"Bu da bu” proqramı bəy-gəlin söhbətinə görə bağlandı - MÜSAHİBƏ

"Bu da bu” proqramı bəy-gəlin söhbətinə görə bağlandı - MÜSAHİBƏ
14 yanvar 2016
# 15:49

Qara yumor nədir? Tərifini aydın şəkildə belə vermək olar: qara yumor ölümü, cinayəti, zorakılığı, xəstəliyi, fiziki qüsurları, dini, seksual motivləri və ümumiyyətlə ciddi, həssaslıq tələb edən mövzuları hədəf seçir, gülüş obyektinə çevirir. Bu janrın elementləri sinizm, absurd, komik effekt, yumora rəğmən ciddiliyin saxlanılması, tamaşaçıya gülüşü və diskomfortu eyni anda yaşatması, satira və s-dir. Bəzən bilərkdən banallığa da yol verilir. Amma bu, düşünülmüş, əsaslandırılmış olur və dramaturgiyaya xidmət edir.

Qara yumor, qara komediya janrında (qara yumoru altjanr kimi də qeyd edirlər) ciddi, əhəmiyyətli əsərlər yaranıb. Məsələn, fransız yazıçısı və şairi Andre Breton Conatan Sviftin “Ciddi təklif” əsərini qara yumorun ilk nümunələrindən sayır. Yaxud amerikalı Robert Oltmenin qara komediya janrında çəkdiyi “Hərbi-səhra hospitalı” dünya kinosunun şedevrlərindən sayılır. Koreya müharibəsi zamanı hərbi hospitalın həyatını anladan filmdə iki həkim nizamnamə və ordu qaydalarına əməl etmir, əmrə tabe olmur, narkotikdən istifadə edir, patriotizmi lağa qoyur, hətta onların yaralılara münasibəti də sinikdir.

Milli Televiziya və Radio Şurası yaxınlarda yaydığı açıqlamada bildirib ki, "qara yumor" vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan "Bu da bu", "Komedi.az" kimi verilişlər dayandırılıb.

“Bu da bu”da qara yumorun az da olsa elementlərinə rast gəlmək olar, “Komedi.az” isə ümumiyyətlə, baxılası deyil.

Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşovla söhbətimiz bu haqdadır.

- “Bu da bu” və “Komedi.az” verilişləri məhz qara yumor janrı olduğuna görə qadağan edilib, yoxsa qara yumordan keyfiyyətsiz istifadə olunduğuna görə?

- Hər halda o verilişlərdə Azərbaycan tamaşaçısını qıcıqlandıran, şit, biədəb hallara rast gəlinirdi və bu, qanunvericiliklə qadağan olunmuş saatlarda yayımlanırdı. Burada söhbət uşaqların və yetkinlik yaşına çatmayanların əqli-mənəvi inkişafına ziyan vurulması ehtimalından gedirdi. Əslində, qara yumordan istifadə olunduğu dediyimiz o verilişlər tamamilə qadağan edilməyib. Saat 23.00-07.00 arası belə verilişlər yayımlana bilərdi. Necə ki, qanunda bu əksini tapıb. Məsələn, bir müqayisə aparaq. Sizin qara yumor janrı ilə bağlı dediyiniz yuxarıdakı fikri erotikaya aid edək. Belə ki, erotika janrında da əla filmlər var. Bu o demək deyil ki, belə filmlərin yayımı sərbəstdir. Müəyyən məhdudiyyətlər var. Amma bu, o demək deyil ki, belə filmlər yayımlana bilməz. Azərbaycan telekanallarında da yayımlana bilər. Amma qanuna müvafiq olaraq, saat 23.00-07.00 arası. Buradan göründüyü kimi, qara yumor yox, ondan düzgün istifadə edilməməsi problem yaradırdı.

- Konkret “Bu da bu” verilişində təqdim edilən, məsələn, yas məclisi səhnəsi, düşünürəm ki, günümüzə adekvatdır və mollalara ironiyadır, həyat həqiqətini əks etdirir. Ola bilsin, bədii baxımdan zəif olsun, amma burda mənəviyyata zidd olan nəsə varmı?

- Yox, biz o səhnələrlə bağlı qətiyyən kanala irad bildirməmişik. Bizim iradımız toy səhnəciyi ilə bağlı idi. Həmin səhnəcikdə tamadanın, guya üstüörtülü, amma hər kəsə aydın olan şit, bayağı monoloqu var idi ki, burada ciddi nöqsanlar olurdu. Əgər istəsəniz bir misal çəkə bilərəm. Siz deyən molla səhnəsində qara yumor: 25 avqust 2015-ci il tarixdə, saat 11.25-12.45 arası yayımlanan “Bu da bu” yumoristik səhnəcikdə qeyri-etik məzmunlu sətiraltı ifadəyə yer verilmişdir (Saat 12.30-da). Belə ki, səhnəcikdə yas mərasimini idarə edən mollanın məclis iştirakçılarına aşağıdakı sözləri yer almışdır: “Maşın almaq qız almaq kimi bir şeydir. Gərək birinci yoxlayasan, orasını-burasını. Görəsən ki, neçə nəfərin əlində olub, kim sürüb, necə sürüb, vuruğu var, yoxsa yox, motor yağ yeyir, mostu qaçıb, yoxsa yox. Yoxsa ki, alırsan gətirirsən, iki gündən sonra görürsən ki, motor səs eləyir. Sən demə probeqini dala çəkiblər”.

- Mən o hissəsinə baxmamışam, amma bu qara yumor yox, sadəcə şit, bayağı yumordur.

- Hər halda bayağı yumordu və bu, biədəblik sayılır azərbaycanlılarda.

- Demək istəyirəm ki, qara yumorun öz şərtləri var.

- İndi siz incəsənət adamı olaraq dərinə gedə bilərsiz. Amma bu səhnəciklər yolverilməzdir. 24 fevral 2013-cü il tarixdə saat 13.00 və 14.00 intervalında efirə gedən «Bu da bu» yumoristik proqramında personajlardan birinin dilindən sətiraltı mənalı qeyri-etik söhbətlərə yer verilmişdir. Belə ki, toy səhnəciyində tamada bəy və gəlin barəsində aşağıdakı ifadələri işlətmişdir: «Bilirsiniz ki, bizim bəyimiz arıçıdı… Gəlinimiz nə gözəldir. Adam gəlinə baxanda mum kimi ərimək istəyir. Gəlinimiz baldı, bal. Bilirsiniz ki, bal pətəkdə daha dadlı olur. Arı da həmişə balını gətirib pətəkdə doldurur. Pətək ən dadlı hissədir (!). Bu gün sancan arının şişi düz doqquz aydan sonra yatacaq (!)».

- Sözün düzü MTRŞ-in açıqlamasında daha çox “qara yumor” sözü diqqətimi çəkdiyi üçün bu haqda sizinlə müsahibə eləmək istədim. Məsələ ondadır ki, ədəbiyyatımızda, kinoda və ya tv-də bu janr geniş yayılmayıb. Həm də çətin janrdır. Mənə maraqlıdır ki, məsələn, bu cür terminləri, mütəxəssislər müəyyən edir ki, filan verilişdə qara yumor var? Açıqlamalarda bir az anlaşılmazlıq yaranır...

- Qara yumor məsələsində sizinlə sənət mübahisəsi etmək niyyətində deyiləm. Çünki sahəm deyil. Amma həmin verilişlərdə baş verən hallar qanunvericiliyin konkret tələblərinə zidd idi. Digər tərəfdən onu da deyim ki, həmin verilişlər MTRŞ-nin qərarı ilə deyil, kanalların öz qərarları ilə dayandırılıb.

- Siz bayaq qeyd elədiniz ki, söhbət həmin proqramların uşaqların və yetkinlik yaşına çatmayanların əqli-mənəvi inkişafına ziyan vurulması ehtimalından gedirdi. Maraqlıdır, MTRŞ-in hansısa sosioloji sorğu mərkəzləri ilə işbirliyi varmı ki, müəyyənləşdirsin: bu proqramlar doğrudan da uşaqların, yeniyetmələrin mənəvi inkişafına pis təsir edir?

- Sorğu mərkəzləri müəyyənləşdirmir o məsələləri. MTRŞ tərəfindən qəbul edilmiş xüsusi qaydalar var - uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar. Məhz həmin verilişlərdə yer alan bəzi məqamlar sözügedən qaydalara zidd idi. Amma yenə də deyirəm ki, həmin verilişlərin bağlanması ilə bağlı və yaxud heç bir formada bu verilişlərə görə kanala inzibati tədbir görülməyib. Ümumi irad və tövsiyələr verilib. Kanal isə verilişi özü bağlayıb. Bu, yayımçının öz qərarı olub. Bundan başqa, loru dildə desək, əksər azərbaycanlılar hansı ki, abırı-həyası olan, uşağının yanında ar saxlayan, uşağının həmin səhnəciklərin ruhunda tərbiyə almamasını düşünən hər bir kəs belə verilişləri məqbul saya bilməzdi. Biz də bir ictimaiyyətin mənafelərini qoruyan qurum kimi belə hallarla mübarizə aparırıq.

# 3191 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #