Hacı Əbdül: “Oğraş deyilsənsə tövbəndə qala bilərsən”

Hacı Əbdül: “Oğraş deyilsənsə tövbəndə qala bilərsən”
20 may 2013
# 08:00

Kulis.Az keçmiş millət vəkili, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüllə müsahibəni təqdim edir.

- Hacı, “Tövbə” cəmiyyətinin yaranması ilə bağlı məlumat verərdiniz...

- O vaxt cavanlar gözümüzün qabağında narkotikdən, içkidən məhv olurdu. Fəlakət idi. Bir dəfə yuxuda gördüm ki, İrandayam, İmam Xomeyni rəhmətullah da çıxış edir, mən də camaatın arasında ona qulaq asıram. Filologiyada oxuduğum üçün şeirlər yazırdım. Yatan zaman yanımda kağız, qələm saxlayırdım ki, gecə təbi gələndə yaza bilim. O, çox gözəl çıxış edirdi. Yuxudan ayılanda sonuncu bir fikri yadımda qaldı: xalq cəsarətli bir fikrə möhtacdır. Bunu dərhal qeyd etdim. Ayılandan sonra düşünməyə başladım ki, bu fikrin yozumu nədir axı? Bir filosof dostum var idi, onunla çayxanamda görüşdük. Yuxumu ona danışdım ki, bu fikir məni çaşdırıb.

Yuxunu görməmişdən 10-15 gün əvvəl də cavanlara məsləhət görürdüm ki, içkidən, narkotikdən uzaq dursunlar. Dostum da dedi ki, özün elə o yolla gedirsən də. Dedim, nədir o yol? Dedi, tövbə, xalq buna möhtacdır. O gündən biz “Tövbə” cəmiyyətini yaratdıq. 1985-ci ildə “Tövbə” cəmiyyətini yaratdıqdan sonra Tatarıstanda, Başqırdıstanda özəklər qurmuşduq. Gediş-gəliş çox pul tələb etmədiyi üçün rahat hərəkət etmək mümkün idi. İmkan da yaxşı idi, kafem, çayxanam işləyirdi. O vaxtlar SSRİ-də, o cümlədən Bakıda “Ayıltma” cəmiyyəti fəaliyyət göstərirdi. Həmin cəmiyyətin də rəhbəri Bakının sabiq icra başçısı Rafael Allahverdiyev idi. O zaman onu tanımırdım. “Tövbə” cəmiyyəti də mənim çayxanamda yerləşirdi. Bir gün Rafael Allahverdiyev çayxanaya gəldi. Tanış olduqdan sonra dedi ki, bəs mən filan cəmiyyətin sədriyəm, bu cəmiyyəti sizin ixtiyarınıza verirəm. Bizə qərargah, avtomobil, cəmiyyətin özəklərinin siyahısını verdi. Müavini də bizə qoşuldu. 1988-ci ildə Ədliyyə Nazirliyi cəmiyyəti qeydiyyatdan keçirtmədi. Çox bədbin vəziyyətdə Rafael Allahverdiyevin yanına qayıtdım. Dedi, Moskva ilə danışmışam, iyunun 12-də cəmiyyəti SSRİ miqyasında qeydiyyatdan keçirəcəklər. Bir də nazirliyə getdim, dedim ki, qardaş istəyirsiniz keçirin, istəyirsiniz keçirməyin, onsuz da Moskva buna razılıq verib. Nə isə, "Talış Cəmiyyəti" adlı bir qurumla eyni gündə qeydiyyatdan keçdik. Bu minvalla “Tövbə” cəmiyyəti yaranıb, inkişaf etdi.

- Cəmiyyətin nə qədər üzvü var idi?

- Üzvlərin sayı çox idi, yeni yaranan vaxt üzvlərin dəqiq sayını demək olmazdı. Üzvlərə vəsiqələr verirdik,

Pribaltikada üzərində “la iləha illallah” yazılmış nişanlar hazırlatdırmışdıq.

- Cəmiyyət yaranan vaxt Təhlükəsizlik Komitəsi sizə təzyiq etmədi?

- Bizi niyə incitməli idilər ki?! Bizim niyyətimiz pis deyildi. Bizim cəmiyyət dini yox, məhz əxlaqi cəmiyyətdir.

- Məramınız nə idi?

- Əsas məramımız cavanları içkidən, narkotikdən uzaqlaşdırmaq idi. Cəmiyyətin nizamnaməsində altı bənd var idi ki, həmin altı bəndi qəbul edən istənilən adam cəmiyyətin üzvü ola bilərdi.

- Həmin altı bənddə nə yazılmışdı?

- Spirtli içki içməmək, narkotik maddə qəbul etməmək, donuz əti yeməmək, millət, təriqət və etnik qrup ixtilafları salmamaq. İşlətdiyim çayxananın yaxınlığında hamam var idi. Tövbə edənləri həmin hamamda pulsuz çimdirirdik.

- Özünüz içki içmisiniz?

- İçki içmişəm, ancaq “Tövbə”ni yaradanda tərgitmişdim. Həm də idmançı olduğum üçün aradabir içmişəm.

- Cəmiyyətin gəliri hardan idi?

- Cəmiyyəti saxlamağa elə bir güclü vəsait lazım deyildi. Hər kəs tövbə edib evinə gedirdi.

- Bəs tövbə edənlərlə dini söhbətlər etmirdiniz?

- Əlbəttə, edirdik. Xaqani 33 ünvanında yerləşən qərargahda yığışırdıq.

- Siz də meydan hərəkatında iştirak etmisiniz. Meydanda hərəkatçıların, insanların islama münasibəti necə idi?

- Meydan hadisələri ilk dəfə “Sabir” bağının yaxınlığında başladı, sonra Mərkəzi Komitənin qarşısından keçərək meydana gəldik. Bizim cəmiyyət birinci gündən meydanda fəal iştirak edib. “Tövbə” cəmiyyətinin üzvləri çox idi, hətta Xalq Cəbhəsi yarananda Zərdüşt Əlizadə dedi ki, Əbdül, uşaqlarınızdan bizə ver. Meydanda cəmiyyətin üzvü olan uşaqların qolunda sarğı var idi. Sarğı Azərbaycan bayrağı formasında idi, amma yaşıl rəng birinci idi. Artıq hamı bilirdi ki, bu insanlar “Tövbə” cəmiyyətinin üzvləridir. Meydanı başdan-başa bizim uşaqlar qoruyurdu ki, artıq-əskik hərəkət olmasın. Birinci çadırı meydanda biz qurmuşduq. Məhəmməd Hatəmi o çadıra gələrdi, söhbətləşərdik.

- Əsas məqsədiniz ancaq asayişi qorumaq idi? Başqa niyyətiniz yox idi?

- Meydanda söhbət ancaq müstəqillikdən gedirdi, biz də bu fikri dəstəkləyirdik. Dini dövlətlə bağlı planlarımız yox idi.

- Əbülfəz Elçibəylə münasibətlər necə idi, onun islamla bağlı fikirləri sizi razı salırdı?

- Rəhmətlik Elçibəylə münasibətlərimiz çox yaxşı idi. Meydanda çıxışlarının birində dinin əleyhinə çıxış etdi. Elə o ərəfədə uşaqlara dedim ki, bizimki daha onunla tutmaz. Etdiyi çıxış yadımda deyil. Meydandan çayxanaya qayıtdıq. Yenidən yığışmaq lazım idi. Meydan da sahibsiz qalmışdı. Elçibəy yanıma gəldi ki, Əbdül, meydan boş qalıb. Dedim ki, gələrik, ancaq bir şərtimiz var. Dedi, nə şərt? Dünənki çıxışını təkzib etməyini, dinlə bağlı daha danışmamağını xahiş etdik. Allah rəhmət etsin, Əbülfəzdə ədalət vardı, razılaşdı. Kişi kimi dediklərinə düzəliş verdi, biz də yenidən meydana qayıtdıq.

- Deputat olmaq fikri necə yarandı?

- “Tövbə” cəmiyyətinin mərkəzi “İmam Hüseyn” məscidi idi. Bu məscidi zavod kimi istifadə ediblər. Başına çox müsibətlər gəlib bu məscidin. Yay idi, günorta vaxtı olardı. Məscidin həyətini təmizləyirdim. Qara “QAZ-24” məscidin qabağında dayandı. Hündürboy bir adam yuxarı qalxdı və mənə yaxınlaşıb dedi ki, Hacı Əbdül hardadır? O vaxt artıq Həccə getmişdim. Cavab verdim ki, Hacı Əbdül mənəm. Dedi, məni tanıyırsan? Dedim, xeyr. Dedi, mən şəhərin meri Rüfət Ağayevəm. “Nə qulluğunuz” deyə soruşdum. Cavab verdi ki, sizin bizə nə qulluğunuz, nə kömək edə bilərik? Bir xahişimi ona çatdırdım. İçərişəhərdə “Bəylər” məscidinin içində tualet açmışdılar, dedim ki, imkan varsa o tualeti yığışdırın. Maşına oturub məscidə getdik. Problemi həll etdi. Sonra “İmam Hüseyn” məscidini rəsmi olaraq bizə verdilər. “Tövbə” cəmiyyəti bu günə kimi burda fəaliyyət göstərir. Nə başınızı ağrıdım, dostların təkidi ilə deputatlığa namizədliyimi verdim. Bir nəfər gəldi ki, Hacı, mən məntəqəyə nəzarət edirəm, uşaqlara icazə ver, sənin adın yazılmış bülletenlər qutulara ataq. Mən də razılaşdım (gülür). Seçki qurtarandan sonra qutudan mənim adım yazılmış bir bülleten də çıxmadı. Həmin adam məni aldatmışdı. Sən demə xalq şairi Nəriman Həsənzadənin xeyrinə çalışırmış. Aləm bir-birinə qarışdı. Şair zəng edib müxtəlif təkliflər etdi, razılaşmadım. Dedim, təkliflərin lazım deyil, mənə ancaq deputat mandatı lazımdır (gülür). Seçkini boykot etdik, and içmişdik ki, intiqam alacağıq.

- Necə intiqam alacaqdınız?

- Daha keçib (gülür). Rüfət Ağayevə dedim ki, bizi aldatmısınız. Sonradan özləri təşkil etdilər, özləri də məni seçdilər.

- Sizin adınız hər zaman keçmiş prezident Ayaz Mütəllibovla birlikdə çəkilir. Ayaz müəllimlə münasibətləriniz haqda danışardınız...

- Allah şahiddir ki, mən Ayaz Mütəllibova nə salam vermişdim, nə kəlmə kəsmişdim, nə də görüşmüşdüm. Sadəcə olaraq Xocalı faciəsi zamanı Ayaz müəllimə qarşı çox haqsızlıq gördüm. Onunla əlaqəm olsaydı, istefa verməyə qoymazdım. Buna gücümüz də var idi. Onun yanından yel olub keçə bilməzdilər. Ona olunan haqsız hücumlar məni tərpətdi. Sürücüsünü tapıb dedim ki, onunla danışmaq istəyirəm, görüşmək istəyər mənimlə? Bu fakt da onunla əlaqəmin olmadığını sübut edir. Yanına getdim, məni qəbul etdi. Gördüm ki, vəziyyəti ağırdır. Dedim, Ayaz müəllim, səni prezident postuna qaytararam. Bunun mümkün olmayacağını bildirdi. Özünə də dedim ki, Xocalı sizlik deyil. Bu haqda parlamentdə də çıxış etmişəm. Nə isə, bir təhər mənimlə razılaşdı. Mən bir-bir kəndləri gəzib görüşlər keçirdim. İnsanlara deyirdim ki, prezidentə səs vermişik, niyə onun taleyi ilə maraqlanmırsınız? Belə-belə görüşlər keçirib, təbliğat aparırdım. Sonra Ayaz müəllimin insanlarla görüşünü təşkil edirdim. Sonuncu dəfə məsciddə yığışdıq. Məsciddən də izdihamlı bir yürüşlə parlamentin qarşısına yollandıq. Şüarımız da belə idi: “Xocalı açılsın, günahkarlar dar ağacından asılsın”. Məlum faciədə Ayaz müəllimin günahı yox idi.

- Cəbhədə sizin cəmiyyətdən döyüşənlər olub?

- Cəbhəyə ilk dəfə gedənlər arasında bizim uşaqlar da olub. Kafemdən ərzaq, paltar aparırdıq. Hətta tüfənglər də yığırdıq. Hər həftə vertolyotla bir dəstə uşaq aparırdım.

- Cəmiyyətin fəaliyyəti necədir?

- “Tövbə” həmişə olduğu kimi öz fəaliyyətini davam etdirir. Bizi qeydiyyata almırlar, ancaq səbrim böyükdür. Bir nəfər tövbə edənin borcudur ki, özü ilə iki nəfər gətirsin. Bu həm səni tövbəndə möhkəmləndirir, həm də savab işlə məşğul olursan da.

- Press-klubda oğlanın başına niyə şillə vurdunuz?

- Bizə məlumat çatdı ki, əmircanlı Ələsgər adlı yalançı peyğəmbər Press-klubda mətbuat konfransı keçirib peyğəmbərliyini bəyan edəcək. Fikirləşdim bunlara necə dərs verək ki, birdəfəlik getsinlər. Press-kluba yaxşı bələd idim. 50 nəfəri yığıb onları təlimatlandırdım. Bu barədə birinci dəfə sizə danışıram. Dedim ki, bağlayırsınız hər tərəfi, jurnalistlər gəldikcə yerinizi onlara verib ayaq üstdə durursunuz ki, əlavə adamlar olmasın. Ancaq bizim uşaqlar olsun. Sonra bunları doyunca əzişdirin. Mən sizi vəziyyətdən çıxardacağam (gülür). Özüm də məsciddə xəbər gözləyirdim. Getmirdim ki, onlar məni tanıyır. Telefonla əlaqə saxladım, dedilər polis gəlib. Bildim ki, vəziyyət yaxşı deyil. Press-kluba yollandım. Uşaqlar yer verdi ki, gəl otur. Oturmadım, elə bildim otursam qaçacaqlar. Qaçmasınlar deyə oturmadım (gülür). Axırıncı səhifədəkiləri oxuyandan sonra yanımdakı jurnalist qıza dedim ki, ona bu sualı ver. Bu da qayıtdı ki, biz ancaq jurnalistlərin suallarına cavab veririk, kənar şəxslərin yox, Hacı sualı sən verdin. Dedim, de görüm necə əzan verirsiniz. Dedi ki, əşədü ənnə ilaha illalah, Ələsgər rəsullullah, bu cavabı eşidəndən sonra özümdən asılı olmadan bir dənə başına (gülür). Aləm qarışdı, bunları polis əlimizdən zorla aldı.

- Vəhhabilərə qarşı yenə də təbliğat aparırsınız?

- Bizim nizamnamədə altı bənddə təriqət təfriqəsi göstərilib. Biz təriqət deyəndə ancaq sünni-şiə məsələsini nəzərdə tuturuq. Vəhhabilər, sələfilər dinin düşmənləridir. Şərt o deyil ki, Quranı yandırıb Allahın əleyhinə danışasan. Şiə-sünni ikisi də bir şeydir, vəhhabilik ayrı şeydir. Biz indi də onlara qarşı təbliğat aparırıq. “Vəhhabilər-namus oğruları” adlı kitabım çap olunub. Orda hər şeyi açıb göstərmişəm. 2001-ci il 11 sentyabr hadisələrindən sonra məni ANS-ə dəvət etdilər. Etibar Məmmədov və başqa siyasətçilərdə qonaq idilər. Koridorda gedəndə aparıcı beynimi doldururdu ki, gördünüz də vəhhabilər nə etdilər. Verilişdə bu sualı mənə verəndə dedim ki, bu işdə vəhhabilərin günahı yoxdur, bu yəhudilərin işidir. Haqqın tərəfini tutdum. Gördüm ki, səhəri gün gəliblər məscidə. Dedilər ki, gəlmişik sizinlə görüş keçirməyə (gülür).

- Tövbəni pozanlar olur?

- Əlbəttə olur. Dostlarımız çoxdur axı, xəbər göndərirlər, valideynləri deyirlər ki, filankəs tövbəni pozdu. Tövbədə bir bənd var-qeyrəti olan oğul onu pozmaz. Tövbə edən axırda deyir ki, kişi kimi söz verirəm ki, heç vaxt tövbəmi pozmayacağam, tövbəmi pozsam kişi deyiləm. Bu sözü deyən adam tövbəni pozmamalıdır. Həmin adam qol da çəkdiririk. Tövbə edənin yanında gələn biri nəfər mənimlə məzələnmək istədi. Deyir, Hacı, görəsən mən tövbə etsəm, tövbəmdə dayana bilərəm, yoxsa yox. Məzələnir də mənimlə. Uşaqların içində dedim ki, əgər oğraş deyilsənsə tövbəndə dayana bilərsən.

- Tövbəni pozanlara qarşı yenə də şallaqdan istifadə edirsiniz?

- Bəli, yenə də tövbəni pozanları şallaqlayırıq. Şəriət buyurur ki, 60 şallaq vurulmalıdır. Ancaq biz simvolik olaraq şallaq vururuq.

- Şallaqlanan adamlar incimir?

- Əksinə minnətdarlıq edirlər. Onlara pislik etmirik axı.

- Çoxları deyir ki, siz də Azərbaycanda şəriət dövləti qurulmasının tərəfdarısınız.

- Mənim istədiyim odur ki, millət içki içməsin, narkotik qəbul etməsin. Hədis var, buyurulur ki, ədalətli kafir hökmdar zalım müsəlman hökmdardan üstündür. Əsas odur ki, bizim cavanlarımız pis əməllərdən uzaq olsunlar.

# 4810 dəfə oxunub

Oxşar xəbərlər

Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri - Qismət

Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri - Qismət

15:00 13 sentyabr 2024
Atlılar, qanadlılar - Mübariz Cəfərlinin hekayəsi

Atlılar, qanadlılar - Mübariz Cəfərlinin hekayəsi

15:00 12 sentyabr 2024
Mariya - Rid Qraçovun hekayəsi

Mariya - Rid Qraçovun hekayəsi

12:00 12 sentyabr 2024
"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

15:00 11 sentyabr 2024
Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

15:00 10 sentyabr 2024
Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

12:00 10 sentyabr 2024
#
#
# # #