Sənubər İsgəndərlinin protezi

Sənubər İsgəndərlinin protezi
3 iyul 2014
# 10:36

Teatra əvvəlki illərə nisbətən az gedirdim, bunun bir səbəbi işdən evə, evdən işə tələsməyimlə bağlıdırsa, bir səbəbi də teatr tamaşalarının məni bir tamaşaçı kimi qane etməyib itələməsi ilə əlaqəli idi. Niyə idi? Çünki artıq son aylar baxdığım bir neçə tamaşa məni yenidən teatra cəlb etməyə başlayıb. Tamaşaların adlarını sadalamayacam, bunun da öz səbəbləri var. Həmin tamaşanın rejissor və ifaçıları “mənfi rəy yaratmaqda” günahlandıracaqlar məni. İllər uzunu teatrşünasları bax belə mövqedə olduqlarına görə anlamazdım, daha bunu da başa düşməyə başlamışam. Başa düşmüşəm ki, həyat təcrübəsi, yaş, görüb-götürmək elə bu deməkdir, zaman keçdikcə insanları, həyatı dişinə vurub dadını bilən adamlar daha çox susmağa üstünlük verirlər. Məni də görünür həmin səbəb çox mətləblərdə daha çox susmağa sövq edir. Nə isə, mətləbdən uzaqlaşmayım. Mətləb isə bu günlərdə Milli Dram Teatrımızın səhnəsində baxdığım “Yaşlı xanımın gəlişi” tamaşasıdır.

Fridrix Dürrenmattın eyniadlı pyesi əsasında səhnələşdirilən "Yaşlı xanımın gəlişi" tamaşası çoxdandır həmin səhnədədir. Əsərin özü qədər çoxdan olmasa da... Əsərdə hadisələr XX əsrin 50-ci illərində kiçik İsveçrə şəhəri Qülendə baş verir. Yox, əslində harda sosial ədaləti pul, mənəviyyatı maddiyyat, haqqın yerini nahaq tutursa tamaşada söhbət məhz ordan gedir. O kanalizasiya boruları da, tualet də, vağzal da, insanlar da adama çox tanış gəlir. Hadisələr də yeni deyil, hər gün rastlaşdığımız real həyat hadisələridir.

İndi bir sirr açacam, tamaşaya indiyə qədər niyə baxmamışdım? Yuxarıda göstərdiyim ümumi səbəblərə məhz bu tamaşa üçün bir xüsusi səbəb əlavə etməliyəm. Tamaşada üç dostum nəğdi var, qalanlarının arasında bəzən özünü dost, bəzənsə qeyri-müəyyən ampluada aparanlar da var. Tamaşanın rejissoru Rövşən Almuradlı, baş rolların ifaçıları Sənubər İsgəndərova və Ramiz Novruz qeyd-şərtsiz dostlarımdır. Son illər tamaşalardan ağlım bir şey kəsmədiyi üçün bu dəfə də ümidlərimin doğrulmayacağından və dostları nə tənqid, nə də boğazdan yuxarı tərif edə bilməyəcəyimdən çəkinib getməmişdim. Şükür ki, yanılmışam. Hətta belə bir zövqü-səfanı əvvəldən yaşamadığım, sonraya saxladığım üçün özümü qınadım belə.

Əvvəlcə səhnə tərtibatından başlayacam: Dəmir yol vağzalı, köhnə, unudulmuş bir şəhərin vağzalını xatırladır. Fırlanan səhnədə bir azdan vağzalı şəhər, meşəlik, bir sözlə, hadisələrin cərəyan edəcəyi məkanlar əvəz edəcək. Bunların hamısında şəhərin üzərindən bir - birinə dolaşmış kanalizasiya boruları keçir. Əvvəlcə bu mesaj aydın olmur, amma hadisələrin gedişatında anlayırsan ki, şəhərin də , oranın sakinlərinin də əslində çirkab içində olduqlarını ifadə edən bir mesajdır bu. Hər halda mən belə anladım, başqa tamaşaçı başqa mətləbləri də aça bilər, hamının öz prizması var axı. Səhnədə bir tualet də var, çox köhnə, az qala uçulub dağılacaq vəziyyətdə. Gedişatda məlum olur ki, tualetin layihəsini qəhrəmanın atası veribmiş və onun-yəni bir vaxtlar bu şəhərin insanları tərəfindən ədalətsizliyə düçar olunmuş, məsum qız ikən fahişəyə çevrilmiş və indi şəhərə milyonçu kimi qayıtmış Klara Veşerin (Sənubər İsgəndərli) qayıdışı ilə həmin tualet də “ağ günə çıxır”. Şəhərin adını çəkməyi yersiz bilirəm, çünki o hadisələr ki, orda baş verir, əslində çox aktualdır, insanlıq üçün yeni deyil, bəlkə elə klassikanın özüdür. Şəhərdə ilk baxışdan hamı haqdan, ədalətdən dəm vurur, ölüm hökmü belə ləğv olunub bu şəhərin qanunlarında, amma əslində pambıqla baş kəsilir. Əslində bir anın içində ən ədalətli, aqil, haqlı insanın hökmü oxuna bilər. Bütün bunun üçün yetər ki, pul olsun, yetər ki, kimsə kiminsə fərmanını pulla yazsın. Klara Veşer bir vaxtlar sevgilisi olmuş, amma onu atıb imkanlı qadınla evlənmiş Alfredi bu şəhərin sakinlərindən ədalət üçün tələb edir.

Alçaldılmış, indi özü-özünü alçaltmaqla məşğul olan yaşlı Klaranı aktrisa Sənubər İsgəndərova elə məharətlə oynayır ki, onun ayağının keyfiyyətli protez, özünün məkrli qadın olduğuna inanırsan. Onun səhnədə zərif kəpənək qədər cazibəli olması yaratdığı yaşlı, qisasçı qadını oynamasına, tamaşaçını inandırmasına qətiyyən mane olmur.

Alfredsə onun pulu və bu səbəbdən hökmü qarşısında acizdir. Ramiz Novruz birinci hissənin sonundan etibarən bayaqkı adam deyil artıq. Onun simasına ölümə məhkum insanın siması köçüb, ayaq üstdə canlı meyitdir. Heç bir kompleksə girmədən simasını bu kökə sala bilən aktyor sadəcə sənətkardır.

Eyni fikri Klara Veşerin qarşısında bükülüb əyri süpürgəyə dönən Burqomistr (Nurəddin Mehdixanlı) barədə də demək olar. Onu səhnədə dürlü-dürlü obrazlarda görmüşəm. Burqomistr insan xarakterinin necə plastilinə dönərək pula görə formalara düşdüyünü məharətlə göstərə bildiyi üçün onun ən parlaq rollarındandır. Açıqca hiss olunurdu ki, aktyor belə obrazlara yaratdığı obrazla sillə vurmaq istəyir.

Digər rollarda Xalq Artistləri Ramiz Məlik (Müşavir) , Hacı İsmayılov (Müəllim), Əməkdar Artistlər Firuz Xudaverdiyev (Lobi), Kazım Abdullayev (Keşiş), Pərviz Bağırov (Həkim), Kazım Həsənquliyev (Polis), Əsgər Məmmədoğlu (Stansiya rəisi) oynayır, tamaşanın quruluşçu rəssamı Zöhrab Bəykişiyev, bəstəkarı Sərdar Fərəcov, rejissor assistenti Vüqar Məmmədovdur. Bunları da qeyd etdim ki, kimsənin haqqını tapdamayım. Tamaşa ümumilikdə kollektiv işdir, uğurunda və uğursuzluğunda orda çalışan hər kəsin bir damla da olsa əməyi var. Bu tamaşanın kollektivi ortaya qoyduqlarına açıq alınla iş deyə bilər. Tamaşaçı kimi mən də bu işə görə sizə təşəkkür və sayğımı bəyan edirəm. Ümid edirəm ki, “Yaşlı xanımın gəlişi” verdiyi bütün sosial mesajlarla birgə yeni mövsümdə də tamaşaçını arxasınca gətirəcək bir sənət əsəri funksiyasını yerinə yetirəcək. Rejissor isə öz missiyasını (sənətkarın yerinə yetirməli olduğu) yeni tamaşalarda göstərəcək.

# 7702 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #