Xəyanətkar əri niyə bağışlamalı?

Xəyanətkar əri niyə bağışlamalı?
25 avqust 2015
# 13:51

Almadovar qadınlar...

Güclü, zərif, tədbirli, gözlənilməz, ağıllı, bəzən səfehliyi seçdikləri üçün müdrik, enerjili, geniş qəlbli, emosional və həyatla dolu...

Bunlar İspan rejissoru Pedro Almadovarın qadınlarıdır, yəni filmlərinin əsas qəhrəmanı olan qadınlardır. Onların ümumi bir cəhət birləşdirir-onlar həyatdan qorxmurlar, həyata inanırlar. Rejissor qadınları rəngarəngliyin, istiliyin, fərqliliyin-həyatın təzahürü kimi göstərir. Ən məyus qadını - “Sirrimin çiçəyi” filmindəki Leodan “Qayıdış”dakı fahişə Reginayadək... Biz film boyu onlara Almadovarın gözü ilə baxırıq. Bu baxışın əsas bir cəhəti var, insanca və sevgilə baxmaq.

Almadovardan əvvəl

Ucardakı məlum hadisə haqda xəbəri oxudum. Bilirsiniz yəqin, bir qadın üç uşağını da qoyub qaçıb. Əri Rusiyada işləyirmiş, qadınsa uşaqları ilə qayınatasıgillə birgə yaşayırmış. Əvvəl qadının intihar etməyindən şübhələniblər (buradan qadının vəziyyətini təxmin etmək olur). Sonra “qadının gizli yollarla telefon əldə etməsi”ni deyən qayınata onun qaçdığını elan edib. Rusiyadan qayıdan ər polisə itkin düşmə ilə bağlı müraciət edib. Məlum olub ki, qadın sağ və salamatdır, sadəcə qayıtmaq istəmir.

Bunun üzərində dayanmamaq da olardı, amma həmişəki kimi hadisəyə adamların verdiyi şərhlər amansız idi: qadını ailəsini, uşaqlarını düşünməməkdə, sədaqətsizlikdə, hətta əxlaqsızlıqda ittiham edirdilər. Hərçənd, bu nümunədə qadın ailəsini düşünməyən ən son adam kimi görünürdü. Rusiyada çörək qazanan ər, evdə sanki əsir kimi saxlanan və bir gün “gizlicə telefon əldə edə bilən” qadın. Onun nə səbəbdən qaçması, situasiyanın necə olması bəlli deyil. Özünü öldürə də bilərdi. Amma qaçıb.

Düzü, ucarlı gəlinə “ana deyil” ittihamları bir neçə il əvvəl baxdığım verilişin epizodunu yada saldı: Space-də yayımlanan psixoloji dəstək verilişlində psixologiya üzrə fəlsəfə doktoru və eyni zamanda görücü İlham Mirzəyev efirə zəng edib ərinin ona xəyanət etməsinə görə əzab çəkən, şikayətlənən qadına belə bir məsləhət vermişdi: “Əriniz evinə çörək alıb gəlirsə, əsas budur. Sizin daxilinizdə indi həyat yoldaşı obrazı ilə ana obrazı mübarizə aparır, siz çalışmalısız ki, ana qalib gəlsin”. Düzdü, bunun ardınca zəng edən qadın uşaqlardan utanmadan bir “Niyə?” sualı da verdi, amma bunu hamı eşitməzliyə vurdu.

İnsanların qınaqları. Qadının vəziyyəti. Hələ hadisənin kulminasiyasında qayınatanın namussuzluq ittihamı. Gözlənilən olsa da məyusedici idi. Almadovara çoxdan baxmışdım, bu münasibət, bu ittihamlar, üstəlik sosial şəbəkədəki eyni şiddətli qınaq və müdafiələr zəhləmi tökmüşdü. Yaxşı nəyisə görə bilmirdim. Amma yaxşı var idi-yaxşı o idi ki, adamlar bunu müzakirə edirdi, yaxşı o idi ki, Space-dəki veriliş bağlanmışdı, yaxşı o idi ki, qadın “Niyə?” sualını vermişdi və yaxşı o idi ki, Ucardakı gəlin intihar etməmişdi, qaçmışdı.

“Qayıdış”

İndi sizə Almadovarın “Qayıdış” filmindəki Raymondadan danışım. Raymonda ilə ata-anasının qəbrini yuyucu vasitələrlə təmizlədiyi yerdə tanış oluruq. Ümumiyyətlə, film qadınların qəbiristanlıqdakı yaxınlarının-filmdə deyildiyi kimi “Onlardan tez ölən” kişilərin məzarlarını təmizləməsi ilə başlayır. Almadovarın filmləri yaxşı mənada qadınmərkəzçi dünyanı təqdim edir. Bu dünyada kişilər ikinci dərəcəli personajlardır. Onlara adi obraz, məlum personaj kimi standart bir münasibət var. “Qayıdış”da bu standart münasibət pik həddə çatıb və standart qəbirlər kimi təzahür edir.

Qızı və bacısı ilə ata anasının qəbrini ziyarət edən Raymonda yolüstü qoca xalasına baş çəkir və ərini qovub xalasını öz yanına gətirəcəyini deyir. Evə girər-girməz əri Pakonu dinləmədən acılayır. O da məlum olur ki, Pako onda qıcıqdan başqa heç bir hiss oyatmır. Pakonun da eyni laqeydliyi açılır, o, Raymonda evdə olmayanda yeniyetmə qızı zorlamaq istəyir, qızsa onu öldürür. Qızcığaz anasından öyrənir ki, Pako onun əsl atası deyil. Hələ çox sirlər açılır, amma əsas mətləb odur ki, ailə üzvləri, xüsusən ana balalar bir-birinə yadlaşanda faciə qaçılmaz olur. Almadovar faciə dalınca düşmür, o, sadəcə qadını göstərir, ərinin cəsədini yan otaqda soyuducuda gizləyib, adamlar üçün taleyini oxuyarcasına içdən mahnı oxuyan Raymondanı. Əri ilə ona xəyanət edən rəfiqəsini öldürən və bundan peşman olan, yaşaya bilməyən yaşlı İreni, anasını öldürən qadını bağışlayan Aqustinonu...

Bu qadınları Almadovar necə hiss edə, tanıya bilir?

O uşaqlığını çoxlu sayda qohum qadınların arasında keçirib. Yəqin ki, bu qəhrəmanlar onun uşaq təəssüratlarından qidalanır. Parlaq, rəngli, illərlə pozulmayan təəssürat...

Çünki indi, böyümüşkən, soyuq ağılla, mediadan ötürülən məlumatlarla, ekrandan göstərilən mənzərəylə, toplumun ittihamlarının, təzyiqinin fonunda bu təəssüratı almaq asan deyil.

Almadovardan sonra

...Çünki Almadovara qadını tanımaqda və sevməkdə heç nə mane olmur. Kişi rejissora qadına sevgisindəki təmənna mane olacaqdı, qadın rejissor qısqanclıdan bunu bacarmayacaqdı. Almadovarsa heç biri deyil (rejissor homoseksual olduğunu gizləmir)...

Qəribədir, bu gün bu yaşda və bu yerdə öz həmcinslərini ispan rejissorun filmindən tanıyasan. Məsələn elə indi... Bu dəqiqə...

Qohum qadınlar yığışıb söhbət edir qonşu otaqda...

- Deyir ki, ərim gəzir. Gəzir gəzsin də, ay başıyox... Rusyət kimi yerdə kişiyə nə deyəcəksən? Axşam gəlir ki, evə, uşaqlarına yemək-içmək alıb gətirir ki... Qoymur korluq çəkəsiz, yox?...

- Ay bacı, cavandı, beyni qandı da. Başa düşmür...

Bilmək olmur, sonuncu bu sözləri xəyanət edən ər haqda, yoxsa bunu dərd edən qadın haqda deyir. Bir də, bəlkə xəyanəti gözardına vurmaq cins olaraq özünə aşağı münasibətdən yox, ərə ciddi yanaşmamaqdan irəli gəlir? Sevgili ərə yox, evə çörək alan ərə. Bəlkə bu qadınlar gerçəkdən “Kişini ciddiyə almağa dəyməz, o, özü bunu dəfələrlə sübut edib, sən öz hayına qal, ay başıxarab” “həqiqətini” sadəlövh həmcinslərinə çatdırmaq istəyirlər?

Özü də o qadınlar ki, sevdiklərindən xəyanət görsələr nə edəcəkləri bəlli deyil... Bəlkə Ucardakı qadın da sevgisizlikdən evindən qaçıb, bəlkə qonşu otaqdakı xalalar da sevgisiz kişiləri ciddiyə almayın deyir, Almadovarın Leosu da ərindən gördüyü sevgisizlikdən qaçıb sevgi içində yaşadığı evə, anasının yanına qayıdır, “Anam haqqında hər şey”də Manuella itirdiyi oğul sevgisini qoymağa yer axtarır, Kikanın insanlara, işinə sevgisi “ölünü” dirildir (“Kika”), Marinanı onu oğurlayan Rikkiyə (“Bağla məni” fimi) sevgisi əsirlikdən xilas edir...

Almadovar bunu deyir, qadınlar da çox şey deyə bilər, amma nə edəcəkləri bəlli olmaz...

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #