“Məni Seyran Səxavətin yanına göndərdilər və evləndik”

“Məni Seyran Səxavətin yanına göndərdilər və evləndik”
8 yanvar 2013
# 08:00

Layihənin budəfəki qonağı Seyran Səxavətin xanımı, professor, psixoloq- psixoqraf, bir neçə kitabın müəllifi, AYB-nin üzvü Almaz Xanlarovadır.

Həyatda təsadüf yoxdur, amma hansısa hadisənin gedişatı bəzən təsadüf kimi görünür adama. Mən şərqşünaslığı bitirmişdim, o vaxtın qanunlarına görə gərək gedib Şərq ölkələrindən birində işləyəydim. Bir nəfər qohum dedi ki, mən adam tanıyıram o, sənə kömək edə bilər, göndərdi məni Seyran müəllimin yanına. Seyran müəllim məndən on il əvvəl şərqşünaslığı bitirmişdi, gedib İranda işləyib qayıtmışdı. Tanış olduq, düzü məni onda heç nə cəlb eləmədi, çünki o düşüncəyə köklənib getməmişdim onun yanına, heç bilmirdim evlidir, subaydır. İş üçün getmişdim, işgüzar söhbətimiz olmalı idi.

İyulun 2-i getmişdim iş yerinə, iyulun 9-da sənədlərimlə birgə nazirliyə getməli idik ki, işi düzüb-qoşsun. Getdim, sənədlərimə baxıb görmüşdü ki, həmin gün ad günümdür. Mənə əl işi olan çox qiymətli bir fotoalbom bağışladı, götürmədim. Həmin gün öz həyatını danışdı mənə. Çox qısa bir müddətdə də aşiq olduğunu söylədi. Onu da dedi ki, əslində sənin kimi qıza deyiləm, amma sözümü deməyə, ürəyimi açmaya da bilmirəm. Dedi, elə bilirdim ki, daha mən heç vaxt evlənmək fikrinə düşmərəm, səni gördüm həyatım, fikrim dəyişdi. Dedi, sənin üçün fərqi yoxdur, onsuz da heç kimi sevməmisən, o adam mən ola bilərəm, amma sən məni sevsən elə bil həyatının bir etapında enişə düşən bir yazarı yenidən yoxuşa qaldıracaqsan. Seyran müəllim artıq müəyyən həyat təcrübəsi olan adam, mənsə ailə qızı. Dedi, mənə ki artıq bilirəm sən necə qızsan, ailəniz necədir. Səninlə bir addım atmışıqsa, bu artıq sizin ailə, sənin üçün söz-söhbət yarada bilər. Həmin anda bildim ki, Seyran müəllim çox namuslu və sədaqətli adamdır. O vaxt necə tanımışamsa onu, indiyə qədər də həmin fikirdəyəm.

Ailəmiz tipik və mühafizəkar müsəlman ailəsi idi. Dərsdən çıxan kimi evdə olmalı idim, 15 dəqiqə geciksəm hesabat verməliydim. Məni dərsə qardaşım aparıb-gətirirdi. Heç vaxt, heç yerə təkbaşına getməmişdim. Həmin vaxt qardaşım əsgər getmişdi. O adam ki işim üçün mənimlə Seyran müəllimin yanına getməli idi, həmin gün işlə bağlı harasa göndərdilər, gələ bilmədi, mən tək getməli oldum. İçəri girəndə Seyran müəllim məni görüb duruxdu, elə bil nədənsə təəccübləndi. Sonralar dedi ki, səni İran müğənnisi Ququşa bənzətdim, elə bil əkiz tayısınız. Hətta saç düzümümüz eyni imiş. Bir dəfə mənə bir şəkil göstərib dedi ki, bax, çoxdandır sənin şəklini özümlə gəzdirirəm, baxdım çox təəccübləndim. Dedi ay qız, bu Ququşdur. Çox çalışdı axır ki istədiyinə nail oldu. Atam izdivacımıza qəti razı deyildi. Seyran müəllim artıq bir dəfə evli olmuşdu, 30 yaşı vardı. Mənimsə 20 yaşım vardı. Amma ailənin mühafizəkarlığı evlənməyimizin əsasını qoydu. Artıq bir dəfə bu adamla yol gedib gəlmişəmsə, deməli, kimsə bizi bir yerdə görüb, dedilər, elə evlənsəniz yaxşıdır.

Böyük bacım məndən soruşdu ki, bu adamda səni nə cəlb elədi, dedim ki, namuslu və sədaqətli olması. Əmin idim ki, bu adam mənə xəyanət etməyəcək... İstər qadın olsun, istər kişi, insanda dürüstlüyə çox böyük üstünlük verirəm. Seyran müəllim əxlaqlı, sədaqətli, dürüst adamdır.

Mənim aləmimdə hər şeyə münasibət sevgidən doğur. İlahi sevgi varsa nə də etməlisən. Balalarım da elədir, ümumiyyətlə ailəmizə xasdır bu sevgi. Seyran müəllimdə də elədir, ona görə bu ailəmizin xüsusiyyətinə çevrilib.

Seyran müəllim təbiətcə açıq, səmimiyyətə, ünsiyyətə açıq adamdır. Mənsə daha ciddiyəm. Bununla belə isinişdik, dil tapdıq, doğmalaşdıq. Çıxdığım ailə ilə düşdüyüm ailə arasında çox böyük xarakter, adət fərqi vardı, həm də imkan. Onların maddi imkanları ilə mənim çıxdığım ailənin imkanları arasında yerlə göy qədər fərq vardı. Mənə heç nə ala bilməmişdilər. Düz Qarabağ alınıncaya qədər mən ordan yalnız sevgi görmüşəm, sevginin ruhunu hiss etmişəm, almışam o dalğaları, çünki çox səmimi, mehriban bir ailəyə düşmüşdüm. O sevginin hesabına röyalarda yaşadım. Məndən xoşbəxt gəlin təsəvvür edə bilmirdim. O sevgi dünyasının içində qaynananam, qayınlarım, ərimin qohumları vardı. Ər tərəfin qohumları mənim üçün bir dünya idi. O sevgini görürdüm və onlara da ötürürdüm.

Çox saf və təmiz istək görürdüm onlarda. Hər halda mən belə görürdüm. Bu səbəbdən də Seyran müəllimin nöqsanları barədə az düşünürdüm, buna vaxt olmurdu. Təbii, insandır, onun da nöqsanları olurdu. Hər kəsin nöqsanları bağışlayıb-bağışlamamağı da özünə aid olan bir məsələdir.

Seyran müəllim ata kimi fanatikdir. Buna desələr ki, istənilən bir orqanını çıxart ver övladına, düşünmədən əməliyyat masasına uzanar. Ağzından tikəni çıxardıb uşağına verən atadır. Özünü övladına qurban verər. Bundan ötrü bəzən qınamışam da onu, çünki uşaqları tərbiyədə də onun fanatikliyi maneə olub. Maddi cəhətdən heç bir çətinlik çəkməyən bir qız üçün, maddi çətinliklə yaşayan bir ailəyə düşmək asan məsələ deyildi. Məni qınayırdılar ki, necə dözürsən bu çətinliklərə, uzun illər kirayələrdə yaşamışıq, amma mən xoşbəxt idim. Seyran müəllimin yaradıcılıq “mətbəxi”nə daxil olmaq mənim üçün böyük xoşbəxtlik idi. Gecə yarısı əsərini başa vurub məni oyadardı, oxutdurardı mənə, ilk oxucusu həmişə mən olmuşam. Orda bir dəyişiklik edə bilmərəm, çünki ümumiyyətlə Seyran müəllimin eynəyinin yerini belə dəyişmək olmaz, nəinki yazısında hansısa sözü. Xarakterini dəyişməyə cəhd etmək barədə heç söhbət gedə bilməz. Ona nəyisə irad tutmaq qeyri-mümkündür.

Biz evlənəndə mənə demişdi ki, mənə heç vaxt artıq sual vermə. Mən ailədə də elə görmüşdüm, yeni qurduğum ailədə də belə olmasına çalışdım. Yəni “harda idin?”, “niyə gec gəldin?”, “nə vaxta qədər kirayədə qalacayıq?”, “niyə evə pul gətirmirsən?” kimi suallar bizdə olmayıb. Bu sualların qadın tərəfindən verilməsi artıqdır. Qarşındakı kişini tanıyırsansa, demək o suallar artıqdır. Bu adamı yalnız mən yox, hamı dürüst, əxlaqlı hesab edirsə, suala nə ehtiyac var? Hər bir kişiyə belə sual veriləndə iki cavabı olacaq. Bu cavab ya yalan olacaq, ya da qadını alçaldacaq düzgün cavab. Hər ikisi ailə üçün sərfəli deyil.

Seyran müəllim evdə hər şeyə öz münasibətini bildirməlidir. Məsələn, nəvə ağlayırsa, hökmən deyəcək ki, onu ağlatmayın. Kimsə evdə nazik geyinib soyuq havaya çıxırsa qəti, kəskin etiraz bildirəcək. Belə şeylərin üstündə söz-söhbətimiz olub. Hökmən günorta saat birdə süfrə hazır olmalıdır, beş dəqiqə keçsə, etiraz bildirəcək. Uşağa qarşı çox mehriban davranışı sonralar acı nəticələrini verdi. Mənə icazə verməyib ki, onlara acıqlanım. Bir qızımız, iki oğlumuz, dörd nəvəmiz var. Mən onlara əvvəlcədən demişdim ki, atanız icazə vermədiyi adamla evlənməyəcəksiniz. Amma onlar istədikləri qızı atalarına deyəndə ata etiraz eləmədi. Bizim yerimizə başqası olsa o izdivaclara razı olmazdı, biz o gəlinləri çox böyük şərafətlə gətirdik. Qızımızı da ərə özü verdi.

Baba kimi Seyran misilsizdir. Onun qərarının, sözünün qarşısında kiminsə söz deməyə haqqı yoxdur, bu haqq yalnız nəvələrinə verilib. Onun azadlığına istənilən halda nəvələri qarışa bilər. Biz barmaqlarımızın ucunda gəzirdik evdə ki Seyranın acığı tutar, amma bu səssizliyi nəvələr pozub.

Belə bir adamla ailə qurmağa peşman deyiləm. Biz evlənəndə 20-ci əsr idi, indi 21-ci əsrdir. İki əsrin arasında körpü salmışıq. Bu adam yenə dürüst və əxlaqlı qalıbsa, demək bu kişi ilə öyünmək olar.

# 4514 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
# # #