“Balaca şahzadə” Bakı səhnəsində

“Balaca şahzadə” Bakı səhnəsində
1 mart 2019
# 09:52

Fevralın 28-də Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. “Tamaşanın ərsəyə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premyerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premyerasına toplaşmışıq”, - deyə o qeyd edib.

Səhnə əsərinin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.

Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru - adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıblar. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər