“Otel otaqlarının rəsmləri rəsmlərin fahişəsidir”

“Otel otaqlarının rəsmləri rəsmlərin fahişəsidir”
22 yanvar 2013
# 15:00

Ötən ilin son günlərində dərsdən sonra İçəri Şəhərdə bir sərgidə oldum. Sərgidə gördüklərim mən dərindən təsir etdi. Hər gün o sərgiyə gedib bu işlərə baxırdım. Bir neçə gün belə davam etdi və bir gün-dekabrın 30-u sərgi bağlandı. Bundan sonra təsəvvürümdəki “yaşlı” Ramal Kazımovu tapmaq və yaradıcılığı barəsində yazı hazırlamaq qərarına gəldim. Yaşlı Ramal bəy isə 25 yaşında yaraşıqlı bir oğlan çıxdı.

- Bu yaxında İçəri Şəhərdə “Yay! Gallery”də sərginiz oldu. Çoxları bu sərgidən sonra varlığınızdan xəbər tutdu. Necə oldu ki, işlərinizi sərgiləmək qərarına gəldiz? İdeya, təklif hardan yarandı?

- Təklif “Yarat”dan gəldi. Bu Azərbaycanda yaranan ilk “contemporary art”dı. Gənc istedadlara kömək etmək və bir araya gətirmək məqsədilə yaradılmış təşkilat.

- Sərgidən sonra aldığınız təkliflər, satdığınız işlər oldu?

- Rəsmlərimi aldılar bəli. Türkiyədə bir sərgidə işlərimi nümayiş etdirmək üçün təklif aldım, amma gedib getməyəcəyimə əmin deyiləm.

- Özünüzü hansı cərəyanın nümayəndəsi hesab edirsiz?

- Ekspressionizm cərəyanı istiqamətində fəaliyyət göstərirəm.

- Yaradıcılığınızda Salvador Dalinin dəsti-xətti var? Ümumiyyətlə hansı rəssamları sevirsiz?

- Yox. Dali deməzdim. İşlərim Şileyə yaxın ola bilər, ya da Monka. Bir nəfərin adını çəkmək çətindi, Pikasso, Edvard Munk, Frensis Bekon və s.

- Bakı yaradıcı insan üçün sıxıcı, primitiv şəhər deyil ki?

- Yox, yox. Fikir verin bir yerdə ki, çətin yaşam tərzi olur, müharibə olur, savaş olur orda yaratmaq daha məhsuldar olur. Əfqanıstan rəssamları gözümüzün qabağındadı. Bakı da elə.

- Bakını yığcam bir portretdə necə təsvir edərdiz? Əsas hansı elementdən istifadə edərdiz?

- Bu haqda düşünməmişəm. Amma Qız Qalası və Alov Qüllələrindən istifadə etmərəm.

- Yaradıcılığınıza freydizmin təsiri sezilir.

- Freydi oxuyuram və bəyənirəm. Hər halda şüuraltıma təsirləri ola bilər. Bunu deyə bilmərəm.

- Hansı müəllifləri oxuyursuz? Ümumiyyətlə rəssama mütaliə lazımdırmı?

- Rəssama aktiv həyat tərzi kimi mütaliə də lazımdı. Qabriel Qarsia Markesi, Çarls Dikkensi, Qoqol və başqalarını bəyənirəm.

- Əsərlərinizdə intim məqamlardan qabarıq istifadə edirsiz.

- Baxın xanım, məsələn işin adı “Ehtiras”dı siz bunu necə təsvir edərdiz?

- Seksual həyatınız qaydasında deyil? Bu işlər şüuraltınızda seksual tələbatınızın ödənilməməsi ilə bağlı ola bilər?

- Azərbaycanda çox adamın cinsi tələbatı tam ödənilmir.

- Sizdən danışıram.

- Məndə də bəzən olub, amma hal-hazırda qaydasındadı. Nitsşe kimi bir adam hər zərbəni, hər problemi seksə bağlayıbsa, biz niyə bağlamayaq?

- İntim məqamlara görə tənqidlərə çox məruz qalırsız?

- Yox birbaşa tənqidlə rastlaşmamışam. Amma işlərimi sərgiləməkdə bəzən problemlər törənir. Bilirsiz, rəsmlər sərgidədi, heç kimin anasına-bacısına zorla gəl həmin işlərə bax demirik ki. Yaratdığım obraz əllərini qaldırırsa cinsi orqanının yerinə nə çəkmək lazımdı? Azadlıqdan danışıramsa necə o yeri örtə bilərəm mən? Tamaşaçı utanır? Qoyun utansın. Burda pis nə var ki?

- Yaradıcı insan üçün ilham qaynağı nədi? Səmimi desək, işlərinizlə tanış olanların çoxu “pis vərdişlər”inizin olması qənaətindədi.

- Mən ümumiyyətlə siqaret də çəkmirəm. Pis vərdiş deyəndə nəzərdə tutduqlarınızdan yalnız içki içirəm. Amma bu özü də bir mədəniyyətdi və içkili halda xüsusi bir əsər yarada bilmirəm.

- Hansı musiqi janrlarını dinləməyi sevirsiz? Daha çox klassika?

- Dərin musiqi zövqü olan hər kəs yorulmadan klassika dinləyir. Mənimsə dinlədiklərim dəyişkəndi. Məsələn, keçən il Şadeyə qulaq asırdımsa bu il artıq dinləmirəm.

- Vətən anlayışı sizin üçün nədi?

- Özünü rahat hiss etdiyin, ayrıldıqdan sonra darıxdığın geri qayıtmaq istədiyin yer demək olar, amma bu şərti refleks , öyrəşmə və s. ola bilər. Məncə qarşılıqsız sevmək lazımdı vətəni. Və dünyanın hansı ölkəsinə gedirsənsə get, nə qədər yaxşı davransalar da sənə beşinci dərəcəli insansan. Amma öz vətənində birinci dərəcəlisən. Birinci dərəcəli olduğun yer sənin vətənindi (gülür).

- Tarixi şəxsiyyətlərdən kimləri sevirsiz?

- Napoleon daha çox təqdirəlayiqdi. Xalqı arxasında durmasa da böyük addımlar atdı, düzdü sonu arzuladığı kimi olmadı, amma cəsarəti təqdirəlayiq idi. Atatürkü qeyd etmək olar – bunu türkçülüklə əlaqələndirməyin, türkçülükdən dolayı demirəm. O dini radikalizmin tüğyan etdiyi bir vaxtda onu boğdu, dindar cahilləri təhsil rəhbərliyindən uzaqlaşdırdı. Türkiyənin modernləşməsi, müasirləşməsi və yeni əsaslarla güclü bir dövlətə çevrilməsi üçün əlindən gələni etdi. Atatürk təkcə Şərqin yox, bütün dünyanın qəbul etdiyi liderlərdən idi. Bəlkə də o şəxsiyyət qərb liderlərindən olsaydı fəaliyyəti bu qədər parlaq görünməzdi, amma o şərq aləminə bir hədiyyə idi.

- Dini inancınız nədi?

- Deist . Dindən uzaqlaşdıqca Allaha yaxınlaşırsan. Mən bir Allah tanıyıram, dinlərsə önəm daşımır mənimçün.

- Yaradıcılığınızda narazı, əzab çəkən, narahat obrazlar üstünlük təşkil edir. Daxilinizdə ziddiyyət çoxdu?

- Deməzdim. Mən sadəcə qatı humanizmin tərəfdarıyam və bir çox şeylərlə razılaşa bilmirəm. Məsələn şərq ölkələrində baş verən vəhşiliklər, edamlar və s. müasir dövrdə bunların hələ də mövcud olması gülüncdü. Eləcə də adi cəmiyyət nümayəndələrində çox şeylə razılaşa bilmirəm. Çox emosionalam, aqressivəm, bu da yaradıcılığımda özünü istər-istəməz göstərir.

- Eskizlərinizdən birində Roma papasının, çadralı xanımın yanında qaradərili, arıq bir uşaq obrazı yaratmısız. Somalidəki uşaqlar sizi doğurdan narahat edir?

- Yox, bu obraz ümumilikdə dünyanın ac uşaqlarının loqosudu. Mən orda ağlayan, sarışın alman uşağı təsvir etsəydim bunu heç kim ac uşaq kimi qəbul etməzdi.

- “Qadın arzusu” adlı eskizinizdə aydın şəkildə kişi cinsi orqanı təsvir etmisiz. Sizcə qadınların arzuları bu qədər primitivdi?

- Bilirsiz, əslində bu qadınların eqoistliyinin, hikkələrinin göstəricisidi. Məsələn emalatxana yoldaşım olan bir xanım kişi portreti işləyib adını da qoyub “Anadangəlmə fahişə”. Hə o fikirlə razıyam ki, qadınları fahişə edən bəzi kişilər elə özləri anadangəlmə fahişədirlər. Amma burdakı qadın hikkəsini görürsüz? Xəyanətə uğrayan hər qadının ağlına gələn ilk şey sevgilisini cinsi orqanından asmaq arzusu olur. Mən də asılmış cinsi orqan rəsminə “Qadın arzusu” adını vermişəm.

- Hansı filmdə özünüzü tapmısız?

- Maraqlı sualdı (gülür). “Yayın 500 günü”. Ordakı oğlanı görmüsüz?

- Hə. O dərəcədə sevirsiz?

- Yox. Sadəcə o dərəcədə bağlanıram.

- Səhv etmirəmsə eskizlərinizin ikisində “qapıçı” obrazı canlandırmısız. Futbolu çox sevirsiz?

- Mən əslində futbolu sevirəm və sevmirəm. Çünki sözün əsl mənasında idmanın əxlaqsızlığıdı futbol. Qlobal qumar. Orda fırlanan pullar, siyasi oyunlar futbolu ləkələyib. Nəzərə alsaq ki, bir İngiltərə Premyer Liqasında İngiltərə büdcəsindən çox pullar fırlanır, bu xoşagələn deyil. Bu gün dünyada incəsənət fahişəliyi var. Hansısa otelin otaqlarını bəzəmək üçün yaradılan rəsmlər incəsənətin fahişələridi.

Futbolu da idmanın fahişəsinə çeviriblər. Matç izləmək özü isə bir fəlsəfədi. Azarkeşlər, yaşıl stadion. Bunu izləmək çox gözəldi. Messi ya da Kristiano futbol stadionunda bir filosofdu. O sahədən kənarda isə heç kim. Futbol həmçinin kütlənin idarə olunmasında gözəl vasitədi. Lazım gəlsə iki komanda azarkeşlərini süni bir problemlə bir-birinə qırdırmaq çox asanlıqla mümkündü. Futbolla Braziliya kimi bir dövlətin iqtisadiyyatını dağıtmaq olar. Futbol artıq idman formatından çıxıb.

- Sizə elə gəlmir ki, işlərinizə ad verməklə tamaşaçının təxəyyülünə məhdudiyyət qoyursuz?

- Onu düz deyirsiz. Bilirsiz, mən onları adsız da qoya bilərəm, amma tamaşaçı o qədər primitiv düşünür ki, mənim qoyduğum ad onun ideyalarına sədd çəksin? Yenə də razıyam sizinlə.

- Sevirsiz? Bu yaradıcılıqda uğur əldə etmək üçün şərtdi?

- Bilmirəm ( gülür). Şablon sevgiləri uzaq tuturam. Bu axı absurddu, mən səni sevirəm, hə mən də səni. Niyə rəqəmləşdirək? Niyə ad verək? Sevgidən əlavə o qədər qarışıq hisslər var, onlara ad vermək olmur, bu ki sevgi deyil. Çox istədiyim bir neçə xanım var, amma sevirəm deməzdim. Sevirəm sözünün məsuliyyəti böyükdü. Və həmişə yanımda olsun deyə evlənmək də absurddu. Bilmirəm, qarışıq mövzulardı bunlar. Siz bilirsiz nədi sevgi?

- Yox.

- Mən də bilmirəm.

# 5545 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #