Zakir Əsədov 1986-cı ildə doğulub, 2004-cü ildə Parisdə keçirilən N.Rubinşteyn adına Pianoçuların 7-ci Beynəlxalq müsabiqəsinin laureatı və 2007-ci ildə K.Səfərəliyeva adına Pianoçuların Respublika müsabiqəsinin qalibi, Bakı Musiqi Akademiyasının məzunudur.
- Sənin sonuncu konsertin Van Klibernin xatirəsinə həsr olunmuşdur. Səbəb? Düşünürsən ki, incəsənətdə ikinci cərgə bəzən daha maraqlıdır?
- Mənim sonuncu konsertimdən təxminən iki həftə əvvəl görkəmli Amerika pianoçusu həyatdan getdi. Bu xəbəri eşidəndən sonra qərara aldım ki, konsertimi Klibernin xatirəsinə həsr edim. Həm də mənim Van Klibernə xüsusi hörmətim var idi. Çünki 23 yaşında heç kimin tanımadığı kasıb amerikalı oğlan Sovet İttifaqına gəlir və İttifaqın mədəni həyatını bir-birinə qatır. Hətta bu hadisəyə Xruşşov da müdaxilə edib. Bu tarixçəni anlatsam bir az uzun alınar. Bilənlər bilir, bilməyənlərin də marağı olsa öyrənərlər. Həm də Klibern müasir ifaçılıq tarixinin ikinci cərgəsində bəlkə də birincisi idi. Təbii ki, biz digər ifaçıları unutmamalıyıq. Lakin Klibern adının məşhurluğu, ona olan böyük dinləyici simpatiyası və uzun illər çıxış etməməsinə rəğmən yaddaşlardan silinməməsi bunu söyləməyə əsas verir. 78 yaşında həyatdan getməsinə baxmayaraq, hamı onu cavan oğlan kimi xatırlayacaq.
- Keçmişin və indinin ifaçılıq sənətinin fərqi nədədir? Bu işin özəlliyi, sadəliyi və çətinliyi barədə bir az danışardın...
- Keçmişin və indinin ifaçılıq sənətinin fərqi təfəkkürdədir. Keçmişdəki ifaçıların əksəriyyətinin məqsədi virtuozluq idi. Təbii ki, biz ifaçılıq sənətinin fiziki tərəflərini unutmamalıyıq. Çalışıram ki, çox sadə şəkildə anladım, məsələn, panikanın, təqibin və yaxud həyəcanın, hər hansı bir daxıli gərginliyin intonasion təsviri üçün barmaq texnikası vacib şərtləndəndir. Lakin keçmişdəki ifaçılara qulaq asarkən elə təəssürat oyanır ki, o əsərin lirik hissələrini də tələskənliklə ifa edir və texnika tələb edən hissələrə can atır və bu hissələrin məzmunu ifaçı texnikasının kölgəsində qalır. Yəni burada yalnız barmaqların sürəti nəzərə çarpır. Bu cür yanaşma indi də çox ifaçıların təfəkküründə dərin izlər buraxıb. Hal-hazırda Çində, Yaponiyada minlərlə belələri peyda olub. Lakin mən musiqiyə bu cür yanaşmanı qəbul eləmirəm. Müasir musiqi isə bu texnikanı tələb etmir. Burada daha çox ağıl və yanaşma texnikası tələb olunur. Hətta mən deyərdim, təbii ki, performans və teatrallaşmanı çıxmaq şərti ilə ifaçının səhnədə görünməyi bir qədər fikri dağıdır.
Bir qədər də özəlliyi və çətinliyi barədə deyim... İfaçılıqda metodlar müxtəlifdir. İstədiyin nəticəni əldə etmək üçün konkret resept yoxdur. Sən özün onu tapmalısan. Pedaqoq da heç nəyi öyrətmir, o sadəcə yol göstərir.
- İfaçı interpretator olmalıdır, yoxsa ona daha çox bəstəkarın robotu rolu yaraşır?
- Ümumiyyətlə, istənilən bədii əsərə, rəsm əsərinə, musiqiyə yanaşarkən hər birimizin beynində müxtəlif assosiasiyalar yaranır və buna görə eyni əsərə nə qədər ifaçı yanaşsa da eyni təsir bağışlamır. Təbii ki, bu intuitiv əmələ gəlir. Lakin peşəkar özü özünə o yanaşmanın izahını verməli və bundan sonra dinləyiciyə ötürməlidir. Mən söylədiklrimi öz təcrübəmə əsasən deyirəm, nə vaxt ki, mən öz yanaşmamın izahını özümdə müəyyən edib heç bir yalançı pafos və artistlik simulyasiyası olmadan səmimi şəkildə publikaya çatdırmışamsa, həqiqətən də uğurlu alınıb, buna görə də dinləyici mənim yanaşmama inanıb və qəbul edib. Əlbəttə, ifaçı bəstəkarın robotu olmamalıdır. Hətta, hərdən elə olur ki, bəstəkarın əsəri ifa olunarkən yazdığı proses vaxtı özünün fikir vermədiyi yeni açılımlar müşahidə edir. Məşhur rus pianisti və pedaqoqu Konstantin İqumnov belə bir fikir söyləmişdir ki, bəstəkar bizə musiqi yox, onun çertyojunu təqdim edir. Bu çertyojun üstündəki quruculuq işinin mükəmməlliyi və keyfiyyəti birbaşa ifaçıdan asılıdır.
- Bizim dövrdə, texnikanın bu cür inkişafı dövründə canlı konsertlər, canlı ifa nəyə gərəkdir? Axı istədiyin musiqini ev şəraitində də dinləyə bilərsən…
- Bu sualın cavabını müsahibələrinin birində Artur Rubinşteyn daha dəqiq cavablandırıb: “Mən tamamilə əminəm ki, biz publika önündə ifa edərkən musiqidən başqa daha nəsə var ki, məhz bu insanları evində rahat oturub musiqi dinləmək əvəzinə zala konsertə gəlməyə məcbur edir. Bu – şəxsiyyətdir. Şəxsiyyət və publika arasında antena”. Onsuz da elm və texnika nə qədər dəyişsə də, insan dəyişmir. Amma texnikanın inkişafını nəzərə alan dahi interpretator Qlen Quldu qeyd edə bilərəm. O deyirdi ki, əgər dinləyici bu gün musiqiyə evində qulaq asa bilirsə, daha konsert nəyə lazımdır? Konsert biletinə verdiyi pula mənim səs yazımı alsın və həmişə də qulaq assın. Təbii ki, Qlen Quldun səhnə qorxusunu da nəzərə almalıyıq.
- “Burada və indi” musiqini yaradan ifaçı-bəstəkar, ifaçı-improvizator deyilən fenomen var. Məsələn, bu cazda belədir. Sənin münasibətini bilmək istərdik...
- İnsan beyni hər şeyə qadirdir. Yüksək incəsənət, elmi kəşflər, insan modernləşdirilməsi, tibb və sair. Bunlar hamısı insan beyninin məhsuludur. Bu günün insanı kosmik orbital teleskop kəşf edib yüzlərlə işıq ili məsafəsindəki qalaktikaları müşahidə edir, tamamilə funksiyasını itirmiş, ölmüş hər hansı bir daxili orqanı dəyişir, arxeoloji tapıntılar nəticəsində on min illərlə torpaq altında qalmış skeletin yaşını və genetik kodlarını açıqlayır və yaxud dəqiqliklə coğrafi proqnozlar verir. Bu qədər inkişaf etmiş yüksək şüurun yanında bir musiqiçinin improvizə etməsi istedad qırıntılarıdır. Sıradan bir cazmen də improvizə etmək qabiliyyətinə malikdir. Əlbəttə, insanı incəsənətsiz təssəvvür etmək mümkün deyil. İstənilən yüksək təfəkkürün sahibi olan alim də, bəşəri kəşflər edən şəxsiyyət də musiqiyə də qulaq asır, filmə də baxır, ədəbiyyat da oxuyur, buradan özü üçün lazım olan və ən əsas hər şeydən əvvəldə gələn insani keyfiyyətləri götürür. Razılaşaq ki, istər hekayə olsun, istər roman, həcmindən asılı olmayaraq hər hansı bir musiqi yaxud rəsm əsəri üzərində günlərlə, aylarla düşünülməyən, işlənməyən, cilalanmayan yaradıcılıq məhsulu nə forma, nə məzmun, nə də ki keyfiyyət baxımından yüksək ola bilməz. İstənilən peşəkar bunu yaxşı dərk edir.
- Orta statistik azərbaycanlının musiqi zövqünü aşılamaq üçün sənin fikrincə nə etmək lazımdır?
- Mədəniyyət mühitin himayəsi ilə böyüyür. Bu gün sovetlər dövrünü tənqid edənlərin sayı yetərincədir. Bu həmin sovetlər dövrü idi ki, efirdə bugünkü kimi müğənniləri, oxuduqları səviyyəsiz mahnıları, lazımsız şəxsi həyatlarını göstərmirdi. Düzdü, çoxdan Avropada formalaşmış mədəniyyət cərəyanları Sovetin siyasi məqsədlərinə görə bizə gəlib çatmırdı. Amma mədəni həyat bugünkü Azərbaycanın mədəni həyatından daha qaynar idi. Sözümü ona gətirirəm ki, o vaxtkı aktiv mədəni həyat olmasına baxmayaraq, çoxları hardansa əldə etdikləri kasetlərdə ara müğənnilərinin musiqilərinə qulaq asırdı. Bu gün yaşından asılı olmayaraq sadə vətəndaşlarımız arasında klassik musiqi mədəniyyətimizə aid geniş məlumata sahib olan birinin olmasına inanmıram. Həmişə Filarmoniyaya gedəndə eyni adamları görürəm. Bizdə dinləyici kütləsi olduqca kiçikdir. Digər iri şəhərlərimizdə isə bu haqqda danışmağa dəyməz. Doqquz milyonluq xalqın cəmi bir opera teatrı var.
- Azərbaycan musiqisini və mədəni mühitini kənardan necə görürsən?
- Mən daxildə olduğum üçün onu kənardan görə bilmirəm. Amma mən də belə bir sual verim. Biz musiqi mədəniyyətimiz deyəndə nəyi nəzərdə tuturuq? Bu gün bizdə muğamla akademik musiqini ayırd edə bilmirlər. Şəxsən mən öz fikrimi deyirəm, muğamla akademik musiqinin heç bir əlaqəsi yoxdur. Bir də görürsən ki, bu gün hansısa bəstəkar muğamla müasir musiqi elementlərini bir təhər uzlaşdırır, ortaya nəsə çıxarır. Bu da guya onun yaradıcılığı olur. Muğamla klassik ənənələri birləşdirmək eksperimentini dahi Hacıbəyov yüz il bundan əvvəl eləmişdi. Bu o demək deyildi ki, bu ənənəyə çevrilsin. Sadəcə onun missiyası başqa idi. Birdən- birə Avropa musiqisini gətirib yüz il əvvəlki azərbaycanlıya başa salmaq mümkün deyildi. Hərdən bizdə belə bir ifadə işlədilir ki, Avropanın üç yüz ilə keçdiyini biz yüz ilə keçmişik. Bu qətiyyən belə deyil. Əgər keçmişiksə – onu Qara Qarayev tək keçib. Əyər bu gün hansısa azərbaycanlı bəstəkar durub deyirsə ki, “dünyanın heç bir yerində tarla simfonik orkestr üçün əsər yaza bilmirlərsə, bu bizim uğurumuzdur”, - daha mənim sözüm yoxdur. Lakin bu gün Azərbaycanda peşəkar və gənc bəstəkar nəsli var: Ayaz Qəmbərli, Səid Qəni, Tahir İbişov, Türkər Qasımzadə. Mən bu kvartetə xüsusilə inanıram və ümid edirəm ki, Azərbaycan yaxın gələcəkdə daha da aktiv, daha da qaynar mədəniyyət mühitində yaşayacaq.