“O həkim dişi ilə əsirlərin yaralarını təmizləyirdi” - MÜSAHİBƏ

“O həkim dişi ilə əsirlərin yaralarını təmizləyirdi” - MÜSAHİBƏ
19 fevral 2015
# 15:39

Kulis.az Lent.az saytında yayımlanan “Əsir düşərgəsi” layihəsinin müəllifi, jurnalist Vüsalə Məmmədova ilə onun layihədə gedən yazılarının toplandığı “Cəhənnəmdə böyük çığırtı” kitabı haqda söhbəti təqdim edir.

- Layihəni izləməyənlər üçün qısa məlumat verməyini xahiş edirəm.

- “Cəhənnəmdə böyük çığırtı” kitabdakı 8 hekayədən birinin adıdır. 13 nəfərin, məni də saysaq 14 nəfərin müharibə dramıdır.

- Bəs layihəni izləyənlər kitabda yeni nələr görəcək?

- Lent.az-da yayımlanan hekayətlərdə bəzi ixtisarlar vardı. Buna da səbəb tarix müəllimlərinin mənə “Əsir düşərgəsi” hekayələrini çap edib sinifdə oxuyuruq” mesajları yazmaları ilə bağlı idi. Kitabda isə hekayətlər tam təqdim olunur.

- Kitabı hansı auditoriya üçün nəzərdə tutmusunuz? Daha doğrusu, onu kimlərin oxumasını istəyirsən?

- Layihəyə başlayanda hədəf auditoriyamız müharibəni görməyən - atəşkəs dövründə doğulan nəsil idi. İstəyirdim ki, gənclərimiz hərbi xidmətə getməmiş bu hekayələri oxusunlar. Amma daha geniş oxucu auditoriyası qazandıq. Açığı gözləmirdim. Çünki bütün saytların top 10-da ya müğənni, ya şoumen və ya kriminal xəbər görərdin. Əsir mövzusunun maraqla qarşılanacağını düşünmürdüm. Lent.az-ın baş direktoru Qabil Abbasoğlu isə israrla dedi ki, sən yaz, biz yayımlayaq. İndi də olmasa nə vaxtsa oxunacaq. Layihəyə başlamazdan əvvəl PR analizi apardım; hansı formada təqdim etməli ki, hədəfləndiyim auditoriyanın marağını cəlb edək? Bu araşdırma xeyli vaxt apardı. Haradasa 50 gündən artıq.

- Oxşar layihə var idimi?

- Heç rastlamadım. Qarabağ mövzusu mətbuatda əsasən siyasilərin bəyanatında keçirdi, bir də “atəşkəs pozulub”, “həmsədrlər gələcək”, “həmsədrlər gedəcək”, “monitorinq keçiriləcək” və s. Elə bil ki, müharibə yüz il əvvəl olub və artıq aramızda onun qurbanları qalmayıb... Ədəbiyyatda var idi, amma mətbuatda rastlaşmadım.

- Onda “Əsir düşərgəsi” layihəsi və “Cəhənnəmdə böyük çığırtı” kitabı mətbuatda ilk böyük sənədli layihədir demək olarmı?

- Bunu deyə bilmərəm. Bu bir az təmtəraqlı səslənir və mənim elə böyük iddialarım yoxdur. Bunu düşünməkdənsə, ona təəssüf edirəm ki, mən çox gec başlamışam. Bu 11 ay ərzində bəzən elə bir hekayənin izinə düşürdüm ki, günlərcə o adamı axtarırdım. Ünvanına çatanda artıq rəhmətə gedib deyirdilər. Onda çox peşman olurdum ki, mən bu işə elə əsir hekayətlərini dinləmək arzum yarananda başlamamışam. Mənim bu arzum axı 12 il əvvəl yaranmışdı.

- Nədən?

- 2002-ci il, Ağdamın işğal günü idi. Erməni kanallarını axtarırdım ki, bəlkə Ağdamla bağlı nəsə göstərərlər. Bir ağac, ya daş... Nə axtardığımı dəqiq sözə çevirə bilmirəm. Müharibə uşaqları nə axtardığımı çox yaxşı başa düşərlər... Orda ermənilər Ağdamın işğal edərkən əsir götürdükləri bir hərbçi ilə necə davrandıqlarını göstərirdilər... Onun baxışlarından xeyli özümə gələ bilməmişdim... O vaxtdan əsirlikdən qayıdan insanları canlı-canlı görmək, dinləmək istədim.

- Bizim nəsil hamısı bir şəkildə müharibə ağrıları duyub, amma sənin doğulduğun, yaşadığın işğal olunub (Ağdam – red.), o faciələrin canlı şahidisən. Layihəni işləyəndə mənə deyirdin ki, insanlar danışmaq istəmirlər, çətinliklər yaranır...

- Mən özüm də bu haqda danışa bilmirəm. Neçə ildir məni tanıyırsan, bir dəfə kədərli nəsə danışmamışam. Yaza bilirəm, çünki onda tək oluram. Amma o yazdığımı danışmalı olsam... Məsələn, kitabın təqdimatı üçün videorolik çəkmişik. Mənim üçün bu kitabın ən ağır mərhələsi bu idi. Bilirəm ki, o rolikə baxanlar məni qeyri-peşəkarlıqda, sünilikdə və s. ittiham edəcəklər. Yazdıqlarını danışa bilmək çox çətindir. İlk dəfə idi ki, mənə yad bir adamın – operatorun yanında “ata” sözünü deyirdim. Bunlar müharibənin travmalarıdır. Mən müharibədən ən kiçik zərbə ilə qurtulan adam ola-ola, bu haqda danışmaq istəmirəmsə, əsir düşmüş bir insanın paylaşmaq istəməmə səbəbini çox gözəl anlayıram.... Bu, kədərdən də böyük bir şeydir.

- Danışmaqdan imtina edənlər çox oldu?

- Çox oldu. Bir həkimin qapısına qədər getdim, razı olmadı. Anam həkimdir. Müharibə başlayanda üç bacı tək qorxumuz o idi ki, onu cəbhəyə aparıb, bizi uşaq evinə verəcəklər... Ona görə də müharibədə həkim mövzusu mənə xüsusən maraqlı idi, amma razı sala bilmədim... O, əsirlikdə ayaqları donan əsirlərin yaralarını dişi ilə soyub təmizləyib, özünün də barmaqları donubmuş... Amma heç nə danışmadı, xatırlamaq belə istəmirdi...

- İmtinanın həm də bu səbəbi ola bilərdimi ki, keçmiş əsirlər onların dərdinin kiməsə lazım olmadığını düşünsünlər?

- Yayda Goranboyda xocalılar üçün salınan qəsəbədə sakinlər mənə “Bura əsasən fevral ayında gəlirlər, bu istidə kimdi bizi axtaran” deyirdilər... Həmkarlarımızın onları ancaq bu tarixdə axtarması incidir, küsdürür... Orda Nərxanım xala ilə tanış oldum. Müsahibə verməkdən imtina etdi. Hekayəsini onu yola gətirməyə çalışarkən diktofonuma yazılmış söhbətimiz əsasında yazdım. Deyirdi, bilsəm ki, danışdığımı yazacaqsan, oğlum oxuyub durub gələcək, danışaram... Onun oğlu girovluqdan qayıtmamışdı...

- Qəhrəmanların əsirlikdən sonrakı həyatı da kitabda yer alıb...

- Lent.az-da yayımlanan yazılarda bütün qəhrəmanlarımızın bu günü haqda məlumat var. Amma kitabda hekayətlər qəhrəmanlar əsirlikdən azad olunmaqla bitir.

- Bir az iş prosesindən danış. Oxunması bu qədər sarsıdıcı olan hekayətləri dinləmək, yazmaq necə oldu?

- Doğru, asan deyildi. Amma əsas o idi ki, sevdiyim işi görürdüm. Elə qəhrəmanım olub ki, 9 saatdan çox danışmışıq. Onları söhbətə razı salandan sonra da danışdırmaq çətin olurdu. Ləng işləmişəm. Ən tez yazıb bitirdiyim hekayəni 15 günə yazmışam. Mən əsasən gecələr, işdən sonra yazmışam. Bütün çətinliklər öhdəsindən gələ biləcəyim səviyyədə idi. Amma bir dönəmdə yuxusuzluq yarandı və qarabasmalarım oldu. Onda artıq Qabil müəllim dedi ki, layihəni dayandır, özünə gəl, sonra davam et. Bu özünə gəlmək də bir aydan çox çəkdi... Payız idi. Sonuncu hekayədən sonra Qabil müəllim yenə mənə “düşərgə yasağı” qoyub. “Özünə gəl, sonra” deyir.

- Zənglər, məktublar, reaksiyalar aldınızmı?

- Aldım. Hətta olub ki, hekayə yayımlanandan sonra, ordakı hadisənin şahidi olan keçmiş girovlar zəng edib, əlaqə saxlayıblar. Onların dedikləri hadisələri də kitabda hekayəyə daxil etmişik.

- Mətbuatın ünvanına tənqidlər çox yazır, çox eşidirik. Birdən bu qədər ciddi bir layihə...

- İlk gündən Qabil müəllim (kitabın ideya müəllifi və redaktoru) “Əsir düşərgəsi”nin kitab olmasını təkid edirdi. Kulis.az-ın “Ən qısa hekayə” müsabiqəsində qalib gələndən sonra sən də daxil olmaqla, bütün dostlarım deyirdi ki, sənin mütləq kitabın olmalıdır. Amma kitab uzun işdir. Səmimi deyirəm, əgər APA Holdinq “Əsir düşərgəsi”ni kitaba çevirməsəydi, mən hələ də kitab haqda düşünəcək deyildim. Kitab hazırlamaq asan deyil. Hər bir halda, bu mənim tək görə biləcəyim iş deyil. Amma o çətinliklərin heç birindən xəbərim olmayıb. Mən ancaq hekayələri yazmışam. Qalan bütün işlərlə şirkət məşğul olub. Yəni bu mənim yox, bizim kitabımızdır. Dünən Lent.az-ın redaksiyasında Qan Turalı qucağında bir dəstə kitabla içəri daxil olub “Vüsalə xanım, buyurun, kitablarınız gəldi” deyəndə onu əlimə götürməyə tərəddüd edirdim. Kitabı əlimə alanda onun ürək kimi döyündüyünü hiss etdim. Başqası bunu desə, bəlkə gülərəm. Amma ilk kitabını əlinə almaq qəribə hissdir... Və bütün bu gözəl hissələrə baxmayaraq, növbəti kitab haqqında düşünmürəm. Mənim üçün yazmaq ağrılıdır, amma çətin deyil. Kitaba çevirmək isə gözümə çox qəliz görünür...

- Amma olacaq?

- Kitab olub-olmayacağını deyə bilmərəm. Mən istəyirəm hekayəsi yazılmamış əsir qalmasın.

- Vüsalə, səncə bir toplumun yaşadığı faciəni sadəcə tarixi fakt kimi saxlaması yox, özündən keçirməsi - ədəbiyyatda, publisistikada, kinoda nələri dəyişə bilər? Axı əhəmiyətsiz sayıb üstündən keçsək də, bu mövzuda vətəndaş ola bilmədiyimiz məqamlar da var: “qarabağlı”, “bakılı”, “şirvanlı” ayrıntıları, ya da “noolsun torpaqlarından çıxıblar, indi burada bizdən yaxşı yaşayırlar”, “torpaq alınsa heç biri qayıtmaz” filan deyənlər... Hətta bunu dilə gətirməyə utanır adam...

- Utanma. Nə soruşduğunu bilirəm. O dəhşət hekayələrinin altından fotolentə baxıb, şərh yazanlar var idi: “Yazıqlar zülm çəkib, amma belə baxsan deməzsən, evinə-eşiyinə bax”... Adama yataqxananın bir otağını təmir etməsini çox görənlər var. Toplumun faciəni özündən keçirməsi məsələsi qəlizdi... Müharibəni görən yazıçının yazmaq kimi bir missiyası var.

- Film ssenarisi işləmək ya da film çəkmək təklifi olmadı ki?

- İxtisasca rejissor olsam da, yazanda xoşbəxt oluram. Əgər bir gün bir rejissor gəlib film təklifi etsə, baxmayaraq ki, onlar film üçün hazır materialdır, yenə də üstündə işləyərəm. Ancaq belə təklif edən olmayıb. Əl-Cəzirə televiziyasının Bakıya səfər edən bir əməkdaşı dedi ki, sizin Lent.az-dakı “Əsir düşərgəsi” hekayələriniz mənim patronumun masasında film olmağı gözləyir. Oradan belə reaksiya var, bizim rejissorlar isə soyuq yanaşırlar. Mən onları da başa düşürəm. Necə ki mən oxunmayacağını düşünürdüm, onlar da baxılmayacağını düşünürlər.

- Oxuyanda görürük ki sənin layihəndəki real əsir hekayətlər heç bir şişirtmə olmadan belə çox təsirlidir. Amma nədənsə bizdə müharibə filmi çəkəndə çalışırlar ki, ora bir pafos, şişirtmə əlavə etsinlər...

- Müharibə meydanı elə məkandır ki, ora uzaqdan boylananda güllə səsini pafoslu çığırtı kimi eşidə bilərsən. Mən müharibənin içindən çıxmışam, müharibə uşağıyam. Məni müharibə böyüdüb. Bomba düşdüyü yerdə illər sonra ot bitəcək, amma o səs eşidənlərin qulağından ömrü boyu getmir. Ölümün bir addımlığında pafoslu sözlərə, hərəkətlərə yer qalmır...

# 1562 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #