“Qadınlarla daha çox vaxt keçirirəm” - REPORTAJ

“Qadınlarla daha çox vaxt keçirirəm” - <span style="color:red;">REPORTAJ
28 iyul 2015
# 13:28

Yazar Orxan Adıgözəllə müalicə aldığı xəstəxanada görüşdük. Hər palatanın qabağından keçəndə əlil arabasına məhkum olunmuş adamları görmək, onların mənim yeriməyimə donuq ifadələrlə baxması... Maksim Qorkinin “Ostrovlar” hekayəsində tauna tutulmuş insanları ilk dəfə görən baş qəhrəmanın halına düşmüşdüm.

Qəza tarixçəsi

Yaxınlıqdakı stadiona getdik. Orxanın gözləri ilə qarşımdakılara baxırdım: futbol oynayan gənclər, velosiped sürən uşaqlar, gəzişən qadınlar, qızlar, oturub söhbət edən yaşlı adamlar...

“Məhdudiyyət qazanandan sonra bir il çölə çıxmadım. Çıxandan sonra sanki Hollivud ulduzlarından biri səhnəyə gəlmişdi. Hər bir baxış mənə tuşlanmışdı. İndi də olmadığım yerdə yazıq kimi baxanlar, dilənçi hesab edib pul verənlər də olur. Əvvəl buna aqressiv yanaşırdım. Daha sonra adi gəldi, öyrəşdim. Bura təzə-təzə düşəndə hamı qeyri-adi baxırdı. Azərbaycanda 500 minə yaxın əlil arabası istifadəçisi var. Onlara da həmin o baxışlar olur, kompleks olur, evdən çölə çıxmırlar. Nəqliyyata görə çıxa bilmirlər. şəhərə çıxmaq mənə də çox çətindir. Metro, avtobusu da istifadə etmək çətin gəlir.”

Orxan Adıgözəl Bakıda anadan olub, əsli Sabirabaddandır. Məktəbi bitirdikdən sonra Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub: “Oranı da seçməyimdə məqsəd vardı. Almaniyaya getmək istəyirdim. Mənim əmimin yoldaşı alman dili müəllimi idi. İxtisasım menecment idi. Onun məsləhəti ilə buranı seçdim. İkinci kursdan sonra tələbələri Almaniyaya praktikaya göndərirdilər. Kənd Təsərrüfatı olsa da perspektivli idi. Ancaq təhsilimi tam almaq qismət olmadı. İkinci kursu bitirəndən sonra qəza keçirdim. Hadisə Sabirabadda oldu”.

Qarşımızdan keçən insanlar Orxanı salamlayır, onun əhvalını soruşur, qəhrəmanımız isə onlara gülərüzlüklə, sevgiylə cavab verir. Futbol oynanılan yerdə dayanıb oyunu seyr edirik. Qəfil top gəlib yanımıza düşür. Orxan diqqətlə məni izləyir, topu vurub stadiona qaytarıram. İrəlidə çay kimi qıvrıla-qıvrıla axan cavanlar təzədən oyuna girişirlər.

“Çaya düşdüm, konsentrasiyamı itirdim və onurğadan travma aldım. Daha sonra universitetə getməməyim barədə xəstəlik kağızı verdilər. Sonra vəziyyətimin pis olmağına baxmayaraq məni universitetə çağırdılar. Burdan Gəncəyə getməyim fiziki mənada mümkünsüz idi. Müalicə alırdım. Bir ildi əlil arabasına oturmurdum, uzanıqlı vəziyyətdə qalırdım. Terapiyadan sonra bir az qollarıma güc gəldi, əlil arabasından istifadə etməyə başladım. Beləliklə, universitetlə problemim yaşandı. Təhsillə bağlı yazımdan sonra isə mənə zəng gəldi, kömək eləmək istədilər. Dedilər ki, Bakıya düzəltmək olar və bu yaxınlarda İqtisad Universitetinə bərpa etdilər məni, həmin fakültəyə, qiyabi. Ev şəraitində imtahanımı vermişəm, artıq 3-cü kursa keçmişəm”.

“Mən aktiv həyat yaşamışam”

Bu vaxt bir qara oğlan velosipedlə gəlib qarşımızda dayanır.

- Nətərsən? Necəsən? Neynirsən?

- Sağol, yaxşıyam. Sən? – Orxan gülümsünür, ancaq oğlan cavab vermədən uzaqlaşır.

Futbol oynayanlar qırağa çəkilib dincəlir, acgözlüklə şüşə butulkadakı suyu başlarına çəkir, deyə-gülə söhbət edirlər. O biri tərəfdə yeniyetmələr akrobatik hərəkətlər edir, tullanır, salto vurur...

“Mən aktiv həyat yaşamışam. Azərbaycan Kapoyera Məktəbinin direktoru işləmişəm Gəncədə. Dinomado məşqçi idim, tələbələrim vardı, özüm mavi kəmərə qədər qalxmışdım. Ondan əlavə 6 il futbolla, sərbəst güləşlə məşğul olmuşam. Boksla məşğul olacaqdım, xəstəlik imkan vermədi, qismət olmadı. Əlil arabası yalnız müəyyən mənada fiziki məhdudiyyətdir. Tam həyatın bitməsi deyil”.

Xəstəxanada olanda bərk darıxır, gəzdiyi, idman elədiyi günləri yadına salır, ancaq bir də o anlara qayıda bilməyəcəyini də anlayır: “Əvvəllər psixoloji sarsıntı olmuşdu. Bir ilə yaxın davam elədi. Reanimasiyada idim, süni nəfəs aparatında. Ordan yalnız bir parça göy üzünü görə bilirdim. Günlərlə eyni vəziyyətdə uzanıqlı qaldım. Bezikdim, Allaha üsyan da oldu. Daha sonra Qurandan bir ayə yadıma düşdü. Bəqərə surəsindən: “Biz sizi bir az canınız, bir az malınızla imtahana edərik. Səbir edənlərə müjdə verərik.” Bu sözlər stimul verdi. Daha sonra özümə gəldim. 28 gün ərzində süni nəfəs aparatında idim, həkimim çox kömək oldu, dəstək oldu, onun da köməyi dəydi. Süni nəfəs aparatından xilas oldum. Amma əvvəl nə yemək yeyə bilirdim, nə su içə bilirdim, nə də danışa bilmirdim. İntensiv reanimasiyaya düşəndən sonra hər şey düzəldi”.

“Biz əlli manatdan aşağı pul götürmürük”

Onu düşdüyü bu ağır vəziyyətdən xilas edən içində heç vaxt tükənməyən inancı olub: “Xilas birinci inancım idi. Başqa inanclı adamlara da hörmət edirəm. İnsan düşdüyü situasiyaya öyrəşir və çalışır ki, əlinə düşən resurslardan kifayət qədər normal istifadə edə bilsin. Sınmadım. Ailədən dəstək oldu, onların təsiri oldu. Oxuduğum kitablara yadıma düşdü və onların da köməyi dəydi. Süst olmaq, əlini yanına salmaq nəyə lazım?”

Orxanı narahat edən məsələlərdən biri fiziki məhdudiyyəti olan adamlara “əlil” deyilməsidir: “Əlil deyirlər, fiziki qüsurlu deyirlər. Bu yanlışdır. Psixoloji problemi olan adama necə ki, psix demirlər, əlilliyi olan adama da əlilliyi olan şəxs deyə müraciət olmalıdır. Kor, kar, lal yox, eşitmə, görmə, danışma məhdudiyyəti olan şəxs kimi çağırılmalıdır”.

Gündəlik qarşılaşdığı, ona tuşlanan yazıq baxışları ironiya edir Orxan Adıgözəl: “Məsələn, qız qulağını çəkəndə deyirəm, bir az da çək böyüsün. Pul verəndə deyirəm biz daha çox pul götürürük”.

Tarqovıda tək dayanıb dincəldiyi vaxt bir xanım yaxınlaşır, çantasından bir manat pul çıxarıb ona uzadır: “Dedim xala, biz əlli manatdan aşağı götürmürük. Səbəbini soruşdu. Dedim, bizdə prinsiplər belədir. Yanındakı qız isə dedi ki, ana bu pul götürmür. Üzr də istəmədilər sonra. Hətta heyrət dolu baxışlarla mənə və qızına baxır, təəccüb edirdi ki, nə əcəb götürmür. Mən də lovğalıq kimi çıxmasın, dilənçiyə oxşamırdım, normal geyimim vardı. Təbii, bilirəm, əlil arabasına oturub dilənən adamlar da var. Qətiyyən qınamıram onları, kənardan yardım etmək istəyənlər olur.”

“Ən sevdiyim janr faciədir”

Ailəsi haqqında çox qısa danışır: “Atam ustadır, anam universitetdə müəllimə idi, İncəsənətdə, maarifləndirmədə. Mən əlil olandan sonra işə getmədi. Kömək etmək üçün evdə qaldı. Bacım isə Müəllimlər Universitetində oxuyur, nişanlıdır”.

- Kitab oxuyursunuz, Orxan?

- Hər gün bir az oxumağa çalışıram.

- Necə kitabları sevirsiniz?

- Ən sevdiyim janr faciə janrıdır. Əlimizə nə keçdi oxuyuruq deyən olur, bunu vaxt itkisi hesab edən də. Oxuma vərdişinin yaranması üçün hər hansı adi bir əsər də bizim gələcək mütaliəmizin formalaşması üçün şərait yaradır. Bunu hansısa məşhur yazıçı da demişdi.

- Ən sevdiyiniz yazıçı...

- Konkret ən sevdiyim yazıçı yoxdur. Klassiklərdən də, müasirlərdən də oxuyuram.

- Gənc yazarlardan kimləri oxuyursunuz?

- Axırıncı dəfə gənc yazarlardan Cəlil Cavanşirin “Qadın corabları” romanını oxumuşam və xoşuma da gəlib. Bir də Seymur Baycanın “Mənim mübarizəm” kitabını oxuyuram.

“Qadınlarla daha çox vaxt keçirirəm”

- Mən əslində ünsiyyətcil adamam. Tanımadığım insanlarla belə danışmağı sevirəm, onlara ədəbi məhsul kimi yanaşıram. Qadın psixologiyasını öyrənmək istəyirəm, qız dostlarım çoxdur. Qadınlarla daha çox vaxt keçirirəm.

- Anlaya bilirsiniz qadınları?

- Anlamaq çətindir. Paulyo Koelyo deyir ki, mənim həyatımda neçə qadın olub, amma onları anlaya bilmirəm.

- Oskar Uayldın sözü var, qadınları anlamaq yox, sevmək lazımdır.

- Qadın özünə hörmət edirsə, sevgisini eqoistcəsinə nümayiş etdirmirsə sevməyə dəyər. Kişilər bizə diqqət yetirmir deməklə olmur. Qadın özünə diqqət yetirirsə, eqoist deyilsə, kişi ona avtomatik diqqət yetirəcək.

- Azərbaycan qadını istedadın düşmənidir?

- Mən onu tam xarakterizə edə bilmərəm. Tipik formada olan müxtəlif qadınlar var. Oxumamazlıqdan istedada düşmən kəsilib. Ümumiləşdirmək istəmirəm. Xanımlar indi oxuyurlar. Kişilərdən də çox oxuyurlar Dünyada da belədir. Qadınlar daha çox kitab alır.

- Qadın eqoizmidir bəlkə... – gülürəm.

- Qadınlarımızda intriqa var. Emosionallıqdan olur bunların hamısı. Bizdə daha çox həyatı çürütməyi sevən qadınlar var. Mən isə həyatı mürəkkəbləşdirən qadınları sevmirəm. Qadınlar üç növdədirlər. Öz gözəlliyindən fəxr edənlər... Təhlükəlidir. Qəşəng deyillər, özlərini qəşəng hesab edirlər. Bunlar haqqında heç nə demək lazım deyil. Gözəldirlər, bunları bilirlər, amma öyünmürlər. Bunlar idealdır. Mən qadın dostlarımla daha rahat ünsiyyətdə oluram. Kişilərin yanaşmadığı kimi yanaşırlar hadisələrə. Emosional olmağı kişi ilə münasibətdə daha tez üzə çıxır. Bir gün ağılla yanaşdığı məsələyə, digər gün hissləri ilə yanaşır.

“Əlilliyi olan adamların seksual həyatından yazıram”

- Dindarsız...

- Elə də dindar deyiləm. İnanclıyam.

- Klassik ədəbiyyatda var, müasir yazarlar da dini tənqid edirlər...

- İslamın qayəsi ilə yanaşmaq istəyirəm: barış, tolerantlıq, sülh, insan və insan keyfiyyətləri. Din, dil və s. Heç birini ayırmıram. Xurafatçı mollar dini təhrif edirlər, onların üzündən də tənqid hədəfinə tuş gəlirlər. Mübahisədən qaçıram. Heç vaxt dinə görə əsəbiləşmirəm. İnsanların fərqli olduğunu qəbul edirəm. Ateistə də, deistə də, digər inanclılara da normal baxıram.

- Yazılarınıza münasibət...

- Fərqli yanaşmalar olur yazılarıma, təhqir olur, tənqid olur, xoş qarşılayan olur. Əlilliyi olan adamların seksual həyatından da yazıram.

Qaş qaralır, axşam düşür, o isə stadiondan getmək istəmir. Sağollaşanda hansısa bir filmdən bir fikir yadıma düşür: “İnsanlara xoşbəxt olmaq üçün bircə dəfə şans verirlər”. Və nədənsə mənə gəlir ki, Orxan Adıgözəl xoşbəxtdir.

Ayxan Ayvaz

# 1468 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #