2000 AZN-ə qartal, 1800 AZN-ə çoban iti

2000 AZN-ə qartal, 1800 AZN-ə çoban iti
18 mart 2013
# 10:46

Bu məkana bazarın bir hissəsi də demək olar, bazar içində bazar da... Bu bazarda ev heyvanları-it, pişik hətta dovşan, tısbağa, siçan, akvarium balıqları satılır. El içində bura “İt bazarı” deyilir. “Təzə bazar”ın bir hissəsi olan bu bazarda istənilən ev heyvanını tapmaq mümkündür. Hər həftənin bazar günü, səhər saat 8:00-dan 16:00-a qədər fəaliyyət göstərən bu məkanın daimi və xüsusi müştəriləri var. Bazarda olduğum müddətdə təsadüfi adamla rastlaşmadım. Gələnlər nə istədiyini, nə alacağını əvvəlcədən özü üçün müəyyənləşdirmiş müştərilərdir.

500 manata “ovçarka”

Bazarda ilk rastlaşdığım Bakı kəndlərinin birindən oğlu ilə bərabər təşrif gətirmiş Ramiz kişi oldu. Ramiz kişi həyətində saxladığı iki “ovçarka”nı satışa çıxarıb. Ovçarkalardan birincisi 2 yaş üç aylıqdır və “Asiya ovçarkası”dır. Ramiz kişi bu iti cəmi-cümlətanı 500 manata satır. Dayanmadan hürüb səs-küy salan Reks adlı bu it bir yerdə qərar tuta bilmir, gəlib-gedənə hürür və yerində atılıb-düşürdü. Ramiz kişinin satmağa gətirdiyi digər itin-“Alman ovçarkası”nın qiyməti 700 manat idi. Mən yaxınlaşmamışdan öncə gəlib-keçənin üstünə hürdüyü üçün Ramiz kişinin danladığı bu it küsüb bir kənarda uzanmışdı. Ramiz kişi məni müştəri hesab edib qiymətlərdə endirim də təklif edir. 500 manata dediyi iti 450 manata, 700 manatlıq “Alman ovçarkası”nı isə 600 manata təklif edir. Alıcı olmadığımı izah edənə qədər xeyli əziyyət çəksəm də sağollaşıb, ayrıla bilirəm.

Bahalı küçüklər

Elxan adlı başqa bir satıcı bazarın girəcəyində dəmir torlara bağladığı “Pitbull” cinsindən olan itə 170 manat qiymət qoyub. Amma elə mənim yanımdaca yaxınlaşan müştərilərdən biri qiyməti 100 manata qədər endirməyi bacardı. Qiymət üstündə bir xeyli mübahisə etsələr də, deyəsən mən uzaqlaşmamış razılığa gələ bilmişdilər. Hər ikisinin üzündəki məmnuniyyətdən bunu başa düşmək çətin deyildi.

Bazara çatmamış, girəcəkdə küncə qoyulmuş karton qutunun içində baş-başa verib yatmış küçüklərin sahibi onları tərifləməkdən yorulmur. Cəmi bir aylıq olan bu küçüklərin qiyməti nə az, nə çox düz 200 manatdır. Satıcı deyir ki, bu küçüklər çoban itidir və ən bahalı cins sayılır. Bu cinslər olduqca sədaqətli və anlayışlı olur.

2000 manatlıq qartal

Bazarın girişində satışa çıxarılmış qartal isə qəfəsdə olsa da, öz şahanə duruşu ilə ətrafdan keçən hər kəsin diqqətini cəlb edir. Qəfəsin ətrafına yığışıb bu quşa heyranlıqla tamaşa edənlərin sayı çox olsa da, heç kəs onun sahibi ilə bazarlığa girişmir. Qartalın sahibi Rza deyir ki, bu quşun nə az, nə çox 2000 AZN qiyməti var.

Qartala çoxları həsrətlə baxsa da, baha qiymət müştəriləri uzaqlaşdırır. Rza isə qartala qoyduğu qiymətdən bir manat da aşağı düşmür. Bazarı dolaşdıqca gördüm ki, bu bazarın ən bahalı heyvanı elə bu qartal imiş. 1000, 1500, 1800 manata itlər olsa da, itlərin qiymətini danışıq yolu ilə aşağı saldırmaq mümkün idi. Amma Rza qartalına qoyduğu qiymətdə güzəşt etmək fikrində deyildi.

Şirindilli xanım satıcılar

Bazarda xanım satıcılar da var. Böyük əksəriyyəti də gənc xanımlardır. Lena adlı tatar xanım “Yorkşır Terrier” cinsindən olan itinə 150 manat qiymət qoyub. Yaxınlaşanlar həm xanıma, həm də itə komplimentlər yağdırır. Eyni zamanda da, satıcının xanım olmağından istifadə edib qiyməti aşağı salmağa, bazar dili ilə desək qiyməti “öldürməyə” çalışırlar. Lena da yaman möhkəm qızdır. Kənardan müşahidə edirəm və ondakı hövsələyə heyran qalıram. Müştərilərdən biri isə lap amansızlıq eləyir. Qiyməti az qala yarıbayarı azaltsa da yenə israr edir: “Ay qız, yaxşı fikirləş. Bir də bura qayıdan deyiləm. Bu dəqiqə “hə” desən 100 dollar verib gedirəm”.

Axır ki, Lenanı yola gətirib “Yorkşır Terrier”ni 100 manata alıb getdilər. Yarım saat sonra ordan keçəndə gördüm ki, Lena əlində başqa bir it tutub və budəfəki itə 300 manat qiymət qoyub. Ümumiyyətlə kişi satıcılarla müqayisədə qadın satıcılar daha mehriban və gülərüzdür. Həvəslə satdığı itlərlə şəkil çəkdirir, müştərini şirin dillə cəlb etməyə çalışırlar.

Pişiklər daha çox satılır

Bazarda ən çox satılan pişiklərdir. Pişik satılan dükanın sahibi Lalə xanım deyir ki, pişiklərə maraq daha çoxdur: “10 ildən artıqdır ki, bu bazarda çalışıram. İxtisasca baytaram və ev heyvanlarına qulluq etməkdə təcrübəm var. Həm pişiklər, həm də itlər vaxtlı-vaxtında baytar müayinəsindən keçməli, yoluxucu xəstəliklərə görə xüsusi peyvəndlər vurulmalıdır. Xüsusilə pişiklərin təmizliyinə diqqət etmək vacibdir. Pişiklər ev şəraitində saxlanılırsa, onu birədən qorumaq vacibdir. Mən alıcılara mütləq bu barədə informasiya verirəm. Adi pişiklər, yəni yerli cinsdən olan pişiklər 10-40 manat arasıdır. Amma Siam pişikləri minimum 150-200 manatdır. Müştərilərimiz də daimidir”.

Bazarda satılan quşların qiymətləri isə münasibdir. Tutuquşuların bir cütünü 20-50 manata əldə etmək mümkündür. Akvarium balığı satanların bazarı daha şıdırğı idi. Məlum oldu ki, 10 manatdan 100 manata qədər olan akvarium balıqlarının müştəriləri daimi və daha çoxdur.

Bir sözlə it hürüşməsinin quş səsinə, quş səsinin insan səsinə qarışdığı bu bazarda hər şey yolundadır. Necə deyərlər, alan da, satan da razıdır.

# 6331 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #