“Mosfilm”də çəkilən ilk azərbaycanlı aktyor

“Mosfilm”də çəkilən ilk azərbaycanlı aktyor
15 noyabr 2013
# 11:39

Azərbaycanda bir aktyor var, çoxları onu tanımır. Amma ədəbi mühitin adamları, sənət dostları Fəxrəddin İsayevi yaxşı tanıyırlar. O Fəxrəddin İsayevi ki, rus poeziyasının ünlü şairlərindən olan Yevtuşenko ilə, Voznesenski ilə oturub-durub, onlarla pivə içib, Şukşinlə badə toqquşdurub, sənət söhbətləri edib...

Fəxrəddin müəllimin qəribə taleyi var. O, Mədəniyyət və İncəsənət Universitetini bitirib, Adil İsgəndərovdan dərs alıb. Tofiq Kazımov, Mehdi Məmmədov kimi nəhəng rejissorlarla ünsiyyətdə olub. Bir müddət Musiqili Komediya teatrında çalışıb, “Azərbaycanfilm”, “Mosfilm” kinostudiyalarında çalışıb, bir sıra filmlərə çəkilib. Əməkdar artist Vahid Əliyevlə söhbətlərimizdən birində Fəxrəddin müəllimin adını çəkdim və dedim ki, çox təəssüf, Azərbaycanda Fəxrəddin İsayevi tanımırlar. Vahid müəllim dedi ki, Fəxrəddin “Mosfilm”də çəkilən ilk Azərbaycan aktyorudur. O, Moskvada filmlərə çəkiləndə indiki məşhur kino aktyorlarımızın heç birinin yolu hələ oralara düşməmişdi.

Bu fakt marağıma səbəb oldu. Bəs sonralar bu aktyoru niyə filmlərdə, tamaşalarda görmədik? Onunla tez-tez görüşürəm, bir neçə dəfə ondan bu barədə soruşsam da nədənsə danışmaq istəməyib. Əlbəttə, bütün sahələrdə olduğu kimi, teatr sənətində də paxıllıq, qısqanclıq çox istedadların sıradan çıxmasına, sənətdən küsüb getməsinə səbəb olub. O, da bir çox istedadlar kimi bu psixoloji maneələrdən yan keçməyib, haqqında yanlış təsəvvür yaratmaq istəyənlər, yoluna kötük dığırladanlar olub. Və... Sənətdən uzaq düşüb.

Fəxrəddin müəllim gözəl qiraətçidi. Dəfələrlə onun ifasında Hüseyn Cavidin “İblis” dramından İblisin məşhur dialoqunu dinləmişəm və bu qənaətə gəlmişəm ki, o, içində azman bir aktyoru dəfn edib. Ramiz Rövşən ən çox sevdiyi şairlərdəndi. Bir də deyir ki, Əlisəmid Kürün şeirlərinin vurğunuyam. Əlisəmid Kürlə onu həm də uzun illərin dostluğu bağlayır.

O, yaxşı parodiya ustasıdır. Maraqlı bir əhvalat danışır. Bir dəfə teatrda işləyəndə aktyor dostlarla yığışıb yeyib-içmək istəyirlər, amma baxırlar ki, heç kimdə pul yoxdu. Bu dəm Fəxrəddin müəllimin ağlına orijinal bir fikir gəlir; küçədəki telefon köşkündən rəhmətlik aktrisamız Leyla Bədirbəylinin evinə zəng edir və onunla Əliağa Ağayevin səsiylə danışmağa başlayır. Hal-əhvaldan sonra Leyla xanım soruşur ki, ay Əliağa, xeyr ola? “Əliağa” müəllim də Leyla xanımdan ona on gündən sonra qaytarmaq şərtilə iyirmi beş manat borc pul istəyir. Leyla xanım deyir Əliağa, bu nə sözdü? Pul sənə qurbandı! Telefondakı hərif sevincək deyir:

- Yanımda bir arıq gədə var, yun çubuğuna oxşuyur özü də. Onu göndərirəm, ona verərsən. Arxayın ol, on günə qaytaracam!

Beləcə, bu qoçaq pulun dalınca özü gedir, guya onu Əliağa Ağayev göndərib. İyirmi beş manat pula dostlar sübh açılınca yaxşıca yeyib-içib əylənirlər. Aradan on gün keçir, Leyla xanım görür ki, Əliağa müəllimin pul qaytarmaq fikri yoxdu, aktrisa fikirləşir ki, bəlkə yadından çıxıb, yaşlı kişidi. Dinmir, on gün də gözləyir. Aktyor nəinki pulu qaytarmır, heç yaxınlaşıb üzrxahlıq da eləmir. Leyla Bədirbəyli fikirləşir ki, bu, necə adamdı, pulu qaytarmaq bir yana, heç olmasa, bir söz də demir ki, işimizi bilək. Axırda özü Əliağa müəllimə yaxınlaşıb deyir:

- Əliağa, bəs deyirdin on günə pulunu qaytaracam? Bəs niyə qaytarmırsan?

Aktyor təəccüblə soruşur ki, nə pul? Beləcə, Fəxrəddin müəllimin qurduğu oyunun üstü açılır. Danışır ki, qorxudan bir neçə gün rəhmətliyin gözünə görünmədim. Bir gün qəfil üzbəüz çıxdıq, daha qaçası yerim yox idi. Əliağa müəllim əsib-coşdu:

- Adə, xətəkar, bu nə oyundu mənim başıma açmısan? Bircə məni biabır eləməyin qalmışdı? Tez ol, elə bu dəqiqə, apar Leyla xanımın pulunu qaytar!

Fəxrəddin müəllim həmin gün yox, bir neçə gündən sonra Leyla xanımın pulunu özünə qaytarır. Teatrda, kinoda başına gələn əhvalatları yazsa, bir kitab olar. Fəxrəddin İsayevin Əli Kərimlə bağlı maraqlı xatirələri var. 60-70ci illərin ədəbi mühitiylə bağlı çoxlarının bilmədiyi maraqlı faktlar danışır. Rauf Soltan, Kamal İsgəndər kimi az qala unudulmaqda olan şairlər haqqında ilk dəfə ondan eşitmişəm. Sonralar Rauf Soltan haqqında yazı yazanda da bəzi faktları dəqiqləşdirmək üçün Fəxrəddin müəllimə müraciət etdim.

Sənətdə bəxti gətirməyən, bəlkə də özü sənətə arxa çevirib gedən Fəxrəddin İsayev haqqında həmkarlarını, sənət dostlarını həmişə ehtiramla danışan görmüşəm. Hamı birmənalı olaraq, çox böyük təəssüf hissiylə belə deyir ki, o, böyük aktyor ola bilərdi...

Amma məncə, onun həyatdakı rolu sənətdə oynaya bilmədiyi rollardan daha bütöv, daha bitkindi. Bu, Yaxşı İnsan obrazıdı.

# 3326 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #