Fatma Girikin 57 illik sevgilisi - ANIM

Fatma Girikin 57 illik sevgilisi - <span style="color:red;">ANIM
29 oktyabr 2015
# 08:30

Məşhur kinorejissor, aktyor, ssenarist, prodüser və eks futbolçu Memduh Ün 95 yaşında həyatla vidalaşdı.

Uşaqlığı

“Yeşilçam”ın məşhur və sevilən rejissoru Memduh Ün 14 martda 1920-ci ildə İstanbulda dünyaya göz açıb. Atası Mustafa Ün polis, anası isə dəniz yüzbaşısının qızı olan Makbulə Ündür. Aktyorun uşaqlığı Türkiyənin “Qurtuluş savaşı” (1919-1922) dövrünə təsadüf edib. Vəfa liseyində oxuduğu zaman ailəsinin maddi vəziyyəti ağır olduğu üçün müxtəlif işlərdə çalışmaq məcburiyyətində qalıb. Maddi sıxıntılar səbəbindən universitet xəyalı ilə vidalaşmaq üzrəykən fakültə onun təhsilinə kömək edir və o, tibb sahəsində oxumağa başlayır. Amma Ün futbola olan düşkünlüyü səbəbindən dərsləri ilə çox maraqlanmırdı. Buna görə, 1943-cü ildə üçüncü kursdan etibarən tibb təhsilindən uzaqlaşan Memduh professional futbolla məşğul olmağa başlayır. “Beşiktaş”ın formasını geyinən Ün komandasının qələbələrində böyük rolu olub. “Beşiktaş” 1940-41-ci illərdə mövsümü çempion kimi bitirən zaman da Ün komandanın heyətində yer alırdı.

Yaradıcılığı

1946-cı ildə Adanada əskərliyini bitirəndən sonra 1947-ci ildə İstanbula geri dönən Ün elektrik idarəsində məmur kimi çalışmağa başladı. O dövrlərdə film sektoru maddi səbəblərə görə o qədər də ürəkaçan deyildi. İl ərzində çətinliklə maksimum 10 filmin çəkildiyi o dövrlərdə Hürrəm Ərmanın “Damğa” filmində çəkilmək üçün aktyor axtarılırdı. Yerli teatrlardakı aktyorlar isə böyük məbləğ tələb edirdi. Bu rol tipinə görə filmə maraq göstərən Ünə verilir. Aktyor kimi başladığı kino karyerasına bir çox uğurlu filmlərin rejissoru olaraq davam edib.

O zamanlar məmur olduğu üçün öz adıyla deyil, Turxan Ün adından istifadə edən Memduh, eyni zamanda həm ssenari yazırdı, həm də prodüsserlik edirdi. 1951-ci ildə Arşavir Alyanaqla birlikdə “Yaqut Film Şirkəti”ni quran Ün, 1955-ci ildə ilk filmi – “Yetim balalar” üçün kamera arxasına keçir. Dövrün məşhurları Möhtərəm Nur və Əşrəf Kolçakın rol aldığı filmlə məşhurlaşmağa başlayan Ün, 60-cı illərə qədər bir çox uğurlara imza atdı. Melodram və detektiv janrında Türk filminə ən yaxşı nümunələri qazandıran rejissor ən məhsuldar dövrünü yaşayırdı.

Ün, o dövrdə yaratdığı filmlərlə bir çox rejissorun ilham qaynağı olmuşdu və kinonun inkişafı üçün çox vacib ad idi. 1960-cı ildə “Ölüm arxamızdadır” filmində məşhur aktrisa Fatma Giriklə çalışmağa başlayan Ün ona aşiq olur. Bir il sonra “Türk Filmləri Yarışı”nda “Qırıq Çanaqlar” filmi ilə “Ən yaxşı rejissor” mükafatına layiq görülür. Ün, rejissor, ssenarist, prodüserlikdən əlavə aktyor kimi də bir çox filmlərdə rol alırdı. Uğurlu karyerasına davam edən Ün növbəti mükafatı 1966-cı ildə qazanır. O, “III Antalya Film Festivalı”nda ikinci dəfə “Ən yaxşı rejissor” adına layiq görülür.

70-ci illərdə daha çox prodüserliyə üstünlük verən rejissor özünün “Uğur” adlı film şirkətiylə işlərinə davam edirdi. Xalid Refik, Feyzi Tuna, Ülkü Erakalın və Tunc Başaran kimi professional aktyorları inkişaf etdirən rejissor, həm çəkdiyi filmlər, həm də türk kinosuna qatqılarına görə çox vacib şəxslərdən biri idi.

Memduh Ün, 1990-cı ildə çəkdiyi “Bütün Qapılar Bağlıydı” filmiylə “Antalya Film Festivalı”nda fantastika sahəsində ən yaxşı film adına layiq görülməkdən əlavə, həm də münsiflər heyətinin xüsusi mükafatını qazanır.

1998-ci ildə “Antalya Film Festivalı”nda “Həyat boyunca qürur mükafatı”na layiq görülən rejissor uzun müddət film çəkmədi.

Memduh Ün 1994-cü ildən 2009-cu ilə qədər, 15 il müddətində Memar Sinan Universitetinin “Gözəl sənətlər fakültəsi”ndə tətbiqi montajdan dərs deyib. O, 1947-2005-ci illərdə prodüser olaraq 124, rejissor olaraq 72, oyunçu olaraq 48 filmə imza atıb. Rejissor kimi son filmi “Kino bir möcüzədir” (2005) oldu. Ancaq Ün səhhətindəki narahatlıq səbəbindən filmi tamamlaya bilməyib və Tunç Başarana təhvil verib.

Şəxsi həyatı

Memduh Ün, 1949-cu ildə Cahidə Şənlə ailə həyatı qurub. Bu evlilikdən cütlüyün iki övladı olub. Cütlük ayrı yaşasa da, həyatları boyunca boşanmayıb və Ün ölənə qədər Şənlə rəsmi olaraq evli olub. 1959-cu ildən məşhur aktrisa Fatma Giriklə sevgili olan Ün o zamandan onunla birlikdə yaşamağa başlayıb. Cütlük Bodrumdakı evlərində yaşayırdı.

Ölümü

Memduh Ün ötən il noyabrın 11-dən Bodrumda Acıbadəm Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Məşhur rejissor oktyabrın 16-sı vəfat edib. Rejissorun həkimi Aydın Aksoy onun ölümü ilə bağlı açıqlama verib: “Türk kinosunun məşhur rejissoru Memduh Ünü təəssüf ki, 16 oktyabr 2015-ci il, saat 10:38-də itirdik. Xroniki böyrək və xroniki tənəffüs çatışmazlığı səbəbiylə 285 gündür klinikamızda reanimasiya şöbəsində müalicəsi davam edirdi. Başda hər an onun yanında olan Fatma Girik olmaqla, ailəsi və bütün türk xalqına başsağlığı veririk”.

Memduh Ünü xəstəxanada tək buraxmayan Girik 9 ay ərzində onun yanında olub. Ölüm xəbərinə də ən çox Fatma Girik kədərlənib: “O, mənim hər şeyim idi. 57 illik həyat yoldaşım idi. Mən ailəmdən çox onunla birlikdə olmuşam. Hələ də inana bilmirəm. Özümü son günlərdə onsuzluğa öyrəşdirməyə çalışırdım, amma mümkün olmadığını anladım”.

95 yaşlı rejissorun vəfatından sonra siyasət və mədəniyyət sahəsindən bir çox tanınmışlar, xüsusilə də “Yeşilçam”ın məşhur sənətkarları Girikə başsağlığı verib.

İstanbul Memar Sinan Gözəl Sənətlər Universitetində təşkil edilən vida mərasimindən sonra öz vəsiyyəti ilə Bodruma gətirilib. Bodrumun Bələdiyyə Meydanındakı Ədliyyə Məscidində təşkil edilən mərasimdə isə Fatma Girik jurnalistlərin suallarını cavablandırıb. O, həyat yoldaşını itirməyin kədərini yaşadığını deyib: “İçimdə fırtınalar qopur. Kimsə mənim içimdəki fırtınanı anlaya bilərmi? 56-57 illik birliyin bir gündə sona çatması. Bu izahedilməz bir şeydir. Necə izah edim?”

Memduh Ün Torba qəbiristanlığında dəfn edilib. Girik, mərhumun çox sevdiyi Beşiktaş bayrağını məzarın yanındakı ağaca asdırıb. Cənazəyə çoxlu sayda məşhur qatılıb. Cənazə mərasimində Fatma Girik ayaqda dayanmaqda çətinlik çəkib. Girik 57 illik sevgilisinin məzarına uzun müddət baxıb.

# 1290 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #