Bəziləri məsum görünüşlərinin altında qəddarlıq gizlətdikləri halda digərləri göründükləri qədər qəddar deyillər. Kulis.az kinonun ən gözəl qəddar qadınlarını təqdim edir.
1. Eva Harrinqton (Anna Bakster). “Pərdə açılır”, 1950
Eva Harrinqton hamının sevdiyi yeniyetmə aktrisa idi. Buna görə də saf və məsum görkəmi ilə məşhur aktyor Marqo Çanninqin qəlbini ovlamaqda çətinlik çəkmir... Amma xarici görünüş onun üçün öz məqsədinə çatmaqda sadəcə vasitədir. Eva ulduz olduqda ən başdan düşündüyü gizli planı nəhayət üzə çıxır. Onun yolu yalan və xəyanətlə doludur. Evanın qəddarlığı insanları sevməməyindən şöhrət və pulu hər cür əxlaqi dəyərdən üstün görməsindən qaynaqlanır.
2. Bonni Parker (Fey Danauey). “Bonni və Klayd”, 1967
1930-cu illərdə ABŞ-da baş vermiş hadisə əsasında çəkilən filmdə Bonni Klayd ilə qarşılaşana qədər evdə darıxan, özünə əyləncə axtaran qızdır. Onun cəzb edən Klaydın cinayətkar olmasıdır. Onlar qısa müddətdə qəddarlıq məsələsində bir-birlərini ruhlandıran qrupa çevrilirlər. Böyük Depressiya dövründə ABŞ-ın daxili ştatlarında çoxlu soyğunçuluq cinayəti törədirlər. Klayd kişiliyini sübut etmək üçün daha çox cinayət etdikdə Bonni də ondan geri qalmır.
3. Tibb bacısı Ratçed (Louis Fletçer). “Ququ quşu yuvası üzərindən uçuş”, 1975
Zərif görünüşünə aldanmayın! O, kino tarixinin ən əsəbverici obrazlarındandır. Gözəl üzünün altında qəddarlıq, amansızlıq gizlədir. Azadlığa, yaradıcılığa və yeniliyə düşməndir. Nəzarətində olan xəstələri qəddarlıqla idarə edir, onları özündən çıxarır. Mərhəmətsizliyi və soyuqqanlılığı bir az da faşizmi xatırladır.
4. Kətrin Tramell (Şeron Ston). “Əsas instinkt”, 1992
Biseksual yazıçı Kətrin Tramell 1990-cı illərin ən məşhur film obrazlarından biridir. Cinayət törətməkdə şübhəli bilinsə də özünəinamı, cəsarəti və soyuqqanlılığı ilə tamaşaçını heyrətləndirir. Kino tarixinin ən ilhamverici qəddar qadınlarından olan Trammelin dindirilmə zamanı detektivin qarşısında ayağını ayağının üstünə atdığı səhnə ən az film qədər məşhurdur.
5. Pişik qadın (Mişel Pfayfer). “Batman qayıdır”, 1992
Bəlkə də siyahımızın ən təmiz qəlbli qadınıdır... Ölümdən qayıdan Selina Kayl yaşadığı travma nəticəsində eyni bədəndə fərqli şəxsiyyətlərə çevrilir; pişik qadın olur. Qara dəri geyimi, qırmancı və çevikliyi ilə əvvəlki patronundan qisas almağa başlayır. Batmana qarşı olsa da tamaşaçı onu sevir. Mişel Pfayferin miyovuldadığı və Batmanı pişik kimi yaladığı səhnələr unudulmazdır.
6. Mallori Knoks (Culiyet Levis). “Qatil doğulanlar”, 1994
Ssenarisinin yazılmasında Kventin Tarantinonun da iştirak etdiyi film zövq üçün insan öldürən iki psixopat qatildən – Miki və Malloridən bəhs edir. Bir polis və sensasiya əldə etmək istəyən bir jurnalist də onların dalınca düşüb. Miki soyuqqanlı qatildir. Mallori isə əsəb gərginliyi yaşadığı zaman özündən çıxaraq dəliyə çevrilir. Film şiddət səhnələrinə görə ilin müzakirəli ekran işlərindən biri idi.
7. Asami Yamazaki (Eihi Şiina). “Ölüm sınağı”, 1999
Sınaq çəkilişləri vasitəsilə özünə həyat yoldaşı axtaran film istehsalçısı Asamiylə tanış olur. Münasibətləri yaxşı başlasa da Asami gördüyündən fərqlidir. Zalımlığı həyatında yaşadığı travmalardan qaynaqlanır. Kişilərə nifrət etməsi və ona xəyanət edən kişiləri cəzalandırması təəccüblü deyil. Amma elədikləri adamı heyrətə salır. Asami kino tarixinin ən amansız işgəncəçilərindən biridir.
8. Mistik (Rebekka Romijn). “X-Men”, 2000
“X-Men”in bu seriyası bizi bəşəriyyət düşməni olan mutantların uşaqlıq illərinə aparır. Mistiki özünün bacarığından qorxan şirin bir qız kimi gördüyümüz andan etibarən ona artıq pis deyə bilmirik. Amma çoxseriyalı filmin ilk seriyasında qarşımıza çıxan Mistik həqiqətdə ürpərdici və zalımdır. O, pis mutantların lideri Maqnetonun ən təhlükəli və gözəl silahı idi...
9. O-Ren İşi (Lyusi Liu). “Billi öldürmək”, 2003
O-Ren İşinin uşaqlığından başlayıb qız vaxtlarına qədər uzanan həyat hekayəsi animasiya filmi şəklində filmin içində yer alır. Balaca yaşlarından yaşadığı faciə ona mərhəmətlə baxmağa vadar etsə də sonra məlum olur ki, böyük bir cinayətkar dəstənin lideridir. Hər şeydən əvvəl toya hücum edib bütün günahsız insanları öldürən adamlardandır. Amma nə qədər qəddar olsa da Gəlinlə arasında baş verən ölümcül qılınc duelində rəqibinə hörmət göstərməyi də unutmur.
10. Kraliça Ravenna (Şarliz Teron). “Ağbəniz və ovçu”, 2012
Bizə məlum olan “Ağbəniz və yeddi cırtdan” nağılındakı kraliça güzgünün Ağbənizin gözəl olduğunu deməsi ilə özündən çıxır. Bu filmdəki Ravenna isə Ağbənizin gəncliyinə, enerjisinə ehtiyac duyan ifritədir. Güzgü isə ona güc verən sehrli əşyadır. Filmin nağılla ən ciddi fərqi isə nağılda kimliyi üzə çıxarılmayan kraliçanın filmdə zülmə məruz qalan keçmiş kəndli olmasıdır...