Oğlanların yataqxanasına getmək ayıb sayılırdı

Oğlanların yataqxanasına getmək ayıb sayılırdı
20 avqust 2013
# 10:48

“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.

Bir az geri qayıdacağam, bəzən nəql edib irəlilədikcə sonradan yadıma geridə qalan əhvalatlar düşür. Ötən yazımda artıq təyinatla Xızıya getməyimdən danışmışdım, bu gün nədənsə Dərnəgüldə yaşamağımızı, tələbəlik illərini xatırladım.

İnstitutumuzun iki tələbə yataqxanası yanaşı idi Dərnəgüldə, birində qızlar yaşayırdı, o birində oğlanlar. İki yataqxana arasında çox gözəl, mədəni münasibətlər vardı, oğlanlar yataqxanasında yaşayanların bəziləri “patok”, qrup yoldaşlarımız idilər axı. Bayramları, ad günlərini birlikdə keçirərdik, həmişə oğlanlar bizə qonaq gələrdilər, biz isə onların yataqxanasını içəridən heç görməmişdik də. Zatən görmək istəyimiz belə yox idi, bu qəbahət sayılardı. Tərbiyəli qızın oğlanlar yataqxanasında işi yox idi, bunu oğlanlarımız da bizə rəva görməzdilər. Bayramları, ad günlərini bizim otaqlarda yığışıb bir yerdə keçirərdik, yalnız saat 12-yə qədər. Yeni ili bir yerdə qarşılayıb ayrılardıq, oğlanlarımız (onları biz belə adlandırardıq, onlar da bizə qızlarımız deyərdilər) gedərdilər öz yataqxanalarına, onlara yemək-içməkdən də pay qoyardıq ki, ardını öz otaqlarında davam etdirə bilsinlər. 12.00 olan kimi durub gedərdilər, nə qızların xatırlatmasına, nə də komendantın xəbərdarlıq etməsinə ehtiyac yaranmazdı. Adi günlərdə mühazirə dəftəri almağa, kitab götürməyə gələndə aşağıdan xəbər göndərərdilər, özümüz düşərdik.

Yataqxananın foyesi hər tərəfdən güzgülü və təbii dibçək gülləri ilə bəzədilmişdi. Hər axşam bir otağın qızları orda növbətçi olardılar, lazım olan adamı telefona çağırmaqda aşağıdakı gözətçiyə köməklik edərdilər. Gözətçilərsə növbə ilə işləyən iki rus qadın idi, işlərinə çox tələbkar yanaşırdılar. Bizimlə isə dost idilər, amma lazım gələndə sərt davranırdılar.

Belə, maraqlı, gözəl düzənimiz vardı, ta 92-ci ilə, Qarabağdan ilk qaçqınlar gələnə qədər...

Oğlanlarımız könüllü cəbhəyə getdilər. Yeni ildə tələbə yoldaşımız, laçınlı Həmidi gözlədik. Bilmirəm necə oldusa gəlib çıxa bildi, gecə vaxtı, 12-yə az qalmış. O gecə vaxtı bir az uzatmaq üçün “tyotya Nadya”ya az qala yalvardıq ki, Həmid səngərdən gəlib, qoyun doyunca otursun, söhbət eləsin bizimlə, ev xörəyi yesin. Başqa vaxt heç vəchlə buna icazə verməyən “tyotya” Nataşanın gözləri yaşardı, dedi, “xoroşo devoçki, qoyun qalsın”. Səhər Həmidi özümüz aparıb yola saldıq, oğlanlı-qızlı, o vaxtdan indiyə qədər Həmiddən bir xəbər yoxdur. O gecə doyunca gülmüşdük, oynamışdıq, əvvəlki illərdə olduğu kimi ürəkdən sevinə bilməsək belə. Qızlar onun qapı ağzındakı çəkmələrini oğurlayıb gizlətmişdilər ki, Həmidi bir az da yubandırsınlar.

Çox vətənpərvər idik, sözdə yox, həqiqətən vətənpərvər. 88-də meydanlardan, 20 yanvardan keçmişdik, azadlıq ruhumuz vardı, tapdanmağa imkan verməzdik.

Cavanşir Quliyevin “Əsgər marşı”nı çox sevərdik, onun sədaları altında könüllü cəbhəyə getmək üçün ərizə vermişdik, hərçənd icazə vermədilər, oğlanlarımız isə getdilər.

Sonra Şuşa, Laçın işğal olundu. Tələbə yoldaşlarımızın çoxunu dərsə qaytardılar. Yataqxanamız isə yeni sakinlərlə doldu-qaçqınlarla. Get-gedə, onların axını artdıqca düzənimiz hər gün daha çox pozuldu. Ev-eşiyindən, mal-mülkündən olmuş adamların yanında şənlənməkmi olar, heç özümüzün də qəlbimizdən gəlmirdi sevinmək. Qızlar yavaş-yavaş tələbə yataqxanasını tərk edirdilər, yataqxana qaçqın yataqxanası statusu qazanmağa başlayırdı. Tez-tez qızlarla onlar arasında dava düşürdü.

Bir gün institut rəhbərliyi belə bir davanı araşdırmaq, yoluna qoymaq üçün yataqxanada iclas elədi. Məlum oldu ki, laçınlı qaçqın binəva ümumi mətbəxdə bişirdiyi küftələrin ikisinin qazandan yoxa çıxdığı üçün oğurluqda şübhəli bildiyi qızla dalaşıb. Qızsa ağlayıb üsyan edirdi ki, bu kişi nəinki qazandakı küftələri, bizim özümüzü belə güdür, onun küftəsini götürmək olar?

Belə yerdə daha qalmaq olmazdı. Bir gün mən də evə gələndə otağımızda yad adamları gördüm, şuşalılar yığışmışdılar otağımıza, məni görən kimi ağlamağa başladılar. Heç nə demədim, sadəcə onlara qoşulub ağladım, həm Şuşaya, şuşalılara, həm də özümü də gözləyən təhlükəyə. Qorxurdum, çox qorxurdum ki, bir gün biz cəbrayıllılar da küftə davası eləyən qaçqın olacağıq. “Qaçqın” ən qorxduğum söz idi. O adı daşımaqdansa ölməyi üstün tutardım, hər gün Tanrıya bu istəklə yalvarırdım ki, ölüm, o sözün mənə deyilməsini eşitməyim.

Eşitdim, onu ilk dəfə mənə dünyada ən çox sevdiyim insan dedi. O gün mən “Cəbrayıldan gələn son qatar”la Bakıya çata bilməyib, üç gün sonra avtobusla gəlmişdim. Vəziyyətdən hali olan bu adam məni institutda qarşılayıb öz aləmində zarafatla “qaçqın, gəldin?” deyə soruşdu. Heç bilmədi, bəlkə indi də bilmir ki, bu bir kəlmə ilə mənə necə sağalmayan bir yara vurdu.

90-cı illərin gəncləri bir başqa idi, ən gözəl tələbəliyi də bizlər gördük, ən gözəl illəri də, ən nisgilli vaxtları da. İslandıq, quruduq, yandıq, bişdik, kamilləşdik. Bu gün də ən çox çətinlik çəkən bizlərik, istər maddi, istər mənəvi, əksəriyyətimiz ev-eşiksiz, kirayələrdə, sınan sındı, sınmayanımız daha çoxdur. İstənilən sahədə də peşəkar, işini bilən, məsuliyyətli, mənəviyyatlı 90-cılardır, talesiz 90-cılar.

Bu yaxınlarda yolum həmin yataqxananın yanından düşdü, gördüklərim sözlə izah ediləsi deyil. Çox kövrəldim, çox yandım. Yazıq insanlar, yazıq binalar. Bu insanların yeri o binalar deyil, o binalar bu insanlar üçün deyil. Binanın öz təyinatı, insanınsa öz yurdu olmalıdır.

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

Cəbrayıldan gələn son qatar

Cəbrayılın son günü

Üç qız, gecə döyülən qapı

Gənc veteranın iztirabları

Kəndə tək gedən qızın başına gələnlər

# 4950 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #