“Əhmədlidə yaşayanların da teatra baxmaq haqqı var”

“Əhmədlidə yaşayanların da teatra baxmaq haqqı var”
31 mart 2014
# 13:46

27-29 mart tarixdə keçirilən “Bizim teatr” beynəlxalq teatr festivalı başa çatıb. Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və Bakı Uşaq Teatrının təşəbbüsü ilə keçirilən festival Aktyor Evinin zalında keçirilib. “Bizim teatr” Bakı Uşaq teatrının “Bir teatr-bir festival” layihəsi çərçivəsində keçirdiyi ikinci festivaldır.

Festivala Bakı Uşaq Teatrının 10 tamaşası və Türkiyə Eksanat Teatrının və Gürcüstan Xelvachaursk Teatrının tamaşaları daxil edilib. Festivalın rəhbəri və ideya müəllifi, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanla müsahibəni təqdim edirik:

- İntiqam müəllim, festival istədiyiniz səviyyədə keçdi, yoxsa...

- Mən ümumiyyətlə, gördüyüm işdən razı qalan adam deyiləm. Bəlkə də bu ölkədə ilk idi, müqayisə üçün başqa biri yoxdu deyə və yaxud ortalıqda tək qaldığımız üçün işin öhdəsindən gəldik. Teatr Xadimləri İttifaqının festivalın keçirilməsi üçün yerlə təminatından başqa heç yerdən bir köməkliyimiz olmadı. Nə maddi, nə mənəvi, nə də fiziki... Adi bir şeyi deyim, tamaşalardan birinə skelet lazım idi-onu gedib aidiyyəti olmayan orta məktəbdən tapdıq. Onu da zədələdik və ziyanı ödədik. Yəni, bir adam bir kibrit çöpü qədər kömək etmədi. Nə otellə, nə yeməklə... Bizim xarici ölkələrdən yetərincə təcrübəmiz var idi. Məncə təcrübəsizlik görünmürdü.

- Dediniz ki, İttifaqdan başqa aidiyyəti qurumlardan heç birindən köməklik olmadı. Bəlkə bu sizin festivalın “Bir teatr- Bir festival” konsepsiyasından irəli gəlir: Beynəlxalq adlandırılan festivalın yalnız bir teatrın – Bakı Uşaq Teatrının daxilində keçirilməsi?

- Biz göstərmək istədik ki, bir teatr təşəbbüs irəli sürdü, başqa yerli teatrlar qoşulmasa belə, festivalı tamaşalarla yalnız bir teatr- Bakı Uşaq Teatrı təkbaşına təmin edə bildi. Bu, eqoizm kimi anlaşılmasın. Kimsə deyərdi ki, mən də iştirak etmək istəyirəm, deyərdik ki, buyur. Mən sadəcə olaraq göstərmək istədim ki, bunu edə bilərik.

- Deməli başqa teatrlar da qoşula bilərdilər?

- Əlbəttə. Hətta çox təəssüf edirəm ki, teatr xadimlərinin dəvətlərinə baxmayaraq bir teatrın bir nümayəndəsi festivalda iştirak etmədi.

- Ümumiyyətlə, festivalın keçirilməsində hansı çətinliklərlə rastlaşdınız?

- Maliyyə, maliyyə, bir də maliyyə. Kömək üçün müraciət etdiyimiz rəsmi qurumlardan o qədər maraqlı-maraqlı cavablar aldıq ki.

Axı bu yalnız Uşaq Teatrının işi deyil, Azərbaycan teatrının işidir. Hətta Türkiyə mədəniyyət nazirliyinin müvafiq şöbə nümayəndəsi festivalda iştirak etdi, amma bizdən belə nümayəndəni təəssüf ki, görmədik.

- Bakı Uşaq Teatrı mərkəzdən kənarda, Qaraçuxurda yerləşir.

- Bəli. Hətta Bu gün Bakı Uşaq Teatrının mərkəzdən sürgün olunduğu gündən bir il keçir.

- Teatrsevərlər Uşaq Teatrının tamaşaları ilə festivalda tanış oldular. Bu fövqəladə hal idi. Bəs tamaşaçılar Uşaq Teatrının tamaşalarını harada görə bilərlər?

- Bilmirəm. Yalnız bağçalarda, məktəblərdə. Nə vaxtsa mərkəzdə tamaşa oynaya bilsək, o zaman elanlardan öyrənib gəlib görə biləcəklər. Həm də Qaraçuxur, Günəşli, Əhmədli tərəfdə yaşayanların da teatra baxmaq haqqı var. Onlara da teatr lazımdır. Ümumiyyətlə uşaq teatrının mərkəzdən bu qədər uzağa atılması, cəmi iki otaqla təmin olunması hansı siyasətə xidmət edir, anlamıram. Nə deyim, mən də ətdən, qandan, sümükdən, dəridən ibarətəm. Enerjim tükənir. Bu laqeydliyin qarşısında çox da duruş gətirməyəcəm.

- Əgər mərkəzdə tamaşalarınızı göstərmək istəsəniz, yer üçün İttifaqa müraciət edə bilərsiniz. Sizcə, İttifaq bunun üçün sizdən icarə haqqı alacaqmı?

- Sizin yerinizə olsam bu sualı onların özünə verərdim. Əslində zalı bizə pulsuz verməlidir. Amma bilmirəm indi... Bilirsiniz festival günlərində məndən rəsmi və qeyri rəsmi qurumlardan bir neçəsi hətta soruşdu ki, İttifaq zalı sizə pulsuz verdi ki? Bu özü çox şeyi deyir. Amma Mən Azər Paşa müəllimə təşəkkür etməyi borc bilirəm ki, heç olmasa bu təklifimizi kənara tullamadı, yeri bizə pulsuz verdi, hərçənd ora “Aktyor Evi”di.

- Heç tamaşa göstərmək üçün zaldan ötrü İttifaqa müraciət etmisinizmi?

- Qorxmuşam müraciət etməyə.

- Qorxmusunuz ki, imtina edərlər?

- Hə, imtina eşitmək istəmirəm.

- Festival işini davam etmək fikriniz varmı, yoxsa bu son olacaq?

- Bundan sonra belə festivallar aidiyyəti olan qurumların dəstəyi ilə baş tuta bilər. Çünki, ən azından maliyyə baxımdan bu işin altına girə bilmərəm. Həm də əlimdə festivaldan daha maraqlı bir layihə var. Yaxın gələcəkdə eşidərsiniz, festivalı kölgədə qoyacaq bir layihədir.

# 3663 dəfə oxunub

Oxşar xəbərlər

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

12:30 16 avqust 2026
Əfsanəvi  “rok-n-roll kralı” haqqında maraqlı faktlar

Əfsanəvi “rok-n-roll kralı” haqqında maraqlı faktlar

11:30 16 avqust 2026
Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

11:30 15 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

17:00 14 avqust 2026
Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

16:30 14 avqust 2026
Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər