Müstəqillikdən sonra Azərbaycanda inkişaf edə bilməmiş, dünya səviyyəsinə çıxa bilməyən sahələrdən birinin də kino olduğu tez-tez vurğulanır. Lakin son illər peşəkar və həvəskar rejissorların bir sıra filmlərinin sorağı, Venesiya, Kann kinofestivallarından gəlir. İl ərzində bir sıra filmlərimiz artıq beynəlxalq kinofestivallarda nümayiş olunur, mükafatlar qazanır.
Yerli rejissorların müəyyən çatışmazlıqlar fonunda ərsəyə gətirdikləri filmlər bizi yaxın gələcəyə nikbin baxmağa kökləyir.
A24.Az saytı son illər film sahəsində uğurlu addımları ilə tanınan bir neçə Azərbaycan rejissoru ilə onların hazırda üzərində işlədiyi filmlər haqqında danışıb.
Rejissor, prodüser Əli İsa Cabbarovhazırda quruluşçu rejissoru İlqar Nəcəf olan “Nar bağı” filmində xətti prodüser işini həyata keçirir. “Nar bağı” dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur.
Əli İsa Cabbarov bildirdi ki, film maraqlı bir ailə dramı üzərində qurulub. “Psixoloji dramdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov və İlqar Nəcəf, quruluşçu operatoru Ayxan Salardır. “Nar bağı”nın çəkilişləri bu ilin oktyabr ayının 4-dən etibarən Göyçay rayonu ərazisində başlayacaq. Çəkilişləri noyabr ayı ərzində başa çatdırmağı planlaşdırırq. Filmin təqdimatı isə 2017-ci ilin yaz aylarında gözlənilir”.
Əli İsa Cabbarovun sözlərinə görə bununla paralel ssenari müəllifi və rejissoru özü olacaq “Narıncı paltolu qadın” tammetrajlı bədii filmin ssenarisi üzərində işləyir.
“Əzizim Fellini”, “Azarkeş”, “Dərs” və digər bədii filmlərinin rejissoru Cavid Təvəkkül“Dərs”dən sonra başqa bir filmin çəkilişlərinə start verə bilmədiyini vurğulayır. “Hazırda əlimdə çox gözəl bir ssenari var. Çox istəyirəm o ssenarini çəkim. Filmin çəkilişləri üçün demək olar ki, hər şey hazırdır. Bircə maddi baxımdan təminatımız hazır olmadığına görə işə başlaya bilmirik. Çəkəcəyim tammetrajlı filmin adı “Freyd” olacaq”.
“Məbədin ürəyi”, “Daxili cənnət”, “Sonuncu”, “Atəşin harayı” və digər bir sıra filmlərin müəllifi, filmlərində avanqard çalarlara üstünlük verən rejissor Teymur Daimi isə çox maraqlı, eksperimental film üzərində çalışır. Rejissor film haqqında əvvəlcədən ətraflı məlumat verməyi xoşlamasa da, qısaca bildirdi ki, üzərində işlədiyi layihə 80% faiz sənədli filmdir. “Film eksperimental olacaq. “Bu eşqdir” adlı qeyri-ənənəvi sturukturlu filmin montaj prosesindəyik. Montaj təxminən 1 aya yekunlaşdırlacaq. 1-2 ay ərzində filmin hazır olacağını güman edirəm.”
Bir sıra beynəlxalq müsabiqələrdə uğur qazanan gənc rejissor Elvin Adıgözəl bu yaxınlarda yeni bədii filmini tamamladığını bildirir. “Hazırda montajını bitirdiyimiz filmin festivala göndərilməsi işini görürük. Filmin və festivalın adını açıqlamaq festival qaydalarına ziddir. Film haqqında onu deyə bilərəm ki, günümüzün reallıqlarından bəhs edən tammetrajlı dramdır”.
Daha çox sənədli filmləri ilə diqqət çəkən, eyni zamanda “Yaz havası”, “Sərçələrin payı”, “Tibliso” bədii filmlərinin müəllifi rejissor Tahir Tahiroviç (Tahir Əliyev) bəstəkar Aqşin Əlizadəyə həsr olunmuş sənədli film üzərində çalışdıqlarını bildirir. “Filmin çəkilişlərinə təxminən 3 il əvvəl, hələ bəstəkarın sağlığında başlamışdıq. Təəssüf ki, o özü bu filmi seyr edə bilməyəcək. Ancaq onun həyatını, xalqımız üçün gördüyü işləri insanlara, tamaşaçılara bir daha təqdim etməyi özümüzə borc sayırıq”.
Hazırda montaj işlərinin yekunlaşmaq üzrə olduğunu deyən rejissor filmin nümayişini noyabr ayına planlaşdırdıqlarını vurğuladı.
Avanqard, sənət filmlərinə üstünlük verən gənc rejissor Şahin Xəlil də hazırda növbəti film üzərində işlədiyini bildirib. “Bəli, hazırda üzərində işlədiyim bir film var. Absurd, qara komediya janrında qısa metrajlı filmdir. Hələ ssenari üzərində işləyirəm. Hadisələr bir məkandan və bir rakursdan təqdim olunacaq. Qısa film olduğundan mövzu haqda bir onu deyə bilərəm ki, Kafkanın “Çevrilmə”sini azərbaycanlı sıradan bir insanın timsalında göstərməyə çalışacağam. Yəqin ki gələn ilin ilk yarısına qədər tamamlanar.
Müstəqil şəkildə çəkəcəyimizi nəzərə alsaq, çətinlikləri öncədən bilirik və planlı şəkildə işləsək, inanmıram ki, hər hansısa işimizi gecikdirən problemlə üzləşək”.
“Əbədi ezamiyyət” sənədli filmi ilə özünü bir daha təsdiq edən gənc rejissor Fariz Əhmədov isə hazırda üzərində konkret iş gördüyü film olmadığını bildirdi. “Bir neçə layihə üzərində düşünürəm. Amma hələki üzərində konkret işə başladığımız bir film yoxdur”
Kinoprodüser, rejissor Fehruz Şamıyev hazırda bir sənədli filmin çəkilişlərinə hazırlıq işləri gördüklərini bildirdi. “Azərbaycan-Ermənistan münaqişəsi, ümumilikdə münaqişəli məsələlərlə bağlı bir sənədli film çəkməyə hazırlaşırıq. Hazırkı müddətdə filmin maddi bazasını həll edirik. Çəkilişlər üçün qarlı, soyuq havaların vacib olduğundan çəkilişləri qış aylarına saxlamışıq. Yəqin ki, tezliklə çəkilişlər də start götürəcək.
Rejissor filmin adının hələ dəqiqləşmədiyini, çəkiliş və montaj prosesində adın dəyişəcəyindən ehtiyat edərək bu barədə məlumat verə bilməyəcəyini dedi.
Ümid edirik ki, rejissorlarımızın bu gün söz açdığı filmləri də onların filmoqrafiyasında sanballı yer tutacaq, beynəlxalq və yerli müstəvidə uğur qazanacaq.