Kulis.az Etibar Kərimlinin “Bir daha varlıq və... metod haqqında” essesini təqdim edir.
Sözlər öz əhəmiyyətini itirəndə xalq öz azadlığını itirir.
Konfutsi
“Bu gün varlıq haqqında sual unudulmuşdur” – M. Haydegger məşhur “Varlıq və Zaman” (“Бытие и Время», 1927) əsərini bu cümlə ilə başlayır. Təsadüfi deyil. XX əsrin mədəniyyət və incəsənət tarixinə damğasını vurmuş ekzistensialist fəlsəfə Varlıq – “Dasein” (“das Sein” – almanca hərfi mənada, “olan”) anlayışının üzərində qurulmaqla bərabər, onu yenidən digər elm sahələrində, o cümlədən estetikada diqqət mərkəzinə çəkdi. Niyə Varlıq? Axı ilk baxışdan anlayış mənşəyini hələ Antik dövrdən alan klassik fəlsəfənin kateqoriyasıdır, hansı ki, XIX əsrin sonu - XX əsrin başlanğıcından öz mövqeyini qeyri-klassik fəlsəfəyə (Fenomenologiya, Psixologizm, Ekzistensializm, Modernizm və d.) verdi. Yeni cərəyanlar isə metafizik anlayışlardan daha çox, konkret və real insanın, onun ruhi-mənəvi mahiyyətinin yenidən dərk olunması ilə, humanitar elmlərin, o cümlədən ədəbiyyatın, incəsənətin roluna yenidən qiymət verməklə məşğul olurdular. Cavab üçün elə həmin varlığın özünə müraciət etməliyik.
XX əsri bir sıra elmi ədəbiyyatlarda hər nə qədər “elmi-texniki inqilab”, “sürət və kosmos” əsri adlandırsalar da, unutmaq lazım deyil ki, məhz bu dövrdə bəşəriyyət özünün ən amansız faciələrini, 2 dünya müharibəsini, ayrı-ayrı xalqların soyqırımını, kütləvi qırğın silahlarının sınaqdan keçirilməsini yaşadı. İntibah epoxasının dünya sivilizasiyasına qazandırdığı maddi-mənəvi dəyərlər – feodal istehsal münasibətlərinin yeni ictimai münasibətlərlə əvəzlənməsi, bunun ardınca gələn bolluq, insanın ortodoksal dini ideologiya basqısından qurtulması, fəlsəfə və incəsənətdə orta əsrlərin sxolastik təmayüllü mistik-ezoterik təlimlərinin öz yerini rasionalist, dialektik təlimlərə verməsi nəticə olaraq bütünlükdə cəmiyyət həyatında müsbət dəyişikliklərə səbəb olsa da, sonrakı bir neçə əsr ərzində bu inkişaf özünün əks üzünü göstərdi. İnsan maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mənəvi cəhətdən yoxsullaşıb alçaldı. Dini-əxlaqi normalar sistemi (“öldürmə, oğurlama, zina etmə, yaxınını sev və d.) şübhə altına alınınca, qəddarlıq, istismar, pozğunluq həyat normalarına çevrildi. Artıq XIX əsrin sonlarına doğru Avropa cəmiyyətində mənəvi böhran o həddə çatmışdı ki, yeni yaranmaqda olan qeyri-klassik fəlsəfi ənənə bunu Mütləq substansiyanın yox olması (“Allah öldü” - Nitsşe), Tarixin bitməsi kimi qiymətləndirir, bu isə öz növbəsində varlıqda, o cümlədən insan varlığında, onu çərçivələyən ətraf gerçəklikdə baş verənlərin yeni dəyərləndirilməsini tələb edir, bunların inikası kimi incəsənət qarşısına yeni estetik ideallar çıxarırdı. Əsrin əvvələrində meydana gəlmiş çoxsaylı avanqardizm cərəyanlarının (Futurizm, Dadaizm, Sürrealizm və d.) fəlsəfi əsası estetikada pozotivizmin, incəsənət nəzəriyyəsində isə realizmin inkarı idi. Yeni cərəyanlar sənayeləşmiş, güclü urbanizasiya prosesləri yaşayan və ictimai həyatı sürətlə dəyişən dünyanın bədii sənət proqramlarını yaradarkən, varlığın sırf psixoloji artikulyasiyası (Şopenhauer), insan şüurunun yetyərsizliyi (Kyerkeqor), bunlardan irəli gələn pessimist ideyalar zəminində ətraf gerçəkliyə qarşı sərt tənqidi münasibətə əsaslanırdılar. Dünyanın harmoniyası pozulmuşsa, sənətdə niyə harmoniya olmalıdır? İnsanın həyat tərzi dəyişirsə, sənətin də inikas metodu dəyişməlidir. Yalnız ənənəvi varlıq ideyasına deyil, ənənəvi olan hər şeyə - qanuna, davranış normalarına, mədəniyyətə, sağlam düşüncəyə qarşı çıxmaqla avanqard-modernist cərəyanlar yeni dünyanın yeni ədəbiyyatını, rəssamlığını, heykəltaraşlığını yaratmağa can atırdılar. P. Pikasso deyirdi ki, “mənim rəsmim bir sıra dağılmaların nəticəsidir, belə ki, mən əvvəlcə rəsmi yaradır, sonra onu dağırtmağa başlayıram”. Həyatda olduğu kimi - əvvəlcə min bir əziyyətlə yaradırıq, sonra bütün məntiqi arqumentləri kənara qoyub öz yaratdıqlarımızı dağıdırıq. J.P. Sartr başlıca fəlsəfi “Varlıq və heç nə. Fenomenoloji ontologiya təcrübəsi” (“Бытие и ничто. Опыт феноменологической онтологии», 1943) əsərində insan şüuru ilə ətraf dünyanın varlıq münasibətlərini tədqiqata cəlb edir, nəticədə insan üçün azadlığın yeni mənasını aşkarlayır: Azadlıq elə şüurun özüdür; o, varlığın, dünyanın , tarixin özəyi, daxili srukturudur. Bununla dəyişən dünyada baş verən ilk baxışdan ən amansız hadisələrin belə əsasında öz fərdi azadlıq ruhunu dərk etmiş insanın durması ehtimalı irəli sürülür. Nə Allah var, nə də Mütləq substansiya. Mütləq azad insan özü həm Allahdır, həm də Mütləq. Beləliklə, düşmən xarici aləmin təsrilərindən qaçan, bariz individual duyğulardan başqa obyektiv, rasional heç nə qəbul etməyən, özündə qapanıb qalan dağılmış insan obrazı yeni yaranan incəsənət və ədəbiyyat nümunələrində tipikləşdi. O, hər şeyə üsyan edir, məntiqi olanı qəbul etmir, çünki “məntiq həmişə yalandır” (T. Tsara). Ənənəvi şüur, din, əxlaq, gözəllik normaları onun azadlığını məhdudlaşdırğı üçün asanlıqla rədd edilir. İnsan ətraf varlığı unutmaq istəyir, bir çox hallarda bunu bacarır, amma onu da unudur ki, həmin varlığın bir parçası elə onun yorulmuş şüurudur.
Fenomenoloji cərəyanın və metodun banisi E. Qusserl ölümündən (1938) 3 il öncə “Vyana mədəniyyət cəmiyyəti”nin dəvəti ilə bu şəhərdə “Fəlsəfə və Avropa insanlığının böhranı” («Философия и кризис европейского человечества», 1935) adlı proqram xarakterli məruzə ilə çıxış edərək, unudulmaq istənən bir sıra anlayışlara yüksək tribunadan aydınlıq gətirmək məcburiyyətində qaldı. Filosofa görə, Avropada insanlığın böhranı “dünyanın öz mənasını qazandığı mütləq şüura inamın, tarixin mənasına, insanlığın mənasına...insanın öz individual və ümuminsanı varlığına şüurlu məna verə bilmə gücünə və bacarığına inamının” dağılması ilə bağlıdır. Almaniyada və İtaliyada faşistlərinin hakimiyyətə gəlməsi ilə bütün qitəni bürüyən ictimai-siyasi və ideoloji gərginlik şəraitində yaranmış böhranın kökləri haqqında görkəmli alimin sözləri böyük əks-səda doğurdu. Məlum oldu ki, varlığın “unudulması”, insanın ifrat inqilabi ideyalarla ətraf gerçəkliyə qarşı çıxması, ona düşmən kəsilməsi bəşəriyyət üçün yaxşı heç nə vəd etmir, hətta onun sonunu gətirə bilər. Sonrakı hadisələr bu ehtimalların nə qədər həqiqətəuyğun olduğunu sübut etdi. Dünya hələ I müharibənin yaralarından tam sağalmamış, 2-ci və daha amansız müharibə girdabına sürükləndi. Ekzistensialist-modernist fəlsəfənin azad etdiyi insan öz enerjisini avanqard əsərlər yaratmağa sərf etməkdən bezib, bir az da “dava-dava” oynamaq qərarına gəldi. Niyə də yox? Axı o, artıq mütləq azadlığını dərk etmişdi. Amma gerçək varlıq çox sərt şəkildə ona mövcudluğunu xatırlatdı ki, bu da hər sahədə olduğu kimi incəsənətdə və ədəbiyyatda ideal və metod dəyişikliklərini ardınca gətirdi. Bir zamanlar ögey uşaq münasibəti görən realizm Avropanın dağıdılmış şəhərlərini, parça-parça olmuş insan taleləri ilə yanaşı, həm də cəsədlərini böyük parlaqlıqla yaddaşlara, şüurlara qazıdı və sübut etdi ki, “insanın öz individual və ümuminsanı varlığına şüurlu məna verə bilmə gücü və bacarığına inamı” bərpa etmək imkanına malikdir. Modernizmin söküb-yıxdığı şüuru, nizamı, gözəlliyi və bunların ardınca dövlətləri, şəhərləri, kilsələri, binaları rasionalist-realist düşüncə məntiq, harmoniya, estetik zövq, yaradıcılıq enerjisi və bunların ardınca yeni yaşayış məskənləri, mədəniyyət ocaqları, məktəblər, xəstəxanalar formasında bir-bir dirçəltməyə başladı. Beləcə, varlıq və tarix bəşəriyyətin mədəni-intellektual, fəlsəfi-estetik düşüncə tərzinə növbəti müdaxilədə bulundu və faktiki olaraq onu xilas etdi. Dünya mədəniyyəti bu müdaxiləni düzgün qiymətləndirdi və qəbul etdi. Çünki...
...ardınca postmodern deyilən fenomen meydana gəldi... Eko ironiya ilə deyirdi ki, “hətta Homeri də postmodernist elan etmək cəhdləri olub”... niyə?.. hər şey və hər kəs nəyinsə və kiminsə “post”udur (sonrasıdır)... postmodernizm isə yalnız modernizmin yox, bütün klassik və qeyri-klassik fəlsəfi, ədəbi-estetik cərəyan və metodların “post”udur... bədbinsiz, həm də inqilabçı?.. ay canım, elə bilirsiz inqilab edəndən sonra hansısa ədalətli cəmiyyət qurulacaq?.. ha-ha-ha... nə bədbinəm, nə də inqilabçı, amma çoxdandı belə gülməmişdim... siz ənənəyə, tarixə, varlığa qarşı çıxırsız?.. o zaman mən sizə qarşı “post”am...tarixə düşmən deyiləm, çünki o, “bizi buraxmır, şantaj edir” (U. Eko)... ona görə tarixə, ənənəyə qarşı çıxırsız ki, yenilik etmək iddiasındasız... amma yenilik deyilən şey yoxdur... hər şey nə vaxtsa, hardasa baş verib... hər şey artıq daha öncə yazılıb, deyilib, oxunub... biz yalnız təkrar edirik... yəni, Deja-vu... siz realistsiniz?.. onda mən sizə qarşı da “post”am... reallıq deyilən heç nə yoxdur... hər şey illüziyadır, mistikadır, magiyadır, mifdir... bax bu sirli məkan reallıqdan fərqli olaraq çox zəngindir, təbəqəlidir, dumanlıdır, nə qədər istəyirsiz yazın, sənətkarlığınızı göstərin, hətta bol-bol yazsanız və təbliğ olunsanız Nobel mükafatı almaq şansınız böyükdür... ümumiyyətlə əsər yoxdur, mətn var... əsərin mənasını yox, dilin, səsin, yazının, simvolun mənasını tutmağa çalışın, təhlil edin, köklərinə qədər enin... reallığın mənasına isə çox da baş qoşmayın, o, bu gün bir cürdür, sabah başqa cür... həqiqət, vicdan, şərəf, əxlaq?.. gəlin bu sözlərin sırf etimoloji-linqvistik tərəflərini araşdıraq... müharibə, hakimiyyət, var-dövlət?.. bunların hamısı boş şey, “simulyakr”dır (J. Bodriyar)... işinizlə məşğul olun, evinizdə oturun, ailənizə, arvad-uşağınıza baxın... insan?.. hansı insandan danışırsız?.. sadə insan artıq yoxdur... postinsan var, bax, bundan danışın, deyim hə!.. mənası nədir?.. dedim axı, məna axtarmayın, gözəgirən simvol axtarın, alatoranlıq yaradın, mümkün qədər çox şeyi bir yerə yığın və nə qədər qarışıq olsa, bir o qədər dahisiz...
XX əsr postmodern strukturalist fəlsəfənin tanınmış nümayəndəsi, ədəbiyyatşünas, dilçi alim Jak Derrida yazır ki, “mütləq bilikdə olma və özolma kimi varlığın tarixi... qapanır. Olma tarixi qapanır, çünki tarix heç vaxt Varlığın prezentasiyasından, idrak və hökmranlıq kimi olmanın əsəri və xatırlanmasından savayı heç bir məna daşımayıb” (“Голос и феномен: введение в проблему знаков в феноменологии Гуссерля”, 1967). Tarix özü varlığın əsəridir. Biz şüurlu insanlar da, ətraf gerçəklik də, bu gerçəkliyin doğurduğu incəsənət və ədəbiyyat da, onun bu və ya digər metodları da. Varlıq hər şeyi müəyyən edir, ayrı-ayrı insanların (nə qədər dahi olsalar belə) subyektiv düşüncələri deyil. Müasir Qərb sivilizasiyası bir çox böhranlardan sonra bunu dərk etdi, zamanı və yeri gəldikdə varlığın ictimai həyata müdaxilə etməsinə imkan tanıdı. Bəs bizdə bu sahədə vəziyyət necədi?
Azərbaycan artıq 25 ildir müstəqildir və bu illər ərzində millət olaraq bir çox faciələr yaşamışıq: torpaqlar işğal olunub, insanlar qırılıb, əsir düşüb, işgəncələrə məruz qalıb, ev-eşiklərindən, doğma dədə-baba yurdlarından didərgin düşüblər; siyasi təbəddülatlar, burulğanlar baş verib, generallar torpaq uğrunda vuruşmaq əvəzinə siyasətə girişiblər, siyasətçilər ən yüksək səviyyədə dövlətin müstəqilliyini və ləyaqətini qorumaq əvəzinə, öz canlarını, bəzən isə ciblərini qorumaq hayına qalıblar; ziyalılar xalqın maraqlarını güdməkdənsə, vəzifə, şan-şöhrət, orden-medal, fəxri ad maraqlarını güdüblər; məmurlar vətəndaşlara xidmət əvəzinə xarici bank hesablarının artırılmasına xidmət ediblər, din xadimləri aşı görüb, Quranı yaddan çıxarıblar, “qara” camaat isə arvad-uşağın yumruq boyda mədəsini doldurmaq üçün ruhunu bəzən şeytana da satmağa hazır olub... hələ bunlardan da iyrənc hadisələr görmüşük bu illər ərzində... fəqət, deyiləsi deyil. Bəs bu sadaladığım və sadalamadığım varlıq əlamətləri əcaba müasir Azərbaycan ədəbiyyatının, incəsənətinin obyektinə çevrilə bilibmi? Çevrilibsə də, hansı dərəcədə? Məncə, çevrilə bilməyib. Çevrilibsə də, çox kiçik ölçüdə. Keçmiş bolşevik ideologiyasının dağılması ardınca ədəbiyyatımız da digər sahələr kimi müəyyən azadlığa qovuşdu və ilk işi köhnə sosialist realizmi metodunun məngənəsindən birdəfəlik qurtulmaq oldu. Zatən o qədər də çətin deyildi, 60-cı illərdən sonra bu metodun təsiri demək olar yox səviyyəsində idi. Boşalan yeri doldurmaq məqsədilə istər-istəməz ətrəfa boylandıq və məhz bu zaman dünya ədəbiyyatında tez-tez adı hallanan postmodernizm diqqətimizi cəlb etdi. Biriləri də “niyə bu əjdahadan bizdə yoxdu?” deyib, başladı boş yerdə postmodern ədəbiyyatı yaratmağa. Yarada bildilərmi? Formal yanaşsaq, bir sıra nümunələri, bəli, bu ədəbiyyatın bəzi elementlərini ehtiva edir. Bəs, formal yanaşmasaq? Postmodern fəlsəfənin digər görkəmli nümayəndəsi J. Bodriyar “Şərin şəffaflığı”nda (“Прозрачность Зла”, 1990) yazır ki, postmodern dünya “orgiyadan sonrakı” vəziyyətdir. Bütün siyası, istehsal, tənqidi, seksual və d. qüvvələr azad edilmiş, bütün utopiyalar həyata keçirilmiş, bunun ardınca bəşəriyyət “orgiya” yaşamış və postmodern dünya meydana gəlmişdir. Sual yaranır: bizdə buna oxşar vəziyyət yaranıbmı? Görəsən bizdə yuxarıda adı çəkilən qüvvələrdən hansı biri azad edilib, hansı “utopiyalar”ımız həyata keçib? Çox düşünməyə dəyməz, heç biri. Bizdə yalnız dəhşətli faciəllər yaşanmışdır, o qədər. O faciələrin də səbəbi heç də bizim öz mütləq azadlığımızı dərk etməmiz deyil, bəlkə tam əksinə - ətraf gerçəklik qarşısında mütləq gücsüzlüyümüzü, zəifliyimizi, yazığılığımızı dərk etməmiz olmuşdur. Bəs onda niyə postmodern yarandı? Sırf dəb xatirinə bu ədəbiyyatın arxasınca düşənləri bir kənara qoyuram. Bizdə bir sıra tanınmış simalar da əsərlərində postmodern estetikanın tələblərinə cavab verməyə çalışırlar.
Niyə? Məncə, elə həmin güclüslüyə görə. Onlar ətraf gerçəkliyin – yuxarıda adını çəkdiyim və çəkmədiyim faciələrimizin sərt realist mənzərəsini yaratmaqdan sadəcə qaçırlar. Yalançı, qorxaq, xalqını dolayan siyasətçi, vətən torpaqlarını hərraca qoymuş general, korrupsioner məmur oliqarx, qohumbaz, tayfabaz vəzifə hərisi, vicdanını Avropa təmirli çoxmənzilli evə satmış ziyalı, yaxud düşmənin arxa cəbhəsinə təkbaşına keçib, bir bölük əsgərini təkbaşına məhv edən şəhid qəhrəman obrazlarını, dəhşətli həyat, mübarizə və müharibə səhnələrinin geniş epik mənzərəsini yaratmaqdansa, nağıllar, dastanlar, miflər dünyasına baş vurmağa, mistik hadisələrdən yazmağa, fikirləri qatıb-qarışdırmağa, uzaq simvolların dili ilə danışmağa üstünlük verirlər. Bax bu yerdə postmodern ədəbiyyat köməyə gəlir. Postmodern estetika əslində “müasir” ədəbiyyatımıza vaxtilə sosialist realizmi kimi yuxarıdan sırınır, daxili ehtiyacdan yaranmır. Maraqlıdır ki, vaxtilə realist nəsrin şinelindən çıxmış köhnə nəsil yazarlar da bu ədəbi oyunda iştirak edirlər, halbuki onların bir çoxları son illərin faciələrini və nəyin, necə yazılmasını hamıdan daha yaxşı bilirlər. Bilirlər, amma Tartüf maskasını taxaraq, insanlara yalançı əxlaq dərsi keçir, diqqəti əsas mövzulardan onuncu, on beşinci dərəcəli mövzulara yönəldirlər. Ədəbiyyat cəmiyyətimizin həqiqi, daxili ağrı-acılarını gösrətməkdənsə, üzündəki sivilcələri, dərisinin rəng dəyişikliyini, uzaq başı soyuqdəyməni göstərir. Yəni, o, güzgü deyil, şirmaya çevrilmişdir. Bəlkə bu vəziyyətə onu zorla salıblar? İnanmağım gəlmir. Sadəcə, elə vəziyyət yaranıb ki, ən rahatı postmodern ədəbiyyatdır. Nəyinə lazımdır real həyat? Yaşasın nağıl, mif, simvol.
Son olaraq, bir dana U. Ekonun tarixi varlıq haqqında sözlərini xatırlamaq istəyirəm: “o, bizi buraxmır, şantaj edir”. Biz istəsək də, istəməsək də, varlıq bizi buraxmayacaq, müdaxilə edəcək, həyatımıza yön yerəcək. Buna qarşı çıxmaq lazımdımı? Qətiyyən! Nə qədər tez bunu anlayıb onun müdaxilələrinə uyğun həyatımızı qursaq, bir o qədər tez normal, sivil dünyaya qovuşarıq, bir o qədər tez həqiqi böyük ədəbiyyatınız yaranar və nəhayət, bir o qədər tez dünya ədəbi prosesinin bir hissəsinə çevrilib, layiq olduğumuz dəyəri qazanarıq. Unutmayaq ki, hər hansı xalqın ədəbiyyatı və incəsənəti hansısa müasir cərəyana mənsubluğuna görə deyil, ilk növbədə həmin xalqın varlığını nə qədər həqiqi təqdim etdiyinə görə maraq doğurur.