Dünyaya qara gəlib ağ gedən adam

Dünyaya qara gəlib ağ gedən adam
29 avqust 2019
# 21:02

Bu gün dünya şöhrətli ifaçı Maykl Ceksonun doğum günüdür. Kulis.az bu münasibətlə İlqar Rəsulun onun haqqında yazdığı yazını təqdim edir.

Əslində hamımız öləcəyik. Və hamımız da ölürük. Ölmək istəyənlər də, ölmək istəməyənlər də. Əlbəttə ki, ikincilərlə müqayisədə birincilər dənizdə damladır. Yəni öləri yaradılan bəşər övladının demək olar ki, hamısı ölmək istəməyənlərdir. Amma Maykl Cekson məhz hamıdan çox yaşamağı məqsəd qoymuşdu qarşısına.

Varlığını istedadı ilə bütün yer kürəsinin gözünə soxmağı bacaran bu adamın bir dərdi də o idi ki, nə eləyirdisə hamı elə həmin gün xəbər tuturdu. Zavallı peşman idi hansısa uşağın "başını sığallasın". O dəqiqə uşaqbazlıqda ittiham olunurdu. "Od olmayan yerdən tüstü çıxmaz", - deyirdilər. Amma day bu qədər tüstüləmək də bir şey deyildi. Tüstü demişkən, uşaqbazlıq söz-söhbəti səngiməmiş bir də görürdün Mayklın adı narkotik haqq-hesabında hallanır. Jurnalistlərdən başqa hamının qanı qaralırdı. Özü də əziyyət çəkirdi, fanatlarını da dilxor edirdi. Fanatlar da ki, maşallah, Mayklı hara sorğu-suala aparırdılarsa, tökülüşürdülər ora. Hamısı yox a, cüzi bir hissəsi. Çünki hamısı nəinki hansısa dövlət qurumunun qarşısına, heç bütöv bir ölkəyə də sığmazdı...

Hər dəfə onu seyr edəndə, məndə belə təsəvvür yaranırdı ki, Maykl bu dünyada ayrıca fanatları olmayan yeganə sənətkardır. Çünki ona hamı eyni həvəslə tamaşa edirdi. Yəni hər bir sənətkarın fanatları var - kiminin az, kiminin çox. Amma bu azlıq da, çoxluq da birlikdə həm də Maykl Ceksona pərəstiş edirdi.

Onu irqindən, dinindən asılı olmayaraq hamı sevirdi. Ağdərililər də, qaradərililər də. Xaçpərəstlər də, müsəlmanlar da. Xaçpərəst doğulub sonradan İslamı qəbul etmişdi. Qaradərili doğulub sonradan özünü ağdərili elətdirmişdi. Əlbəttə ki, bu rəng dəyişmək ağıllı iş deyildi (gənc yaşlarında dərisində yaranmış problemlə bağlı rəngini dəyişdirdiyini deyənlər də var). Amma varlığa nə darlıq. Pulu var idi, elədi. Elədi və sonra anladı ki, Tanrı istedadı insana varlanıb yaradanın işinə qarışmaq üçün göndərmir. Göndərir ki, heç kimdən asılı olmayıb da bu işi daha rahat inkişaf etdirsin.

Nə isə, nə əməlin sahibi idi, nəyi düz, nəyi səf edirdi özü bilərdi, necə ki, bildi. Amma hər halda, insan gərək Tanrının onun ruhuna geyindirdiyi qabın qədrini bilsin ki, qab da onun ruhunu nə qədər mümkündür uzun müddətə özündə saxlamağı bacarsın...

Maykl Ceksonun ruhu cismində cəmi əlli il dözə bildi. Amma bu müddətin ortalarında o, artıq "dünyanın pop-kralı" adlandırılacaq qədər məşhur ola bilmişdi.

Dünyada Maykl yetərincədir. Amma bu ad çəkiləndə istər istəməz adamın gözləri önündə ilkin olaraq onun surəti canlanır. Əslində əsl xalq artisti Maykl Cekson idi. Özü də dünyanın xalq artisti. Hətta pərəstişkarı olmayanlar belə onun kliplərindən gözlərini asanlıqla ayıra bilmirlər. Yadıma qonşumuz Bəsti xala düşdü. Bir dəfə televizorda Maykl Ceksonu görüb soruşdu ki, o nədir elə? Dedim, adamdı, mahnı oxuyur. İnanmadı, baxdı, baxdı, sonra deyəsən zarafata salaraq onu aldatdığımı zənn edib, “Elə adam olmaz” dedi.

O vaxt düşündüm ki, bəlkə də bu arvad düz tapıb. Maykl olsa-olsa bu günün cihazıdır. Əslində o, gələcəyin adamına daha çox oxşayır. Bəlkə də yüz əlli il yaşamağı qarşısına məqsəd qoymuşdu ki, öz dövrünə, öz zamanına yetişsin. Düzdü mən gələcəyin adamını görməmişəm. Amma keçmişin adamından xəbərim var. Maykl Ceksonun nə özü, nə də yaradıcılığı özündən əvvəldəki heç nəyi xatırlatmırdı...

Nə isə. Gələcəyin adamı nəinki öz dövrünə çatmadı, hamının gözləmədiyi halda əlli yaşında qəfildən dünyasını dəyişib keçmişə çevrildi. Amma elə bir keçmişə ki, onun təkrarını yalnız gələcəkdən gözləmək olar...

Əlbəttə ki, indiki dövrümüzdə olduğu kimi gələcəkdə də Maykl Ceksonu təqlid edənlər, yamsılayanlar yalnız ona oxşamağa cəhd edənlər sayılacaqlar...

P.S.

Maykl Cozef Cekson. ABŞ-ın bu məşhur pop müğənnisi 1958-ci il avqustun 29-da İndiana ştatının Qeri şəhərində dünyaya gəlib. Onun bütün hərəkətlərinin, hətta şəxsi həyatının mübahisəli məqamlarının da pop musiqi mədəniyyətinin bir hissəsinə çevrildiyini düşünənlər var.

Sağlığında dünyanın ən yaxşı estrada artisti kimi dəyərləndirilib. Hansısa mənada o, həqiqətən də dünyanın ən parlaq ulduzu sayılırdı.

# 7170 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #