10 adam “Axınla aşağı”dan nə dedi?

10 adam “Axınla aşağı”dan nə dedi?
24 dekabr 2014
# 11:58

Kulis.az rejissor Asif Rüstəmovun bu günlərdə təqdim olunmuş “Axınla aşağı” tammetrajlı bədii filmi haqda yazarların, kino adamlarının rəylərini təqdim edir.

Əli İsa Cabbarov (rejissor): Mənim mövqeyim dost mövqeyidir, əlbəttə, ekspert rəyi deyil. Arif Nərimanbəyov, Rasim İsmayılov, Hüseyn Seyidzadədən sonra Azərbaycan kinosunda mizan kasıblığı var. Rejissorlar aktyor oyununda mətndə fokuslanırlar. Asif “Ev”, “Arxası qibləyə” və “Axınla aşağıda” da Azərbaycan kinosunun mizan kamilliyi ənənəsini qaytarır. Bu Oqtay Mirqasımdan gəlir, onun filmlərində də bu var. Asif də onun tələbəsidir və növbətçi mənada yox əsl tələbəsidi. Xəyyam Mirzəzadə ilə birgə iş təcrübəm var. O, snayperdi. Riskli gedişlər etmir, riskdənsə arxayın hədəfə vurmağı üstün tutur. Bu filmdə də musiqi hədəfə dəyir. Maraqlı burasıdır ki, qərbli tamaşaçı filmdə musiqinin çoxluğunu, yerli tamaşaçı isə musiqinin xəsisliklə istifadəsini qeyd edir. Paxıllıqdan bir şeyi qeyd edim: prodüser xətasını. Prodüserin borcudur ki , sənətkara elə şərait yaratsın ki, o öz normativlərindən hündürlüyə tullansın. Bu filmdə rejissora belə şəraitin olmasını hiss etmədim. Bir də mətn başdan ayağa tərifnamə olmasın deyə qeyd edim ki, rejissor bu filmi 36,7 hərarəti ilə çəkib. Divanəlik yoxdur. Riyaziyyat var. Amma tamaşaçını duyğuya gətirən riyaziyyatdır. Amma divanəlik, keflilik mənim üçün vacib şərtlərdəndir. Mehriban Zəki və Namiq Ağayev haqda fikirlərimi yazmayacağam, adam öz eşqini “pablik” izhar etməz. Film həm də prodüser Müşfiq Hətəmovun qələbəsidir. Perspektivli rejissor və layihəni seçmək çətindir, amma onu real istehsalata gətirib çıxarmaq ondan da çətindir, bacarıq tələb edir. Təbriklər!

Vüsalə Məmmədova (publisist): Filmi bəyəndim. Namiq Ağayevin oyunu mükəmməl idi. Çox sevdiyim aktrisa Mehriban Zəki aktyor ansamblına uyuşmurdu. Filmdə zamanı müəyyən etmək olmurdu. Filmə sırf kişi gözü ilə yanaşılıb. Ona görə də qadın obrazları reallıqdan bir az uzaqdır. Aktrisa Gülşad Baxşıyevanın obrazı 90-lardan xəbər verirdi – qeybətcil məhəllə arvadı kimi “çeynənmiş” obraz idi.

Bu qədər kirəclənmiş qadın obrazını Mehribanın obrazının yanına qoyanda aralarından dərin uçurum olur. Elə bilirsən ayrı-ayrı rejissorların filminin obrazlarıdır. Mehribanın oyunu yaxşı idi, amma ansambla qoşulmurdu, sanki xəyali qadın obrazıdır.

Aygün Aslanova (kinoşünas): Bir cümlə deyə bilərəm. Belə filmlərdən tez-tez görmək istəyirik.

Mirmehdi Ağaoğlu (yazıçı): Əli nə vaxtsa məşhur idmançı olmaq istəyən, arzuları məhv olmuş, həyatın axarına düşüb öz güzəranını sürən adamdır. Hazırda məşqçilik edən Əli indi oğlunu şöhrətli idmançı kimi görmək istəyir. Buna görə də Ruslanın arzularını öyrənib bilmədən (o, futbolçu olmaq istəyirmiş) onu avarçəkən etmək həvəsindədir. Lakin oğlu məşqlərdə uğur əldə edə bilmir. Əli də onu yarışdan çıxarır.

Bundan sonra çimməyə gedən Ruslanın gecə çayda boğulması xəbəri yayılır. Lakin meyit tapılmır. Bununla da Əlinin ümidsiz axtarışları başlayır.

Ailədə baş verən bu faciə Əlinin həyatında çoxdandır sükunət halında olan problemləri də qaldırır. Məlum olur ki, onun həyat yoldaşı ilə həyatı alınmır. Neçə illərdir ərinin başqa qadınla yaşadığını bilən arvadı artıq susmaq istəmir.

Ruslanın meyitinin axtarışları səmərəsizdir. Ailəsi dağılmaq üzrədir. Digər tərəfdən sevgilisi də onu məcbur edir ki, bir qərar versin. Çünki xaricdən təklif gəlib. Onlar xaricə gedib öz idmançı karyeralarını davam etdirə bilərlər. Üstəlik bu yaxında Əlinin uşaqlıq dostu da Amerikaya yaşamaq şansı qazanıb. Hamı burdan getmək istəyir.

Lakin Əli qərar verə bilmir.

Arvad ərinin sevgilisi ilə görüşdə maraqlı bir fikir deyir: “Başın sağ olsun, sən növbəti qurbansan. O, səninlə heç yerə gedən deyil. Dəfələrlə onun belə şansı olub”.

Və elə burdaca məsələ aydın olur, arzuları həyata keçməyən zəif adamlar həmişə öz neqativ enerjilərini ailələrinə tökürlər. Uğursuzluqlarının heyfini ailələrindən çıxırlar. Əli o adamlardandır ki, heç vaxt axına qarşı gedə bilməz.

Və mənə elə gəlir ki, naməlum meyitə baxmadan onun oğlu olması qərarını verməsi də Əlinin bu axtarışlardan yorulması anlamına gəlir. Əlinin daha taqəti qalmayıb. Zatən sevgilisi də artıq gedib. Yenidən həyata qayıtmağın, öz faciəsi ilə yaşamağın vaxtı çatıb.

Onun yolda maşını saxlatdırıb bir vedrə böyürtkən alması da ailəni simvolizə edir. Əgər o böyürtkən dolu vedrəni evə gətirsəydi bundan sonra onun düzəldiyi, islah olduğu, bu katarsislə tamamilə dəyişdiyini söyləmək olardı.

Lakin o böyürtkəni evinə gətirmir. Oğlunun batdığı yerə gəlib böyürtkəni ovuclayır. Və sonra Əlinin ağzının “qana”-böyürtkənin şirəsinə bulanması onun özünün, ailəsinin qatili olması anlamına gəlir.

Cavid Zeynallı (yazıçı): "Axınla aşağı" filminə böyük məmnuniyyətlə baxdım. Son illər Azərbaycan filmlərində olan keyfiyyət dəyişikliyinə ancaq sevinmək olar. "Axınla aşağı" məncə son illərdə çəkilən filmlərin içində xüsusi yeri olan film siyahısına əlavə edildi. Xüsusən filmin mövzusunu, estetikasını, göndərdiyi mesajları, aktyor seçimini qiymətləndirmək lazımdır. Ciddi və ağır templə tamaşaçını sona qədər baxmağa məcbur etmək sözün həqiqi mənasında uğurdur. Xüsusən mövzuya "soyuq başla münasibət" məni məmnun etdi. Yalnız xırda-para iradlarım var ki, bu da əlbəttə, subyektiv görünə bilər. Kinonun kollektiv iş olduğunu nəzərə alsaq, "Axınla aşağı" rejissordan başqa həm də ümumən Azərbaycanda aparılan kino islahatının, ümumi prosesin, konkret olaraq "Azərbaycanfilm"in uğurudur. Əməyi və zəhməti keçən hər kəsi ancaq təbrik etmək olar!

Fərid Hüseyn (yazıçı): Son dövrlər baxdığım ən maraqlı Azərbaycan filmi hesab edirəm. Düzü, belə gözləmirdim, gözləntim o idi ki, yəqin yenə də pafos baş alacaq. Ancaq belə olmadı. Aktyorların seçimi çox uğurlu idi, pafos yox dərəcəsində idi. Mövzu maraqlı və yanaşmanı fərqli idi. Çəkiliş üçün seçilən yerlərin uğurundan da danışmaq olar. Gənc rejissorun belə bir film ərsəyə gətirməsi sevindirdi məni, deməli, sənəti sənətin ixtiyarına buraxsalar istedadlar özünü doğruldar.

Fehruz Şamıyev (prodüser): “Axınla aşağı” filmi bir neçə rakursdan baxdıqda müstəqil Azərbaycan kinosunda yeni addım sayıla bilər. Ssenarinin dramaturji ardıcıllığı, həmin hadisələrə yanaşma tərzi tamaşaçıya çox maraqlı formada təqdim olunub. Soyuq hadisələr, soyuq temp, soyuq final.... Bütün bunların cəmində soyuq bir filmin ortaya çıxması təbiidir. Asif rejissor kimi materialı istədiyi formada təqdim edə bilib. Məncə, ssenarinin, ideyanın rejissora məxsus olması onun işini yüngülləşdirib. Rejissor artıq ssenaridə nəyi qabardacağını, nəyə üstünlük verəcəyini əvvəlcədən bilirdi. Bu filmin istehsalına, onun keyfiyyətli alınacağına müəyyən qədər təsir edir. Dramaturji baxımdan, aktyor seçimi baxımından, stilistika baxımından filmi yetərincə uğurlu sayıram. Kadrların hərəkətli kamerayla çəkilişi də tamaşanı baş verən bu dramanın içinə ata bilirdi. Düşünürəm ki, Avropa kino məktəbini Asif çox yaxşı tanıyır. Və bu da ona imkan verib ki “Axınla aşağı” filminə bir az da o rakursdan yanaşsın. Filmin hadisələrinə diqqət etsək görərik ki, hadisələr heç də Azərbaycana xas deyil, bu dünyanın istənilən yerində baş verə bilən hadisədir. Deməli, bu filmin də quruluşunda bu dünyəvilik olmalıydı və Asif bunu reallaşdıra bilib. Çox maraqlı simvolikalardan, maraqlı yanaşma tərzindən istifadə olunub. Su həmişə aydınlıq rəmzi sayılıb. Amma su həm də böyük faciələrin səbəbkarıdır. Filmdə oğul suda boğulur. Amma bu faciə - sudaboğulma, sonda dağılmaqda olan ailənin daha da möhkəmlənməsinə səbəb olur.

Aktyor oyununa gəldikdə Namiq Ağayevin istedadı mənə çoxdan məlum idi

...Və bu filmdə böyük bir yükü çiyinlərində saxlaya bildi bu aktyor. Məncə, yeni Azərbaycan kinosunda Namiq Ağayevin imzası artıq sübut olunub.

Tahir Əliyev (rejissor): “Axınla aşağı” bir yol filmidir. Ən öncə ssenari və ondan əvvəl isə təbii ideya. İş bundan başlayıb. Bu ideya bəlkə də çoxları üçün sadə görünə bilər. Amma və lakin Asifin bu ideyası həyatımızdakı gördüklərimizin təcəssümü idi. Mənim düşüncəmlə bu ideya düşüncə yox, bir gerçəklik məhsuludur. İnandırım ki, filmdə baş verən hadisələr cəmiyyətimizdəki insanların tam əksəriyyətinin həyatında baş verib. Çünki rejissor onların həyatını çəkib və ustalıqla bəyaz ekrana gətirib.

“Axınla aşağı” filminın qəhrəmanın çay uzunu, sonra isə yol boyu oğlunun axtarışıyla yola çıxmağı mənə Vin Vendersin “Paris Texas”- ını xatırlatdı. Mən son ildə Ç.Rəsulzadənin “Kuklalar” filmini bəyənirdim və sıraya “Axınla aşağı” daxil oldu. Rejissor bu mövzuyla çoxlarını düşündürdü.”

Cavid Təvəkkül (rejissor): Mən Mingəçevirdə böyümüşəm. Həmin o avarçəkməyə düz bir həftə getmişəm, amma sonra məndən avarçəkən olmayacağını anlayıb foto dərnəyinə getdim. Bunların Asif Rüstəmovun filminə nə aidiyyatı var, deyə düşünə bilərsiniz. Amma birbaşa aidiyyatı var deyəcəm. Mən ekranda gördüyüm həyatı artıq bir dəfə həyatda görmüşəm. Yəqin nə demək istədiyimi anladınız. Yəni, biz realist filmə baxdıq. Asif Rüstəmovun “Axınla aşağı” filmindən sonra “Yeni Azərbaycan Kinosu” adlı dalğa, hərəkat yaranacağına inanıram.

Film insan faciələrindən bəhs edir. O, insanlar ki, siz də, biz də hər gün qarşılaşırıq-qonşuluqda, küçədə, işlədiyimiz yerdə... Fərqi yoxdur harada. O, azərbaycanlıdır, o yaşayır, onun əhvalatı uydurma, qondarma deyil. Əli (qəhrəman) özünə yer tapa bilmir, o, nə istədiyini bilmir, bu, onu döğmalarından ayırır və o təskinliyi başqalarında axtarır. Nəhayət sonda zəif insan olduğunu etiraf edir.

Bu, rejissorun ilk tammetrajlı filmi olmasına baxmayaraq, o simvollardan, metaforalardan xəsisliklə istifadə edib, məhz buna görə, film temporitmini qoruyub saxlaya bilib. Bəzən biz rejissorlar bu simvol, işarə və metaforaları acgözlüklə sağa-sola xərcləyirik, onlarla əməlli başlı janqlyorluq edirik və filmin nə haqda olduğu haqda tamaşaçını çaş-baş qoyuruq. Asifin bu “xəsis”liyi isə onu göstərir ki, o, potensialını tam açmır, gələcək filmlərinə saxlayır. Deməli, Asif hələ yenə film çəkib təəccübləndirməlidir. Təbii, filmdə xoşagəlməz nüanslar da var, amma bütün bunlara rəğmən biz kino dilində danışan müəllifin əsəriylə tanış olduq...

Ayşən Əhməd (APA Tv-nin rejissoru): Ümumilikdə filmin ideyası yaxşı kimi qəbul edilə bilər. Amma ideyada və obrazda eynilik var. Yenilik yox... Ssenari çox zəif idi. Epizodlar çox uzun və cansıxıcı idi. Filmdəki kadrları epizodları uzatmaqla mənanı çatdırmaq düzgün vasitə deyil. Ən xoşuma gələn obraz Aleksandra Anderejevskinin obrazı oldu. Psixoloji ailə dramı olmasına baxmayaraq rejissor iri planlardan az istifadə edib. Hansı ki, epizodları uzatmaq əvəzinə qısa və konkret üz ifadələri ilə hadisəni çatdırmaq olardı.

# 1880 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #