“Cinayət axtarış şöbəsinin rəisi məndən halallıq istədi...”

“Cinayət axtarış şöbəsinin rəisi məndən halallıq istədi...”
19 fevral 2013
# 08:15

80-ci illər ədəbi nəslinin nümayəndəsi Zahid Sarıtorpağın Kulis.Aza müsahibəsi

- Sənin də mənsub olduğun 80-ci illər nəslini itmiş nəsil adlandırırlar. Səhv eləmirəmsə bu ifadəni ilk dəfə yazıçı Elçin işlədib. Necə bilirsən, bu doğrudurmu?

- Bilirsən, Murad, birincisi mənim üçün ədəbi nəsil anlayışı yoxdu, ədəbiyyat anlayışı var. Çünki yazar özü nə qədər zaman faktı olsa da, ədəbiyyatda zaman faktı yoxdu qənaətimcə, bu amil nəsil söhbətinin üstündən xətt çəkir. Amma bununla belə o illərdə ədəbiyyata gələnlərlə bağlı belə fikir səslənirsə ki, bu nəsil itmiş nəsildi, burada bir neçə məqam var: məncə 80-cilər özlərindən əvvəl gələnlərlə sonra gələnlər arasında bir cərəyan ötürücüsü kimidi. Deyirlər, bir əliylə cərəyan vurmuş adamın əlindən yapışıb onu xilas etmək istəyən adam o biri əliylə kimdənsə yapışırsa özü sağ qalır, yapışdıqları ölür. Biz altımış-yetmişincilərlə özümüzdən sonrakı nəslin arasında bir cərəyan ötürücüsü kimiyik... (Gülür). Hələ bilmək olmaz kim itkindi, kim sağdı, kim ölü...

- Amma yenə də qəbul edək ki, bu nəsli təmsil edənlərdən barmaq hesabı adları, məsələn, səni, Əlisəmid Kürü, Adil Mirseyidi, Nəriman Əbdülrəhmanlını, mərhum yazarlarımı Eyvaz Əlləzoğlunu, Şaiq Vəlini və bir neçə üzdə olan imzanı istisna etsək, demək olar, ortada boşluq görünəcək. Hələ sən də, yenicə dünyasını dəyişmiş dostumuz Şaiq Vəli də uzun illər ölkədə olmamısız, ədəbi mühitdən uzaq olmusuz.

- Nə olsun? Əvəzində sən, Həmid Herisçi, Rasim Qaraca... mühitdə olmusuz. Özü də yaxşı mənada az iş görməmisiz.

- Biz sonrakı nəsli təmsil edirik.

- Doğrudan elə fikirləşirsən?.. Elə fikirləşirsənsə, qoy olsun. Dediyim kimi nəsil söhbəti boş şeydi, ədəbiyyat nəsə dəyərli bir şey qazananda nəsil heç yada düşmür.

- Mənim dediyim, gerçək reallıqdı. Hə... Biz özümüzdən sonra gələnlərlə daha sıx təmasda olduq, daha çox iş gördük. Odur ki, 80-cilərdən xeyli uzaqlaşdıq, dostluq əlaqələrimiz öz yerində, amma yaradıcılıq əlaqələrimiz arasında körpülər demək olar ki, yoxdu.

- Zənnimcə, bizdə ədəbi nəsil deyilən məsələyə yanlış yanaşılır. Başqa ölkələrdə çox gözəl örnəklər var. Ədəbi mühit nəsillərə bölünmür, yaxınlıq qruplarına ayrılır. Məsələn, Türkiyədə yazarları bir araya zövq, daha doğrusu, ədəbi cərəyan yaxınlıqları gətirmirmi? Təsəvvüf şairləri, klassik şeir yaradıcıları, sürrealist, modernist, posmodernist və sair yazarlar əqidələrinə uyğun çeşidli dərgilər buraxır, saytlar yaradır və onların ətrafında birləşirlər. Bu qruplar mənsub olduqları ölkənin ədəbiyyatının ümumi mənzərəsini yaradır, daha bizdəki kimi biri özünü gözə soxub gündəmə gəlmək üçün başqa cür düşünən, başqa cür yazan yazarları aşağılamır. Sözsüz ki, sonda zamanın xəlbirindən barmaq hesabı imzalar keçir, bundansa ədəbiyyat udur. İyirminci əsrin əvvəllərində Rusiyadakı dekadent cərəyanını xatırla – imajistləri, simvolistləri, futuristləri...

- Söhbətimizin əvvəlinə qayıdaq: bir neçə məqam var deyirdin...

- Bu məqamlardan biri də odur ki, bizim yaradıcılığımız ictimai-siyasi formasiyaların kəllə-kəlləyə gəldiyi, inqilabi dəyişikliklər yaşanan bir dövrə təsadüf etdi. Qənaətimcə, ömrü-günü, yaradıcılığının qaynar çağı belə bir dövrə düşən, gündə bir sarsıdıcı informasiya yağışı altında qalan yazarlar çox bədbəxt bir yaradıcılıq taleyi yaşayırlar. Bir misal çəkim, yadına gəlirsə, qanlı 20 yanvar hadisələrində fotolarda, videogörüntülərdə sahibsiz kəsik bir qol nümayiş etdirirdilər və mən o çılğın vaxtlarımda hər dəfə elə bilirdim ki, o qol mənimdi... o, mənim qələm tutan əlimdi... Bəlkə də bu üzdən neçə il əlimə qələm almadım. Elə bilirdim, qələm tutan əlim o qanlı tarixin amansız tankları altında qalıb xıncım-xıncım olub... Hətta bir ara düşünürdüm ki, hər şey bitdi, day mən heç vaxt yaza bilməyəcəm... Sözsüz ki, bu, psixikamdakı ağır sarsıntının işiydi. Daha bir faktorsa, bu formasiyaların birindən digərinə adaptasiya olmaq zorunda qalmış yazarların düşdükləri durumuydu. Bundan da dəhşətlisi, sən də razılaşarsan ki, ən çox bizim ömrümüzü vurmuş yaşanan müharibə faktorudu. Ola bilsin ki, qəddar zamanın bu psixoloji basqısı bizim nəsli aciz durumuna saldı və o, nəinki ədəbi gündəmdən, hətta özü-özündən də itkin düşdü. Mən belə düşünürəm. Güman ki, başqa səbəblər də var...

- Səninlə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşuq. Yadıma gəlir, diplomunu almağa gəlmişdin. Möhkəm vurub bir də ayıldıq ki, Sankt-Peterburqda, dostumuz Mahir Bayramın yanındayıq. Bizi oraya başımızın dumanından çox Sözə olan sevgimiz, Sözü dartışmağımız üçün uzun bir yol, uzaqlara getmək romantikası aparmışdı. O üç-dörd günü necə gözəl keçirməyimizi də xatırlayıram. Belə-belə şeylər olurdu... Sən sonralar ölkənin burulğanlı vaxtlarında yenidən Moskvaya qayıtdın, amma bu dəfə çörək dalıyca...

- Düzdü... Hə, getmişdik Peterburqa. Hələ yadındadısa, qayıdanbaş vağzalda işləyən bir erməni qadın bilet alanda başımıza oyun açdı, savaşdıq. Ölkədən getməyimi xatırlatdın. Başqa əlacım yoxuydu. Burda iş yox, güc yox, neyləyəsiydim ki?.. Ailəni, uşaqları saxlamaq lazım idi. Hansı zülmlərlə üzləşdiyimi danışmağa ehtiyac yoxdu məncə, çünki bunlar çoxumuzun başına gələn şeylərdi. Amma onu da deyim ki, ədəbi "mən"imlə yaşam "mən"imin arasında çox qalın və çox ağır bir "zireh" gəzdirməyə orada vərdiş elədim – qürbətdə. Yəni adına "zireh" dediyim və min bir əzabla qurduğum o psixoloji baryerin hesabına gündüzlər işimin-gücümün adının nə olmasından asılı olmayaraq, gecələr asanlıqla o qılafın içindən çıxaraq qələm kağıza yaxın dura bilirdim. Beləliklə, harada yaşamağımdan, nə iş görməyimdən asılı olmayaraq həmişə özümü ədəbiyyatın içində hiss etmişəm. Qayıdandan sonra öyrəndim ki, mən buralarda olmayan dönəmlərdə, sağ olsunlar, dostlar məni məndən xəbərsiz dəfələrlə çap ediblər. Yəni belə götürəndə özümü itkin filan hesab etmirəm, sən demiş.

– Altı-yeddi il olar gəlmisən, oralar səni çəkirmi yenə?

– Bizim genimizdə bir köçərilik kodu var. Haradı, bilmirsən, amma uzaqlar, məchullar həmişə bizi çəkməlidi və çəkir də. Hələ gənclikdə bir şeirimdə demişdim: "Nə bilirik sonunda nə durur bu çöllü-biyabanın..." Hərdən qürbətlər üçün də darıxır adam. Buralarda darıxmağıma vətəndaş cəmiyyətimizdəki zəiflik, toplumda gördüyüm vecsizliklər səbəb olur. Bir misal çəkəcəm. Lap tarixinəcən deyə bilərəm, 2006-cı ilin fevralında Moskvanın Siren bulvarıyla 5-ci Park küçəsinin kəsişməsində "Daevo" markalı bir avtomobil işıqforu qırmızıda sürətlə keçərək mənim "Jiquli" markalı maşınımı yolun ortasında çox pis vurdu, maşınların hər ikisi sıradan çıxdı, xüsusilə də mənim maşınım. Özümə heç nə olmasa da maşından ələ gələsi heç nə qalmadı. Bir də gördüm bir neçə nəfər maşınıma yaxınlaşdı və öz pasportlarını çıxararaq nömrələrini qeyd etməyi mənə tövsiyə etdilər. Soruşanda ki, bəs "niyə?" dedilər ki, taqsırın o biri avtomobildə olduğunu gördük, iş bərkə düşsə, şahidlik etməyə hazırıq.

– Maraqlıdı... Görəsən bizdə eləyərdilər? Zahid, mən inanıram ki, həm də o adamların heç biri nə namaz qılan olub, nə oruc tutan. Amma buna baxmayaraq, vicdan yiyələri olublar...

– Gəl qarışdırmayaq, dinin, ibadətin bu məsələyə nə dəxli, məsələ burda vətəndaş həmrəyliyindən gedir, sözümün canına qulaq as. Hə, elə bu vaxt o biri avtomobilin sahibi yaxınlaşdı, gözünə gün düşdüyündən işıqforu seçə bilmədiyini deyərək dönə-dönə üzr istədi. Nə isə, abırlı bir adama oxşayırdı. Vizit kartını verdi, bu günlərdə mütləq zəng etməyimi xahiş etdi. Sonradan məlum oldu ki, o, hansısa bir milis şöbəsində cinayət axtarış şöbəsinin rəisidi, özü də podpolkovnikdi. Orada qəza zamanı prosedur çox asandı, zəng edirsən, sığorta şirkəti gəlib fotolar çəkir, yol avtomobil müfəttişi heç kimi dindirmədən hadisənin sxemini cızır və çıxıb gedirlər. Sənə dəymiş ziyanı ən geci iki həftəyə bütünlüklə alırsan. Mən o adama zəng eləmədim, bununla belə o məni tapdı və bir daha üzr istəyib sığortadan aldığımdan əlavə üstəlik mənə pul da verdi. Soruşanda ki, niyə belə edir, dedi: "qoy halallıq olsun". İndi özün tutuşdur, bu hadisə bizdə baş versəydi necə olardı?.. Hə?.. Bütün bu dediklərim tam əksinə olmayacaqdımı? Görənlər gözünü yumub keçəcəkdi, vurana, taqsırkara vəzifəsinə görə "gözün üstə qaşın var" deyən olmayacaqdı, heç bir sığorta şirkəti sənə qəpik də verməyəcəkdi, səni taqsırlı bilib nahaq yerə dərini boğazından çıxaracaqdılar... Yəni onu qəsd edirəm ki, qürbət belə-belə üstünlüklərinə görə çəkir adamı, amma neyləyəsən, belə şeyləri burda görmək istəyir adam. Bir də ki yaş keçir, ay Murad, daha qürbət mənlik deyil...

- Yəni deyirsən əllidən o yana heç nə, eləmi?

– Əlli yaş – avtomobildəki sürət qutusunun beşinci həddinə oxşayır, ondan o yanası yoxdu ki... (Gülür) Yəni ömür-günün də sürəti getdikcə artır, yol qısalır, geridə dönülməzliklər qalır, özün fikirləş. Amma yazarın ən məhsuldar dövrü də əllidən sonra başlayır, çünki bu dediklərimi dərk eləyir artıq.

– Yaxşı, bəs gələndən sonra nə etmisən? Yazı-pozunun vəziyyəti necədi?

– Gələndən sonra, bir müddət tələbə yoldaşımız, dostumuz Umud Rəhimoğlunun yanında işlədim. Kirildən latına layihəsində onlarla kitabın texniki, bədii redaktorluğunu etdim, tərtibatçısı oldum. Sonra "Şərq-Qərb" nəşriyyatında işlədim, oradasa, onlarla kitabın, ensiklopediyanın ərsəyə gəlməsində çabalar göstərdim. Rus yazarları Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun seçilmiş əsərlərini dilimizə çevirdim və kütləvi tirajla nəşr olundu. Bundan başqa, 150 cildlik dünya ədəbiyyatı seriyasından ingilis klassik şairi Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyalarını ana dilimizə tərcümə etdim. İndisə "Qanun" nəşriyyatının sifarişiylə Aleksandr Soljenitsının "QULAQ arxipelağı" üçcildliyini çevirməklə məşğulam, demək olar ki, bu ağır əsərin iki cildini artıq qurtarmışam. İki şeirlər kitabı nəşr etdirmişəm: "Üfürülmüş çırağın ruhu" və bu günlərdə təqdim etdiyim "Tək işığın haləsi". Bir romanımı bitirmişəm, biri də əlimdə yarımçıqdı. Yəni boş oturmamışam...

– Belə götürəndə, düzü, az iş görməmisən. Zahid, qayıdandan sonra mühitdə nələri, hansı yenilikləri gördün? Yeni imzalar səni cəlb elədimi?

– Yeniliklər çox olub. Elə sizin AYO-nuz, dəyərli dostum Xanəmir Telmanoğlunun "Çölçülər"i, "Alatoran", "Doqquziklim" kimi dərgilər mənim üçün sürpriz kimiydi. İndi də ki, saysız hesabsız saytlar... Yadıma gəlir, yenicə gəlmişdim, dostumuz rəhmətlik Elçin Səlcuq çayxanaların birində məni Aqşin Yeniseylə tanış elədi və son dərəcə maraqlı bir şair olduğunu dedi. Doğrudan da mən onun yaradıcılığını izlədim və gördüm ki, dəyər. Bizim ədəbiyyatda həmişə maraqlı imzalar olub, var və inanıram ki, olacaq da. İndi çox dəyərli imzalar var. Məsələn, Qismət oturuşmaqda olan çox tutarlı bir şairdi. Kəramət Böyükçöl də həmçinin, çox gözəl yazardı. Elmar Şahmar, Emin Piri, Ramil Əhməd, Ayxan Ayvaz, Şahlar Ruhi... və bir sıra bu kimi yeni imzalar məni sevindirir (sözsüz ki, burda yadımdan çıxan imzalar da var, ona görə inciyənlərdən üzr diləyirəm). Qürbətdən qayıtdıqdan sonra Mətanət Vahid, Türkan Zamanova, Ayişə Nəbi, Cavidan, Esmira Məhiqızı, Ülviyyə Tahir kimi qadın yazarlarımızın imzalarını tanıyıb sevmişəm. Bizim millət nəyi də bacarmasa şeir yazmağı, sözə tapınmağı bacarır. Bizim insanlar Sözə elə-belə gəlmirlər eey... dara düşəndə Tanrıya tapındıqları kimi tapınırlar Sözə.

– Söz demişkən, bəlkə nəsə verəsən portalımızda çap edək...

– Nə deyirəm ki.

tıxac - 1

burda topqarabirçək kəndli balaları

gözlərini açana qədər

dənizin adaxlısı şəhər

bic-bic öyrədər onlara

yosunlarında balıqlara yem olmağın sirrini

amma doğma kəndlərində həmişə

qarışqa menyusunda olmalarını bilsələr də

fərqinə varmazlar

çünki deyərlər

o var

olmuş

və həmişə olacaq

hələ ilanları da misal çəkərlər

gözlərin dadını hamıdan yaxşı bilən ilanları

bu zaman dişləri tökülmüş bir məntiqin heç də

üz qırışlarındakı üfunət qoxusundan

bulanmaz ürəkləri

bayılmazlar

barların bic uşaqlara oxşayan işıqları

dumanlı xanımların

çılın-çılpaq sinələrində göz vururkən sırtıqcasına

qaranlıqlara soxar halal südün əhdini

tər sevdanın nişanələrini

kəndin ismarıclarına cavab kimi

gecəyə ilişmiş yosun qoxulu bir qağayı lələyini

pay aparmaq da gəlməz əllərindən bənövşələrə

çünki torpaqla qağayı lələyinin

alış-verişi tutmaz bərzəxdə bilərlər

balıqların ruzusuna

göz dikməz qarışqalar bilərlər oralarda

mesajlarında yazarlar:

dənizin adaxlısı şəhərin dərsinə kim geciksə

qəm damağına qum boğazına dirənər

yosunlarında

batmaqda olan gəmilərin dor ağaclarına qonan

qağayıların çığırtısını

sahilə çatdıranacan yolda ölmüş küləklərə görə

başsağlığı verən olmaz dənizin adaxlısı şəhərə

başqa küləklər dolar topqarabirçəklərin

qara kəkilli yığvallarına təzə eşqlə

hər gün gündəmdə bağırçatdadan şəhər olar

söhbət yosunlardan balıqlardan gedər dəniz ləhcəsində

qarışqa menyusunda əbədi olmalarına sevinərlər gizlicə

əllərində qağayı lələyi olsa da

unudulmuş kimi görünərlər

tıxaclarında qədərin onlar

tıxac - 2

gəmilərin fitinə içindən burulmayan

cındırından cin ürkən

bir vecsiz liman sərsərisi deyil bu şəhər

olsaydı çox güman

bir divanəlik yapıb onunla

çoxdan pozmuşdum yəqin

Gül qoxulu tövbələrimi

o zaman heç kimdən heç bir diləyim olmazdı

heç nə gözləməzdim əsla

özünü ala buluda çırpan şeirlərimdən də

heç dostları doğmaları itirmək də

bir çocuğun qırılmış və küləklər aparmış

çərpələngi qədər acılar doğurmazdı içimdə

şükür bu sayıqlamalar

dualara sarmaşıq bir ruhun

ayağının tozunu da öpməyə yaramır heç

bu şəhər bir vecsiz liman sərsərisi deyil

boynu qalstuklu bir məmur da deyil

öz görkəmiylə

boylu buxunlu binalarıyla yüyürüb gəlib sahilə

elə bil indicə gəzməyə çıxacaq bir gəmiylə

hələ acıq da verir adama

qərbin podiumuna çıxarılmış

şərqin bu naşı bu çadralıı top modeli

amma bir türkü istəsən

məsələn bir “xan çobanı”

oxuya bilməz topuq vurar dili

qurudar bizi anbaan

bu pir olmuş iç qatili

bu göyü günəşli gözəl

bu dibi neft qoxulu zindan biçarə

ustad

saçları yastığına dağılmış bir yuxunun

bağlı qapısı önündə

səhərəcən gözlərinə sağıldı qan qırmızı çilələr

amma o bilmədi işığın doğum anında

Can Pətəyindən daman nədi yalqızlığa eşqə

yaşamın dişləri arasında qum dənəsinə dönərək

xırçıldadıqca ürpənirdi vücudu

silahını yerə qoyub çıxardı üzündən niqabını

bunu ona görə etmədi ki qoy artıq tanısınlar

sözdən günəş yonarkən

yanaraq ölməkdə olan bir heykəltəraşı

yox

saçları yastığına dağılmış son yuxunun

açılmaqda olan qapısı önündə

son kərə nəfəsini dərmək istəyirdi ustad

# 5551 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #