Kamyu ilə sevişən homoseksual yazıçı

Kamyu ilə sevişən homoseksual yazıçı
9 yanvar 2015
# 09:00

“Uğur qazanmalıydım, uğuru tez əldə etməliydim. Çox lazımlı bir insandım və xüsusi həyatım olmalı idi. Ofisdə-filan işləmək üçün yaradılmamışdım, amma nə iş görsəm uğur qazana biləcək adamdım. Yazar olmaq, imkanlı və məşhur olmaq istədiyimi lap əvvəldən bilirdim”.

Homoseksual olduğu üçün tez-tez aşağılanan, ciddi ədəbi çevrələrdə qəbul edilməsə də, şöhrətin zirvəsinə qalxmağı bacaran amerikalı yazıçı, aktyor, ssenarist və jurnalist Trumen Kapote özü haqqında bu qədər yüksək fikirdə idi. Cəmiyyətin ona qarşı münasibəti birmənalı olmasa da, Amerika ədəbiyyatında özünəməxsus dəsti-xətti, məşhurlar arasında yüzlərlə havadarı və dostu vardı. Televiziyalar onu tolk-şoulara dəvət etmək üçün növbə gözləməli olurdu. Onun qalmaqallı çıxışları teleaparıcıların və televiziyaların işinə yarayırdı. Kapote içki düşkünlüyünü, homoseksuallığını gizlətmirdi: “İçki düşkünüyəm, Narkomanam... Homoseksualam. Dahiyəm”. Gündəmdə qalmaq, məşhur olmaq və məşhurlarla birlikdə olmaq onun ən böyük hədəfi idi. Yazıçı kimi kifayət qədər uğur qazansa da, filmlərə çəkilir, məşhurlar arasında olmağa, şöhrətə və populyarlığa can atırdı. Onun məşhur dostları arasında ecazkar Merlin Monro da vardı...

Erkən şöhrət və populyarlıq...

1924-cü ildə Nyu-Orleanda doğulan Kapote yazmağa və içməyə çox tez başlamışdı. Hələ məktəbə getməmiş oxumağı və yazmağı öyrənmişdi. Beş yaşından özüylə qeyd dəftəri və lüğət gəzdirirmiş. Artıq 11 yaşında uydurma hekayələr yazır və gələcək taleyini müəyyənləşdirir. Məşhurlaşdıqdan sonra bu barədə danışmağı sevərdi: “11 yaşımdan ciddi şəkildə yazmağa başladım. Ona görə ciddi deyirəm ki, digər uşaqlar dərsdən sonra pianino, skripka ilə məşğul olur, mən isə dərsdən gəldikdən sonra ən azı üç saat yazı yazırdım.” Trumenın uşaqlıq dostu qonşu qızı, başqa bir məşhur amerikalı yazıçı Nelle Herper Li idi. Hər ikisi kitabları sevir, ədəbiyyatla maraqlanırdılar. Kapote uşaqlıqdan qəribə idi. Hərəkətləri ilə oğlan uşaqlarından daha çox qızları xatırladırdı. Ən böyük arzusu rəqqas olmaq idi. Maraqlıdır ki, Harper Li onu dələduz uşaqlardan qoruyur və qayğısına qalırdı. Uşaqlıqdan başlayan bu dostluq Kapotenin ömrünün sonuna qədər davam edir. Harper Li yeganə romanı “Bülbülü öldürmək”də onun obrazını yaradır.

Kapotenin ilk romanı “Başqa səslər, başqa otaqlar” çap olunanda yazıçı cəmi 23 yaşında idi. İlk kitabı çox böyük ədəbi uğur qazanır və satış rekordları qırır. Homeseksuallıq mövzusunda yazdığı üçün roman böyük mübahisələr yaradır, “Library Journal” bir məqaləsində kitabxanalara bu kitabı sifariş etməməklə bağlı xəbərdarlıq edir. Kitabın özü qədər, kitabın üz qapağındakı müəllifin fotosu qalmaqallara səbəb olur. Həmin fotoda Trumen Kapote arxaya söykənmiş, obyektivə başdançıxarıcı baxışlarla baxır. Onun bu fotosunu “ənənəvi əxlaqa zidd” hesab edirlər. Kütləni qıcıqlandırmaq Kapotenin əsas məqsədi idi. Gündəmdə olmağı, şayiələr yaymağı, qalmaqal yaratmağı sevirdi. Amerikada ona məşhurluq gətirən ilk kitabının Avropada çap olunması ilə bağlı Londona gələn yazıçı, burada özündən iyirmi yaş böyük fotoqraf Sesil Bitonla tanış olur. Biton, Kapote ilə bağlı öz gündəliyində yazırdı: “Trumanın qocalacaq qədər uzun yaşamamağından qorxuram”.

Qalmaqallar, şayiələr və inanılmaz şöhrət...

Londonda bir müddət qaldıqdan sonra Kapote Parisə gəlir. Parisdə çap olunacaq kitabının redaktoru Alber Kamyu ilə tanış olur və yazılarının birində tanınmış Nobel mükafatçısı ilə də yatdığını iddia edir. Ümumiyyətlə bu cür qalmaqallı şayiələr yaymaq onun ən böyük hobbisi idi. 1966-cı ildə Nyu-Yorkdakı “Plaza” otelində şah əsəri “Soyuqqanlılıqla” romanın uğurunu qeyd etmək üçün böyük bir məclis təşkil edir. 500 nəfərin dəvət edildiyi məclisdə Frenk Sinatra kimi məşhurlar da iştirak edir. Kapote o gün axşam məclisə dəvət etmədiyi üçün özünə 15 min düşmən qazandığını elan edir. “Soyuqqanlılıqla” romanı Trumen Kapotenin şah əsəri hesab edilir. Kanzasda qətlə yetirilən bir fermer ailəsinin taleyini qələmə alan yazıçı, əvvəlcə bu hadisəni “Nyu-York Tayms”da nəşr olunacaq, uzun illərin araşdırması olan bir qəzet materialı kimi yazmağa qərar versə də, sonradan baş vermiş hadisələr haqqında maraqlı bir roman ortalığa çıxır. Araşdırmalarında ona uşaqlıq dostu Harper Li böyük dəstək verir. Çünki kanzaslılar sarı çiçəkləri sevməyən, uğursuz nömrələrlə nömrələnmiş otel otaqlarında qalmayan, iki rahibənin birlikdə mindiyi təyyarəyə minməyən bu qəribə adamı sevmirdi. Harper Li kanzaslılarla Trumenin münasibətlərini qaydasına qoymağı bacarır və romanın ərsəyə gəlməsində dostuna ciddi şəkildə kömək edir. Yazıçı kimi olduqca vasvası olan, əsərlərinin üstündə əsməyi sevən Trumen Kapote boş vaxtlarında sevimli yazıçısı Fitsceraldın “Möhtəşəm Getsbi” romanına kinossenari yazır. “Paramount” şirkəti yazıçını ustalıqla qələmə aldığı ssenaridən “bir kitab kimi” yazıldığı üçün imtina edir. 1958-ci ildə “Tiffanidə səhər yeməyi” adlı kitabı çap olunanda müasiri və dostu yazıçı Norman Mailer onu “bizim nəslin ən mükəmməl yazarı” deyə göylərə qaldırmışdı.

“Salam, mavi əbləh...”

Fitscerald, Kapotenin sevdiyi azsaylı yazıçılardan biri idi. Kurt Vonnegut yazır: “Kapote digər yazıçıları pisləyirdi. Düşünürəm eyni şeyi mənim haqqımda da edir. Kimin adını çəksəm mütləq pis bir şey tapıb deyir”. Kapote xüsusən “Bit nəsli”ni sevmirdi. Berrouz və Keruak haqqında hər zaman çox pis ifadələr işlədir, imkan düşdükcə “bitniklər”i aşağılayır, gözdən salmağa çalışırdı. İllər sonra Manhettendə bir televiziya proqramında çəkilişdən əvvəl Kapote və Keruak qarşılaşır. Keruak, Kapotenin əlini sıxanda ona söz atmaqdan özünü saxlaya bilmir: “Salam, mavi əbləh. Mənim haqqımda pis sözlər demisən, amma mənim səninlə heç bir problemim yoxdur”.

Uğursuzluq və çöküş

Kapote növbəti romanın yazılma prosesində uğursuzluqla qarşılaşır. Çox çalışsa da, “Qəbul edilmiş dualar”ı bitirə bilmir. Yazı prosesində problemlər yaşadığı üçün dörd müxtəlif psixiatrla görüşür. “Kitabı tamamlamaq uşağı evin arxasına aparıb vurmağa bənzəyir” – dediyi barədə şayiələr dolaşır. Uğursuzluqdan xilas olmaq üçün Kapote ucuz şoular yaratmağı seçir və 1976-cı ildə “Qəbul edilmiş dualar” üçün yazdığı qeydləri qısa hekayələr şəklində "Esquire" jurnalında çap etdirir. Romanın yarımçıq qeydlərində məşhur dostlarını parodiya edir, onlara sataşırdı. Artıq məşhur dostları yazıçıdan uzaqlaşmağa başlayır. Uğursuzluqlara dözməyən yazıçı kokainə, narkotik həblərə və içkiyə qurşanır. 1980-ci ildə məşhur yazıçı narkotikin və içkinin təsirindən hallüsinasiyalar görməyə başlayır. Pis vərdişlərindən danışan yazıçı narkotik və içki haqqında yazırdı: “Tanrı bir qabiliyyət verdiyində, bir qamçı da verir və o qamçı sadəcə özünü qamçılamaq üçündür”. Dostu Alan Şvartz onu bu asılılıqdan xilas etməyə çalışsa da, Kapote ölmək istəyirdi. 1984-cü ildə qaraciyər xərçənginə tutulan yazıçı 60 illik yubileyinə bir ay qalmış vəfat edir. Sağlığında ona məşhurluq gətirən 13 kitabı çap olunsa da, “Nyu-York Tayms” onun haqqında yazırdı: “Əsil Amerikan yazıçıları arasında mövqe tutmağı bacarmadı çünki istedadını, zamanını, sağlamlığını şöhrət, sərvət və zövq üçün xərclədi. Yeniyetməliyindən Oskar Uayldı bütləşdirən bir yazıçıdan başqa heç nə gözləmək olmazdı”.

# 1296 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #