Biz niyə yuxuda uçuruq?

Biz niyə yuxuda uçuruq?
13 noyabr 2013
# 16:37

Bir neçə gün öncə yaradıcı insanlarla yuxu barədə sorğu etdim. Çox uzun danışıb, qurd-quran açmasınlar deyə, ictimai motivli, apokaliptik (yeni qiyamət zad barədə), yaddaqalan yuxularını soruşdum. Məlum, yuxu insan fantaziyasının, təxəyyülünün, qorxu və arzularının açıldığı bir prosesdir. Sorğu edə-edə düşünürdüm ki, respondentlərin özlərindən uydurmaq üçün böyük şansı var-nə istəsələr uydurub danışa bilərlər. Biz ki, onların yuxusunda olmamışıq, onların həqiqətən yuxuda nə gördüyünü necə bilərik? İkinci bir qorxu o idi ki, sənin görüb dəhşətli dərəcədə təsirləndiyin yuxu başqasına maraqlı olmaya bilər. Bu, yalnız sənin lənətə gəlmiş yuxundur...

Bu sorğunun üstündən az keçmədi ki, festival başladı. İtaliyadan, Fransadan, İngiltərədən, Xorvatiyadan, Yaponiyadan gəlmiş kukla teatrı kolektivləri paytaxta cəm oldu. Mən də İtaliyadan gələn La Carpa Ballerina teatrının festivalın proqramından seçdiyim “Yuxuda” adlı tamaşasına getdim. Olmayacaq şey orada oldu: bapbalaca, gözləri düymə bir kuklanın yuxusunu bir zal adam görə bildi. Aktrisa bir uşaq kimi öz dünyasına aludə idi– özünü şirma və ya qara geyim arxasında gizləmək fikrinə düşmə, tamamən öz dünyasına qərq olmuşdu.

Tamaşaçıların da bəzisi özünü “yuxu”ya qapdırmışdı, bəzisi də yuxunu artıq yozurdu (bilənlər bilir; bəzən adam yuxu görəndə elə yuxunun içindəcə onu yozur) - Bax, kukla pişiyini ona görə yuxuda ölmüş gördü ki, bayaq onun bayırda şaxtadan donmasından qorxurdu, dəryanın dibinə ona görə düşdü ki, çarpayısının üstündəcə balıq oyuncaqları asılıb, ona görə ölümünü gördü ki... Nəyə görə olacaq, ona görə ki, ölüm həmişə ağlımızdadır...

Biz məntiq axtardıqca, yozduqca bir kuklanın yuxusuna yetişə bilmirdik. Fantaziya belə bir şeydi - sərhəd tanımır, bir kimsəni dinləmir. Amma o da adama baxır. İnsan monotonlaşdıqca fantaziya zəifləyir. Fantaziya, təxəyyül cəmiyyətə, mühitə, insanın görüb oxuduqlarına, baxdıqların filmlərə bağlıdır. Mühit, cəmiyyət monotondursa, insanlar da, onların fantaziyaları da monotonlaşacaq. Monotonlaşma isə dəhşətli bir şeydir. İnsanlar fərqli fikirlərə, fərqli dünyagörüşünə qapalı olacaq. Birrəng cəmiyyət fərdləri əzəcək. Bax, teatr, ədəbiyyat, kino, rəsm ona görə vacibdir. Və söhbət fantaziyadan gedirsə, onda kukla teatrından maraqlısı yoxdur. Kuklalarla hər şeyi ifadə etmək olar. Kuklalarla necə istəsən oynamaq olar. Məhz oynamaq, nəinki onlardan hansısa bir süjeti danışmaq üçün istifadə etmək...

Festivalda iştirak edən başqa bir tamaşada – British Consulun dəstəyi ilə İngiltərənin Dorset Kukla Teatrının təqdim etdiyi “Asılı vəziyyətdə” tamaşasında - fantaziyalar hər an tamaşaçını heyrətləndirə bilir, əcaib-qəraib kuklalar görürük, qəribə hadisələr baş verir. Əlaqəsiz sandığımız əşyaların arasında əlaqə kəşf edirik; sehrbaz möcüzə gözləyə-gözləyə möcüzələr göstərir, göstərdiyi möcüzələrə tab gətirməyib ləyən-ləyən köpük qusur, köpüyün ardınca bütün içalatı tökülür, sonda bədəni müqəvva kimi boş qalan sehrbaz öz başını kəsib onunla top kimi oynayır. Və ya rəqs edən fokusçu ha əlləşir, öz ayaqlarını tuta bilmir- ayaqları qaçıb başqa yerdə rəqs edir. Bizdən arxada oturan tamaşaçılardan biri mızıldanır- “Bu boyda kişinin ağlına bax e, sən...”. Səhnədəki kukla xoruldayır, yuxusunda yatmazdan əvvəl tuta bilmədiyi milçəyi böyük ölçüdə, Şərq sayağı göbək rəqsi oynayan görür. Daha nələr... Arada kuklaçı Stefan Mottram yuxulayan kuklanın iplərini buraxır. Kukla xorultuya uyğun özbaşına tərpənir. Zal heyrətdən uğuldayır...

Deməli, fantaziyaları ciddiyə almaq lazımdır. Teatrı ciddiyə almaq lazımdır. Standart tipli, fantaziyadan uzaq tamaşalardan da, birrəng cəmiyyətdən də qorxmaq lazımdır. Alternativ, kiçik teatrları qorumaq lazımdı, nəinki bağlamaq. Bir də, festivalın hələ də davam edən tamaşalarına baxmaq lazımdı. Elə-belə. Başqa rəngləri də görmək üçün...

# 3161 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #