Xətai əslində şair deyilmiş-RESENZİYA

Xətai əslində şair deyilmiş-RESENZİYA
23 may 2013
# 15:09

“Dizim dəydi dizinə,

Üzüm dəydi üzünə,

Mənim dərdim nəydi ki,

Səninkinin yanında...” (tamaşadan)

Zaman: 22 may 2013

Məkan: Akademik Milli Dram Teatrı

Əsər: “Hamı səni sevənlər buradadı”

Tamaşa: “Şah və Şair” tamaşasının premyerası.

Dramaturq: Kamal Abdulla

Rejissor: Mikayıl Mikayılov

Rəssam: Mustafa Mustafayev

Azərbaycan mili teatrının tarixi boyunca ən məşhur və sevilən səhnəsi “Vaqif” tamaşasında şah Qacarla şair Vaqifin görüşüdür. “Bəs baş əymədiniz? –Əymədim, bəli!...” Əslində camaat Qacarın necə şah olduğunu, İbrahim xana baş əyən Vaqifin Qacarla deyişəcək biri olmadığını yaxşı bilir.

Amma bu, yenə də həmin səhnənin məşhurluğuna və sevilməsinə kölgə salmır. Bunun bir böyük, möhtəşəm səbəbi var: Könül istərdi ki şair şahın qabağında əyilməsin. Qom-qom topaladığı o böyük sözləri canı ilə, qanı ilə qorusun, dərisi soyulsun, amma sözündən dönməsin. Sözü gözdən salmasın.

“Şah və şair” tamaşasına bu həvəslə gələnlərin olduğuna inanıram. Əsərin Şah İsmayıl Xətaidən bəhs etdiyini bilənlərsə bu qarşılaşmaya ümid etmirdilər, Şahla şairin arasındakı “Və” bağlayıcısının qarşılaşdırma yox, ardıcıllıq, birgəlik xarakterli olduğunu düşünürdülər. Amma Xətaidən bəhs edən “Şah və Şair” tamaşasında doğrudan da şah və şair qarşılaşdı. Və bu qarşılaşma məşhuri-Vətən olan “Vaqif”dəki səhnə qədər peşəkar, hətta konseptual baxımdan daha maraqlı oldu.

Kvant nəzəriyyəsi

M.Plank

Bu tamaşa ilə postmodernizmin “new history”si Azərbaycan sənət məkanına gözlənilməz və özünə xas şəkildə yol açdı. Bu “new history” müəllifin allahlığından, əsərində tarix üzərində mütləq hökmranlığından, şəxsi arzusundan çox, mətnin, tarixin özünə söykəndi. “Əslində necə olub?”a elə cavab verdi ki, artıq sual verməyə hacət qalmadı. Bu, “hə və yox” kimi ikili cavabın arasında daha bir cavab idi- “Əsli ilə düzdümü? Həm hə, həm də yox”. Buna fizikada Kvant nəzəriyyəsi deyirlər.

Tapmaca yazmayaq. Sizi məsələ ilə əvvəldən axıra tanış edək. “Şah və şair” bir əhvalat danışır: Şah İsmayıl Xətainin kimliyi haqqında olan bu əhvalat şah və şair kimi bir-birinə zidd məfhumları izah edir: Şah özünə bənzəyən Xətai təxəllüslü şairi saraya gətirdir və Çaldıran döyüşündən sonra taxtı öz bənzərinə təhvil verir. Təbii ki bundan heç kim xəbər tutmur. Bu ziddiyyət bu qədər asan çözülür.

Amma hələ bir versiya da olacaq. Onlar bir şəxsdir, bir vərəqin iki üzü kimi. İndi şah və şair arasındakı o “və” bağlayıcısı sirrə çevrilir, bəlkə də “bağlayıcılıq tarixində” yaşamadığı əhəmiyyətli anı yaşayır. Şah da, şair də ayrı-ayrı adamlardır. Amma şah da şair də eyni adamdır. Necəsi?

Bunu Kamal Abdulla Professorun dilindən “batin və zahir” fəlsəfəsi, onun “Sirlərin sərgüzəşti” kimi mənbəyə istinadı ilə izah edir. Şah və şair zahir və batin kimidirlər. Şahlıq və şairlik bir şəxsiyyətin içində çarpışan iki adamdır. Yalnız məğlubiyyət acısından sonra şairlik taxta çıxır, şahlıqsa ölür. Ağlabatan versiyadır. Şəxsiyyətin ikiləşməsini rejissor Mikayıl Mikayılov şah rolunu oynayan iki aktyorun sinxron hərəkətləri ilə göstərir. Aktyorların pafosu da öz yerində.

Tamaşada bir fraqmentallıq var, elə bu sinxronluq da, ara-sıra oynanılan səhnələrin təkrarı da, əhvalatların dalğadan dalğaya düşməsi də, Professorun bu dalğalara köklənərkən yaşadıqları da bu kinovariliyi, fraqmentallığı qüvvətləndirir.

Təkrar nəzəriyyəsi

Qabriel Tard

Madam ki, tamaşada müxtəlif mənbələrə istinadlar var, bir xatırlatma da bizdən olsun. Yeni tamaşa necədisə, yazı da elə olur.

Ölümündən sonra, postmodernizm zamanında məşhurlaşan və qədri bilinən fransız sosioloqu Qabriel Tard «Təqlid qanunları» əsərində sosial proseslərin təqlid qanunlarına əsaslanaraq inkişaf etdiyini yazırdı. Tamaşa içində Professor (Vidadi Həsənov) təkrardan danışır, təqliddən danışır “bu yağış min il əvvəl də belə yağıb, indi yağan min il əvvəlkini təqlid edir” deyir. Və bunun üstündən təqlid əhvalatına keçirlər. Tamaşanın içində bir-iki təkrar da var: məsələn Şahın (Elşən Rüstəmov) taxtı əsl adı Xızır olan Şahın bənzərinə (Hikmət Rəhimov) verdiyi səhnə bir də təkrarən oynanılır və s. Bu təkrarlar faktı beynimizdə bərkidib, möhkəmləndirmir, “belə olub!” deyən aksiomaya çevirmir, əksinə, əhvalata bir mücərrədlik gətirir, “Əslində nə baş verib?” sualını bir az da qüvvətləndirir.

Şah və mat

“Şah və şair” Professorun televizordan izlədiyi kadrlarla başlayır. Bu gün televizorumuzun göstərdikləridi: teraktlar, nümayişlər, ictimai sosial hadisələr, zorakılıqlar. Bir-birini əvəzləyən kadrları izləyən Professor birdən öz nitqini tapır. Bu, əslində Professoru ikiləşdirən səhnədi, gəldiyi qənaətdir. Bu səhnə xaric, rejissor əhvalatı bu günlə bağlamağa daha bir dəfə də cəhd etmir.

Proyeksiya lövhəsində həm də “Sirrin sərgüzəşti” əsərindən bəzi məqamlar illüstrasiya olunur. Bu əsərə görə sirrin içində sirr var. Sirr həm açılan, həm də açılmayandır. Şahın ölümü də tarixin sirli qaranlığından iki versiyada görünür: onu Hüseyn bəy Lələ (Vidadi Həsənov) öldürüb və şah öz əcəli ilə ölüb. Tamaşanın musiqisi, hətta tərtibatı bu əhvalatın üstündən bir külək əsər kimi əsir-tale küləyi, tale stixiyası.

Bu əhvalatın mini modeli şahmat taxtasında oynanılır, bu Sultan Səlim və Şah İsmayıl qarşılaşması deyil, ağ şah da, qara şah da şah İsmayıldır.

Bu “şah və mat”dakı və ardıcıllıq bağlayıcısıdır: şah məsələsi mat qalmalı məsələdir. Tamaşa içində başqa bir tamaşanı Tural Vaqifoğlunun Sumqayıt teatrında hazırladığı “Şah”ı xatırladım. Səbəbsiz deyil. O tamaşa da tamaşaçıları eynən bu cür mat qoymuşdu.

Tarix, hətta televizorumuz göstərdiyi “indi” belə (o indi ki “di” hecasını deyər-deməz tarixə qovuşur) sirlə doludur. Tarixin çərxi fırlandıqca oradan örtülü geyinmiş sirli adamlar çıxır-daha doğrusu bu çərx fırlandıqca bu adamları mərkəzdən qaçma təcili ilə kənara atır (Tərtibat Mustafa Mustafayev), bu da tamaşanın finalı deməkdir....

# 4149 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #