“Nizaminin heykəlinin yanında mütləq qaraj olmalıdır”

“Nizaminin heykəlinin yanında mütləq qaraj olmalıdır”
14 aprel 2014
# 14:43

Kulis.az memarlıq üzrə fəlsəfə doktoru, abidələrin bərpası və mühafizəsi üzrə mütəxəssis, memar Rahibə Əliyeva ilə söhbəti təqdim edir.

Şəhərin bədii görkəmi haqda...

- Rahibə xanım, bir memar kimi Bakının timsalında şəhərsalmanın hansı prinsiplərini görürsünüz?

- Mən şəhərsalma üzrə mütəxəssis deyiləm, daha çox tarixi abidələrin bərpası mövzusu ilə məşğulam. Amma yenə də bir memar kimi deyə bilərəm: Şəhərsalma üzrə Baş Plan səhv etmirəmsə 2005-ci ilədək işlənib-hazırlanmışdı. Sonrakı dövrün də baş planı işləndi-hazırlandı və mənim bildiyimə görə, ona dəyişikliklər də olundu. Məsələn, 2005-ci ilədək nəzərdə tutulan plana əsasən bir sıra işlər görülməli idi. “Sovetski” və Hüseyn Cavid prospektindən, Asəf Zeynallı parkından tutmuş ta beşmərtəbəyədək olan ərazi sökülməli, park zonası salınmalıydı. Bu işlərə indi başlanıb.

- Necə düşünürsünüz, buna nə qədər ehtiyac var?

- Bilirsiniz, mən həm də universitetdə landşaft memarlığından dərs aparıram. İnsanların oksigen təminatını düşünmək lazımdır. Axı Bakıda əhali artıb. 4 milyona yaxın əhali var Bakıda. Ekoloji problemlər də artır. Ekologiyanı da tənzimləmək lazımdır. Bilirsiniz, maşınlar, zavodlar, fabriklər artır, deməli tüstü də artır. Ona görə də yaşıllıq zonalarını salmaq lazımdır. Şəxsən mən tarixi binalarla məşğul olan memar kimi istəmərəm o məhəllələr sökülsün. Orada 200-dən artıq abidə var. Biz dünəni qorumalı və sabaha çatdırmalıyıq. Turistlərə yalnız İçərişəhəri göstərə bilmərik. Şərq şəhərsalma üslubunda üç hissəli memarlıq prinsipləri əsas götürülür: İç qala, Şəhristan və Rabat. İçərişəhər Şəhristan hissədir. Şəhristan qala divarlarının içində olur. Rabat isə qala divarlarının çölündə salınan məhəllələrdən ibarət olur. Bax bu gün sökməli olduğumuz o köhnə məhəllələr Rabatdır. Yəni, mən tarixi abidələrlə məşğul olan memar kimi bu köhnə məhəllələrin sökülməsini istəməzdim. Məncə yaşılıq məsələsini başqa variantlarla da həll etmək olardı. Əlbəttə, dövlət əhalinin qeydinə qalır, onların istirahətini, ərazinin ekoloji vəziyyətini düşünür. Amma mümkündür ki, tarixi əhəmiyyəti olmayan yerləri söküb orada kiçik bağçalar salasan. Belə olanda həm insanların istirahəti təmin olunar, ekoloji vəziyyət tənzimlənər, həm də o tarixi məkanlar qorunar.

- “Sovetski” deyilən yerdə tarixi və ya memarlıq əhəmiyyətinə görə vacib məkanlar, abidələr hansılardır?

- Təkcə “Sovetski”də deyil, ümumiyyətlə, köhnə məhəllələrdə belə binalar var. Məsələn, Təzəpir məscidi, Murtuza Muxtarov küçəsindəki Memarlar İttifaqının binası, “Axund hamamı”, bir çox başqa hamamlar. Bir də çoxlu sayda gözəl memarlıq kompozisiyası olan yaşayış binaları. Ümumiyyətlə, onları sadalamaq yox, bir-bir gəzib göstərmək olar.

- Rahibə xanım, ümumiyyətlə memarlıqda hansısa milli ənənələri olan Azərbaycan üslubu varmı?

- Bu memarlıq üslubları coğrafi iqlim və yerli tikinti materiallarının xüsusiyyətlərindən asılıdır. Azərbaycanda 4 əsas memarlıq məktəbi formalaşıb. Elə bu məktəblər də ərazinin coğrafi və iqlim xüsusiyyətlərinə görə ayrılıb. Məsələn, iqlimdən, yağıntıdan asılı olaraq binaların dam örtükləri fərqlənir. İsti iqlimi olan bölgələrdə açıq eyvanlar salınır və ya tağlardan, günbəzlərdən istifadə olunur. Günbəzlər adi örtük konstruksiyası deyil, içəridə hava cərəyanını tənzimləmək, oranı sərin saxlamaq üçün nəzərdə tutulub. Bizdə çatma tağlardan da istifadə olunur. Bu tağlar şərq memarlığında geniş yayılıb. Və ya Abşeronda ən geniş yayılmış dublalı evləri götürək. Dubla nə deməkdir? Dublalı evlər iki bacalı evlərdir. Dubl farsca iki deməkdir. Yastı damlı evlərin üstündə iki dubla baca əvəzinə tikilirdi. Abşeronda daş çox idi, ona görə onu daşdan günbəz formasında tikirdilər. Belə dublalı evlər məhz Abşerona xasdır. Digər bölgələrdə isə siz taxtadan düzəldilmiş müxtəlif elementlərə rast gələ bilərsiniz. Tağ tavanlar da Abşeronda geniş yayılmışdı və daşlardan yığılırdı. Evin qışda isti, yayda sərin olmasını təmin edirdi.

- Bir memar kimi indiki Bakının bədii görkəmindən nə qədər razısınız?

- Memarlığın özünün xüsusiyyətləri var. Bakı amfiteatr şəklində olduğu üçün tikintilər nizamlı aparılmalıdır. Mən bir memar kimi fikrimi demək istəyirəm. 2000-ci illərə qədər hündür mərtəbəli binalar harada gəldi tikilirdi. Daha sonra bu işə dövlət tərəfindən nəzarət olundu və hündür mərtəbəlilər şəhərin hündür yerlərində tikilməyə başladı ki, panoramanı örtməsin, Xəzər görünsün. İndi hündür mərtəbəli binalar şəhərin mərkəzində yox, kənarlarda inşa olunur.

- Bəs hovuzlar, fəvvarələr?

- Abşeron isti, yarımsəhra iqlim olmalıdır. Hovuzlar sərinlik məqsədilə qoyulur və vacibdir. Tələbələrimə də bunları nəzərə almağı tövsiyə edirəm.

- Amma bunlar hamısı eyni formalı hovuzlardır: qızılı rəngdə, vaza formasında olan fəvvarə- hovuzlar nə qədər zövqlüdür?

- Mən belə eynitipli hovuzlar qoyulmasının əleyhinəyəm, ora hər hansı kompozisiya vermək olar. Hansısa heykəltəraşlıq nümunəsi ilə onlara bədiilik gətirmək mümkündür. Milli xüsusiyyətləri olan adi bir heykəl düzəltmək olar. Tutalım, səhəngli qız heykəli, su səhəngdən axır. Tələbələrimə bunu deyirəm. Mütləq landşaft iqliminə uyğun ağaclar əkilməlidir. Yəni, əkilən ağaclar şəhərin iqliminə uyğun olmalıdır. Biz Bakıda həmişə tut, nar, əncir, zeytun ağacları görmüşük. Amma hazırda nə əkirlər? Baobab ağacları, palmalar. Başa düşürəm, dekorativ ağaclardır. İmkanlarımız o qədər böyükdür ki, istəyirik şəhərdə hər cür dekorativ ağac olsun. Amma onlar qışda donur, onlara xüsusi qulluq lazımdır. Həm də o qədər uzunömürlü olmur. İqlimə uyğun ağaclar seçmək olar. Məsələn, çinar Bakıda yaxşı bitir. Bir də Bakıda parklarda həmişə dekorativ ağaclar əkirlər və ətrafına oturacaqlar qoyurlar. Amma əhali və ya turist orada hansı ağacın kölgəsində oturacaq? Kaktusun və ya palmanın altında kölgələnmək olmur. Mütləq iri çətirli ağaclar əkmək lazımdır.

Tarixi abidələr haqda...

- Şəhərin görkəmli binalarının, tarixi əhəmiyyətli memarlıq nümunələrinin üzünün qaşınması, yonulması nə qədər düzdür?

- İlk növbədə bu, ekologiyaya mənfi təsir göstərir. O tozu udmağa məcbur oluruq. İkincisi də memar kimi deyirəm: abidənin üzü yonulursa onun keyfiyyəti dəyişir. Təcrübəyə baxsaq görərik ki, xaricdə abidənin üzünü yonmurlar, axı abidənin tarixini, qədimliyini daşın rəngi ilə müəyyən edirlər. Daşın rəngi nə qədər qaradırsa, üstündə nə qədər çox mamır bitirsə, bu, onun tarixiliyini daha çox sübut edir. Amma ola bilsin ki, üzlük daşı edirlər. Bu da qorumaq məqsədi ilədir.

- Tarixi abidələrdə bu, nə qədər düzgündür?

- Tarixi abidələrin həmişə üzlük daşları olub. Bütün məscidlərin, türbələrin, qalaların... Üzlük daşları daha sıx məsamələri olan daşlardır və binanı daha səliqəli göstərmək üçündür.

- Ola bilərmi, bir gün durub görək ki, Qız Qalası da ağappaq görünür?

- Yox, Qız Qalası artıq konservasiya olunub. Abşeronun iqlimi, xəzri, külək Qız Qalasının daşlarını yumuşdu. Oyuqlarda quşlar yuva salmışdı. O quşların tullantıları da daşları eroziyaya uğradırdı. Almaniyanın Bern şirkətinin köməyilə qalanı konservasiya etdilər. Vakuum metodu ilə daşların arasını təmizlədilər. Qalanın tikilişində istifadə olunan məhlulun tərkibini öyrəndikdən sonra, o məhluldan hazırlayıb inyeksiya yolu ilə o araları doldurdular. Qalada yalnız möhkəmləndirmə işləri görüldü, qalaya xeyri var ki, ziyanı yoxdur.

- Bəs Şirvanşahlar sarayı ilə bağlı nə deyə bilərsiniz?

- Yaşım o qədər çox deyil ki, "onun əvvəlki vaxtlarını görmüşəm" deyim. Məncə qaneedici vəziyyətdədir. İndiki sarayda mənim hamam kompleksinin konservasiyası çox xoşuma gəlib.

- Bir tarixi abidənin yaşını müəyyən etmək üçün ilk növbədə nəyə əsaslanırlar?

- Etnoqrafik mənbələrə. Etnoqraf alimlərə. Məsələn, alim Məşədixanım Nemətinn çox böyük xidmətləri olub bu sahədə. Və ya əgər abidənin epiqrafik kitabəsi varsa, ona əsaslanırıq. Əgər heç biri yoxdursa, onun tarixini tikinti materiallarına, konstruksiyasına, kompozisiyasına, tikinti üslubuna görə təxmini müəyyən etmək olur.

Heykəllər haqda...

- Şəhərdə heykəllərin yeri, qoyulması hansı prinsiplərlə müəyyənləşir?

- Heykəlləri deyə bilmərəm, amma memarlıqda "qırmızı xətt" prinsip var. Bütün tikililər bir xətt üzərində tikilməlidir.

- Məsələn Nərimanov heykəli...

- O, sovet dövründə qoyulmuş heykəldir. Hündürlükdə yerləşdirmək üçün yəqin onu orada qoyublar. Amma heykəlin ölçüsünə görə prinsip pozulub. O məkana görə heykəl çox böyükdür.

- Nizaminin heykəli. Axı orada da kompozisiya pozulub?

- Kompozisiya pozulub, meydanın kənarında qaraj tikiblər. Amma başqa çarə də yoxdur, maşınların saxlanması üçün o qaraj mütləq idi...

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #