsan" dedikləri... “Bəs nənəmə nə olub?” sualıma da bu cür cavab verdilər ki, heç nə olmayıb, nənən yaxşıdır. Onun necə vəfat etdiyini görməmişdim, xatırlamıram o səhnəni. Əlbət başımı qatıblar o ərəfədə. Səhv eləmirəmsə, ya hazırlıq sinfinə gedirdim, ya da birinci sinfə.

Rəbiqə Nazimqızı

- Yəqin ki, o vaxt çox şeyi başa düşmürdüm. Anam tez-tələsik bizi - qardaşlarımla məni geyindirib ağlaya-ağlaya evdən çıxdı, metroya mindik. Gördüm ki, anam yenə ağlayır, səssiz-küysüz, sakitcə ağlayırdı, biz - uşaqlar nəsə soruşmağa da qorxurduq. Elə bil hiss edirdim ki, soruşsaq, daha bərk ağlayacaq və onu kiridə bilməyəcəyik. Məndən üç yaş böyük xalam oğlu yanımda idi, qulağıma pıçıldadı ki, nənə keçinib. Ölüm haqqında təsəvvürlərim çox az idi, “keçinmək” sözünü də eşitməmişdim, amma təxmin elədim ki, bu nədirsə, qorxunc bir şeydir. Nəsə çox pis bir şey oldu və daim xəstə yatan, övladları bir yana, özünün kimliyini belə xatırlamayan (bu çox zaman bizdə - nəvələrində gülüş oyadırdı, onu danışdırıb, cürbəcür suallar verib, gülüşürdük) ağsaçlı arvadı bir də görməyəcəyəm... Qəribə bir boşluq hiss eləmişdim, həm də qorxu... Bu hisslər indi də hansı hüzr mərasiminə getsəm, yaxamı buraxmır...

Ömər Xəyyam

- 2001-ci ildə, atam gedəndə... Bu gördüyüm ilk ölüm idi, ilk canlı ölüm. Sağ əlinin üstündə qartal döyməsi vardı atamın. Həmin gün otaqdan çıxarmışdı bizi. Anamla pəncərənin altından baxırdıq. Canıyla əlləşirdi. Birdəncə qaldırdı əllərini, qaldırdı, ta asimana, Allahın yanına - əlini Allaha uzatmışdı. Birdəncə əlinin üstündəki qartal qanad çaldı, uçdu getdi. Elə həmin gün özü də uçdu, amma torpağa. Üzü qibləyə uzadanda anam hardansa bir para güzgü gətirdi, deyirdilər, sinəsinin üstünə qoyursan güzgü tərləsə, deməli, ölməyib... Sonra anam bir başına bir sinəsinə döydü əllərini: “Allah, gözün kor olaydı, gözün kor olaydı” deyirdi. Bunlar həmin ərəfədə baş verdi ki, mən Allahla danışırdım. Mənə velosipedi də, topu da O yollamışdı. İstəyirdim verirdi, hə, hər gecə yatanda əllərimi açıb dua eləyirdim, yalvarırdım, istədiklərimi də verirdi, gerçək olurdu arzularım. Mən hardan bilim, hardan bilim ki, atam gedəcək, elə əvvəldən deyərdim, desəydim, qoymazdı aparmağa. Elə olurdu, qaçıb girirdim yerimə yuxum gəlməmiş, sırf Allahla danışmağa, istəməyə... Atam gedən gün yata bilmədim, əlindən tutub dayandım yanında. Necə yatardım ki? Adam atasını qoyub Allahın yanına da gedə bilmir, amma gedib yatsaydım, Allaha əllərimi açıb: “Atamı aparmasınlar, qoyma getsin atam” desəydim... Hə, əlindən tutub dayanmışdım, birdəncə gördüm ki, əlinin üstündəki qartal döyməsi yoxdu...

Cavid Zeynallı

- Ölüm məni dənizdə yaxalamaq istəyirdi, əlindən sivişib çıxdım. Çoxdan olub, bəlkə də on il əvvəl. Hər yer ağappaq, şəffaf idi, ayağımı hara atdımsa, boşluğa düşdü, əlim heç yana yetmədi. İndi də xatırlayanda ətim ürpəşir, içimdə nə isə qırılır. Sonra kimsə ayaqlarımı “qucaqladı”, yuxarı qaldırdı. Ardı ilə də babat bir şillə. Ayılmağım üçün. Əmim idi. Ondan sonra dənizə həmişə “adamı öldürən su” kimi baxmışam.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #