Anar: “Allah şeytanın öhdəsindən gələ bilmir”

Anar: “Allah şeytanın öhdəsindən gələ bilmir”
2 yanvar 2015
# 09:00

Kulis.Az Anarın “Göz muncuğu” adlı yeni povestindən seçmələri təqdim edir.

Bəs bilmirsən sənin ən böyük günahın nəydi? Heç nəyə inanmamağın yox. Allahı danmağın da yox, xeyr. Özünü Allah saymağın. Allahlıq iddian. Bəni-insana mənsub olmayan, yalnız Allaha aid əməllərlə məşğul olmağın. Fərqi yoxdur, nə məqsədlə; Xeyrəmi, Şərəmi ...

***

İlahi, bir yol göstər, ya xilas et, ya tez öldür.

***

Yaxşı gözün yüz baxışla edə bilmədiyi yaxşılığı yaman göz bir anın içinə darmadağın edə bilir.

***

…Allaha çoxlu sualların da var. Necə olur ki, müsəlmanların da, isəvilərin də, musəvilərin də qadir Allahı dünyada bu qədər ədalətsizliyə, haqsızlığa, zülmə yol verir, yəni şeytanın öhdəsindən gələ bilmir heç cür?

***

Hüzura qovuşmaq qələbədən də, məğlubiyyətdən də imtina etməkdi.

***

«O məni təhqir etdi, alçaltdı, incitdi». Bu fikirləri içində saxlayan adamın kini-küdurəti azalmır. Belə fikirlərdən azad olan insanın nifrəti bitir, içi asudələşir. Dünyada heç vaxt nifrət nifrətlə məğlub edilmir.

***

İndiki ömründə rastlaşdığın hər naqislik, sənə qarşı edilmiş hər haqsızlıq haçansa başqa həyatda sənin özünün kiməsə ya kimlərəsə etdiyin haqsızlığın, zülmün bədəlidir. Əvvəlki yaşayışında etdiyin yaxşı ya pis hərəkətlərin nəticəsi başqa bir həyatda üzə çıxır.

***

İnsan kiməsə pislik edirsə, özünə və deməli, bütün bəşəriyyətə yamanlıq edir. Bu qanun yalnız ayrı-ayrı fərdlərə deyil, dövlətlərə, ölkələrə də aiddir. Bir başqa xalqa təcavüz edən məmləkət öz dövlətinin, öz millətinin başına bəla açır.

***

Bilmirəm haçansa yaşamışam ya yox, bilmirəm həyatımın müəyyən illəri yaddaşımdan büsbütün silinibsə - bu elə yenidən yaşamaqdır ya yox, bildiyim bir odur ki, indi yaşadığın ömürdə yalnız Xeyrə xidmət eləməlisən.

***

Yaxşılığa da, yamanlığa da eyni cür yaxşılıqla qarşılıq verməlisən. Yoxsa belə çıxar ki, yaxşılıq edəndə əvəzini gözləyirsən, deməli, yaxşılığın, bir növ, rüşvətdir.

***

Elə suallar var ki, onlar sirri-xudadır, insan beyninin aça bilməyəcəyi gizlinlərdir. Bu barədə düşünmək belə, beynimizin imkanı xaricindədir, müdriklərdən biri deyib: dünyanın sirləri qarşısında sus. Sükut səhvlərdən xilas olmaq deməkdir.

***

…sadəcə, beyninə yeridilənlərə inan, vəssalam - Kommunizmə, Həzrət İsanın zühuruna ya Mehdinin gəlişinə iman gətir. Bütün dinlərin - fərqlərini bir yana qoy- mahiyyəti birdir - insana ən yaxşı halda təsəlli vermək.

***

İnsanı Sonun qaranlıq, səssizlik, boşluq və heçsizlik qorxusundan xilas etmək, onu aldadıcı təskinatla ovutmaq - yəni bu fani dünyanın əzablarına döz, axirət dünyasında səni cənnətin feyzi gözləyir. Ya da ki, hədə - özünü yaxşı apar, yoxsa cəhənnəmdə yanacaqsan. Hamısı da məhz insanın zəifliyinə hesablanıb.

***

Üç qardaş olub. Biri pak, müqəddəs övliya, biri cani, quldur, başkəsən, üçüncüsü lap körpə yaşında ölür. Cənnətə - cəhənnəmə inansaq, o dünyada bunların aqibəti necə olacaq, səncə?

- Doğrudan da cənnət varsa, şübhəsiz, müqəddəs cənnətə getməlidi, cəhənnəm varsa, cani ora vasil olmalıdı.

- Bəs körpə?

- Körpə də, yəqin, ikisinin arasında qalar, ərəfdə.

- Onda belə bir sual. Körpə soruşur: niyə mən tifilkən öldüm, niyə böyüyə bilmədim. Nə cavab olacaq?

- Sənin anlayışlarınla bu körpə, yəqin, böyüyb pis adam olacaqmış, cani, quldur. Ona görə körpəlikdə ölməsi məsləhət bilinib.

- Çox əcəb, bəs onda o quldur, cani soruşmazmı, indi ki, mənim alnıma canilik, quldurluq yazılıbmış, onda mən niyə elə körpəlikdəcə ölüb əbədi cəhənnəm əzabından qurtulmadım. Cavabın nədi? Gördünmü, dostum, dünya məntiqsiz dünyadır və insan da təsadüfən bu dünyaya atılmış misgin, zavallı, kəmfürsət, paxıl və kinli məxluqdur.

***

İnsan nədir - İblis belə olmağı bacarmayan zəif, gücsüz, istedaddan qısır, imkanlardan məhrum, məhəbbətdən umsuq, iyrənc fantaziyalarında cinsi əlaqəyə girən, xam xəyallarında tək alçaq yox, guya ki, uca dağları da yaratdığına özünü inandırmış boş iddialı, riyakar, dünyanın özü kimi mənasız bir varlıq - budur insan. Paxıl, yalançı, böhtançı, kinli, yaltaq... Guya azadlığa can atan, amma azadlığa qovuşan kimi öz azadlığından oddan qorxan kimi qorxan, hər seçimini özgələrin boynuna qoymağa çalışan, daima qulluğunda durmağa bir büt, bir sahib, bir yolgöstərən axtaran aciz və misgin məxluq. Dünyanın ən ləziz təamlarını həzmi - rabedən keçirib nəcis kimi ifraz edən murdar... Yer üzündə özü kimi canlılara qənim kəsilmiş, ya onları öz keyfiyçün ovlayan, ya heyvanların, quşların, balıqların ətini də yeməklə yetinməyib, yumurtasını, balını, kürüsünü da qamarlayan qarınqulu. Bir ovuc dən, toxum səpib bir torba yox, on torba, on xaral məhsul götürməkçün torpağı kimyəvi gübrələrlə zəhərləyən, çirkab axıntılarıyla dənizləri kirləyən, meşələri qıran, qazlarla, tüstüsüylə havanı korlayan doyumsuz acgöz. Dünənini unutmuş, sabahını düşünməyən, ancaq bugünüylə yaşayan beyinsiz...

# 1215 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
#
#
# # #