Bu Azərbaycan filmlərinin hər biri 100 saniyədir

Bu Azərbaycan filmlərinin hər biri 100 saniyədir
16 sentyabr 2017
# 09:00

Sevda Sultanova

Kulis.az “Naməlum kino” layihəsində “Yeni dalğa” prodüser mərkəzinin 2008-ci ildə istehsal elədiyi “100 saniyəlik 10 film” layihəsini təqdim edir.

Layihənin birinci filmi “Pilpilə” adlanır. Film onunla başlayır ki, palçıq vulkanı qaynayır. İçindən palçığa bürünmüş çılpaq adam çıxır. Palçıqdan yaranmış adam ətrafa boylanır, üzünü yuyur, dünyayla tanış olur. Sonda o təmizlənmək üçün dənizə girir...

Pipilə palçıq vulkanı deməkdir.

Rejissor Tərlan Manafov və Həsən Sədi, ssenari müəllifi Tərlan Manafov, operator Anar Salmanovdur. Palçıq adamı Tərlan Manafov oynayır.

İkinci “Lamisə” filmi sənədli manerada, əl kamerası ilə lentə alınıb. Burda qəhrəman itdir və ətraf da tamaşaçıya itin gözüylə göstərilir. Amma film boyu it görünmür. O, hər yerdən qovulur, döyülür. Cəmiyyətdə onun yeri yoxdur. İnsanların soyuqluğundan qaçan it avtomobilə tuş gəlir...

Müəllif Səbuhi Şahmursoydur.

“40/2=20” filminin süjeti sosialdır. Küçələrdən birində balaca oğlan yağışda tütək çalaraq pul qazanır. Yanında keçən insanlar ona etinasız yanaşır. Ondan aralıda isə bir səfil dilənir. Konserv qabı ilə futbol oynayan iki gəncdən biri tütək çalan oğlanın pul qabına təpik vurur. Bunda sarsılan səfil ona yaxınlaşıb 40 qəpik uzadır...

Texniki səbəblərdən nə filmin müəllifinin, nə operatorun, nə də aktyorların adı titrlərdə yazılmayıb. Layihənin prodüseri Rasim Həsənovun dediyinə görə, filmi çəkən Samir adlı gənc oğlandır, amma onun soyadını xatırlamadığını dedi.

“Endşpil” layihənin bir neçə maraqlı filmindən biridir. Hadisə liftdə baş verir. İki gənc qadın liftdə rastlaşır. Onlardan biri yuxarı, digər isə aşağı mərtəbəyə getməlidir. Ancaq qadınlar bir-birinə güzəşt etmək istəmir. Və onların arasında “səssiz” döyüş başlayır...

Müəllif Ələkbər Əliyev, Aktyorlar Kəmalə Rzayeva, Firuzə Balayevadır.

“?...” filmi metro stansiyalarından birində lentə alınıb. Əvvəlcə qızcığazın dilindən uşaq mahnısı eşidilir. Hardansa nağara səsi eşidilir. Qızcığaz o səsə oynayır. Və məlum olur ki, onun oynadığı nağara yox, platformada addımlayan kor kişinin əsasının səsidir.

Müəllif Mirsadıq Agazadədir.

“Şam işığında” lentinin qəhrəmanı 10-11 yaşlı qızdır. O, əlində pult divanda oturub. O, hər dəfə pultun düymələrinə toxunduqca üz ifadələri dəyişir. Seyrçi güman edir ki, o, televizora baxır...

Müəllif Adil Nəsibov, ifaçı Sonaxanım Cəfərovadır.

“East or west” filmi fərqli yanaşmaya görə diqqəti çəkir. Hadisə kənddə baş verir. Çoban skripkada ifa edir. Onun ifası qoyunların mələşməsi, xoruzun banlaması ilə həmahəngləşir. Çoban bundan daha da həvəslənir. Və birdən xoruzun səsi kəsilir...

Müəllif Vaqif Azəryar, musiqi İlham Azmanlınındır. Aktyor Aydın Abdullayevdir.

“Anaxronizm” filmində gənc kişi balkondan əvvəlcə qol saatını atır. Sonra stolüstü saatı, daha sonra isə iri divar saatını tullayır. Və həyətdə təbaşirlə iri saat çəkir... Bu müddətdə kadrda ancaq saat çıqqıltısı eşidilir.

Müəllif Elçin Əsədov, operator Mətləb Yaqubov, ifaçı Elvin Mirzəyevdir.

“X məqam”ın qəhrəmanı gənc oğlandır. Sübh tezdəndir, o, işə tələsir. Ayaqqabılarını geyinəndə, bir tayın içində uşaq ayaqqabısı görür...

Rejissor Kəmalə Rzayevadır. Rolu Vüsal Murtuzəliyev ifa edir.

“Gumb!” balaca oğlanın ad günü səhnəsindən başlayır. Ona doğum günündə tapança bağışlayırlar. Növbəti kadrda gənc oğlan görünür. O, əlində tapança intihara hazırlaşır...

Rejissor Ramiq Mehdi, ssenari İradə Sayya, rolları Vaqif Hüseynov, Elxan Hüseynov oynayır.

Filmlərdə dialoq yoxdur, əhvalatlar təsvirlə anladılır. Layihədə zəif işlər olsa da, önəmli olan odur ki, müəlliflər bir neçə dəqiqə ərzində fikirlərini məhz təsvirin diliylə çatdırmağa çalışırlar.

Filmin məsləhətçisi Vaqif İbrahimoğlu, baş prodüseri Rasim Həsənovdur.

Bir neçə beynəlxalq festivalda iştirak edən layihənin ideya müəllifi və bədii rəhbəri Həsən Sədidir.

# 1966 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #