Kişi olmaq istəyirdim – HEKAYƏ

Kişi olmaq istəyirdim – <span style="color:red;">HEKAYƏ
12 avqust 2015
# 12:00

Kulis Ramilə Qurbanlının "Kişi olmaq istəyirdim" hekayəsini təqdim edir.

O vaxtlar 4-5 yaşındaydım. Evdə nənəm, anam və mən olardıq əsasən. Atam da vardı, üstəlik babam da, amma onları az-az görərdim. Atam səhər işə gedəndə mən yatılı olardım, axşam da mən yatana yaxın gələrdi. Yaxınlaşıb ona nə isə demək istəyim həmişə yarıda qalardı – oğlum, mən yorğunam, anandan-soruş cümləsini eşidəcəyimə artıq hazır olduğumdan çox vaxt beynimdə o cümləni təkrarlayıb yatmağa gedərdim.

Babamsa elə bil yoxdu evdə, onsuz da son fikir nənəyə və anama məxsus olduğundan babam da hər şeydə onlardan məsləhət alardı. İcraedici idi babam, onlar nə desə, elə də edərdi. Hətta mənim onunla oynamaq, harasa getmək istəyimi də nənəmdən soruşardı ki, bu uşaq futbol oynamaq istəyir, bəlkə, aparım onu həyətə bir az oynasın uşaqlarla. Nənəm ağzını açmamış anam dillənərdi: “Yox, lazım deyil, pa, qələt eləyir, oynayacaq, tərləyəcək, xəstələnib-eliyər” Vəssalam, qərar verildi, bu istəyim də getdi o biri nakam istəklərimin arxasınca. Bəs, indi neynəyim deyə, öz-özümə düşünüb bir qərara gələ bilmirdim. Babam da bir azdan düşürdü həmyaşıdları ilə həyətdə domino oynamağa, mən qalırdım nənəmlə anamın qonşu qadınlardan, rəfiqələrindən elədikləri qeybətlərin ahəngi altında. Kim o gün necə geyinmişdi, kim hansı kişi ilə gedib-gəlir. Nənəmin hansı qadınlasa sözü çəp düşüb, nənəm ona nə deyib, o, qadın nə cavab verib, nənə danışdıqca anam da elə öz mətbəximizdəcə qızışıb öz aləmində nənənin ona verə bilmədiyi cavabları döşüyürdü o qadının qabırğasına. Qarşıma qoyduqları yeməyi iştaham çəkmədiyi halda güc-bəla ilə bu söhbətlərin ritmi altında mədəmə ötürürdüm. Ağzım nədir ötürməyim, nənə bir tərəfdən, ana da o biri tərəfdən düşüb üstümə o boşqabda olan yeməyi son tikəsinə qədər mənə yedirtməyincə rahat olmazdılar. Əgər yeməsəydim, xəstə düşərdim, zəifləyərdim, yekəlməzdim, hətta ölərdim. Bütün bu bəlaların qarşısının alınması üçün mən mədəm tələb etdi-etmədi, istədim-istəmədim yeməliyəm.

Axşamı həsrətlə gözləyirdim ki, yuxu məni tutmadan atam gəlsin, yaxından ünsiyyətdə ola bilməsəm də atamın qəddi-qamətinə, əzələlərinə, əllərinin üstündə Bakı-Ceyhan kəməri kimi uzanıb gedən damarlarına baxıb özümün gələcəkdəki quruluşumu xəyalıma gətirim. Ən böyük arzum böyüyüb atama oxşamaq idi. Atamın saç forması da fərqli idi, əsil kişi saçı, qulaqlarının, boynunun arxasından səliqəli qısa vurulmuş, qabaq tərəfindən nisbətən gur. Nə qədər çalışırdım ki, mən də saçımı elə düzəltdirim, anam qoymurdu. Məni qadın salonuna öz saç ustasının yanına aparır, öz istədiyi formanı diktə edərdi, sonra da baxıb saçıma gözləri elə alışıb yanardı ki, elə bil qarşısında əsil bir supermen dayanıb. Mən belə supermen olmaq istəmirdim, amma anamın o parlayan gözlərinə etiraz da edə bilmirdim. Etməyimin də bir faydası olmayacaqdı. Mənim saçım arxadan qız saçı kimi boynuma tökülmüş, qabaqdan da xoruz kimi pipikli olmalı idi, anama belə xoş gəlir. Bir dəfə salona məni nənəmlə göndərdi, özü evdə kiçik bacımla qalmalı oldu. Sevindim ki, salondakı ustaya deyəcəm, saçımı atamın saçı kimi düzəltsin, yenə alınmadı. Mən ustaya atamın saçı kimi istəyirəm dedim, nənəm anası elə istəmir pıçıldadı. Sonra da nənəm anama zəng eləyib telefonu ustaya verdi, salondan yenə arxası quyruqlu, qabağı pipikli saç düzümü ilə çıxdım, gözlərim də yaşlı. Əvəzində nənəm məni qucaqlayıb anamın istəklərinə tabe olmalı olduğum zəminində moizə söyləməklə könlümü almağa çalışırdı.

Mənim saçım heç vaxt atamın saçı kimi olmadı, 1-ci sinfə gedəndə də həmin saçla getdim, çünki anam istədi ki, ilk günlər hamı mənim o saç formamı görsün, sonra müəllim deyən kimi məktəbli saçı formasına saldırarıq. Saçımsa heç məktəbli saçı kimi də olmadı heç vaxt, müəllimə deməkdən yoruldu, anam eşitməzliyə vurmaqdan, müəlliməyə öz düşüncəsində əsaslı nümunələr gətirməkdən yorulmadı ki, uşaq gərək başqa uşaqlardan seçilsin, anama görə biz başqalarından seçilməli idik, nədənsə. Nəticədə mən özümü kişi hiss etmək zövqündən məhrum olunurdum, həmyaşıdlarım qızların yanında özlərini öyəndə mən kiçilirdim, çünki öyməyə bir nəsnə tapmırdım, o qızlardan seçilmirdim ki, oğlanlar da hər addımda elə qızların yanındaca bunu mənə deyirdilər. Zaman-zaman oğlanlardan o sözləri eşitməmək üçün qaçıb qızlarla ünsiyyətdə olurdum, tənələr də get-gedə daha çox artırdı.

Metroda, avtobusda durub bir qadına yer verəndə dünyanın ən xoşbəxti olardım, onda özümü azacıq kişi kimi görə bilirdim, nənəm əlimdən dartıb ya qucağında, ya yanında oturduncaya qədər. Bəzən özü durub yerini mənə verir, çantamı da özü saxlayırdı, bundan təsiredici hadisə olmazdı həyatımda, xırdalanıb yumağa dönərdim o zaman.

Yeniyetmə vaxtı bir dəfə həmyaşıdlarımla çimərliyə getmişdik, top da götürmüşdük özümüzlə, elə bil qol-qanad açmışdım. Həm futbol oynayır, həm də oğlanlarla qızlar barədə açıq söhbətlər edirdik. Bir də gözümü açdım ki, nənəmlə anam yanımdadılar, hər ikisi çimərliyə gəlib ki, birdən mən pis oğlanlara qoşulub yolumu azaram. Daha istəsəm də oğlanlarla qala bilməzdim, hamısının baxışları mənə “Ana uşağı” kəlməsini deyirdi.

Ən böyük zərbəni bu kəlməni mənə sinfimizdən sevdiyim qız deyəndə aldım. Dedi, sən hələ ana uşağısan, sən nə bilirsən sevgi nədir...

O gündən qızlardan da qaçmağa başladım, elə bildim hamısı mənə istehza ilə baxır.

Çox istəyirdim ki, bu sözdən qurtulmaq üçün hardansa, kimdənsə kişilik düsturunu öyrənim. Axtarırdım, tapmırdım, evdə də, məktəbdə də vurma cədvəlini öyrədirdilər, kişilik öyrədən yox idi. Hərdən müəllimələr “kişi ol” deyirdilər, amma kişi olmaq üçün necə hərəkət etməli, bunu kimdən öyrənməli olduğumu demirdilər. Yalnız hərbi hazırlıq dərsini kişi müəllim tədris edirdi, bunu da çox gördü mənə taleyim, mən yuxarı siniflərdə oxuyanda bu dərslərin saatı aşağı salındı.

Orta məktəbi bitirəndə təyyarəçi olmaq istəyirdim, evdə hamı, hətta indiyə qədər heç nə ilə maraqlanmayan atam da məni polis görmək istədiyini dedi. Heç kimi başa sala bilmədim ki, mən polis olmaq istəmirəm, təyyarəçi olmaq istəyirəm. Hirsimdən evdən qaçdım, ayağım tutduqca getdim, qaçdım, irəlilədim, təki məni əhatə edən insanlardan uzaqlaşım, heç kim məni tapmasın. Sonra...

Sonra qaranlıq düşdü. Qaranlıqda da olsa heç vaxt görmədiyim özgürlüyümə qovuşmuşdum. Kimdənsə siqaret alıb tüstüsünü azadlığın qoxusu kimi ona təşnə ciyərlərimə çəkdim. Girmədiyim kafe-bar qalmadı, harda gəldi gecələdim. Heç kim məni zorla yedirtmədi, istəmədiyim heç nəyə təhrik olunmadım. Nə etdimsə istəyərək etdim, amma nəyi etmək olar, nəyi olmaz məsələsində çox yanıldım. Çünki... qərar verməkdə adətkar deyildim.

Bir gün evə qayıtdım, darıxdım yaxınlarım üçün, istədim onları görüm. Qapını üzümə açan anam mənə yad kimi baxdı, nənəm də, babam da, atam da məni qəbul eləmədilər. Əslində mən anamın istədiyi formada idim, qız kimi, həm də yalnız saçım deyil, təpədən-dırnağa. Anamsa mənə baxıb ağlayırdı. Qarşısındakı oğlu idi, amma... Anama bu acını yaşatmaq istəmirdim, heç vaxt istəməzdim, sadəcə, mən artıq kişi ola bilmirdim.

Bir vaxtlar mən kişi olmaq istəyirdim...

# 2644 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #