Polyak heykəltəraşın düzəltdiyi Nəsimi heykəli

Polyak heykəltəraşın düzəltdiyi Nəsimi heykəli
8 yanvar 2018
# 16:10

Kulis.az Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Sənətşünaslığın təbliği" ictimai birliyinin sədri Ziyadxan Əliyevin “Nəsimiyə polyak sevgisinin plastik ifadəsi” yazısını təqdim edir.

Doğma yurdumuzun bütün mənalarda cəlbedici olmasının nəticəsidir ki, çox qədim zamanlardan bura uzaq-yaxın ölkələrdə yaşayanların ziyarətgahına çevrilmişdir. Onların arasında səyyah, diplomat və tacirlərlə yanaşı, söz və sənət adamlarının olması da bunu təsdiqləyir. Azərbaycana ayaq basanların arasında gördüklərini rəng və cizgilərlə ifadə edənlər də az olmayıb. Tarixin yaddaşı belə yaradıcıların sırasında alman Adam Olearinin, rus Vasili Vereşaginin və Anna Ostroumova-Lebedevanın, irland Edvard Tvohiqin, amerikalı Şeyk Quffoq və Ceykob Martinin, litvalı Kristina İnçuraytenin, macar İştvan Kişin, danimarkalı Herluf Bidstrupun, polşalı Qustav Zemla və başqalarının adını yaşatmaqdadır.

Məşhur Polşa heykəltəraşı Qustav Zemlanın (1931) Azərbaycan sevgisi əslində onun memar həmyerlilərinin XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda daşlarda ifadə olunan rəğbətlərinin davamı olmuşdur, desək, yanılmarıq. Belə ki, o vaxt yeni və gözəl tikililərlə zənginləşən şəhərin özünəməxsus görkəm almasında polşalı memar İosif Ploşko, Kazimir Skureviç, İosif Qoslavski, Yevgeni Skibinski və Konstantin Borisoqlebckinin duyulası rolu olmuşdu. Polşalı tişə ustası 1974-cü ildə Bakıya gələndə artıq bu həqiqətlərdən – soydaşlarının neft paytaxtında gördükləri işlərdən xəbərdar idi...

Məlumat üçün bildirək ki, onun Bakıya gəlişi burada fərdi sərgisinin təşkili ilə bağlı olmuşdur. 1974-cü ildə Polşa Xalq Respublikası yaradılmasının 30 illiyi münasibətilə Qustav Zemlanın yaradıcılıq hesabatı Moskva və Kiyevlə yanaşı, Bakıda da təşkil olunmuşdu. Yəqin ki, tədbirin təşkilatçıları bu seçimi edərkən Azərbaycan-Polşa mədəni əlaqələrinin tarixçəsini də nəzərə almışdılar. Odur ki, sərgi günlərində Azərbaycanda olan məşhur heykəltəraşa ilk növbədə bu günə kimi paytaxtımızı bəzəməkdə olan həmin binaları göstərdilər, onların buradakı fəaliyyətlərinin maraqlı tarixçəsindən söz açdılar...

Qustav Zemla Bakıda olarkən ona Azərbaycanın qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti barəsində də məlumat verilmiş, onlarla əyani tanış olmağa şərait yaradılmışdı. Onun Qobustan qaya rəsmləri, xalq sənətkarlığı nümunələri, qədim və müasir memarlıq tikililəri, Azərbaycan ədəbiyyatı və musiqisi yaxından tanışlığı onda zəngin təəssürat yaratmışdı.

Sərgidən sonra Varşavaya qayıdan heykəltəraşın çox qısa müddətdən sonra görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin portretini yaratmasını da çox səmərəli keçən həmin günlərin əyani nəticəsi saymaq olar. Bu həm də onun Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanışlıq zamanı Nəsimi haqqında eşitdiklərinə bədii münasibətin ifadəsi idi. Deyilənə görə bələdçinin dilə gətirdiyi yığcam “Nəsimi nağılı”ndan doymayan heykəltəraş Bakıdan gedənə kimi aldığı təəssüratı başqalarından topladığı məlumatlarla da zənginləşdirməyə çalışıbmış. Bu da ona gələcəkdə yaradacağı obrazın səciyyəvi cizgilərini müəyyənləşdirməyə imkan verib...

Bu yerdə deyək ki, əsər 1974-cü ildə yaradılsa da Azərbaycan ictimaiyyəti uzun müddət onun mövcudluğundan xəbərsiz olub. Yalnız bu sətirlərin müəllifinin 1980-ci ildə Macarıstana yaradıcılıq ezamiyyətində olması bu məsələnin üzərinə işıq salmağa imkan vermişdir. O vaxtlar İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda diplom işi yazmağımla əlaqədar Budapeştə getmişdim. Yaradıcılığı barəsində araşdırmalar apardığım macarıstanlı məşhur tişə ustası İştvan Kiş söhbət əsnasında soruşdu ki, sənin Polşa heykəltəraşı Qustav Zemlanın Azərbaycan şairi Nəsiminin portretini hazırlaması barəsində məlumatın varmı? Məndən “Yox” cavabını eşidən heykəltəraş böyük həvəslə həmin əsər barəsində danışmağa başladı. Bir heykəltəraş kimi əsərin bədii xüsusiyyətlərinin çox yüksək olduğunu vurğuladı. Əlavə etdi ki, Bakıda olarkən (1976-cı ildə İ.Kişin də paytaxtımızda fərdi sərgisi keçirilmişdir) Nəsimi barəsində bakılı dostlardan məlumat almışdım və onun əqidəsi uğrunda dönməzliyi məni heyrətə gətirmişdi. Mənim də fikrimdən bu obraza müraciət etmək keçirdi, amma Qustav mənə qabaqladı. Qənaətimcə, onun “Nəsimi”si şair taleyinə tutula biləcək ən təsirli “bədii güzgü” sayılmağa layiqdir. Odur ki, ondan sonra bu mövzuya qayıtmağa hələ ki, özümü hazır hesab etmirəm. Mənim xahişimlə o, mənə polşalı heykəltəraşın ünvanın verdi...

Bakıya qayıtdıqdan sonra Varşavaya bir-neçə dəfə məktub yazdım, ancaq Qustav Zemladan cavab almadım. Ümidsizliyə qapıldığım anlarda – bir-neçə müddətdən sonra Polşadan bir bağlama aldım. Orada Qustav Zemlanın mənə yazdığı məktub, Nəsiminin portretinin foto şəkilləri və heykəltəraşın fərdi sərgisinin kataloqu vardı. O, məktubda əvvəlcə xəstə, sonra isə tez-tez xarici səfərlərdə olduğuna, həm də Nəsiminin portretinin hazır fotosunun olmadığına görə ( o vaxt portret Fransada sərgidə nümayiş olunurmuş) gec cavab yazdığını qeyd edirdi. Eyni zamanda 1974-cü ildə Azərbaycanda qayğı və məhəbbətlə qarşılandığından, indi də gəzib-gördüyü yerləri xoş xatirələrlə yad etdiyindən söz açırdı. Məhz xalqlarımız arasında dostluğun rəmzi kimi səslənə biləcək əsər yaratmaq arzusundan, bunun üçün bilavasitə şair Nəsiminin – dahi mütəfəkkirin, humanist və böyük insanın obrazını seçdiyini qeyd edirdi: “Onun həyatı və yaradıcılığı ilə qısa tanışlıqdan sonra əmin oldum ki, YUNESKO kimi mötəbər bir təşkilat əbəs yerə 1973-cü ildə onun 600 illik yubileyini keçirməyibmiş”. O, eyni zamanda əgər tale imkan verərsə bir də Bakıya gəlmək, şairin portretini Azərbaycan xalqına hədiyyə vermək arzusunda olduğunu bildirirdi...

Duyulası maraqla çoxdan görmək arzusunda olduğum portretin fotosunu əlimə aldım. Dərhal da İştvan Kişin Budapeştdə əsər barəsində dediklərini xatırladım. Doğrudan da “cahana sığışmayan” bir adamla üz-üzə, göz-gözə qaldığımı hiss etdim. Etiraf edim ki, müasir heykəltəraşlıqda insan yaşantılarının bu dərəcədə fəciliyə bələnməsini ilk dəfə idi ki, görürdüm...

Şair çöhrəsinin mənalı tutumundakı gərgin dramatizmin zənginliyini qabarıq əks etdirən portretdə plastikanın məna-məzmundan “şirələnməsi” kifayət qədər duyulurdu. Əsərin şaquli ritmə, daxili hərəkətə əsaslanması, xarakterin dəqiq cizgilərlə, ifadəli siluetlə ifadə olunması, həcmlərin bütövlüyü və reallığı şaşırdıcı biçimdə idi. Hurufi şairin xarakterinin açılmasını onun gözlərinin ifadəliliyinə etibar edən müəllif, bununla da baxışlarını tamaşaçıdan “gizləyən” söz xiridarının suallı olmasını şərtləndirmişdi. Nəsimi nə xəyala dalmış, nə də baxışlarını dəqiq bir nöqtədə cəmləşdirmişdir. Onun nəzərləri sirli bir aləmə - öz düşüncə və ümidlərini apardığı gələcəyə yönəlmişdir. Şairin varlığını təşkil edən iradə və dəyanət ifadələri sözün əsl mənasında bu baxışlarda toplanmışdır, desək, həqiqəti söyləmiş olarıq...

Şairin vüqarlı baxışı daxili dinamik gərginlik üçün səciyyəvidir. Heykəltəraşın forma-kompozisiya axtarışları burada özünü başqa cəhətdən də göstərmişdir. Şairin üzünün forma həllini zənginləşdirən qrafik cizgi və batıqlar xarakterin, ümumiyyətlə, sənətkar taleyinin dəhşətli sonluğunun gözəl plastik ifadəsi kimi güclü təsir bağışlayır. Kəskin cizgilər bu mərd, ölməz şairdə misilsiz bir daxili mənəvi müqavimət qüvvəsinin olduğuna işarə kimi qəbul olunur. İnsana yüksək dəyər verən, onu yaranmışların ən ləyaqətlisi və ən nəhayət, yaradana bərabər tutan şairin bütün varlığı bu portretdə təsirli formada öz əksini tapmışdır. Qələbə kimi səslənən dəyanət, hətta faciəli qətlin gücü ilə də məhv olmayan, ideyasından və əqidəsindən dönməyən şair yenilməzliyinin təsviri əsərin uzun müddət unudulmayan əsas xəttini təşkil edir...

Sonda tanışlıq üçün bildirim ki, Qustav Zemla Polşanın şan-şöhrətli sənətkarlarındandır. Hazırda 86 yaşı vardır. Varşava Rəssamlıq Akademiyasında professor L.Niçedən və F.Strınkeviçdən dərs almış, 1958-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. İrili-xırdalı əsərləri uzun illərdir ki, həm Polşada, həm də neçə-neçə xarici ölkədə təşkil olunan sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilir. Q.Zemla dəfələrlə müxtəlif müsabiqələrin qalibi olmuş, Dövlət mükafatına layiq görülmüşdür.

Monumental abidələrlə yanaşı, onun yaradıcılığında portret janrı da xüsusi yer tutur. Sənətkar heç vaxt modelin zahiri oxşarlığını əldə etməyin “əsiri” olmamış, məhz bu səbəbdən də həyatına müraciət etdiyi adamların yaddaqalan, özünəməxsus cizgiləri ilə diqqəti cəlb edən obrazlarını yaratmağa nail olmuşdur. İndi Qustav Zemlanın yaratdığı portretlər qalereyasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin portreti də özünəməxsus yer tutur. Heykəltəraşın davamlı olaraq təşkil olunan sərgilərində bu portret böyük müvəffəqiyyətlə nümayiş etdirilməkdədir...

Mənbə: "525-ci qəzet"

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #