Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb” - MÜSAHİBƏ

Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb” - MÜSAHİBƏ
22 dekabr 2014
# 08:45

Kulis.az-ın yeməli söhbət layihəsinin qonağı məşhur aparıcı Günay Yelmarqızıdır.

- Günay xanım hansı yeməkləri sevirsiz?

- Yarpaq dolması, badımcan dolması və dovğanı.

- Özünüz nə bişirirsiz?

- Vaxtım olanda bişirirəm. Amma bu çox nadir hallarda baş verir. Etiraf edim ki, 18 yaşımdan çalışdığıma, subay olduğuma və ailəmlə yaşadığıma görə evdarlıq qabiliyyətim barədə nəsə deyə bilmərəm. Evdə yemək məsələlərinə anam baxır. İşdən gec getdiyim üçün artıq mənim nəsə hazırlamağıma ehtiyac qalmır. Ancaq bu o demək deyil ki, yemək bişirməyi bacarmıram. Ümumiyyətlə, mənim leksikonumda “bacarmıram” sözü yoxdur. Ola bilər bu günə qədər hər hansı yeməyi bişirməmişəm. Amma bu o demək deyil ki, bişirə bilmərəm. Məsələn, plovu ilk dəfə Amerikada yaşayanda dəmlədim və heç də pis alınmadı. Ancaq daha çox salatlar hazırlamağı sevirəm. Bir şeyi də deyim ki, əlim çox dadlıdır. Bişirdiyim yeməklər pis alınmır. Yemək hazırlayanda özümdən nəsə əlavələr etməyi, müxtəlif ədviyyatlar qatmağı sevirəm. Amma xüsusi reseptlə hazırladığım bir yemək yoxdur.

- Bir müddət Amerikada yaşadız. Oranın yeməkləri ilə aranız necə idi? Ümumiyyətlə, Amerika sizin üçün maraqlı oldu?

- Düzünü desəm oranın yeməklərini bəyənmədim. Əslində Amerika mətbəxinin xüsusi özəlliyi ilə seçilən bir yeməyi də yoxdur. Daha çox fast foodları ilə məşhurdurlar. Mən orada yaşadığım müddətdə özüm evdə ağız dadıma uyğun yeməklər bişirirdim. Vaşinqtona gedəndə ilk işim çay, mixək və hil almaq olmuşdu. Evdə əsl Azərbaycan çayı dəmləyib içirdim. Hətta dostlar hərdən deyirdilər ki, gedək Günay bizə Azərbaycan çayı dəmləsin. Amerikaya gəldikdə, məni bu ölkədə təəccübləndirən, ya da xüsusi diqqət və marağımı çəkən nəsə yoxdur. Hətta hava limanına ilk düşəndə bir balaca xəyal qırıqlığına da uğramışdım. Yəni, Amerika xüsusən filmlərdə təqdim olunduğu kimi qeyri-adi, fantastik və möcüzələr ölkəsi deyil. Adi bir ölkədir. Təbii ki, özünəməxsus özəllikləri də var. Mən Vaşinqtonda yaşamışam. Bir neçə ştatda və şəhərlərdə olmuşam. Ən çox sevdiyim şəhər elə Vaşinqton oldu. Bu şəhərin özünəməxsus aurası və cazibəsi var. Çox sadə, amma gözəl şəhərdir.

- Xarici mətbəxdə sizi təəccübləndirən yemək olub?

- Mən bir az yeməklərə qarşı diqqətliyəm. Ağız dadıma uyğun olmayan yeməklər əsla diqqətimi çəkmir. Amerikada sevmədiyim cəhətlərdən biri yeməklərdə normadan çox sarımsaqdan və tomatdan istifadə etmələri oldu. Yeri gəldi-gəlmədi, uyğun oldu-olmadı bütün ədviyyatları, xüsusən tomat, pendir və sairə tökürlər yeməklərə. Bütün dadlar bir-birinə qarışır. Orda, hətta restoranlara girəndə sarımsaq iyi o qədər vurmuşdu ki, Bakıya gələndən sonra bir müddət sarımsaq iyindən qaçırdım.

- Kababla aranız necədir?

- Kababla aram əla . Bütün növ kababları sevirəm. Həm ət məhsullarından, həm də tərəvəz məhsullarından hazırlanan kababları xoşlayıram.

- Jurnalistika ilə bağlı təcrübəniz çoxdur. Bu müddət ərzində başınıza maraqlı hadisələr gəlib?

- Artıq 15 ildir bu sahədə çalışıram. Əlbəttə çoxlu maraqlı hadisələr olub. Xüsusən 13 ildir canlı efirə çıxdığımı nəzərə alsaq, efir vaxtı maraqlı hadisələr çox olur. Məsələn, tələsik efirə çıxdığım üçün mikrofon taxmağı unutmuşam, xəbər oxuduğum vaxt səsim batıb və sairə. Ən son efirdə dırnaqlarıma boya çəkmişəm. İş o qədər çox olmuşdu ki, efir başlayanda bir əlimdəki dırnaqlarım boyalı idi, digər əlimdəkilərə boya çəkməyə vaxt çatmadı. Birinci xəbər gedəndə əlimin birini gizlətdim ki, dırnaqlarım görünməsin. İlk süjet efirə gedəndə dırnaqlarımın qalanını da boyadım.

- Tələbəlik illəriniz necə keçib?

- Tələbəlik illərim olmayıb. Çünki birinci kursdan işləməyə başlamışam. Amma mən iki ali təhsil aldığıma görə tələbə yoldaşlarımın sayı çoxdur. Bəziləri ilə əlaqəm var.

- Hansı tip restoranları sevirsiniz?

- Mən daha çox özünəməxsus konsepsiyası, aurası olan, hansısa bir özəlliyi ilə seçilən məkanları sevirəm. Dəbdəbədən kənar, sadə, səssiz və komfortlu restoranları...

- Ağdamlısınız... Sizcə Ağdam mətbəxinin özəlliyi nədir?

- Ağdam mətbəxi də digər bölgələrimizdə olduğu kimi dadlı təamlarla zəngindir. Bu mətbəxi mənim üçün fərqli edən anamın əlindən hazırlanmasıdır. Mən onun hazırladığı bütün yeməkləri sevirəm.

- Sizə nəyi isə xatırladan yemək var?

- Məsələn, kətə. Göyərti qutabını nəzərdə tuturam. Qarabağ zonasında ona kətə deyirlər – mənə doğulduğum Ağdamı xatırladır. Kətə mənə Ağdamdakı evimizi, nənəm və mənim çox sevdiyim ailə dostumuz olan Niyazi əmimi və onun ailəsini xatırladır. Hər dəfə onlar bizə məhz nənəmin bişirdiyi kətəni yemək üçün gələrdilər. Evdə çox maraqlı ab-hava yaranırdı - sevimli qonaqlarımız və nənəmin sacda bişirdiyi kətə. Yəni, uşaqlığım.

- Dieta ilə aranız necədir?

- Əla. Kökəlməyə meylli insanam. Ona görə diqqət etməyə məcburam. Hazırda artıq kilolarım var və onlarla mübarizə aparıram. Amma kəskin pəhriz saxlamıram. Sadəcə qida rasionundan nələrisə çıxarmaqla arıqlamağa çalışıram.

- Sevgilinizlə ilk dəfə harada yemək yemisiniz?

- Etiraf edim ki, bu günə qədər haradasa oturub yemək yediyim bir sevgilim olmayıb. Ona görə elə bir məkan da yoxdur.

- Toyla aranız necədir?

- Baxır kimin toyu. Yaxınlarımın, dostlarımın, sevdiyim insanların toyunda məmnuniyyətlə iştirak edirəm, əylənirəm və yaxşı da rəqs edirəm.

- Spirtli içkilərə münasibətiniz?

- Spirtli içkiləri sevmirəm.

- Sosial şəbəkələrdə aktivsiz. Sizə burda maraqlı təkliflər edən olur?

- Sosial şəbəkələrdə istənilən xarakterdə insana rast gəlmək mümkündür. Düzü mesajlara o qədər vaxt ayırmıram, oxumuram. Hərdən təmizləmə işləri aparanda oxuduğum və ürəkdən güldüyüm qəribə mesajlar olur.

- Hobbiniz nədir?

- İdmanla məşğul olmağı sevirəm. Üzgüçülük, fitnes, müxtəlif rəqslərlə məşğul olmuşam. Ən son böyük tennisə gedirdim. Obyektiv səbəblərdən xeyli vaxtdır idmana ara vermişdim, ancaq mütləq bərpa edəcəm. Çünki gündəlik məşğul olmasam da idman həyatımda mütləq olur . İdmandan əlavə mütaliəni sevirəm. Xüsusilə bədii əsərlər. Mənim ümumiyyətlə, “ən çox sevdiyim yazıçı”, “ən çox sevdiyim müğənni” və sairə “ən”lərlə bağlı kriteriyalarım yoxdur. Bütün gözəl əsərləri, janrından asılı olmayaraq bütün gözəl musiqiləri sevirəm. Konkret əsərləri ilə yaşadığım bir yazıçı yoxdur. Amma nəsə öyrəndiyim, nəticə çıxara bildiyim bütün maraqlı əsərləri sevirəm. Bu, klassik yazıçıların əsərləri də ola bilər, populyar ədəbiyyat nümunələri də. Bütün oxuduğum və sevdiyim əsərləri sadalasam uzun siyahı alınar. Ancaq ən son oxuduqlarımdan Umberto Ekonun “Qızıl gülün adı”, Xalid Huseynin “Min möhtəşəm günəş”, “Çərpələng uçuran”, Elif Şafakın “Aşk” əsərlərinin adını çəkə bilərəm. Son iki əsər məni çox təsirləndirdi.

# 1520 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #