Bu vaxta qədər 144 qadın öldürmüşəm

Bu vaxta qədər 144 qadın öldürmüşəm
25 iyun 2015
# 07:30

Kulis gənc yazar Ömər Xəyyamın “Canlının insan olmağı ən böyük günahdır və ya böyüklər üçün nağıl” hekayəsini təqdim edir

Günlərin bir günü İnsan Tanrını cənnətdən qovdu. Qəzəblənmiş Tanrı cənnətdəki insanları öldürüb, özünə yeni dünya yaratmağa başladı. O, bu dəfə palçıqdan kişi yox, insandan insan yaratmağa qərar verdi.

Mən onların xəyalında olan, ancaq heç vaxt doğulmayan uşağın ruhuydum. Hər şeyi görürdüm. O qədər arzuladılar ki, Tanrı məni yaratdı! Amma atamı ildırım vurub öldürdü. O, təbiət və Tanrı müharibəsinin qurbanı oldu.

Anam Mari atam öləndən sonra cinsiyyət orqanını və döşlərini kəsdirmişdi. Bu dəhşətli əhvalatdır.

Heç kim inanmasa da, mən anamın hekayəsini gözümlə görmüşdüm. Hər gecə məbədə gedib onun ruhuyla danışır, səhərə qədər sevişirdi. Əsl sevgidən yaranmışam mən. Onlar heç vaxt cinsi əlaqəyə girmədilər. Atam deyirdi ki, sSevginin yataq otağı olmur! Atamın ölümündən yeddi ay sonra Tanrı məni anamın bətninə üfürdü…

Günlər keçdikcə qarnı şişir və insanlar ona fahişə kimi baxırdılar. Müqəddəslik taxtından enən qadın şəhərdən qaçdı və Morqalanda – babamdan miras qalmış evə gəldi.

Yadımdadı, ilk doğulduğum gün. O, dodaqlarını qulaqlarıma yapışdırıb “Sən müqəddəssən” demişdi. O qədər gözəl idi ki… Heyf, bir dənə də olsun şəkli yoxdur. Heç vaxt şəkil çəkdirməyib . Hələ mən ruh olanda eşitmişdim, atama deyirdi ki, yaxşı, ya pis niyyətlə şəkildəki adamı cadulamaq olar.

Həmin gün anam öldü. Həkimlər məni parçaya büküb, kiçik çarpayıya qoymuşdular. Birdən-birə bədənimin böyüdüyünü hiss elədim. Büküldüyüm parça əl dəsmalı qədər kiçildi və iyirmi yaşlı bir gənc kimi ayağa qalxdım. Otaqda heç kim yox idi, anamı morqa aparmışdılar. Sakitcə otağı tərk elədim və xəstəxanadan qaçdım.

O gün parkda , oturacağın üstündə gecələdim.

Yuxuda hələ də üzünü xatırlamadığım qoca: “Sənin missiyan günahkar qadınları öldürüb ideal qadın düzəltməkdir. O, yeni dünyanın ilk sakini olacaq” - dedi.

Öz istəyimlə addımlamırdım. Özümü iplə oynadılan kukla kimi hiss edirdim. Axmağın yekəsiyəm. Hərdən düşünürəm ki, hansısa romanın obrazıyam. Adətən günəş batandan sonra şəhərin cənub tərəfində, məşhur barlar küçəsi Morqlandda sülənirəm. Morqland ov etmək üçün əsl mən istəyən yerdir. İstədiyin formada oğurluq eləyə bilərsən, kimisə zorlayarsan. Elə bil şəhərin bu küçəsi ucuna səsboğucu bağlanmış tapançadı - öldürürsən, eşidən yoxdu. Ən yaxın dostum səfil İgi dayı deyirdi ki, soyuq havalarda Morqlanddakı lyuklardan qalxan ilıq buxar bu küçənin günahlarını göylərə qaldırır özüylə.

Qorxuram lyuklardan. Lənətə gəlmiş ləçərlərin əlimdəki qan izlərini yuduğum sular bu lyukların altından keçib, hansısa dənizə axır. Üçüncü qurbanım Laylanı evə aparanda hündür dabanlı ayaqqabısı lyukun qapağına ilişmişdi. Birdən ağlıma gəldi ki, bəlkə də bu bir işarədir, kimsə istəmir oyunlarıma alət olsun. Onda İgi dayının sözlərini xatırlamışdım: “Lyuklardan qalxan ilıq buxar bu küçənin günahlarını göylərə qaldırır özüylə.” Lyukdan qalxan buxarın üstünə işəmişdim. Layla anam məni doğanda xidmət göstərən tibb bacısıydı...

Qasığımı və qoltuğumun altını təmizləmirəm heç vaxt. Çox içəndə qasığımdakı tükləri toxuyuram, müxtəlif formalar verirəm. Tənhalıq! Bu nə zibil taledi? Rahatlıqla adam öldürə bilirsən, əlini-qolunu sallayıb azad gəzə bilirsən, yeni insan yaradırsan, amma heç kim yoxdu, ən azından kimliyini anlatacaq biri... Bu lənətlənmiş azadlıq özü boyda çərçivədi!

Otağımın tavanındakı naxışları əzbərləyən qızların ortaq nöqtələri mən deyildim... Hamısı günahkardı, heç birinin günahı yoxdu...

Evimdən başqa heç nəyim, heç kimim yoxdu. Morqlanda yaxın süni yaradılmış Sen gölündən tutduğum balıqları satırdım, axşam da ova çıxırdım. Əvvəl balıqlardan pul qazanırdım. İndi qurbanlarımdan. Hə, bu çox rahatdı. Öldürdüyüm qızların çantaları növbəti hədəfə qədər ehtiyaclarımı ödəməyə bəs edir.

Lilitin qurbanlardan götürdüyüm hissələri birləşdirmək üçün skeleti lazım idi. Ah Lilit, səni öldürdüm ki, bir də ölməyəsən. Xoşbəxtlik! Sən yeni dünyanın ilk insanı olacaqsan! Yeni müqəddəs kitabda ilk söz – Qadın - o sənsən!

Şəffaf dəniz suları kimi yosunlu gözləri…

Mənə elə gəlirdi ki, bu qız nimfadır. Təbiət hadisələrinin qız cildində canlanmış ruhu.

Dəniz qoxusu buxarlanıb Lilitin saçlarına hopmuşdu…

Bərkimiş döşlər - asma körpülərin polad kəndiri kimi… Pəncərədən düşən şaquli günəş şüaları döşəmədəki güzgüdə sınıb genişlənmiş göz bəbəklərində itirdi. Qorxulu filmlərdəki evləri xatırladan daxmaya öldürdüyüm qızları da hesablasaq bu qədər gözəl biri gəlməmişdi.

Dərisini soyandan sonra da gözəlliyini itirməmişdi.

Qızları üç yerə bölmüşdüm. Yatıb sonra öldürmək istədiyim qız, evə gətirən kimi öldürmək istədiyim qız, bir ömür qucaqlayıb, körpücük sümüklərindən həyat dadmaq istədiyim qız. On səkkiz yaşlı bu qız üçüncülərdən ən birincisiydi.

İyirmi üç yaşım var və bu vaxta qədər 144 qadın öldürmüşəm. Bu həftəyə bir, aya dörd, ilə qırx səkkiz qadın deməkdi.

Sonradan heç kim bu qadınları axtarmırdı və onlar doğurdan da günahkar idilər. Bəlkə də özümdən başqa heç kim hiss eləmir məni. Tanrı tərəfindən göndərilmiş missiyamı uğurla yerinə yetirən ən əzazil mələklərdən biriyəm - insan cildində mələk...

Öldürməmişdən cinsi əlaqədə olduğum qızlar mənə insanı öyrədirdi. Onda hiss edirdim insanı. Onda insan olurdum. Necə də iyrəncdi!

Üzərinə pivə tökdüyüm siqaret kötüklərinin qoxusu orqazmdan sonra peşmançılıq hisslərimi daha da artırırdı.

Evim zibilliyi xatırladır. Divarın küncündə qalan kiflənmiş portağal qabıqları, yarısına qədər siqaret kötüyü doldurduğum pivə şüşələri… Bir də gözyaşardıcı insan meyitinin qoxusu. Məhəllədəki itlər hiss edirdi bu qoxunu bəlkə də. Dayanacağa qədər arxamca gəlirdilər.

Bütün güzgüləri sındırmışdım. Özümü görəndə insana daha da nifrət edirəm. Bütün günü əzələlərimdə küt ağrı var.

Barmaqlarımın ucuna qədər qovub gətirdiyim cümlələr daş kimi ağırlaşıb, hansısa qızın başına düşürdü.

Seçdiklərim ideal gözəlliyə malik qadınlardı və hərəsinin bir yerini kəsib götürürdüm. Hər gecə iki qəribə varlıq gəlir, götürdüyüm hissələri Lilitin skeleti üzərində yığırdılar. Öldürdüyüm qadınların cəsədlərini də onlar aparırdı.

Yeni qadının bircə gözləri çatmırdı. Dünyada elə bir qadın tapmırdım ki, gözləriylə günah işləməsin. Ən azı gözləriylə. Hər qadının gözündə bir nəfər də olsa yad kişi var idi. Uşaqlar isə missiyaya aid deyildi. Sonra Esmeraldonu tapdım. Gözləri anadangəlmə kor, çox gözəl, bakirə qadının günahı korluğuna görə Tanrıya qarşı çıxmağı idi. Əslində bu qadınların heç birinin günahı yoxdur. Ümumiyyətlə, insan iplə oynadılan oyuncaq kimidir. Günahlarına görə cəzalandırılmalarını heç vaxt başa düşə bilməmişəm. Bu sadəcə bir oyundur.

Esmeraldo Morqlanndan on beş kilometr aralıda – Sen məhəlləsində qalırdı. Avtobusdan, metrodan iyrənirəm. Bir insana dözə bilmirəm, özümün insanlığını qaldıra bilmirəm. O ki qaldı bir neçə insan əhatəsində olasan...

Gözüm avtobusun çirkli pəncərəsində daha da vahiməli görünürdü. Arxa fonda yol boyu düzülmüş marketlərin, apteklərin qapılarından asılmış “açıqdır” elanlarından şüalanan qırmızı işıqları şütüyən maşınlar sürətlə kəsib keçirdi.

Bir də yağışda damlaların işıqları rəngli boya kimi pəncərədə sürüşdürməsi …

Köhnə qatar xəttinin üstündən keçən avtobus qayıq kimi yelləndi. Bütün yol boyu yatmışdım… Neçə vaxtdı rəngli yuxu görmürdüm.

Somnoloqlara görə anadangəlmə korlar rəngli yuxu görə bilmirlər. Əvvəllər yuxuda anamla bağlı epizodları rəngli görürdüm. İndi rəngli gördüyüm qandı - qırmızı deyil o, ya da o qədər qırmızıdır ki, qara kimi. Bu gün niyəsə yuxuda anamı görmüşdüm. O, kirpiyindən uşaq asılmış bir qadına- canlının insan olmağı ən böyük günahdır-deyirdi...

Esmiraldonun gözlərindən sonra seçimlərim üzərinə yaradılmış qadının canlı olmağı üçün bircə nəsnə çatmırdı - günahsız bir kişinin qabırğa sümüyü ovulub onun qanına qarışdırmalıydı...

Hələ də axtarıram...

Yeni insan yaratmaq üçün günahsız kişi axtarıram...

Təsəvvür eləyin dünya bir kompüter oyunudu. Maşınları, insanları sən idarə edirsən. Oyunun ortasında “atəş etmək” düyməsinə sıxırsan, ancaq monitorun içindəki adam üzünü çevirir monitordan sənə dil çıxarır. “F” düyməsinə sıxırsan ki, maşına otursun, amma o, cibindən siqaret çıxarıb yandırır, sənə baxıb gülür. Ya oyuna yenidən başlamalısan, ya da kompüteri söndürüb, yandıracaqsan.

Tanrı yəqin ki, dünyanı söndürüb, yenidən yandıracaq...

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #