Sevgilisi ilə intihar edən yazıçı

Sevgilisi ilə intihar edən yazıçı
21 may 2015
# 14:48

Romantik dövrün ən yaxşı dramaturqu

Bu yaxınlarda Alman ədəbiyyatının klassiklərindən hesab olunan, amma bizdə kifayət qədər populyar olmayan Heynrix fon Klaystın (Heinrich Von Kleist) “Michael Kohlhaas” (Maykl Kolas) romanını oxudum. Klayst Almaniyada romantik dövrün ən böyük dramaturqlarından biri hesab edilir. Alman ədəbiyyatında özünəməxsus yeri olan yazıçının həyatı da kifayət qədər maraqlı olub. Klaystın həyatı isə mənim üçün həddindən artıq maraqlı oldu. Romantik dövrün nəhəngi hesab edilən çılğın və pessimist şair həyat yoldaşına son məktubu yazıb, sevgilisi ilə intihar edəcək qədər çılğın bir həyat yaşayıb. Adətən yeni tanış olduğum yazıçıların həyatı barədə ətraflı öyrənməyi, araşdırmağı sevirəm. Ona görə də Klaystın həyatını bir balaca araşdırdım və onunla bağlı bir çox maraqlı detallara rast gəldim. Qeyd edim ki, Klayst haqında ən gözəl mənbələrdən biri Stefan Zveigın “Özləri ilə döyüşənlər” (Klayst, Nitsşe, Hölderlin) kitabıdır. Klaystın həyat və yaradıcılığı, düşüncələri bu kitabın Klaystla bağlı fəslində geniş şəkildə araşdırılıb.

Casus kimi həbs

Şair, nasir və dramaturq Heynrix fon Klayst 18 oktyabr 1777-ci ildə Frankfurtda doğulub. Erkən yaşlarından riyaziyyatla və Kant fəlsəfəsi ilə maraqlanır, ədəbiyyata ciddi diqqət ayırırdı. Onun ilk təhsili çox qısamüddətli olur. Təhsilini yarımçıq qoyan Klayst 1792-ci ildə Prussiya ordusuna daxil olur və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan uzaqlaşır. Artıq hərbi sistem ona görə deyildi və o, təhsilini davam etdirmək üçün Viadrina universitetində hüquq və fəlsəfə təhsili alır. 1800-cü ildə Berlində Maliyyə Nazirliyində işləməyə başlayır. Azad ruhu onun məmur həyatına mane olurdu. Cəmi bir illik məmurluq həyatından sonra o, Parisə səfər edir və bir müddət sonra İsveçrəyə köçüb orada yaşamağa başlayır. İsveçrədə ədəbiyyat çevrəsində dostlar qazanan Klayst, onlara ilk dram əsərini, "Şroffenşteyn ailəsi" adlı faciəsini təqdim edir. 1802-ci ilin əvvəlində artıq ədəbiyyat dünyasına atılmış Klayst Almaniyaya geri dönərək Vaymarda Höte, Şiller və Vieland kimi dövrünün tanınmış ədəbiyyat adamları ilə tanış olur. Laypsiqdə və Drezdendə qısa müddət yaşadıqdan sonra yenidən Parisə qayıdır. Artıq Berlində yaşamaq istəmədiyi üçün, Berlindəki iş yerindən tamam ayrılır və Königsberqdəki dövlət idarələrindən birində işləməyə başlayır. 1807-ci ildə Drezdenə gedərkən fransız əsgərləri tərəfindən həbs olunur və "casus" elan edilir. 1810-cu ildə qələmə aldığı “Herman müharibəsi” adlı əsərində Napoleona sonsuz nifrətini sərgiləyən Klayst, həbs olunma səbəbləri ilə əsla razılaşmırdı. Günahsız həbs olunmaq və fransız həbsxanası onu kifayət qədər bədbinləşdirmişdi.

Axtarışlarda keçən ömür

Klayst həbsxanadan çıxdıqdan sonra Drezdenə köçür və burada Heynrix Müllerlə tanış olur. Bu tanışlıq hər iki yazıçıya faydalı olur və onlar birlikdə 1808-ci ildə "Föbus" qəzetinin nəşrinə başlayırlar. Klayst daima narahat və axtarışlarda olan yazıçı kimi bir yerdə qərar tuta bilmir, axtarışlarını davam etdirirdi. 1809-cu ildə Drezdendən ayrılır və Praqaya köçür. Amma Praqada da uzun müddət yaşaya bilmədiyi üçün, nəhayət Berlində məskunlaşır. Bədii əsərlər yazmaqla yanaşı Berlində "Berliner Abendblatter" adlı qəzetin nəşrinə başlayır. Onun həyatı xəyali xoşbəxtliyi axtarmaqdan, idealları üçün savaşmaqdan ibarət idi. Evli olmasına baxmayaraq, Klaystın ətrafında hər zaman gözəl qadınlar olub. Həyatının ən gərgin dönəmlərində özü qədər pessimist, həddindən artıq həssas Henrietti Fogel adlı musiqiçi ilə tanış olur. Qısa müddətdə bir-birinə aşiq olan cütlük, mütəmadi görüşməyə başlayır. Amma həyat Klaysta növbəti sürprizini edir. Onsuz da pessimizm və ruh düşkünlüyündən əziyyət çəkən Klayst sevgilisinin sağalmaz xəstəliyə - xərçəngə düçar olduğunu öyrənir. Bu hadisədən sonra Klayst ciddi şəkildə sarsılır.

Və son

1811-ci ildə xəstəliyinin kəskinləşdiyini öyrənən Fogel sevgilisi Klaystdan onu öldürməsini xahiş edir. Həyata qarşı bütün marağını itirən Heynrix Klayst isə Fogellə birlikdə intihar etməyi təklif edir. İntihar qərarı hər ikisini qane edirdi. Çünki Klayst məqsədsiz və məramsız yaşayır, yenidən toparlanmaq üçün cəhd etməkdən yorulmuşdu. Fogelin həkimləri isə onun çox yaşamayacağını demişdilər.

1811-ci ilin 21 noyabr tarixində səhər, Berlində yerləşən Vannsee gölü sahilində xoşbəxt cütlüyü görənlər, onların intihar edə biləcəyini düşünməzdilər. Gölün sahilində bir müddət gəzişdikdən sonra səhər yeməyi yeyirlər. Yeməkdən sonra Heynrix Henrietteni ürəyindən vurur, sonra isə silahın lüləsini ağzına soxaraq özünü güllələyir.

Heynrix və Henrietteni həyat hekayəsindən təsirlənən Avstraliyalı rejissor Cessika Hasner ötən il “Amour Fou” adlı film çəkib.

Klayst həyat yoldaşı Mari Klaysta yazdığı məktubda dünyada hər şeydən vaz keçəsə də, ondan halallıq almasının vacibliyini vurğulayır: “Bəli, düzdür, səni aldatdım, daha doğrusu özümü aldatdım. Bu cür şeylərin ölümümə səbəb olacağını sənə dəfələrlə demişdim. Sənə mənimlə intihar edəcək birisi ilə xəyanət etdim və bu məni ovundurur. Bundan artığını yazmağa bu qadına olan ehtiramım imkan vermir. Yer üzündə artıq öyrənib əldə edəcəyim heç nə qalmadığı üçün ölürəm. Əlvida!”

Klaystın məlum məktubundakı ən təsirli cümlə ilə yazımı yekunlaşdırıram və heç olmasa “Amour Fou” filmini izləməyi hamınıza tövsiyə edirəm: “Əsas məsələ budur ki, mənə bu planetdə heç bir yardım əli uzanmadı”.

# 1307 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #