Onlar orda nə pıçıldaşırlar?

Onlar orda nə pıçıldaşırlar?
2 sentyabr 2013
# 11:31

Mövsüm açılmamış bir az teatrın dalınca danışaq. Deməyə də utanıram, başlığa “teatr” sözünü çıxaranda o yazının oxunma sayı ciddi şəkildə azalır. Çünki “teatr” sözü yalançı, zəhlətökən, arxaik və qaranlıq kimi assosiasiyalar yaradır. “Teatr çıxarmaq”, “artistlik eləmək” ifadələri elə-belə yaranmayıb. Teatr zaman-zaman həqiqət və yalan arasında qalıb. Kino bunu bilir və hərdən, hərdən teatra ironiya janrında sataşır da. Kusturitsanın “Underground”unda tamaşanın yalançı ah, ofları bir anda həqiqi təlaşa çevrilir, ritorik dialoqlar kəsilir, dramaturji situasiya bir anda dəyişir-səhnədə əsl atəş açılır; filmin qəhrəmanları bir andaca teatr tamaşaçılarına əsl tamaşa göstərirlər.

Vudi Allenin “Roma tətilləri”ndə opera oxuyan qəhrəman səhnədə duş kabinəsindən çıxır. Klassik filmlərdə isə teatr kübar təbəqənin əyləncəsi kimi təqdim olunur. Teatr ha... canında bu qədər fədakarlıq, faciəvilik, acılıq gizlənən sənət...

Tamaşaçı teatra ona görə gəlir ki, həqiqətə bir az da yaxın olsun və bu həqiqəti birbaşa söyləyib, işin dadını-duzunu qaçırmasınlar, təsirli bir şəkildə onu bu həqiqətlərlə təkbətək qoysunlar, güldürsünlər, ağlatsınlar, fikrə-xəyala qərq etsinlər.


Bəs teatr nə edir? Bunu teatrın qapılarını ildə bir-iki dəfə açmış adam da yaxşı bilir. Şöhrətinin ətəklərindən bərk-bərk yapışıb “yoxsul”, “iyli”, “bomj” həqiqəti həndəvərinə buraxmır. Snob qadınlar kimi üzünü yana çevirir-saymazyana keçir.


Razılaşın, dünyanın bu vaxtında, televiziyadan insan itkilərini, partlayışları, terror və qanlı etiraz nümayişlərini az qala canlı-canlı izlədiyin bu vaxtda teatr tamaşasında aşiq qəhrəmanın “Yoooox!” deyə və “o” hərfini uzada-uzada pafoslu bağırtısını, səhnəni tıqqıldada-tıqqıldada gələn qadın qəhrəmana pıçıltı ilə sevgi etiraflarını, aktyorların səslərini alçaldıb-ucaltmaq kimi mənasız, sovet dövründən qalma priyomlarını, həyata-filana dəxli olmayan obrazlarını həzm etmək olmur.


Bəzən iş o dərəcəyə çatır ki, zalda süslənib-bəzənmiş, ədəb-ərkanla oturub tamaşa izləyən tamaşaçılar səhnədəkilərdən daha yaxşı oynayır-bəzən de əksinə. Teatr snobdursa, tamaşaçıları da özünü snob kimi aparacaq. Bu vəziyyətə Akademik Milli Dram Teatrında da, Musiqili Komediyada da, Gənc Tamaşaçılar Teatrında da, Kukla Teatrında da, Rus Dram Teatrında da, elə əyalətdəki teatrların hamısında rast gəlirsən. Amma tamaşadan-tamaşaya dəyişən aktyorları görəndə, barmağını dişləmək lazım gəlir: deməli, hər şey rejissordan asılıdır.

Ağırtaxta Akademik Mili Dram Teatrında Səidə Quliyevanı Rokn-roll oynadacaq, Bəsti Cəfərovanı ah-uflardan xilas edib müzikl oxudacaq, bütün heyəti «Qanlı Nigar»ın başına yığıb şadyanalıq etdirəcək, Nurəddin Mehdixanlı kimi pafoslu aktyoru alçaqdan danışdıracaq, tamaşaçılara sevdirəcək rejissorlar lazımdır. Yoxsa, səhnədə qəfləti bir pıçıldaşma səhnəsi olanda (məsələn “Leyli və Məcnun”da belə kütləvi pıçıldaşma səhnələri çoxdur) tamaşaçı düşünəcək: «Görəsən o aktyorlar orada nə pıçıldaşırlar?».


Həqiqətən də. Görəsən nə? Axı biz onları onsuz da eşitmirik. Bir dəfə bunu aktrisa Nahidə Orucovadan soruşdum, dedi ki, adətən zarafat edirlər, bəzən bir-birlərini də söyürlər. Təsəvvür edin, uzun və zəhlətökən tamaşanın bir yerində qəhrəmanlar pıçıldaşır. Görəsən nə dedilər? Məncə tamaşanın ən maraqlı cümlələrini bir-birlərinin qulağına dedilər. Eşidə də bilmədin. Bilet batdı getdi…

# 3884 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #