Ədəbiyyatsız dünya necə olardı?

Ədəbiyyatsız dünya necə olardı?
2 may 2015
# 12:53

Kulis Nobelli yazıçı Mario Varqas Lyosanın “Romansız dünya” essesini Qismət Rüstəmovun tərcüməsində təqdim edir.

Kitab yarmarkalarında, ya da kitab evlərində başıma tez-tez eyni şey gəlir: mədəni bir adam yaxınlaşıb arvadı, qızı, ya da anası üçün məndən imza istəyir, sonra deyir: “O, kitab oxumağı çox sevir, ədəbiyyatdan ötrü ürəyi gedir”. Mən də o saat soruşuram: “Bəs siz? Siz necə, kitab oxumağı sevirsinizmi?” Cavab çox vaxt eyni cür olur: “Əlbəttə, kitab oxumağı çox sevirəm, amma başımı qaşımağa vaxtım yoxdur”. Bu izahatı o qədər çox eşitmişəm ki. Başa düşürəm, minlərlə bu cür adamın görüləsi çox önəmli işləri, həyatda o qədər yükü və məsuliyyəti var ki, dəyərli zamanlarını saatlarla roman, şeir, ya da esse oxumağa sərf edə bilmirlər. Geniş yayılmış düşüncəyə görə, ədəbiyyatsız da keçinmək olar; ədəbiyyatın həssaslığımızı, mədəniyyətimizi artıran müqəddəs və faydalı bir fəaliyyət olması mübahisə doğurmur, amma bu, yalnız boş vaxtı olanların gözə aldığı əyləncə, süslənib-püslənəcəyi bəzəkdir. İdman eləmək, kinoya getmək, briç, ya da şahmat oynamaq kimi bir şeydir bu, yəni, həmin geniş yayılmış düşüncənin tərəfdarları üçün həyat mübarizəsinin təxirəsalınmaz qayğıları və öhdəlikləri qarşısında seçim etmək lazım olanda, ədəbiyyatı heç düşünmədən nəzərə almamaq olar.

Belə görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub. Kitab evlərində, yazıçıların təşkil etdiyi konfranslarda, qiraət günlərində, universitetlərin humanitar elmlərə ayrılmış fakültələrində qadınların sayı kişilərdən çoxdur. Bu fakt adətən belə izah olunur: orta təbəqədən olan qadınlar kişilər qədər işləmədikləri üçün daha çox kitab oxuyurlar; bundan başqa, əksər qadınlar xəyal qurmağı və fantaziyaya vaxt ayırmağı, kişilərdən daha çox özlərinin haqqı hesab edirlər. Kişilərlə qadınları kəskin siniflərə bölən, qadınla kişinin bir-birindən fərqli fəzilət və qüsurları olmasını özünə dayaq nöqtəsi götürən izahların heç birindən heç vaxt xoşum gəlməyib. Amma ədəbiyyat oxucusunun hər gün azalması və yerdə qalan oxucu kütləsinin içində say etibarilə qadınların dominantlığı inkar edilməz həqiqətdir.

Bu, hər yerdə belədir. Söz gəlişi deyim, İspaniya Yazıçılar Birliyinin bir müddət bundan əvvəl İspaniyada apardığı araşdırması göstərdi ki, ölkə əhalisinin yarısı bugünəcən bir dənə də olsun kitab oxumayıb. Araşdırmadan həm də aydın oldu ki, kitab oxuyan azlıq içində, kitab oxuduğunu deyən qadınların sayı kişilərdən 6,2 dəfə çoxdur; üstəlik, bu fərqin get-gedə artması ehtimal edilir. Bu qadınlar üçün sevinirəm, amma bu kişilərə və kitab oxumaq imkanı ola-ola oxumamaq qərarına gəlmiş milyonlarca insana acıyıram.

Onlara acımağımın səbəbi təkcə əldən verdikləri ləzzətin fərqində olmamaqları deyil. Onlara həm də ona görə acıyıram ki, ədəbiyyatsız cəmiyyətlərin, ya da ədəbiyyatı – gizli günah kimi – ictimai və şəxsi həyatın ucqarlarına sürgün edən, fanatik təriqətlərə bənzər bir şeyə çevirən cəmiyyətlərin ruhi baxımdan vəhşiləşəcəyinə, daha da pisi, əvvəl-axır öz azadlığını təhlükə altında qoyacağına inanıram. İstəyirəm ədəbiyyatı əyləncə sayan anlayışa qarşı bir neçə fikir səsləndirim. İstəyirəm ədəbiyyatı təfəkkürün ən önəmli, ən gərəkli fəaliyyətlərindən biri sayan modern və demokratik cəmiyyətin vətəndaşlarının xeyrinə, azad fərdlərdən ibarət cəmiyyətin yaranması üçün “olmazsa, olmaz” tezisinin lehinə bir neçə fikir səsləndirim.

***

Biz elmin və texnologiyanın ağlasığmaz inkişafı etdiyi, bilginin sonsuz parçalara, hissələrə ayrıldığı, ixtisaslaşdığı bir dönəmdə yaşayırıq. Bu kulturoloji meyl, qarşıdan gələn illərdə daha çox müəyyənlik qazanacaq. İxtisaslaşma, şübhəsiz ki, bir çox cəhətdən faydalıdır. Daha dərin araşdırmaların və daha böyük təcrübələrin həyata keçirilməsinə imkan yaradır, inkişafa təkan verir. Amma neqativ nəticələri də var, çünki insanların birgəliyini, bir-biriylə ünsiyyət qurmasını, yardımlaşma duyğusunu diri saxlayan ortaq intellektual və kulturoloji özəllikləri məhv edir. İxtisaslaşma ictimai düşüncənin yox olmasına, insanların texnik və mütəxəssis gettolarına bölünməsinə gətirib çıxarır. Əldə olunan bilgilər get-gedə daha çox özünəməxsus, parçalı hala gəldikcə, ixtisaslaşan bilgi günü-gündən daha çox özəl dil və şifrə, leksika tələb edir. Əcdadların “yarpaqlara baxıb ağacı görməmək, ağaclara baxıb meşəni görməmək” – dedikləri, əslində bu detalçılığa və bölünməyə qarşı bir xəbərdarlıqdır. Meşənin varlığının fərqində olmaq, cəmiyyəti bir-birinə bağlayan ictimailik hissini, aidlik duyğusunu yaradır və cəmiyyətin çoxlu solipsist qruplara bölünməsinin qarşısını alar. Solipsizm – nifrətə, savaşlara, soyqırımlara yol açan paranoya və sayıqlamalara, həqiqətin təhrif edilməsinə gətirib çıxarır.

Bizim zamanımızda elm və texnologiya fraqmentarlaşıb, çünki ixtisaslaşma, eləcə də onun xaosuna yol açmış bilginin sonsuz zənginliyi və təkamül sürəti artıb. Amma məsləkləri, həyatdakı məqsədləri, coğrafi və kulturoloji təyinatları, fərdi durumları nə qədər fərqli olur-olsun, ədəbiyyat insanların özlərini dərk etdikləri və bir-biri ilə ünsiyyət qura bildikləri insan yaşantısının ortaq məxrəclərindən biridir. Ədəbiyyat imkan yaradıb ki, fərdlər öz həyatlarının bütün fərqli özəlliklərinə rəğmən tarixi aşıb keçsinlər; Servantes, Şekspir, Dante və Tolstoyun oxucuları kimi, zamanı və məkanı aşaraq bir-birimizi tanıyırıq, özümüzü eyni növün nümayəndələri kimi dərk edirik: Çünki bu yazarların əsərlərini oxuyarkən, bizi bir-birimizdən ayıran dərin fərqliliklərin ötəsinə keçir, hamımızda ortaq olanı öyrənirik. Bütün millətlərdən olan insanlar təməldə bərabərdir, onların arasına ayrı-seçkilik, qorxu və boyunduruq toxumlarını səpən ədalətsizlikdi: İnsanları, önhökmün, irqçiliyin, dini, ya da siyasi fanatizmin və özündən başqa hər şeyi dışlayan milliyətçiliyin axmaqlıqlarına qarşı, bütün böyük ədəbi əsərlərdə qarşımıza çıxan böyük həqiqətdən – insanların bərabər olması həqiqətindən yaxşı heç nə qoruya bilməz.

Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi ədəbiyyatdan daha yaxşı heç bir şey öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və qüsurlarımız içində gördüyümüz işləri, xəyallarımızı və kabuslarımızı, təkliyimizi və bizi başqalarına bağlayan münasibətləri, cəmiyyətdəki obrazımızda və şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.

***

İsaiah Berlinin diliylə desək, bu paradoksal həqiqətlərin qarmaqarışıq cəmi insanlıq durumunun mahiyyətini əmələ gətirir. Bugünkü dünyada insanla bağlı bu bütöv, canlı bilgini ancaq ədəbiyyatda tapmaq olar. Humanitar elmlərin digər qolları – fəlsəfə, tarix və ictimai elmlər belə bu cür bütövləşdirici açıq fikirliliyi, bu cür universallaşdırıcı ifadə tərzini yarada bilməyib. Bütün bu parçalanmış və texnikiləşmiş sahələr, təfəkkürü və söz dağarcığı sıravi olan insanlardan aralı düşdü, get-gedə daha böyük qopma özəlliyinə bürünərək, bilginin xərçəngli hissələrinə və alt-sahələrə gömüldü. Bəzi tənqidçilərə, nəzəriyyəçilərə qalsa, ədəbiyyatı elmə çevirərlər. Amma bu heç vaxt olmayacaq; çünki ədəbiyyat öz varlığını yaşantının yalnız bir sahəsini araşdırmağa borclu deyil. Ədəbiyyat parçalanıb hissələrə ayrılanda, ya da qəlibləşmiş ana xətlərə və basmaqəlib izahlarla məhdudlaşdırılanda, yoxa çıxası insan həyatını fantaziya vasitəsilə zənginləşdirərək yoxdan var edir. Prust, “Əvvəl-axır aydınlığa, gün işığına qovuşan, bütövlükdə yaşanmış yeganə gerçək həyat ədəbiyyatdır” – deyəndə, elə bunu nəzərdə tuturdu. Məncə, Prustun bu sözlərində qətiyyən şişitrmə yoxdur; bu sözlər, Prustun təkcə yazıçılıq işinə bəslədiyi sevgidən qaynaqlanmır. Prust burda müəyyən bir təklifdə bulunur; deyir ki, ədəbiyyat həyatın daha yaxşı başa düşülməsi və daha yaxşı yaşanmasına yardım edir, həyatı bütöv yaşamaq üçün onu başqaları ilə birlikdə və paylaşaraq yaşamaq lazımdır.

Ədəbiyyat insanlar arasında qardaşlıq bağı yaradır ki, bu bağ onların dialoqa girməyinə, ortaq bir əcdad və ortaq bir məqsədin varlığından xəbərdar olmaqlarına yardım edərək bütün zaman maneələrini aşır. Ədəbiyyat bizi keçmişə daşıyır və bizə gəlib çatmış, indi bizə ləzzət verən, xəyal qurduran o mətnlərdə, bir vaxtlar bizim kimi ləzzət almış və xəyal qurmuş insanlarla aramızda bağ yaradır. Zamanın və məkanın ötəsində, özünü ortaq insan yaşantısının bir parçası kimi hiss etmək mədəniyyətin ən böyük qələbəsidir; bu duyğunun hər nəsildə təzələnərək davam etməsinə ədəbiyyatdan daha çox heç nə kömək edə bilməz.

***

“Ədəbiyyat nəyə yarayır?” – bu sual Borxesi həmişə narahat edib. Axmaqlıq hesab etdiyi bu suala Borxes belə cavab verib: “Bülbülün cəh-cəhi, ya da gözəl bir qürub çağının nə yararı var? – deyə soruşmaq kimin ağlına gələr ki?!”. Bu cür gözəl şeylər varsa, bu gözəl şeylər həyatın çirkinliyini və hüznünü bir anlıq da olsa azaldırsa, bütün bunlara praktiki təsdiq axtarmağın nə mənası var? Amma belə baxanda, əslində, “Ədəbiyyat nəyə yarayır?” sualı elə də pis sual deyil. Çünki romanı və şeiri yaradan təsadüf, ya da təbiət deyil ki, romanlar və şeirlər bir quşun cəh-cəh vurması ilə, ya da batan günəşin görüntüsü ilə eyni şey olsun. Romanları və şeirləri insanlar yaradıb, deməli necə və niyə yarandıqlarını, məqsədlərinin nə olmasını və niyə bu qədər qalıcı olduqlarını soruşmaqda heç bir problem yoxdur.

Ədəbi əsərlər yazıçı şüurunun məhrəmliyində, təhtəlşüurun, yazıçının ətraf aləmə qarşı həssaslığı ilə təsirlənməsinin sintezindən doğan gücün proyeksiyasında yarım-yarımçıq xəyallar kimi doğulurlar. Şair, ya da yazıçı, sözlərlə boğuşaraq bütün bunlara yavaş-yavaş forma, bədən, hərəkət, ritm, harmoniya və həyat verir. Şübhəsiz ki, bu həyat, süni, xəyal edilmiş, dil vasitəsilə yaradılmış həyatdı, amma yenə də hamı – bəziləri tez-tez, bəziləri isə arabir də olsa, bu süni həyatı axtarır. Çünki gerçək həyat onlara bəs etmir, yetərsiz olur. Ədəbiyyatın varlığı bir fərdin varlığı ilə başlamır. Bədii əsər yalnız başqaları tərəfindən əldə olunanda, ictimai həyatın bir parçası halına gələndə, oxunub paylaşılan yaşantıya çevriləndə mövcudluq qazanır.

Ədəbiyyatın birinci faydası dil qatında baş verir. Yazılı ədəbiyyatı olmayan xaıq, əsas ünsiyyət vasitəsi olan sözü öz ədəbi mətnləriylə cilalayıb yetkinləşdirmiş xalq qədər detal zənginliyi ilə və birbaşa özünü ifadə edə bilməz. Oxumayan, ədəbiyyata yaxın durmayan cəmiyyətlər qaba və ibtidai dilləri ucbatından dəhşətli ünsiyyət problemləri olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum xalqa çevrilir. Eyni şey fərdlər üçün də keçərlidir. Qəti oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə yetərli deyil.

Və bu təkcə söz ehtiyatının məhdudluğu deyil, eyni zamanda təfəkkürdə və fantaziyada da məhdudluqdur. Düşüncə yoxsulluğudur, çünki mövcud vəziyyətin gizlinlərini qavramağımıza yardım edən düşüncələr və anlayışlar sözlər olmasa müstəqil şəkildə var ola bilməzlər. Səlis danışmağı – və məsələnin hər yanını düşünərək səliqəli, zərif danışmağı – yaxşı ədəbiyyatdan, yalnız yaxşı ədəbiyyatdan öyrənirik; insanların ünsiyyət qurmaq üçün ehtiyac hiss etdikləri dildə ustalaşmaq məsələsində heç bir təlim, heç bir sənət növü ədəbiyyatın yerini verə bilməz. Yaxşı danışmaq, dildən zənginliklə və çoxyönlü istifadə edə bilmək, ötürmək istədiyimiz hər düşüncə və hissin adekvat qarşılığını tapmaq üçün, düşünməyə, öyrətməyə, öyrənməyə, danışmağa və eyni zamanda xəyallar, sonsuz xəyallar qurmağa, duymağa hazırlıqlı olmaq lazımdır. Sözlər bizim bütün əməllərimizdə, dil ilə qəti əlaqəsi yoxmuş kimi görünən əməllərimizdə belə daxilən əks-səda verir. Dil ədəbiyyat vasitəsilə inkişaf edərək incəliklərin və üslubun yüksək səviyyəsinə çatdıqca, insanların ləzzət almaq ehtimalı çoxalıb.

Ədəbiyyat sevginin, təşnəliyin və cinsəlliyin bədii yaradıcılıq xüsusiyyəti qazanmasına da yardımçı olub. Ədəbiyyat olmasaydı, erotizm olmazdı. Sevgi və həzz kasıb olar, həssaslıqdan və incəlikdən məhrum qalar, ədəbi təxəyyülün təklif etdiyi dolğunluğa çatmazdı. Qarsilaso, Petrarka, Qonqora, ya da Bodleri oxumuş bir cütlük həzzin dəyərini bilmə və həzzi yaşamaq məsələsində, televizordakı bayağı serialların axmağa döndərdiyi cahil insanlardan daha irəlidirlər desəm, yəqin şişirtmiş olmaram. Dünyada oxuyub yazmaq olmasaydı, sevgi və cinsi istək heyvani tələbatdan fərqsiz olar, elementar instinktlərin kobudca təmin olunmasından o yana getməzdi.

İnsanlara dilin içindəki gizli, bənzərsiz zənginliklərdən inamla və bacarıqla faydalanmağı öyrətmə işində, audiovizual media ədəbiyyatın yanından yel olub ötə bilməz. Əksinə, audiovizual media öz dilində - yəni görüntülərin dilində danışmağa üstünlük verərək sözləri ikinci plana atmağa, dili öz yazılı mahiyyətindən uzaqlaşdırıb şifahiliyə itələməyə meyllidir. Bir filmə, ya da televiziya verilişinə “ədəbi” demək onun maraqsız olduğunu deməyin mədəni formasına çevrilib. Buna görə, radio, ya da televiziyadakı ədəbiyyat proqramları xalqa maraqsız gəlir. Bildiyim qədərilə bu qaydanı vecinə almayan yeganə nümunə Fransada Bernard Pivotun “Apostrophes” adlı verilişi idi. Bütün bunlar məni düşünməyə vadar edir ki, ədəbiyyatın dilə yiyələnmək məsələsində əvəzsiz olması bir yana, eyni zamanda ədəbiyyatın alın yazısı ayrılmaz şəkildə kitabın alın yazısına – bir çoxlarına görə artıq dəbdən düşmüş o sənaye məhsulunun taleyinə bağlıdır.

***

İndi Bill Geytsə keçmək istəyirəm. Yaxın keçmişdə Madridə gələn və “Microsoft”la ortaq bir işə girişmiş olan İspaniya Kral Akademiyasını gəzən Geyts, akademiyanın üzvlərinə söz verdi ki, “ñ” hərfi kompüterlərin əməliyyat sistemindən heç vaxt çıxarılmayacaq. Geytsin bu sözü beş qitədə ispanca danışan 400 milyon insanın ürəyinə su səpdi, çünki bu cür vacib bir hərfin elektron dünyadan çıxarılması çox böyük problemlərə səbəb olacaqdı. Geyts akademiyadakı işini bitirib gedərkən təşkil etdiyi mətbuat konfransında dedi ki, ən böyük məqsədinin reallaşmasını ölmədən görmək arzusundadır. Bu məqsəd əvvəlcə kağızın, sonra isə kitabların kökünü kəsməkdir.

Geytsin fikrincə, kitablar anaxronizmdir; kompüter ekranları bugünədək yerinə yetirdikləri bütün funksiyalarla kağızın yerini tuta bilər; bilgisayarlar daha az narahatlıq yaratmaqları bir yana, daha az yer tutur və daha asan daşına bilir; üstəlik, xəbərlərin və ədəbiyyatın bu elektron media ilə ötürülməsi, ətraf mühit üçün də faydalı olacaq, meşələrin yox olmasının qarşısını alacaq, beləcə, kağız sənayesinin əmələ gətirdiyi bəla ortadan qalxacaq, insanlar oxumağa davam edəcək, amma kompüter ekranlarından oxuyacaqlar, bunun nəticəsində də təbiətdə daha çox xlorofil olacaq.

Mən Geytsin mətbuat konfransında olmamışam. Bu detalları qəzetdən oxudum. Amma orda olsaydım, məni və məsləkdaşlarımı, kitab yazanları utanmadan işsizlər arasına göndərmək niyyətində olduğunu açıqladığı üçün Geytsi fitə basar, dediyi fikirlərə gözümü qırpmadan qarşı çıxardım. Kompüter ekranı doğurdanmı bütün tərəfləri ilə kitabın yerini tuta bilər? Düzü, o qədər də əmin deyiləm. İnternet kimi yeni texnologiyaların ünsiyyət və bilginin paylaşılması kimi sahələrdə həyata keçirdiyi böyük inqilabın fərqindəyəm, internetin işləməkdə mənə sonsuz fayda verdiyini açıqca deməkdən çəkinmirəm, amma bu fövqəladə asanlıqlara qarşı hiss etdiyim minnətdarlıq hissinə görə də monitorun kağızı əvəz edə biləcəyinə inanmaq fikrim yoxdur. Kitab oxumağın məhrəmliyində, zehni gərginliyində və ruhi saflığında xəyallardan və sözlərdən aldığımız həzzi kompüter ekranından da ala biləcəyimizi qəbul etmirəm.

Bu, bəlkə də təcrübəsizlikdən və ədəbiyyatı çox uzun müddətdir ki, kitablarla, kağızlarla eyniləşdirməkdən yaranmış bir önhökmdür. Amma dünyada nə baş verdiyini öyrənmək üçün internetdə gəzişməyi xoşlasam da, Qonqoranın bir şeirini, Onettinin bir romanını, ya da Pasın bir essesini monitordan oxumaram, çünki bu cür bir oxunuşun effekti fərqli olacaq, əminəm. Düzdür, isbat etməkdə çətinlik çəkə bilərəm, amma kitabın yoxa çıxması ilə birgə ədəbiyyatın çox ağır, ölümcül bir zərbə alacağını düşünürəm. Şübhəsiz ki, “ədəbiyyat” sözü yoxa çıxmayacaq, amma bayağı televiziya serialları Sofokl və Şekspirin tragediyalarına nə qədər uzaqdırsa, yüz faizdir ki, “ədəbiyyat” sözü də bu gün ədəbiyyat dediyimiz şeyə o qədər uzaq olan bir mətn növünü ifadə etmək üçün istifadə ediləcək.

***

Ədəbiyyatın millətlərin həyatında önəmli yer olduğunu düşünməyimiz üçün bir səbəb daha var. Tarixi dəyişikliyin təkəri və azadlığın ən yaxşı qoruyucusu olan tənqidi düşüncə ədəbiyyatsız sağalmaz yara alar. Çünki keyfiyyətli ədəbi nümunələrin hamısı fundamentalistdir və yaşadığımız dünya haqda fundamental suallar verirlər. Böyük ədəbi mətnlərin hamısında, çox vaxt müəlliflərin belə bir niyyəti olmasa da, yoldançıxartma var.

Ədəbiyyat talelərinə boyun əyən, yaşadıqları həyatdan məmnun olan insanlara heç nə ifadə etmir. Ədəbiyyat asi ruhu bəsləyər, uzlaşmazlığı yayar; həyatda çox, ya da az şeyi olanların sığınacağıdır. İnsan bədbəxt olmamaq və bütövləşmək üçün ədəbiyyata sığınır. La Manç ovalığında bir dəri bir sümük Rosinanta və şaşqın Cəngavərlə birlikdə at çapmaq, Kapitan Ahabla birlikdə balinanın kürəyində dənizlərdə üzmək, Emma Bovari ilə birlikdə arsenik içmək, Qreqor Zamsa ilə birlikdə böcəyə dönüşmək: bunların hamısı özümüzü bu ədalətsiz həyatın, varlığımızı bürüyən dürlü-dürlü həsrətləri sakitləşdirmək üçün fərqli-fərqli insanlar olmaq arzumuza baxmayaraq bizi həmişə eyni insan olmağa zorlayan həyatın səhvlərindən və məcburiyyətlərindən arınmaq məqsədilə icad etdiklərimizdir.

Ədəbiyyat bu dözülməz ağrını yalnız keçici olaraq sakitləşdirir, amma bu möcüzəvi anda, həyatın bu ötəri fasiləsində ədəbi illüziya bizi götürüb tarixdən kənara atır, zamansız bir ölkənin vətəndaşlarına çevirir və beləcə, ölümsüzləşdirir. Sıradan həyatın məcburi yeknəsəqliyindəki vəziyyətimizdən daha güclü, daha zəngin, daha qarmaqarışıq, daha xoşbəxt və daha duru oluruq. Kitabı bağlayıb ədəbiyyatın illüziyasından çıxanda gerçək həyata dönürük və onu bir az əvvəl ayrıldığımız o gözəl ölkəylə qarşılaşdırırıq, böyük bir xəyal qırıqlığına düşürük! Amma eyni zamanda müdhiş bir şeyin də fərqinə varmış oluruq: Romandakı xəyali həyat, kitab oxuyarkən huşa gedib ayrıldığımız real həyatımızdan, içinə düşdüyümüz həyatın sərhədləri və darıxdırıcılığından daha yaxşıdır, daha gözəldir, daha rənglidir, daha tutumludur və daha yetkindir. Deməli, yaxşı ədəbiyyat, həqiqi ədəbiyyat həmişə dağıdıcı, boyun əyməyən və asidir: var olana bir meydan oxumadır.

“Hərb və sülh”ü, ya da “İtirilmiş vaxtın sorağında”nı oxuyandan sonra, mənasız təfərrüatlardan, aralıqda meydan sulayan və xəyallarımızı addımbaşı yerlə bir edən məhdudiyyətlərdən və yasaqlardan ibarət dünyamıza qayıdanda, aldadılmışlıq hissinə qapılmırıqmı? Mədəniyyətin davamlılığını təmin etməsi və dili zənginləşdirməkdən başqa ədəbiyyatın bəşəriyyətin inkişafına ən böyük töhfəsi, bəlkə də, (çox vaxt fərqində olmadan) bu dünyanın quruluşunun ədalətsiz olduğunu; bunun əksini irəli sürənlərin, güclülərlə bəxtigətirmişlərin yalan danışdıqlarını; dünyanın düzələ biləcəyini, fantaziyamızın və dilimizin yaratdığı dünyaya daha çox oxşayanını qura biləcəyimizi bizə xatırlatmasıdır. Yaşadığımız dünyanı dayanmadan analiz etmək getdikcə daha çətin bir vəzifə olmağa başlasa da, azad və demokratik cəmiyyət, yaşadığımız dünyanı yaşamaq istədiyimiz dünyaya daha da yaxınlaşdırmağın lüzumlu olmasını bilən, məsuliyyətli və tənqid düşüncəsi olan vətəndaşlardan əmələ gəlir. Həyata təşnəliyi artırmağın, idarəçilərin istiqamətləndirə bilməyəcəyi, davamlı bir ruhi təlatüm və canlı fantaziya ilə silahlanmış, azad vətəndaşlar yetişdirməyin yaxşı ədəbiyyat oxumaqdan başqa yolu yoxdur.

Oxucunun şüurunu dünyanın qüsurlarına qarşı həssaslaşdırdığı üçün ədəbiyyatı yoldançıxardan adlandırmaq, senzura sevən kilsələr və hökumətlərin düşündüyü kimi ədəbi mətnlərin birbaşa ictimai iğtişaşlara səbəb olacağı, ya da inqilabları sürətləndirəcəyi anlamına gəlmir. Bir şeirin, pyesin, ya da bir romanın ictimai və siyasi təsiri əvvəlcədən hesablana bilməz, çünki şeir, pyes, ya da roman kollektiv şəkildə yaradılmır, yaxud ortaq şəkildə yaşanmır. Yazdıqlarından, yaxud oxuduqlarından çox fərqli nəticələr çıxaran fərdlər tərəfindən yaradılır və oxunurlar. Buna görə də, konkret qəliblər müəyyənləşdirmək çətin, daha dəqiqi qeyri-mümkündür; üstəlik, biri ədəbi əsərin ictimai nəticələrinin onun estetik keyfiyyəti ilə çox az əlaqəsi ola bilər. Harriet Biçer Stounun ortabab bir romanının ABŞ-da köləliyin qorxuncluğu ilə bağlı ictimai-siyasi şüuru oyandırdığı deyilir. Ədəbiyyatın bu cür təsirini müəyyənləşdirməyin çətinliyi bu cür effektin olmaması demək deyil. Əsas odur ki, bu effektlər şəxsiyyətləri müəyyən ölçüdə kitablar tərəfindən formalaşmış vətəndaşların əməlləri ilə ortaya çıxmış olsun.

Yaxşı ədəbiyyat insanların təşnəliyini ötəri olaraq təmin edərkən, əslində, həyat qarşısında tənqidi və uzlaşmaz bir xarakter formalaşdıraraq həmin təşnəliyi daha da artırır. Ədəbiyyatın insanları bədbəxt etməyə yatımlı olduğunu da demək olar. Doyumsuz yaşamaq, həyatla savaş durumunda yaşamaq özünü bihudə savaşlara məhkum etməkdir; eynən, “Yüz ilin tənhalığı”ndakı Aureliano Buendianın uduzacağını bilə-bilə xeyli savaşlara girməsi kimi. Bütün bunlar doğru ola bilər, amma həyatın adiliyinə və səfilliyinə üsyan etməsəydik, hələ də ibtidai vəziyyətdə yaşamış olardıq, tarix yerində saymış olardı. Belə olan halda, azad fərd yaradılmamış, elm və texnologiya inkişaf etməmiş, insan haqları tanınmamış, azadlıq kəşf olunmamış qalardı. Bütün bunlar bədbəxtlikdən, yetərsiz və dözülməz bir həyata meydan oxumaqdan yaranıb. Ədəbiyyat cəngavər romanları oxuya-oxuya başı xarab olan Don Kixotun çılğınlığı ilə araşdıran, adi həyatla kifayətlənməyən ürəkləri çox həvəsləndirmişdir.

***

Bir anlığa tarixi xəyali olaraq yenidən quraq. Ədəbiyyatın olmadığı, insanların şeir, ya da roman oxumadığı bir dünya düşünək. Məhdud söz dağarcığında donqultuların və meymunvari səslərin çox olduğu bu cür korşalmış sivilizasiyada bəzi sifətlər olmayacaqdı; məsələn, hamısı ədəbiyyatdan gələn Don Kixotvari, Kafkavari, Rablevari, Oruelvari, sado-mazoxist kimi təyinlər tapılmayacaqdı. Heç şübhəsiz ki, ağlını itirmiş insanlar, paranoiklər, acgözlər və qızmışlar, əzab verməkdən və əzab çəkməkdən zövq alan iki ayaqlı heyvanlar yenə olacaqdı. Amma mədəniyyətimizin normaları tərəfindən əngəllənən bu cür aşırı davranışların arxasında insanlıq durumunun əsas özəlliklərinin olduğunu öyrənməmiş, Servantes, Kafka, Rable, Oruel, Markiz de Sad və Saher-Mazoxun istedadlarının önümüzə sərdiyi öz gizlinlərimizi kəşf etməmiş olacaqdıq.

“La Mançlı əsilzadə Don Kixot” çap olunanda romanın ilk oxucuları həm bu xəyalpərəst cəngavərə, həm də romanın digər personajlarına lağ eləmişdilər. Amma bu gün artıq bilirik ki, hüznlü cəngavərimizin yel dəyirmanlarını yox, divləri gördüyünü deməsi və mənasız hesab edilən hərəkətlər etməsi, əslində könül ucalıqlarının ən alicənabı və bu səfil dünyanı dəyişdirmək ümidi ilə səsini yüksəltməyin yollarından biri idi. Müsbət mənəvi valentliklə iç-içə keçmiş ideal və idealizm anlayışları Servantes dühasının bəxş etdiyi əminlik və güclə roman personajına çevrilməsəydi, indi bizim üçün hər kəsin açıq-aşkar gördüyü mübahisəsiz dəyərlərə çevrilməzdi. Eyni şeyi romanlardan öyrəndiyi enerjili və gözəl həyatı yaşamaq üçün var gücüylə döyüşən, balaca, praqmatik qadın Don Kixot olan Emma Bovari haqda da deyə bilərik. Emma da atəşə çox yaxınlaşdığı üçün yanıb külə dönən pərvanədir.

***

Ədəbiyyatdakı bütün böyük yaradıcıların kəşfləri içimizdəki bilinməyən tərəflərimizi görməyimizə yardımçı olur. Ədəbiyyat bəşəriyyətin ortaq dərinliyinə baş vurub kəşflər etməyimizə və daha bütöv görməyimizə kömək edir. Məsələn, biz “Borxesvari” deyəndə, reallığın ağıla tabe olan məntiqindən uzaqlaşır, fantaziyalar aləminə giririk; başdan-başa dolanbaclı və əsrarlı bir dünyadır bu; şəxsiyyətimizin yalnız Borxesin ədəbi yaradıcılığında biçimə düşmüş gizli arzularını və pünhan gerçəklərini tanıdığımız üçün bənzərsizlikləri bizə heç də yad gəlməyən ədəbi eyhamlar və allüziyalarla dolu olan, zərif bir dünyadır bu. Ağlımıza nə vaxt “Kafkavari” sözü gəlsə, özümüzü modern dünyada bu qədər əzablara və haqsızlığa səbəb olan iqtidarın təzyiq mexanizmlərinin – avtoritar rejimlər, göydəndüşmə partiyalar, dözümsüz kilsələr, boğucu bürokratlar, göz dağı altındakı müdafiəsiz fərdlər kimi hiss edirik. Almanca yazmış, həmişə narahat yaşamış və cəhənnəm əzabları çəkmiş bu Praqalı Yəhudinin qısa hekayələri və romanları olmasaydı, dörd tərəfi də tutmuş yavuz dövlətlər qarşısında fərdin qapıldığı çarəsizliyi, əzilən və diskriminasiyaya uğrayan azlıqların duyduğu bezginliyi anlaya bilməzdik.

“Kafkavari”nin yaxın qohumu olan “Oruelvari” təyini isə cəmiyyətin nümayəndələrinin davranış və əhval-ruhiyyəsini ustalıqla və birbaşa şəkildə nəzarətdə saxlayan XX əsrin totalitar diktatorluqlarının yaratdığı qorxunc əzabı və nəhayətsiz absurd duyğusunu ifadə edir. Corc Oruel “1984” romanında terror və texnologiyanı ustalıqla sintez edərək azadlığı, özgür iradəni və bərabərliyi yox edən, cəmiyyəti robotlar sürüsünə çevirən Böyük Qardaşa – o mütləq hökmdara boyun əyən bəşəriyyəti bütün soyuqluğu və diksindiriciliyi ilə ifadə etmişdir. Bu qarabasmaya bənzər dünyada, dil də iqtidara təslim olmuş, bütün yaradıcı tərəflərindən və subyektivliyindən təmizləndirilərək, fərdlərin sistemə köləlik etməsini əminlik altına alan bəzi klişelərə döndərilmişdir. Düzdür, “1984” romanındakı uğursuz öncədəngörmə baş tutmadı; Sovet İttifaqındakı totalitar kommunizm, Almaniya və başqa ölkələrdəki faşizmin yanına hoppandı, dalınca da Çində və anaxronizmdə yaşayan Kuba ilə Şimali Koreyada geriləməyə başladı. Amma yenə də təhlükə tamam yoxa çıxmayıb: “Oruelvari” sözü təhlükəni təyin və dərk etməkdə hələ də bizə yardımçı olur.

***

Gördüyünüz kimi ədəbiyyatın irreallıqları, yalanları, həm də ən gizli insan gerçəklərinin dərk olunmasına yarayır. Ədəbiyyatın aşkarladığı gerçəklər həmişə o qədər də ürəkaçan olmur; bəzən romanların və şeirlərin güzgüsündə əks olunan obrazımız vəhşi bir məxluqa bənzəyir. Markiz de Sadın xəyal etdiyi dəhşətli cinsi qəssablıqları, ya da Saher-Mazox və Batayın lənətli kitablarındakı soyqırımları və vəhşilikləri oxuyanda, güzgüdəki vəhşi əksimizi daha yaxşı görürük. Gördüyümüz bəzən o qədər iyrənc və qorxulu olur ki, dözülməzləşir. Yenə də bu kitablarda nəql olunanların ən pis tərəfi qan, təhqir və işgəncə qorxusu deyil; ən pis tərəfi bu şiddət və aşırılığın bizə yad olmadığını, bunların insanlığın dərinliyində gizlənmiş bizdən bir parça olmasını kəşf etməyimizdir. Bu qızmış vəhşilər varlığımızın ən pünhan oyuqlarında gizləniblər. Gizləndikləri zülmətin içində oturub fürsət güdürlər ki, praqmatikliyi, bir yerdə yaşamağı dağıtsınlar, həyatı məhv edən azğın istəklərin səltənətinə hökmdar olsunlar. Hə, gəlin etiraf edək ki, insan beyninin bu qaranlıq bucaqlarına birinci girən, insan zehnini formalaşdıran bu gizli gücün dağıdıcılığını birinci kəşf edən elm olmayıb. Bu kəşfləri ədəbiyyata borcluyuq. Ədəbiyyatsız dünya vaxtında görməli olduğumuz bu qorxunc dərinliklərindən xəbərdar ola bilməzdi.

Sivil olmayan, barbarlığın başa keçdiyi, həssaslıqdan məhrum, sözdən kasıb, cəhalətə meydan olan, yalnız instinktləri ilə davranan, sevgini və bağlanmağı bilməyən bu ədəbiyyatsız dünyanın essemdə təsvir etməyə çalışdığım başlıca özəllikləri yəqin ki, bəşəriyyətin güc və iqtidarla uzlaşması, ona boyun əyməsidir. Ədəbiyyatsız, eləcə həyatda qalmaq, bilinməyənin verdiyi qorxu və cismani ehtiyacları ödəməkdən ibarət ömrün gündəlik tələbatlarını təməl instinktlər müəyyənləşdirərdi. Belə dünyada mənəviyyata yer olmazdı. Bundan başqa, belə bir dünya həyatın dözülməz monotonluğuna təslim olar, hər şeyin həmişə belə qalacağı, bunu heç kimin və heç nəyin dəyişdirə bilməyəcəyi duyğusundan yaranan qapqara pessimizmin boyunduruğuna girərdi.

İnsan belə bir dünya təsəvvür edəndə gözünün qabağına Latın Amerikasında, Okeaniada və Afrikada çağdaşlıqdan uzaq yaşayan, ibtidai, balaca magiya-din icmaları gəlir. Amma mənim fikrim başqa bir paradoksa ilişib qalıb: haqqında danışdığım kabus, az inkişafın yox, çox inkişafın nəticəsidir.

Texnologiyaya köləcəsinə boyun əyməyimizin nəticəsi kimi bizi gözləyən gələcəyin kompüter ekranlarından tərpənməyə yer olmayan və kitabsız cəmiyyət olacağını, ya da fizika əsrində əl-kimya hansı yerdədirsə, ədəbiyyatın da o yerdə olduğu, başqa cür desək, media erasında bədii yaradıcılığın katakombalarda nevrozlu azlığın məşğul olduğu arxaik bir işə çevriləcəyini ehtimal etmək olar. Mən çox qorxuram ki, bu kibernetik dünya öz çiçəklənməsinə və gücünə, həyat səviyyəsinin yüksəkliyinə və elmi uğurlarına baxmayaraq, post-ədəbiyyat dönəminin azadlıqdan əlini üzmüş robotlarından ibarət, təslim bayrağı qaldırmış, sivil olmayan və hədsiz dərəcədə mənəviyyatsız dünyası olacaq.

Bu dəhşətli utopiyanın reallaşması, şübhəsiz, yaxın ehtimal deyil. İnsanlıq hekayəsinin sonu, tarixin sonu hələlik yazılmayıb, əvvəlcədən müəyyənləşməyib də. Axırımızın nə olacağı tamamən bizim açıq fikirliliyimizə və arzumuza bağlıdır. Amma fantaziyamızın yoxsullaşmasını, həssaslığımızı cilalayan, bizə daha gözəl danışmağı öyrədən şeyin yox olmasını, azadlığımızın gücsüzləşməsinin qarşısını almaq istəyiriksə, hərəkətə keçməliyik. Uzun sözün qısası, yaxşı kitablar oxumalıyıq, adamları oxumağa sövq etməliyik, ailəmizdə, auditoriyalarda, KİV-in köməyi ilə bütün ictimai institutlarda bizdən sonra gələnləri kitaba səsləməliyik, ədəbiyyatı ən vacib məşğuliyyətə çevirməliyik, çünki o toxunduğu hər şeyi gözəlləşdirir.

# 2203 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #