Pərviz Bülbülə: "Soruşurlar ki, haralısan, deyirəm, cenevrəliyəm"

Pərviz Bülbülə: "Soruşurlar ki, haralısan, deyirəm, cenevrəliyəm"
17 may 2013
# 15:38

Kulis.Az meyxanaçı Pərviz Bülbülə ilə müsahibəni təqdim edir.

- Özünüz haqda məlumat verərdiniz...

- 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Ali təhsilim yoxdur. Hazırda Bülbülə qəsəbəsində yaşayıram.

- Meyxanaya maraq necə yarandı?

- Bu mənə də maraqlıdır ki, meyxanaya marağım necə yarandı. Ancaq bu suala hələ də cavab tapa bilmirəm.

- İlk dəfə nə vaxt meyxana demisiniz?

- Sözün düzü, xatırlamıram.

- Meyxana yarışmalarında iştirak etmisiniz?

- Bir dəfə 2008, ya 2009-cu ildə ANS telekanalında iştirak etmişəm.

- Müəlliminiz olub, meyxananı kimdənsə öyrənmisiniz?

- Müəllimim olmayıb. Müəllim nə rol oynaya bilər, nə öyrədə bilər mənə?

- Qafiyəni, vəznləri...

- Özüm öyrənmişəm.

- Kimlərəsə baxıb öyrənmisiniz?

- Allah rəhmət etsin, Məşədi Baba, Elçin, Ağamirzə, Kərim, bir də Vüqara baxıb öyrənmişəm. Yalnız bu beş nəfəri qeyd edə bilərəm. O vaxt videomaqnitofonlar az idi, həm də az-az adamın toyu çəkilirdi. Maştağa toylarında meyxana deyildiyinə görə həmin toylar daha çox kasetə çəkilirdi. Mənim tay-tuşlarım cizgi filminə baxanda, oyuncaqlarla oynayanda mən meyxana kasetlərinə baxırdım. Mənim üstümdə adlarını çəkdiyim meyxanaçıları zəhməti olmayıb, sadəcə mən onların xəbəri olmadan onlardan qidalanmışam.

- Özünüzü onlara borclu sayırsınız?

- Mənim istedadım, bacarığım olmasa onlardan heç nə oğurlaya bilməzdim. Niyə özümü kiməsə borclu saymalıyam? Özümə daha çox sağ ol deyirəm ki, onlardan nəsə götürə bilmişəm (gülür).

- Populyar olmağınızda musiqili meyxananın rolu çox oldu?

- Bildiyiniz kimi Nizami Rəmzi də, Ağasəlim Çıldaq da musiqili meyxana deyiblər. Onlar daha çox xalq mahnılarının üstündə deyirdilər. Mənim yeniliyim isə bu oldu ki, əcnəbi musiqilərdən daha çox türk, hətta rus musiqiləri üstündə dedim. Bu yaxşı mənada yenilik oldu.

- Əks effekt verəcəyindən ehtiyat etmirdiniz?

- Etiraf edim ki, belə bir şey düşünmədim. Əks effekt versə, pis qarşılansa daha deməzdim. İlk dəfə deyəndən sonra xoş qarşılandığı üçün dedim. Əksinə hamı dedi ki, sən demə belə də demək olarmış.

- Çox populyarsınız?

- Yaxşıdır, salam-duası var (gülür). Populyarlıq rahatlığımı əlimdən alıb.

- Populyar olduğunuza görə narahatsınız?

- Həddindən artıq narahatam. Müəyyən yerlər var ki, sərbəst ola bilmirəm, rahat deyib gülə bilmirəm. Biri uzaqdan barmaqla göstərir, biri yeri oldu-olmadı yaxınlaşıb şəkil çəkdirmək istəyir. Mən bunları qazanmaq üçün çalışmışam. Fanatlarımı itirmək də istəmirəm. Amma elə yerlər var ki, ora fanatların yeri deyil. Məni də başa düşsünlər. Nənəmi dəfn edən vaxt biri zəng edib ki, ayın 10-na bax gör boşsan. Deyirəm, nənəmi dəfn edirəm. Belə olmaz axı. Yas məclisində yaxınlaşırlar ki, şəkil çəkdirək. Bütün fanatlarıma minnətdaram, Allah hamısından razı olsun.

- İmiciniz ənənəvi meyxanaçılardan fərqlənir. Siz daha gülərüz və şən təsir bağışlayırsınız.

- Səhnədə özüm bu rola girirəm. Tamaşaçının nəyinə lazımdır axı mənim ciddiliyim. Əlimə mikrofon alıramsa tamaşaçı üçün işləyirəm, özüm üçün yox. Məcburiyyət qarşısında gülərüz olmalıyam. Zarafatcıl, deyib-gülən adamam, ancaq meyxana deyəndə daha da gülərüz oluram. Mənim elə problemim olub ki, kimsə mənim yerimdə olsa heç qafiyə də tuta bilməzdi. Ancaq elə meyxana demişəm ki, aktyorluq öz yerində, səs öz yerində, gülüş öz yerində. Problemimi tamaşaçıya heç vaxt bildirməmişəm. Mənə konfet kağızı vermirlər, pul verib toya dəvət edirlər. Toy da həyatda bir dəfə olan şeydir.

- Toylara dəvət çox olur?

- Həddindən artıq çox olur.

- Gəliriniz ancaq toydandır?

- Hazırda ancaq toydan qazanıram.

- Toya yüksək qiymətə gedirsiniz?

- Məni kasıb da, imkanlı da toyunda görmək istəyir. İnsanların arasında fərq qoymuram. Kim varlıdır, kim kasıbdır, kim yaxşıdır və ya kim pisdir. Fərq qoymadığım üçün stabil qiymətim yoxdur.

- Ağamirzə deyir ki, mən 200 manata da toya gedirəm...

- Allah canını sağ eləsin, mən Ağamirzəni toya havayı da gətirərəm (gülür). Ağamirzə dostumuzdur, qardaşımızdır. Toy olur gedirəm, görürəm ki, imkanı yoxdur pul almıram, pul salıram. Belə də olur.

- Daha çox mağar toylarına dəvət alırsınız?

- Şadlıq saraylarına da, mağar toylarına da dəvətlər çox olur. Bir gündə 3, hətta 4 toya gedirəm. Bu insanların sevgisindən irəli gəlir. Deyirəm, 2 toyum var gələ bilmirəm, deyir, yarım saat de, çıx get.

- Gecə yarıya kimi işləyirsiniz. Belə iş sistemi narahatlıq yaratmır?

- İndi kim asan yolla pul qazanır?! O qədər kənardan baxanlar var ki, elə bilirlər kefdəyik. Deyirlər, bir-iki saat meyxana deyib pul qazanırlar. Ancaq elə düşünən adam mənim yerimdə 15 dəqiqə belə dura bilməz. Hər toyda o qədər adam görürəm ki, içkilisi var, əsəbisi var. Bir toy 500 adam olur. O 500 adamın da hər biri ayrı fikirdə olur. Məcbursan ki, hamını şirin dillə, mehribanlıqla yola verəsən. Hamını da qaydasında yola veririk, problem çıxmır.

- Çətin qafiyə desələr deyişə bilərsiniz?

- Kimsə onu bədahətən mənə qarşı edə bilməz. Gedər bir ay məşq edər, özündən həngamə çıxarar, gələr, əlbəttə, elə bir şey düzəldib, qoşar ki, deyə bilmərəm. Mən kompüter deyiləm axı. Ümumiyyətlə, mən elə bir meyxana deyənlə meydan bölüşmərəm ki, onun niyyəti mənə torba tikmək olsun. Sənət yoldaşları, dostuq, qardaşıq, işimiz bir-birimizdən keçir. Lap özümü deyim. Gedib evdə niyə özümdən qafiyə tapmalıyam? Elə qafiyə hazırlayaram ki, 10 meyxana deyənin hamısı lal olar. Ancaq bunu etmərəm, amma təəssüflər olsun ki, bunu etmək istəyənlər var.

- Qəzəl yazırsınız?

- Yaza bilərəm, ancaq toyların çoxluğu buna imkan vermir. Albom da işləmək istəyirəm, inanın, buna da vaxtım yoxdur.

- Qəzəl yazsanız necə yazarsınız? Məsələn, İlqar Fəhminin qəzəlləri yenilikçidir.

- Mən şəxsən İlqar Fəhminin pərəstişkarıyam. İlqar Fəhmi istedadlı şairdir.

- Əsərlərini oxumusunuz?

- Əsərlərindən daha çox qəzəllərini oxumuşam.

- Mütaliə edirsiniz?

- Daha çox şəriətlə maraqlanıram.

- İbadətlə məşğulsunuz?

- Namaz qılıram, əgər etmirsinizsə allah sizə də qismət etsin, yox, əgər edirsinizsə allah qəbul etsin.

- Ziyarətdə olmusunuz?

- İki dəfə Məşhəd ziyarətində olmuşam.

- Dini meyxanalar deyirsiniz?

- Bəli, bədahətən demişəm. Dediyim meyxanalar da sevilib. Bir ara “Youtube”da mərsiyələrim də yerləşdirilmişdi. Hətta məhərrəmlik ayında əzadarlıqla məşğul oluram. İstedadımdan bu yolda da istifadə edirəm. Allahın mənə verdiyi istedadı az da olsa onun yolunda istifadə edirəm, inşallah gələcəkdə tam istifadə etmək niyyətindəyəm.

- Dini meyxanalarla bərabər kriminal dünya ilə bağlı da meyxana deyirsiniz?

- Biz sənətçiyik. Kriminal dünyadan da, dini dünyadan da deyirik. Uşaq dünyasından da deyirik, sevgidən də deyirik (gülür). İstedadlı şairlərimiz olub uşaq şeiri də yazıb, sevgidən də yazıb. Əliağa Vahidin özünün dinlə bağlı gözəl qəzəlləri var, amma içkidən də yazıb. Bu normal haldır. Biz şair tipli adamlarıq. Bizim işimiz budur. Amma hər mövzuda da demək olmaz. Elə mövzu istəyə bilərlər ki, mən özümə yaraşdırmaram o haqda deməyi. Din haqda deyilən meyxananı çox sevirəm.

- Dərviş toylarına dəvət alırsınız?

- Məddahların olduğu toylara da dəvət edirlər. Oranın da meyxanası tam fərqli olur.

- Bir deyişməniz vardı: “Babam nənəni tində nanay naynanay...”

- Orda nə var ki, bəlkə 8 mart günü olub, kişi arvadı görüb, təbrik etmək istəyib (gülür).

- Ümumiyyətlə, deyişmələrinizdə baba-nənə söhbətləri çox olur.

- Baba da, nənə də yaşlı adamlardı, nə olacaq ki (gülür). Hamının nənəsi mənim nənəm, mənim də nənəm hamının nənəsi. Allah ölənlərinizə rəhmət etsin, mən də bu yaxınlarda nənəmi itirmişəm. Çalışıram ki, daha yol verməyim. Əslində bu sual yaxşı oldu. Yeganə mövzudur ki, bunu bizdən kimsə istəmir. Öz xoşumuzla deyirik. Sən istəyə bilməzsən, sən istəsən deməyəcəyəm.

- Meyxanaçıların mənfi imici dağılıb?

- Əvvəl düşünürdülər ki, meyxanaçılar narkotik qəbul edir. İndi, maşallah, nə qədər namaz qılan, hacı meyxanaçılar var. Meyxanaya şərait də yaradılıb. Kim düşünür ki, meyxana deyən nəsə qəbul edib deyir, o adam səhv edir. Vahidə demişdilər ki, içki içməsən deyə bilmirsən. O deyib ki, ona qalsa gərək bütün Andrey, İvan meyxana deyən olaydı. Allahın verdiyi istedada narkotika, spirt necə təsir edə bilər? Boş şeydir, əksinə elə şey qəbul edən adam yaxşı meyxana deyə bilməz.

- Rəqibləriniz çoxdur?

- Kim meyxana deyirsə o, artıq rəqibimdir.

- Kimi özünüzə rəqib hesab edirsiniz?

- Heç kimi özümə rəqib hesab etmirəm. Sənət rəqabəti sevir. Rəqabət olmasa kim qabağa gedə bilər. Rəqabət də gərək sağlam olsun. Kin, küdurətlə yox.

- Hansı meyxanaçıyla deyişəndə ehtiyat edirsiniz?

- Elə bir meyxanaçı yoxdur.

- Bəs kimlə meyxana demək xoşdur?

- Kim yaxşı deyir onunla (gülür). Məni daha çox kimlə məni görürsünüz?

- Rəşad Dağlı, Aydın Xırdalanlı...

- Demək ki, Rəşadla, Aydınla demək mənə xoşdur (gülür).

- Yanınıza gələnlər olur ki, mənə meyxana öyrət?

- Olur, deyirəm ay qardaş, mən dəmirçi, xarrat deyiləm ki, sənə nəsə öyrədim (gülür). Mən hələ özüm görüb-götürürəm.

- Meyxana demək ancaq istedadla bağlıdır?

- Bəli, bu sırf istedadla bağlıdır. Bir də bir şey var ki, meyxana deyən ola bilər, yaxşı meyxana desin, ancaq sənə yapışmasın. Mən aktyorluğu müğənniliyə qatdığım üçün daha çox sevildim.

- Meyxanaçılarda yaşadığı ərazi ilə bağlı ad götürmək dəbdədir. Siz də yaşadığınız qəsəbənin adını təxəllüs seçmisiniz. Bu nə ilə bağlıdır?

- Meyxana deyirsən, soruşurlar ki, bu uşaq harda qalandı? Deyirlər, Bülbülədə. Belə-belə ad qalır da. Bu dəqiqə fanatlarım var ki, Bülbülənin nə demək olduğunu bilmirlər. Vallah bilmirlər, düz sözümdür. Bir də görürsən ki, biri zəng edir ki, Pərviz Bülbülədi danışan? Deyirəm ki, hə, Pərviz Bülbülədir. Deyir, harda qalırsınız? Cavab verirəm ki, Cenevrədə qalıram (gülür). Var da adımın qabağında.

- “Facebook” səhifələrini siz idarə edirsiniz?

- Xeyr, orda heç bir səhifəni mən işlətmirəm. “Youtube”da videoları da mən qoymuram. İndi toyda meyxana deyəndə 30 nəfər əlində telefon çəkir. 30 nəfərdən 10-u “Youtube”da qeydiyyatdan keçib. Kim dansa da, mən dana bilmərəm. “Youtube” kanalının bu gün nəinki mənə, çox meyxana deyənə, çox sənətçiyə xeyir dəyib. “Youtube”u yaradana hamı təşəkkür etməlidir.

Deyirlər, Facebookda Pərviz Bülbülə yazanda 40 dənə Pərviz Bülbülə çıxır. Onunla danışan adamlar mənə daha çox maraqlıdır, nəinki o səhifəni idarə edənlər. Ora Pərviz yazsam, ordan 40 dənə Pərviz çıxsa, mən ona inanıb heç nə yazmaram. Çünki özümü aldatmış olaram. Ancaq o adamlarla yazışanlar var.

- Fanatlarınızdan hədiyyə verənlər olub?

- Avtomobil vermək istəyən olub, qəbul etməmişəm.

- Niyə?

- Onun niyəsini soruşmayın (gülür). Bir dəfə də torpaq bağışlayıblar, qəbul etmişəm.

- Xarici səfərlərə gedirsiniz?

- Əsasən Moskvaya gedirəm, İrandan zənglər gəlsə də, hələ gedə bilməmişəm.

# 5844 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #